Məhkəmə qərarları › İş №e-16(3-1)-10/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-16(3-1)-10/2026

10.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-16(3-1)-10/2026 10.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbi (Açar sözlər: müvəqqəti təminat tədbiri, özgəninkiləşdirmənin qadağan edilməsi, ilkin sübutlar, mütənasiblik prinsipi, qətnamənin gələcək icrasının təmin edilməsi, əmlak üzərində sərəncam vermə hüququnun məhdudlaşdırılması) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Quliyev Vüqar Kərim oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbinə dair iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Ərizəçi ## #### 2026-cı ildə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh adına qeydiyyatda olan Naxçıvan şəhəri, Xətai məhəlləsi 35/12A ünvanında olan 415.29 kvadratmetr torpaq sahəsinin (daşınmaz əmlakın) üzərində cavabdehə sərəncam vermə hüququnu həyata keçirməyi qadağa etmək, həmçinin həmin əmlak barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Forma 1 arayışının verilməsini dayandırmaqla üzərində hər hansı bir sərəncam verilməsinin üçüncü şəxslərə də məhdudlaşdırılması barədə, habelə ona məxsus “VAZ 21074 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində cavabdehə sərəncam vermə hüququnu həyata keçirməyi qadağa etmək, habelə həmin əmlak barədə üzərində hər hansı bir sərəncam verilməsinin üçüncü şəxslərə də məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-05).

b) Müraciətin əsaslandırılması.

2. Ərizəçi ərizəni əsaslandıraraq qeyd etmişdi ki, o, ## ######## 2024-cü il tarixində **- SA-*** nömrə nişanlı "BMW M4 minik" və ## ####### 2024-cü il tarixində **-ST-*** nömrə nişanlı "KIA K5 minik " markalı avtomobilləri almışdır. Daha sonra həmin avtomobilləri satmaq məqsədilə cavabdeh Cavabdeh etibarnamələr vermişdir. Cavabdeh avtomobilləri satıb pulunu ona verməli olsa da, bu günədək heç bir ödəniş etməmiş və avtomobillərin aqibəti barədə məlumat verməmişdir. O, vəkil vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərərək öyrənmişdir ki, cavabdeh verilmiş etibarnamələr əsasında avtomobillər sataraq özgəninkiləşdirmişdir.

3. Avtomobillərin satılmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq pul vəsaitinin qaytarılmaması onun mülkiyyət hüquqlarını pozmuş, inflyasiya və dəyərsizləşmə səbəbindən ona maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı əsas iddia tələbi kimi "KIA K5 minik" markalı nəqliyyat vasitəsi üçün təxminən 31200 manat, "BMW M4 minik" markalı nəqliyyat vasitəsi üçün isə 91 800 manat dəyərində vəsaitin, habelə icranın gecikməsinə görə illik 5 faiz məbləğin cavabdehdən alınmasını tələb etmişdir.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

4. Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim Aynur Əhmədova) ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh adına qeydiyyatda olan Naxçıvan şəhəri, Xətai məhəlləsi 35/12A ünvanında olan 415.29 kvadratmetr torpaq sahəsi və “VAZ 21074 MİNİK” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin Cavabdeh qadağan edilməsi qərara alınmışdır (iş vərəqə 27-31). ç) Məhkəmə aktından verilən şikayət.

5. Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı ilə razılaşmayan cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, sözügedən qərardadın ləğv olunmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 42-46). d) Şikayətin əsaslandırılması və dəlilləri.

6. Cavabdeh Cavabdeh şikayətini əsaslandıraraq qeyd etmişdi ki, Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir.

7. Belə ki, Mülki-Prosessual Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri yalnız cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi hallarda tətbiq edilə bilər. Lakin iş materiallarında onun mübahisə predmeti olan və ya digər əmlakını özgəninkiləşdirmək niyyətində olmasını təsdiq edən heç bir sübut mövcud deyil. Məhkəmə qərardadında konkret fakt göstərilməmiş, yalnız ehtimal xarakterli nəticələrə əsaslanılmışdır.

8. Mülki-Prosessual Məcəllənin 157.5.1-ci maddəsinə görə tədbir tətbiq edilmədiyi halda hüquqların qorunmasının niyə mümkün olmayacağı əsaslandırılmalı olsa da, iddiaçı bunu təqdim etməmişdir. Həmçinin həmin Məcəllənin 157.5.2-ci maddəsinə əsasən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar olmalıdır. Tərəflər arasındakı mübahisənin mövcudluğu özü-özlüyündə iddianın əsaslı olmasını təsdiq etmir və mahiyyəti üzrə araşdırılmalı olan hallara əvvəlcədən hüquqi qiymət verilə bilməz. Cavabdeh iddianın tamamilə əsassız olduğunu vurğulamışdır.

9. Məhkəmə Mülki-Prosessual Məcəllənin 157.6-cı maddəsindəki mütənasiblik prinsipinə riayət etməmişdir. Əmlakların özgəninkiləşdirilməsinin gələcək qətnamənin icrasını necə mümkünsüz edəcəyinə dair qərardadda heç bir əsaslandırma yoxdur.

10. Sözügedən Məcəllənin 158.3.1-ci maddəsinə əsasən, ilk növbədə cavabdehin hesablarında olan pul vəsaitlərinə, valyuta sərvətlərinə, qiymətli kağızlara, minik nəqliyyat vasitələrinə və istehsalda iştirak etməyən əmlakına həbs qoyulmalıdır. Yalnız bundan sonra 158.3.3-cü maddəyə əsasən daşınmaz əmlaka yönəlmək olar. Məhkəmə bank hesablarında vəsaitin olub-olmamasını və daha az məhdudlaşdırıcı tədbirlərin mümkünlüyünü araşdırmadan, qanunvericiliyin ardıcıllıq tələbini pozaraq birbaşa daşınmaz əmlak üzərində sərəncam hüququnu məhdudlaşdırmışdır.

11. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququna müdaxilə yalnız zəruri, qanuni və mütənasib olduqda mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış mövqeyinə görə isə bu müdaxilə şəxsin üzərinə həddindən artıq yük qoymamalıdır. Məhkəmə heç bir sübut olmadan, yalnız ehtimallara əsaslanaraq torpaq sahəsi üzərində sərəncam vermə hüququnu məhdudlaşdırmaqla həm Konstitusiyanın 29-cu maddəsini, həm də Mülki-Prosessual Məcəllənin mütənasiblik prinsipini pozmuşdur.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2018-ci il tarixli qərarına görə ərizədəki dəlillər tədbirin görülməsi zərurətini kifayət qədər təsdiq etməlidir. Lakin birinci instansiya məhkəməsi bu hüquqi mövqeyə formal istinad etsə də, hansı sübutların icranı çətinləşdirəcəyini göstərə bilməmişdir.

13. Şikayət verən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüququna müdaxilə ilə bağlı formalaşmış hüquqi mövqeyinə və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2, 157.5 (o cümlədən 157.5.1 və 157.5.2), 157.6, 158.3 (o cümlədən 158.3.1 və 158.3.3), 157-160, 263, 264, 267 və 268-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" ## ##### 2018-ci il tarixli qərarına istinad etmişdir. e) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.

14. Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət əsaslı sayılmayaraq, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 50-51).

15. Şikayət işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına ## #### 2026-cı ildə daxil olmuşdur.

II. Şikayətə qarşı etirazın dəlilləri.

16. Ərizəçi ## #### 2026-cı il tarixdə "Elektron Məhkəmə" sistemi vasitəsilə şikayətə qarşı yazılı etiraz təqdim edərək, cavabdehin şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir.

17. Ərizəçi etirazında bildirmişdir ki, cavabdehin əmlakı özgəninkiləşdirmək niyyətinin olmaması barədə şikayət dəlili həqiqəti əks etdirmir. O qeyd etmişdir ki, cavabdeh iddiaçının onu məhkəməyə verəcəyini bildiyi üçün hələ ## ### 2026-cı il tarixində sözügedən daşınmaz əmlakı Müşviq adlı şəxsə satmaq məqsədilə Naxçıvan ASAN Xidmət mərkəzində notarial əməliyyatlar aparmağa cəhd etmişdir. Məhz Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardadı bu prosesi dayandırmış və sərəncam hüququnu məhdudlaşdırmışdır. Ərizəçinin qənaətinə görə, qanunun məqsədi gələcək məhkəmə qətnaməsinin icrasını təhlükə altına sala biləcək belə real risklərin qarşısını almaqdır.

18. İddia tələbinin əsaslılığına dair sübutların olmamasına dair cavabdehin dəlilinə münasibətdə ərizəçi vurğulamışdır ki, avtomobillərin ona məxsus olması, sərəncam verilməsi üçün notarial etibarnamələrin rəsmiləşdirilməsi və həmin əmlakların satılaraq sahibliyindən çıxması faktları sənədlərlə tam sübuta yetirilmişdir. O əlavə etmişdir ki, avtomobillərin dəyərinin ödənilməməsi səbəbindən ona maddi ziyan dəymiş və işi üçün lazım olan vəsaiti əldə edə bilmədiyi üçün borclu vəziyyətinə düşmüşdür.

19. Mülki-Prosessual Məcəllənin 158.3-cü maddəsinin (əmlak üzərinə həbs qoyulması ardıcıllığı) pozulmasına dair şikayət dəlili ilə bağlı ərizəçi qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdehin əmlakından istifadə hüququ məhdudlaşdırılmamış, yalnız mübahisə müddətində onun özgəninkiləşdirilməsi qadağan edilmişdir. Üstəlik, cavabdeh öz bank hesablarında iddia məbləğini təmin edəcək həcmdə pul vəsaitinin mövcudluğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən həmin maddəyə formal istinad edilməsi şikayətin təmin olunması üçün əsas yarada bilməz.

20. Sonda ərizəçi, Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin artıq qiymətləndirilərək əsaslı hesab edilmədiyini xatırladaraq, cavabdehin şikayətinin təmin edilməməsini və ## #### 2026-cı il tarixli qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. III. Apellyasiya instansiya məhkəməsində işə baxılmasının hədləri.

21. Kollegiya işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.

22. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

23. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdeh Cavabdeh müraciəti birinci instansiya məhkəməsi qərardadının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti həmin həcmdə yoxlanılmalıdır. IV. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Konstitusiyasının:

25. - 29-cu maddəsinin İ, II, III və VI bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər;

26. - 71-ci maddəsinin II-hissəsində qeyd edilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

27. -157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər;

28. -157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir;

29. -157.3-157.4-cü maddələrindən aydın olur ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir;

30. -157.5-ci maddəsinin mahiyyətinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. V. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

31. Cavabdehin şikayəti Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadının ləğv edilməsinə və müvəqqəti təminat tədbirlərin tətbiq edilməsinə dair tələbin rədd edilməsinə yönəldiyindən kollegiya şikayəti və iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi əsasları, tətbiq edilə biləcək tədbirlərin növləri, bununla bağlı məhkəməyə edilmiş müraciətlərə baxılması qaydaları, həmçinin müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizəyə baxılması ilə əlaqədar qəbul edilə biləcək məhkəmə aktları və onlardan şikayət vermə qaydaları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13-cü fəslində, yəni 157- 164-cü maddələrində öz əksini tapıb.

32. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirləri mülki mühakimə icraatının effektivliyini təmin edən, subyektiv hüquqların məhkəmə müdafiəsinin real nəticəsini qoruyan prosessual institutdur. Bu tədbirlər iş mahiyyəti üzrə həll edilənədək tətbiq olunur və gələcəkdə çıxarılacaq qərarın icrasını qabaqcadan sığortalayır. Sözügedən tədbirlər əsasən tərəflərin mülkiyyət və ya hərəkət azadlığını məhdudlaşdırdığı üçün o, yalnız zərurət olduqda tətbiq edilən müstəsna hüquqi vasitədir. Bu tədbir hüququn pozulmasını gözləmək deyil, həmin pozuntunun baş verməsini və ya daha ağır nəticələrə səbəb olmasını əvvəlcədən önləyən bir müdafiə üsuludur.

33. Mülki-Prosessual Məcəllənin 157-ci maddəsində müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin əsasları-məqsədi müəyyən edilib ki, sözügedən prosessual normanın mahiyyətinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı hallarda və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.

34. Normanın mahiyyətindən aydın olur ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi üçün aşağıdakı şərtlərin ən azından biri mövcud olmalıdır:

35. - cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkünsüzlüyü;

36. - cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) əhəmiyyətli dərəcədə çətinləşməsi.

37. Hazırkı mübahisə üzrə prosessual normanın mahiyyəti onu qeyd etməyə imkan verir ki, Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsində əsas iki məqsəd var:

38. - gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasının təmin edilməsi - yəni iddiaçının xeyrinə qətnamə qəbul ediləcəyi təqdirdə, cavabdehin ona məxsus olan əmlakı (hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsi və nəqliyyat vasitəsini) özgəninkiləşdirməsinin, üçüncü şəxslərə yüklü etməsinin və ya digər yollarla əldən çıxarmasının qarşısını almaqla, maddi tələbin real və faktiki icrasına qabaqcadan hüquqi zəmin yaratmaq;

39. - mövcud vəziyyətin qorunması - tərəflər arasındakı məhkəmə mübahisəsi mahiyyəti üzrə yekun olaraq həll edilənədək cavabdehin əmlak vəziyyətinin və ya mübahisəyə aid edilə biləcək əmlakın hazırkı statusunun dəyişməz saxlanılması, bununla da iddiaçının hüquqlarının qorunmasını əhəmiyyətli dərəcədə çətinləşdirə biləcək hərəkətlərin (əmlakın fiziki və ya hüquqi cəhətdən itirilməsi, dəyərdən salınması, yüklü edilməsi) qarşısının alınaraq tərəflər arasında gələcəkdə yeni hüquqi mübahisələrin yaranmasına yol verilməməsidir.

40. Cavabdeh Cavabdeh şikayətində qeyd etmişdir ki, Mülki-Prosessual Məcəllənin 157.5.2ci maddəsinə əsasən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud olmasa da, birinci instansiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmamışdır.

41. Kollegiya cavabdehin bu dəlilinin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki-Prosessual Məcəllənin sözügedən maddəsinin tələbinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Lakin qanunvericinin qeyd etdiyi "ilkin sübutlar" anlayışı iddia tələbinin məhkəmə baxışı mərhələsindəki kimi tam və qəti şəkildə sübuta yetirilməsini deyil, iddiaçının maddi-hüquqi tələbinin mövcudluğunu və onun pozulması ehtimalını ağlabatan səviyyədə təsdiq edən ilkin sənədlərin təqdim olunmasını nəzərdə tutur.

42. Bu baxımdan kollegiya ərizəçinin təqdim etdiyi sənədlər üzrə hadisələrin xronoloji ardıcıllığını tədqiq edərək bildirir ki, iş materiallarında olan ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslı olduğunu nümayiş etdirir.

43. Belə ki, rəsmi dövlət qeydiyyatı məlumatlarına, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubu və kompüter çıxarışına əsasən, iddiaçı Ərizəçi ## ######## 2024-cü il tarixində "BMW M4 minik" markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı və ## ####### 2024-cü il tarixində isə "KIA K5 minik" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilləri alaraq öz mülkiyyətinə rəsmiləşdirmişdir (iş vərəqə 16-18).

44. Daha sonra iddiaçı həmin nəqliyyat vasitələrinin satılması məqsədilə cavabdeh Cavabdeh müvafiq olaraq ## ###### 2024-cü il və ## #### 2025-ci il tarixlərində notariat qaydasında təsdiq edilmiş etibarnamələr vermişdir. Həmin etibarnamələrdə cavabdehə nəqliyyat vasitələrinə dair sərəncam vermək (o cümlədən satmaq) hüququ birmənalı şəkildə həvalə edilmişdir (iş vərəqə 19-20).

45. Hadisələrin sonrakı inkişafından aydın olur ki, cavabdeh Cavabdeh ona verilmiş etibarnamələrdəki sərəncamverici səlahiyyətlərdən istifadə edərək, "BMW M4 minik" markalı nəqliyyat vasitəsini ## ###### 2024-cü il tarixində satış üçün qeydiyyatdan çıxarmışdır. Eyni qaydada, "KIA K5 minik" markalı avtomobili isə ## #### 2025-ci il tarixində alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsə sataraq özgəninkiləşdirmişdir (iş vərəqə 16-18).

46. Nəqliyyat vasitələrinin cavabdeh tərəfindən satılması və qeydiyyatdan çıxarılması faktının rəsmi sənədlərlə təsdiqlənməsinə baxmayaraq, ərizəçi həmin əmlakların satışından əldə olunan vəsaitin (təqdim edilmiş turbo.az saytının məlumatlarına əsasən "KIA K5 minik" markalı nəqliyyat vasitəsi üçün təxminən 31 200 manat, "BMW M4 minik" markalı nəqliyyat vasitəsi üçün isə 91 800 manat dəyərində) cavabdeh tərəfindən ona qaytarılmadığını və mülkiyyət hüquqlarının pozulduğunu iddia edir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, bu xronoloji mənzərə və işə əlavə edilmiş rəsmi sənədlər toplusu bütövlükdə iddiaçının maddi ziyan çəkməsi və hüququnun pozulması ehtimalını yüksəldir və iddia tələbinin Mülki-Prosessual Məcəllənin 157.5.2-ci maddəsində nəzərdə tutulan "kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu" tələbini tam şəkildə ödəyir. Bu isə öz növbəsində cavabdehin şikayətində irəli sürdüyü, mübahisənin mövcudluğunun özü-özlüyündə iddianın əsaslı olmasını təsdiq etməməsinə və ilkin sübutların olmamasına dair dəlillərini əsassız edir.

48. Cavabdeh Cavabdeh şikayətində həmçinin iddia edir ki, birinci instansiya məhkəməsi ehtimallara əsaslanmışdır və onun əmlakını özgəninkiləşdirmək niyyətində olmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Şikayətçinin mövqeyinə görə, Mülki-Prosessual Məcəllənin 157.5.1-ci maddəsinin tələbinə zidd olaraq, müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda hüquqların qorunmasının niyə mümkün olmayacağı iddiaçı tərəfindən əsaslandırılmamışdır.

49. Kollegiya bu dəlilə münasibətdə bildirir ki, müvəqqəti təminat tədbirlərinin başlıca məqsədi məhz gələcəkdə baş verə biləcək, qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək risklərin əvvəlcədən qarşısını almaqdır. Hazırkı işdə iddiaçı tərəfindən cavabdehdən xeyli miqdarda pul vəsaitinin alınması tələb edilir. Bu cür yüksək məbləğli iddialar üzrə məhkəmə çəkişməsi getdiyi dövrdə, cavabdehin məsuliyyətdən yayınmaq və gələcək icranı mümkünsüz etmək məqsədilə öz adına qeydiyyatda olan əmlakları, yəni Naxçıvan şəhəri, Xətai məhəlləsi 35/12A ünvanındakı 415.29 kvadratmetr torpaq sahəsini və **-BK-*** nömrə nişanlı "VAZ 21074" markalı avtomobili hər an əldən çıxara bilməsi təhlükəsi kifayət qədər realdır və tədbirin tətbiqini zəruri edir. Buna görə də kollegiya cavabdehin bu dəlilini əsaslı hesab etmir.

50. Şikayətdə irəli sürülən digər mühüm dəlil ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki-Prosessual Məcəllənin 158.3-cü maddəsində müəyyən edilmiş əmlak üzərinə həbs qoyulması ardıcıllığı pozulmuşdur. Cavabdeh qeyd edir ki, ilk növbədə onun bank hesablarında pul vəsaitlərinin olub-olmaması (158.3.1-ci maddə) yoxlanılmalı olduğu halda, məhkəmə bunu araşdırmadan birbaşa daşınmaz əmlak obyektinə (158.3.3-cü maddə) yönəlmişdir.

51. Kollegiya bu dəlilin hüquqi cəhətdən yanlış təfsirə əsaslandığını qeyd edir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin əmlakı üzərinə klassik mənada "həbs", yəni sahiblik və istifadə hüququnun tam məhdudlaşdırılmasını qoymamışdır. Məhkəmə Mülki-Prosessual Məcəllənin 158.1.2-ci maddəsinə uyğun olaraq daha yüngül təminat növü seçmiş, yəni "müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək" formasında tədbir tətbiq edərək, sadəcə torpaq sahəsi və avtomobilin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına və s.) qadağa qoymuşdur. Bu qadağa cavabdehin həmin əmlaklardan gündəlik istifadə etməsini istisna etmir və onun adi həyat tərzinə kəskin müdaxilə yaratmır. Buna görə də, 158.3-cü maddədə nəzərdə tutulan həbs ardıcıllığının pozulması iddiası hazırkı işin hallarına aid edilə bilməz.

52. Nəhayət, cavabdeh Cavabdeh Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin və Mülki-Prosessual Məcəllənin 157.6-cı maddəsinin tələblərinin pozulduğunu, mütənasiblik prinsipinə riayət edilmədən mülkiyyət hüququna qanunsuz müdaxilə edildiyini bildirmiş, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə və Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2018-ci il tarixli Qərarına istinad etmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi xüsusi olaraq vurğulayır ki, Mülki-Prosessual Məcəllənin 157.7-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab olunmur. İddiaçı tərəfindən tələb olunan məbləğin çox böyük həcmdə olması ilə müqayisədə, cavabdehin istifadəsində olan cəmi 415.29 kvadratmetr torpaq sahəsinin və köhnə (2010-cu il buraxılışlı) "VAZ 21074" markalı avtomobilinin yalnız özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulması tətbiq edilən tədbirin iddia tələbinə tam mütənasib olduğunu sübut edir. Bu məhdudiyyət cavabdehin üzərinə həddindən artıq yük qoymur və onun hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnmir. Əksinə, qanuni mənafelərin ədalətli tarazlığını təmin edir.

54. Yuxarıda göstərilən hüquqi və faktiki halların təhlili nəticəsində kollegiya o qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad qanuni, əsaslı və mütənasibdir. Şikayətdə gətirilən dəlillər qərardadın ləğv edilməsi üçün prosessual əsas yaratmır.

55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.

56. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

57. - cavabdeh Cavabdeh şikayəti rədd edilməli;

58. - Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbinə dair iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

60. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

61. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. VI. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı:

Cavabdeh Cavabdeh şikayəti rədd edilsin. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbinə dair iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Vüqar Quliyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar