Məhkəmə qərarları › İş №e-16(3-1)-12/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-16(3-1)-12/2026

11.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-16(3-1)-12/2026 11.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Kommersiya Kollegiyası Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin təmin edilməsi barədə qərardaddan şikayət) ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-*/**** nömrəli qərardadından ərizəçi Ərizəçi vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində və apellyasiya instansiyasında icraat, məhkəmə aktı

1. Ərizəçi Ərizəçi vəkil-nümayəndəsi Vəkil ## #### 2026-cı il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi paylı mülkiyyət hüququ ilə məxsus olan, ünvan 3 ünvanında 1.2126 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi 3338,60 kv.m olan əmlak kompleksi kimi müəssisədə fəaliyyət göstərən “xxxx” restoranının fəaliyyətinin dayandırılması, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün bank hesablarının üzərinə həbs qoyulması, Ərizəçi paylı mülkiyyət hüququ ilə məxsus olan, ünvan 3 ünvanında 1.2126 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi 3338,60 kv.m olan əmlak kompleksi kimi müəssisədə fəaliyyət göstərən “xxxx” restoranına aid olan bütün əmlakların (əşyaların-inventarların) siyahıya alınması, Ərizəçi paylı mülkiyyət hüququ ilə məxsus olan, ünvan 3 ünvanında 1.2126 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3338,60 kv .m olan əmlak kompleksi kimi müəssisədə fəaliyyət göstərən “xxxx” restoranına aid olan bütün əmlakların (əşyalarıninventarların) həmin əmlaklardan istifadəyə və həmin əşyalar barədə sərəncam verilməsinin X4 və restoranın bütün işçilərinə qadağan olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Müraciətedən ərizəsində Ərizəçi ünvan 3 ünvanında 1.2126 ha. torpaq sahəsində yerləşən ümumi sahəsi 3338.60 kv.m olan əmlak kompleksi kimi müəssisənin birgə mülkiyyət hüququ ilə digər iki nəfərlə birlikdə (X7 və digər şəxs) mülkiyyətçisi olduğunu, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ##.##.2014-cü il tarixində qeydiyyata alınmaqla 104011000425-12301 reyestr nömrə ilə qeydiyyata salındığını, həmin əmlak kompleksində (qeyri-yaşayış sahəsində) 2015-ci ilin dekabr ayından “xxxx” restoranının fəaliyyət göstərməklə bugün də fəaliyyət göstərdiyini, adı qeyd olunan şəxslərin 2025-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) həmin restoranda birgə şərikli fəaliyyət göstərdiklərini, qeyd olunan vaxtadək restoranın mühasibatlığı tərəfindən aylıq maliyyə hesabatları təqdim olunduğunu, aylıq xərclər və məsrəflər çıxıldıqdan sonra əldə olunan xalis gəlirin hər üç şəxs arasında bərabər şəkildə bölündüyünü, lakin nümayəndəsi olduğu şəxsə məlum olmayan səbəblərdən X4 tərəfindən 2025-ci ilin dekabr ayında artıq Ərizəçi “şərik” statusuna qanunsuz olaraq son verildiyini və restoranın aylıq gəlirindən nümayəndəsi olduğu şəxsin məhrum edildiyini, artıq dekabr, yanvar və fevral aylarında, bundan sonrakı aylarda, indi hal-hazırda da nümayəndəsi olduğu şəxsin gəlirdən məhrum edilməkdə davam etdiyini, aylıq hesabatlara əsasən həmin məbləğin (3 aylıq məbləğ) 18.206 (on səkkiz min iki yüz altı) AZN təşkil etdiyini, nümayəndəsi olduğu şəxsin ona məxsus olan həmin məbləğlərin, eyni zamanda digər ayların ona düşən gəlirlərin hesablanması və digər tələblərlə bağlı məhkəməyə iddia tələbi ilə müraciət edəcəyini, hətta bununla bağlı yuxarıda adı qeyd olunan şəxsə pretenziya məktubu ilə müraciət etdiyini, həmin məktuba cavab verilmədiyini, eyni zamanda “xxxx” MMC-yə də elektron qaydada pretenziya ünvanlanacağını, əlavə olaraq yuxarıda qeyd etdiyi kimi nümayəndəsi olduğu şəxsin həmin əmlakın birgə mülkiyyətçilərindən biri olduğunu, 2015-ci il tarixində fəaliyyətə başlayan zaman hər üç şəxs olaraq MMC-in təsis edilməsi, qarşılıqlı razılıq əsasında həmin MMC-nin təsisçisi kimi - X4 müəyyən olunması razılığı olduğunu, MMC-nin direktorunun isə X2 müvafiq təsis qərarı ilə təyin olunmaqla qanuni təmsilçilik səlahiyyətinin ona verildiyini, qeyd edilən proseslərin hər üç şəxsin qarşılıqlı razılığı əsasında olduğunu, restoranın tikilməsi, onu fəaliyyətə başlaması üçün bütün xərclərin bərabər şəkildə çəkildiyini, bugün isə nümayəndəsi olduğu şəxs olan mülkiyyət hüququ ilə məxsus olan əmlakın gəlirindən məhrum edildiyini, halbuki nümayəndəsi olduğu şəxsin 10 ildən artıq bir müddətdir ki, şərikli olaraq fəaliyyət göstərdiyini və buna dair kifayət qədər sübut və dəlillər də olduğunu, mülkiyyət hüququnun toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu, Ərizəçi da mülkiyyətçisi olduğu əmlakdan (qeyri yaşayış sahəsindən) X4 istifadə edərək gəlir əldə etməsi və nümayəndəsi olduğu şəxsin bu gəlirdən məhrum edilməsinin tamamilə qanunsuz olduğunu, Ərizəçi bütün bunlara son qoyulması üçün qanunauyğun olaraq lazımi addımları atmaqda davam etdiyini, hal-hazırda “xxxx” MMC-nin əsas və yeganə fəaliyyət istiqamətinin məhz eyni adlı-“xxxx” ailəvi restoran olduğunu, restoranın hal-hazırda da fəaliyyət göstərdiyini, lakin nümayəndəsi olduğu şəxsin özünə məxsus paylı əmlakın istifadəsindən, restoranın fəaliyyətindən gələn gəlirdən bir neçə vaxtdır ki, qanunusz olaraq məhrum edildiyini, buna görə də həmin MMC-nin bank hesablarına həbs qoyulması, eyni zamanda “xxxx” restoranın fəaliyyətinin dayandırılması, həmin restorana aid olan əmlakalrın siyahıya alınması zərurətinin olduğunu, bütün bunların lazım olması əsasının tərəflərindən məhkəmədə iddia qaldırılacağı və iddia uğurlu olacağı təqdirdə qeyd edilən qətanmənin icrasının da mümkünlüyü üçün olduqca vacib olduğunu, restoranın fəaliyyətinin dayandırılmasının nümayəndəsi olduğu şəxsin həmin restoranın fəaliyyətindən tamamilə məlumatsız, maliyyə vəziyyətinin necə olmasının ona məlum olmadığına, həmçinin gəlirlərin də nə qədər olmasının ona bəlli olmadığın, nümayəndəsi olduğu şəxsin həmin restoranın fəaliyyət göstərdiyi (yerləşdiyi) əmlak komleksinin paylı mülkiyyətçisi olduğuna, şəriklərin hər üçünün də çıxarışda adının olması həmin şəxslərin şərik olduğuna görə lazım olduğuna, bir daha bu halları təsdiqlədiyini qeyd edərək ərizəsini əsaslandırmışdır.

3. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə MPM-in tələbinə uyğun tərtib olunmadan cavabdehin müəyyən olunmaması əsası ilə geri qaytarılmış, verilmiş şikayət məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin olunmadığından baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir.

4. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı tam ləğv edilərək baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

5. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- **(*-**)-*/**** nömrəli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizəyə əlavə edilmiş ## ### 2026-cı il tarixli Vergi Xidmətinin məktubundan görünür ki, “xxxx” MMC-yə ##.##.2015-ci il tarixdə qeydiyyatdan keçməklə 0200768381 VÖEN verilmiş, kapitalı 90 manat olmaqla ünvan 1 hüquqi ünvanı üzrə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X2r. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışdan məlum olur ki, hüquqi rəsmiləşdirilən şəxs X3 əmlak kompleksi kimi müəssisə adı ilə ünvan 2 ünvanında xüsusi mülkiyyət olmaqla təyinatı xidməti olan ümumi sahəsi 3338.60 kvm, torpaq sahəsinin ölçüsü 1.2126 ha olan, torpaq sahəsinin mülkiyyət növünün Dövlət, torpaq sahəsi üzərində hüququn növünün istifadə olmaqla, hüquqi sahiblərin adının X3, X4 və Ərizəçi müəyyən olmaqla ##.##.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə ərizəçinin ərizəsində qeyd etdiyi tələblərinə münasibətdə bildirmişdir ki, təqdim olunan sənədlərdə Ərizəçi “xxxx” MMC-lə əlaqəli olması, “xxxx” restoranı ilə birgə şərikli fəaliyyət göstərməsi, həmin restorandan gəlirin üç şəxs arasında bölünməsi, X4 “xxxx” MMC, “xxxx” restoranı ilə əlaqəli olması, X4 “xxxx” MMC-nin təsisçi olması təsdiqini tapmır. Məhkəmə həmçinin qeyd etmişdir ki, sənədlərdən “xxxx” MMC-nin qeydiyyatdan keçməsi və qanuni təmsilçinin X2 olduğu məlum olur. “xxxx” restoranı ilə əlaqəli iş materiallarında hüquqi sənədlər mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən formalaşdırılan hüquqi mövqeyə əsasən işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir ki, belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Məhkəmə bildirmişdir ki, ərizəçi tərəfindən cavabdehin vicdansızlığına dəlalət edən məlumatları əks etdirən sübutların təqdim edilməməsi, ərizədə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmaması və ərizədə irəli sürülən dəlillərin mövcud olmaması müvəqqəti təminat tətbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilməməsinə əsas verir. Məhkəmə həmçinin bildirmişdir ki, ərizəçi tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə gələcəkdə iş üzrə iddia təmin edildikdə, qətnamənin icrasının çətinləşə və ya mümkünsüz ola biləcəyi əsaslılığına dair ilkin sübutlar əlavə edilməmiş, həmçinin müvəqqəti təminat tədbiri tətbiq edilmədən MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə (cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə) nail olmağın mümkün olmadığı əsaslandırılmamışdır ki, bunlar da, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin əsaslı olmadığını bir daha müəyyən etməyə imkan verir.

II. Şikayət

7. Ərizəçi Ərizəçi vəkil-nümayəndəsi Vəkil ## #### 2026-cı il tarixdə elektron qaydada verilmiş şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-24)- */**** nömrəli qərardadının ləğv edilməklə ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadın 4-cü səhifəsində (1-ci abzasda) Ərizəçi “xxxx” MMC ilə əlaqəli olması, “xxxx” restoranı ilə birgə şərikli fəaliyyət göstərməsi, həmin restorandan gəlirin hər üç şəxs arasında bölünməsi, X4 “xxxx” restoranı ilə əlaqəli olması, X4 “xxxx” MMC-nin təsisçi olması təsdiqini tapmır. Məhkəmənin bu mövqeyi ilə qəti şəkildə razılaşmırlar. Belə ki, məhkəməyə ərizə ilə müraciət etməmişdən əvvəl müvafiq sorğular verilmiş və eyni zamadan özlərində olan sübutları ərizəyə əlavə edərək məhkəməyə elektron qaydada göndərmişdirlər. Belə ki, ərizəyə əlavə olunmuş ##.##.2014-cü il tarixli, ******* reyestr nömrəli çıxarışla nümayəndəsi olduğu şəxs Ərizəçi ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (qeyri-yaşayış sahəsinin) paylı mülkiyyətçisi olduğu açıq aşkar öz təsdiqini tapır. Məlumdur ki, mülkiyyət hüququnu təsdiq edən ən mötəbər sənəd daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdır. Ikincisi məhkəməyə vəkil sorğusu nəticəsində əldə edilmiş və müvafiq vergi qurumundan əldə edilmiş məktub əlavə edilmişdir. Həmin ##.##.2026-cı il tarixli, 3-21-2-24/2-C-63- **/**** saylı rəsmi məktubda “xxxx” MMC-nin təsis payı, direktoru (qanuni təmsilçisi) və eyni zamanda hüquqi ünvanı barədə rəsmi məlumat verilmişdir. Hüquqi ünvanı restoranın hüquqi ünvanı ilə eynilik təşkil edir və bu da təsadüfi deyildir. Belə ki, MMC-nin də hüquqi ünvanı ünvan 4 ünvanıdır. Həm MMC-nin adının, həm restoranın adının eyni olması, eyni zamanda ünvanların eyni olması təsadüfi ola bilməz. Ikinci bir hal ondan ibarədir ki, vergi qurumu hüquqi şəxslərin təsisçilərinin kim olması ilə bağlı məlumatı kommersiya sirri sayıldığından vəkil sorğusu ilə cavablandırmır. Vergi qurumun verdiyi cavabda tələb olunan sorğunun yalnız MMC ilə vəkil arasında bağlanılmış olan müqavilə əsasında verilə biləcəyini qeyd etmişdir. Belə olan təqdirdə isə onun həmin təsisçilər barəsində məlumat əldə etməyi qeyri-mümkündür, çünki o MMC-nin deyil, qeyd edilən qeyri-yaşayış sahəsinin paylı mülkiyyətçisi olan Ərizəçi vəkili və nümayəndəsidir. Həmçinin məhkəmə də elektron sistem vasitəsilə həmin MMC-nin təsisçisinin X4 olduğunun müəyyən edə bilər. Eyni zamanda məhkəməyə şərikliklə bağlı maliyyə sənədləri də təqdim edilmişdir ki, hansı ki həmin maliyyə sənədləri əsasında restoranın gəliri üç şəxs arasında bölünmüşdür. Bu da şərikliyi təsdiq edən mötəbər sübutdur. Hesab edir ki, məhkəmə ərizənin rədd olunması qənaətinə gəlməklə səhv nəticəyə gəlmişdir. Işin faktiki hallarında da qeyd olunduğu kimi MMC yaradılmış, restoran da həmin MMC-nin hüquqi ünvanında fəaliyyətə başalmış və hal-hazırda da həmin ünvanda fəaliyyət göstərir. Nümayəndəsi olduğu şəxs isə bir neçə vaxtdır ki, restoranın gəlirindən qanunsuz olaraq məhrum edilmişdir.

9. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- **(*-**)-*/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi qərara alınmışdır.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. III. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 47.1. Işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar

15. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər;

16. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. Müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. Iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu;

17. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

18. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

20. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.

21. Maddə 398.0 və 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin b) bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarı

22. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərarı. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.

IV. Məhkəmə kollegiyasının mövqeyi

23. Kollegiya ilk olaraq qeyd edir ki, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Digər tərəfdən qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.

24. Əvvəla qeyd olunmalıdır ki, iş materiallarından müəyyən olunur ki, ərizəçi ## #### 2026-cı il tarixdə müvəqqəti təminat tədbirlərinin tətbiq olunması barədə məhkəməyə müraciət etmiş, ərizədə göstərilmişdir ki, ərizəçi ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin paylı mülkiyyətçilərindən biridir, həmin əmlakda uzun illərdir "xxxx" restoranı fəaliyyət göstərir, restoranın gəlirləri əvvəlki dövrdə paylı mülkiyyətçilər arasında bölüşdürülsə də, 2025-ci ilin dekabr ayından etibarən ərizəçi həmin gəlirlərdən məhrum edilmiş, restoranın fəaliyyəti və maliyyə vəziyyəti barədə ona hər hansı məlumat verilməmişdir. Bu səbəbdən də gələcəkdə qaldırılacaq iddianın təmin edilməsinin mümkünlüyünü qorumaq məqsədilə restoranın fəaliyyətinin dayandırılması, "xxxx" MMC-nin bütün bank hesablarına həbs qoyulması, restoranın bütün əmlakının siyahıya alınması, həmin əmlakdan istifadə və onun barəsində sərəncam verilməsinin X4 və restoranın işçilərinə qadağan edilməsi xahiş edilmişdir.

25. Ərizə ilkin olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmış, həmin qərardad apellyasiya instansiyası tərəfindən ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilmişdir. Bundan sonra Kommersiya Məhkəməsi ## #### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəni təmin etməmiş, ərizəçi həmin qərardaddan hazırkı şikayəti vermişdir.

26. Şikayətin mahiyyətindən görünür ki, ərizəçi birinci instansiya məhkəməsinin sübutları düzgün qiymətləndirmədiyini, təqdim edilmiş sənədlərin onun əmlak kompleksi üzərində paylı mülkiyyət hüququnu və həmin əmlakda fəaliyyət göstərən restoranla əlaqəsini təsdiq etdiyini, restoranın fəaliyyətinin yalnız bir şəxsin iradəsinə tabe olmasının onun mülkiyyət hüquqlarını pozduğunu, mövcud vəziyyətin davam etməsinin gələcəkdə qaldırılacaq iddia üzrə mümkün məhkəmə qətnaməsinin icrasını çətinləşdirəcəyini, təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, vergi orqanının rəsmi məktubunun və maliyyə sənədlərinin qeyd olunan halları təsdiq etdiyini, məhkəmənin zərurət olduqda elektron informasiya sistemləri vasitəsilə MMC-nin təsisçiləri barədə məlumatı da müəyyən edə biləcəyini bildirərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etməyərək, ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbirləri mülki və kommersiya mühakimə icraatında müstəsna xarakter daşıyan prosessual müdafiə vasitəsidir. Bu institutun məqsədi gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının təmin edilməsi, cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişməsinin qarşısının alınması və bununla ərizəçinin hüquqlarının sonradan bərpasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaqdan ibarətdir. Bununla yanaşı, müvəqqəti təminat tədbirlərinin tətbiqi mübahisə predmeti ilə bağlı digər şəxslərin mülkiyyət, sahibkarlıq və digər hüquqlarına ciddi müdaxilə yaratdığı üçün qanunverici həmin tədbirlərin tətbiqini müəyyən prosessual şərtlərin mövcudluğu ilə əlaqələndirmişdir.

28. Belə ki, MPM-in 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə həm iddia tələbinin kifayət qədər əsaslı olmasına dair ilkin sübutların mövcudluğu, həm də belə tədbirlər tətbiq edilmədiyi halda MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmayacağı əsaslandırılmalıdır. Eyni zamanda həmin Məcəllənin 157.6-cı maddəsinin tələblərinə görə tətbiq edilən təminat tədbiri irəli sürülən tələbə mütənasib olmalı və qarşı tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

29. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərdən də aydın olur ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi yalnız ehtimal xarakterli mülahizələrə əsaslana bilməz. Ərizəçi konkret faktlar və ilkin sübutlarla göstərməlidir ki, cavabdehin davranışı vicdansız xarakter daşıyır, əmlakın özgəninkiləşdirilməsi, gizlədilməsi, maliyyə vəsaitlərinin çıxarılması və ya gələcək məhkəmə aktının icrasını qeyri-mümkün edə biləcək digər real təhlükələr mövcuddur. Məhkəmə isə tələb olunan tədbirin iddia ilə əlaqəsini, zəruriliyini və mütənasibliyini qiymətləndirməlidir.

30. Hazırkı iş üzrə iş materiallarında olan Vergi Xidmətinin məktubundan "xxxx" MMC-nin qanunvericiliyə uyğun dövlət qeydiyyatından keçdiyi, hüquqi şəxs kimi fəaliyyət göstərdiyi, qanuni təmsilçisinin X2 olduğu müəyyən edilir. Bununla yanaşı, iş materiallarında Ərizəçi həmin MMC-nin iştirakçısı, təsisçisi, idarəetmə orqanının üzvü və ya digər formada hüquqi şəxslə korporativ hüquqi əlaqəsini təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir.

31. Ərizəçi iddia edir ki, MMC formal olaraq digər şəxsin adına təsis edilmiş, lakin faktiki olaraq bütün iştirakçılar arasında razılaşma olmuşdur. Lakin belə razılaşmanın mövcudluğunu təsdiq edən təsis sənədləri, iştirakçıların qərarları, korporativ sənədlər, müqavilələr, maliyyə hesabatları, gəlirlərin bölüşdürülməsinə dair rəsmi sənədlər və ya digər mötəbər sübutlar iş materiallarına təqdim edilməmişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır və onlardan istifadə edir. Məhkəmə ehtimallar və ya yalnız ərizəçinin subyektiv izahatları əsasında müvəqqəti təminat tədbirləri tətbiq edə bilməz.

32. Şikayətdə MMC-nin hüquqi ünvanının restoranın yerləşdiyi ünvanla eyni olması, habelə hüquqi şəxsin adı ilə restoranın adının üst-üstə düşməsi hallarına istinad edilsə də, kollegiya hesab edir ki, bu hallar da özlüyündə ərizəçinin irəli sürdüyü faktların mövcudluğunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Hüquqi şəxsin müəyyən ünvanda qeydiyyatda olması və həmin ünvanda eyni adlı obyektin fəaliyyət göstərməsi avtomatik olaraq həmin obyekt üzərində mülkiyyət hüququ olan bütün şəxslərin hüquqi şəxsin iştirakçısı və ya təsisçisi hesab olunmasına hüquqi əsas yaratmır. Bu hallar yalnız digər mötəbər sübutlarla birlikdə qiymətləndirilə bilər.

33. Kollegiya şikayətdə vergi orqanının təsisçilər barədə məlumatı kommersiya sirri hesab etməsi səbəbindən həmin məlumatın vəkil sorğusuna təqdim edilməməsi barədə göstərilən arqumenti də əsaslı hesab etmir. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verən şəxs MPM-in 14.2 və 77-ci maddələrinin tələblərinə uyğun olaraq istinad etdiyi halları sübut etməyə borcludur. Müəyyən sübutun ərizəçi tərəfindən əldə edilməsinin çətin olması həmin faktın sübuta yetirilməsi vəzifəsini aradan qaldırmır. Prosessual qanunvericilik sübutların məhkəmə tərəfindən tələb olunması, sübutların təqdim edilməsinə köməklik göstərilməsi kimi mexanizmləri nəzərdə tutsa da, bu hallar müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün tələb olunan ilkin sübutların mövcudluğu barədə qanunun müəyyən etdiyi tələbləri əvəz etmir.

34. Kollegiya hesab edir ki, ərizəçinin istinad etdiyi hallar mahiyyət etibarilə gələcəkdə baxılacaq əsas mübahisənin predmetini təşkil edir. Yəni tərəflər arasında restoranın hansı hüquqi əsaslarla fəaliyyət göstərməsi, əldə olunan gəlirlərin necə bölüşdürülməsi, ərizəçinin həmin gəlirlər üzərində hüququnun olub-olmaması, MMC ilə faktiki hüquqi münasibətlərin yaranıb-yaranmaması yalnız işə mahiyyəti üzrə baxılarkən təqdim olunacaq sübutların tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilə bilər. Müvəqqəti təminat tədbirlərinə baxılması mərhələsində isə məhkəmə həmin mübahisəni qabaqcadan həll edə bilməz.

35. Digər tərəfdən, kollegiya qeyd edir ki, ərizəçi gələcək məhkəmə aktının icrasının çətinləşəcəyini təsdiq edən konkret hallar da göstərməmişdir. Iş materiallarında cavabdehin və ya digər şəxslərin əmlakı özgəninkiləşdirmək, bank hesablarındakı vəsaitləri çıxarmaq, hüquqi şəxsin fəaliyyətini dayandırmaq, əmlakı gizlətmək və ya gələcək icranı mümkünsüz edə biləcək hər hansı hərəkətlər etməsinə dair ilkin sübutlar mövcud deyildir. Ərizədə göstərilən dəlillər əsasən ərizəçinin restoranın maliyyə fəaliyyəti barədə məlumatlandırılmaması və gəlirlərdən pay ala bilməməsi ilə bağlıdır ki, bu hallar özlüyündə MPM-in 157-ci maddəsində nəzərdə tutulmuş təminat tədbirlərinin tətbiqi üçün kifayət edən təhlükənin mövcudluğunu təsdiq etmir.

36. Kollegiya həmçinin şikayətdə istinad olunan maliyyə sənədlərinə münasibətdə qeyd edir ki, təqdim edilmiş sənədlər müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün zəruri olan həcmdə və inandırıcılıqda ərizəçinin "xxxx" MMC ilə korporativ hüquqi münasibətlərdə olmasını və ya gəlirlərin hüquqi əsaslarla üç şəxs arasında bölüşdürülməsini birmənalı şəkildə təsdiq etmir. Həmin sənədlərin sübut əhəmiyyəti, onların hansı hüquqi münasibətlər çərçivəsində tərtib olunması, tərəflər arasında hansı hüquq və öhdəlikləri ifadə etməsi yalnız mübahisəyə mahiyyəti üzrə baxılarkən digər sübutlarla birlikdə araşdırılıb qiymətləndirilə bilər. Müvəqqəti təminat tədbirlərinə baxılması mərhələsində həmin sənədlər əsasında mübahisəli hüquq münasibətlərinin mövcudluğu barədə qəti nəticəyə gəlinməsi mümkün deyildir.

37. Kollegiya xüsusi olaraq vurğulayır ki, ərizəçinin tələb etdiyi təminat tədbirləri öz xarakterinə və nəticələrinə görə son dərəcə geniş həcmli məhdudiyyətlər nəzərdə tutur. Belə ki, restoranın fəaliyyətinin tam dayandırılması, hüquqi şəxsin bütün bank hesablarına həbs qoyulması, bütün inventarın siyahıya alınması, həmin əmlakdan istifadə və onun barəsində sərəncam verilməsinin qadağan olunması faktiki olaraq hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin tam məhdudlaşdırılmasına gətirib çıxara bilər. Belə tədbirlər yalnız müstəsna hallarda və qanunla nəzərdə tutulmuş əsaslar tam sübuta yetirildikdə tətbiq oluna bilər.

38. Konstitusiya Məhkəməsinin ## #### 2018-ci il tarixli qərarında da göstərildiyi kimi, məhkəmə təminat tədbirinin tətbiqi zamanı irəli sürülmüş tələb ilə seçilmiş tədbir arasında əlaqəni, həmin tədbirin zəruriliyini və mütənasibliyini hərtərəfli qiymətləndirməlidir. Eyni hüquqi mövqe Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarında da inkişaf etdirilərək qeyd edilmişdir ki, gələcək məhkəmə qərarının icrasını çətinləşdirəcək real təhlükə müəyyən edilmədiyi halda təminat tədbirlərinin tətbiqinə yol verilə bilməz.

39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün MPM-in 398-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- **(*-**)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar