Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-16(3-1)-16/2026 25.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı müvəqqəti təminat tədbirinin tətbiqinə dair iş üzrə QƏRARDAD Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin təmin edilməməsi barədə qərardaddan verilmiş şikayətin təmin olunmaması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər - X5 (məruzəçi), X6 və X7 ibarət tərkibdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı 2026cı il # ######## tarixli qərardadından ərizəçi "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. "xxxx” MMC (bundan sonra ərizəçi) 2026-cı il # ######## tarixdə elektron qaydada ərizə ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin icraatında olan ərizəçinin (iddiaçının) cavabdeh X1 (bundan sonra cavabdeh) qarşı "pul tələbi” barədə iddia ərizəsinə dair e-*-*(*-**)-***/**** saylı kommersiya işinə baxılıb iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdehə məxsus bank hesablarının üzərinə tərəflər arasında mübahisə predmeti olan 5580,02 manat və ödənilmiş 76 manat həcmində həbs qoyulmasını xahiş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı, 2026-cı il # ######## tarixli qərardadı ilə ərizəçinin cavabdeh barəsində müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul olunmuşdur. (hakim Elşən Salmanov)
3. Məhkəmə qeyd etmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə təmin edilməməlidir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi işin mahiyyəti üzrə həll edilməsi hesab edilməməklə, gələcək qətnamənin icrasının təmin edilməsi və iddiaçının gələcək hüquqlarının müdafiəsi tədbiridir. Nəticə etibarilə müvəqqəti təminat təbirlərinin tətbiqində əsas məqsəd mövcud hüquqi vəziyyətin qorunub saxlanılmasıdır.
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) tərəfindən formalaşdırılan hüquqi mövqeyə əsasən işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut etməlidir ki, belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.
5. Ərizəçi tərəfindən cavabdehin vicdansızlığına dəlalət edən məlumatları əks etdirən sübutların təqdim edilməməsi, ərizədə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmaması və irəli sürülən dəlillərin, hansı ki, müqavilənin saxta olması ilə bağlı yanaşmanın müvafiq qaydada (ekspert rəyi ilə və s.) təsdiqini tapmaması müvəqqəti təminat tətbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilməməsinə əsas verir.
6. Həmçinin məhkəmə qeyd etmişdir ki, ərizəçi tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad əlavə edilmiş, lakin həmin iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar əlavə edilməmiş, həmçinin müvəqqəti təminat tədbiri tətbiq edilmədən Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə (cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə) nail olmağın mümkün olmadığı əsaslandırılmamışdır ki, bunlar da müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin əsaslı olmadığını müəyyən etməyə imkan verir.
7. Nəticə etibarilə məhkəmə hesab etmişdir ki, cavabdehin vicdansızlığı ilə bağlı halları təsdiq edən sənədləri iş materillarında olmadığından cavabdehin bank hesabları üzərinə həbsin qoyulması onun hüquqlarının lüzumsuz yerə məhdudlaşdırılması ilə nəticələnə bilər.
8. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Belə ki, Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin sübutlarla dəstəklənməyən müvəqqəti təminat tədbirinin tətbiqi “proporsionallıq” prinsipinə də cavab vermədiyindən təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 157.1, 157.2, 157.3, 157.5, 157.5.1, 157.5.2, 157.7, 157.5.1, 157.5.2, 158, 159.1, 159.2, 159.3 və 163.1-ci mddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “X3 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il ## ###### tarixli, Avropa Insan Hüquqları Məhkəməsinin “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli və “Sporrong and Lönnroth v.Sweden” işi üzrə Qərarlarına istinad etməklə əsaslandırmışdır.
11. Həmin qərardadın ləğv olunması və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin olunması barədə ərizəçi tərəfindən Kommersiya Məhkəməsinə 2026-cı il ## ######## tarixdə verilmiş şikayətə 2026-cı il ## ######## tarixdə baxılaraq təmin edilməmiş və Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinin tələblərinə müvafiq olaraq işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri
12. Işin halları üzrə - ərizəçi tərəfindən cavabdehə qarşı 5.580,02 manat pul vəsaitinin və ödənilmiş 76 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia Naxçıvan MR Kommersiya Məhkəməsinin icraatındadır. Mübahisə 5.580,02 manat pul vəsaitinin mühasibat və texniki səhv nəticəsində cavabdehin hesabına köçürülməsi və cavabdehin həmin vəsaiti geri qaytarmaması ilə bağlı yaranmışdır. Tərəflər arasında hər hansı alqı-satqı münasibətinin mövcud olub-olmaması ilə bağlı mübahisə yaranmış, bu xüsusda tərəflərin danışıqlarının səs yazıları da iş materiallarına təqdim edilmişdir. Cavabdeh səs yazısında ərizəçinin nümayəndəsinə münasibətdə “mən səni tanımıram” məzmunlu ifadə işlətmiş, lakin ##.##.2026-cı il tarixdə tərəflər arasında alqı-satqı münasibətinin mövcudluğunu təsdiq etdiyini bildirdiyi müqaviləni iş materiallarına təqdim etmişdir. Ərizəçi həmin müqavilənin həqiqiliyini və üzərindəki imzaların ona aidliyini mübahisələndirmiş və məhkəmə ##.##.2026-cı il tarixli qərardadla xətşünaslıq ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. Ərizəçi hesab etmişdir ki, bu hallar gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının çətinləşməsi və ya mümkünsüzləşməsi riskini yaradır. Bu səbəbdən ərizəçi tərəfindən məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təqdim edilmiş və məhkəmə tərəfindən ərizənin təmin edilməsindən imtina olunmuşdur.
13. Mülki Prosessual Məcəllənin 157-ci maddəsi, Konstitusiya Məhkəməsi Plenumunun “X3” üzrə 2017-ci il ## ### tarixli və AIHM-in “Hakansson və Sturesson Isveçə qarşı” işlə bağlı Qərarları üzrə - Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin məqsədi cavabdehin və ya digər şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində mövcud vəziyyətin dəyişdirilməsinin və bunun nəticəsində iddiaçının hüquqlarının qorunmasının, təmin edilməsinin və ya bərpasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaqdır. Hazırkı işdə belə risk mücərrəd ehtimaldan ibarət deyildir. Cavabdeh ona köçürülmüş 5.580,02 manat vəsaiti geri qaytarmamışdır. Pul tələbinin predmet təşkil etdiyi işdə həmin vəsaitin cavabdehin sərəncamında qalması və sonradan digər şəxslərə köçürülməsi və ya başqa formada sərəncam verilməsi gələcək məhkəmə aktının icrasını çətinləşdirə biləcək haldır.
14. Mülki Prosessual Məcəllənin 157.5.1-ci maddəsi baxımından ərizəçi müvəqqəti təminat tədbiri tətbiq edilmədikdə 157.2-ci maddədə nəzərdə tutulan məqsədə nail olunmasının mümkün olmayacağını əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 157.5.2-ci maddəsi baxımından isə iddianın yekun əsaslılığının sübut edilməsi tələb olunmur, iddianın kifayət qədər inandırıcı olduğunu göstərən ilkin sübutların mövcudluğu kifayətdir. Hazırkı işdə belə ilkin əsaslandırmanı pul vəsaitinin cavabdehin hesabına köçürülməsini təsdiq edən sənədlər, vəsaitin geri qaytarılması barədə müraciətlər, tərəflərin danışıqlarının səs yazısı, cavabdehin ziddiyyətli mövqeyi, sonradan təqdim edilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə ekspertizanın təyin edilməsi barədə qərardad təşkil edir.
15. Müqavilənin həqiqiliyinə dair ekspert rəyinin hələ mövcud olmaması müvəqqəti təminat tədbirinin tətbiqindən imtina üçün əsas ola bilməz. Çünki Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsinin mahiyyətinə görə müvəqqəti təminat tədbiri iş üzrə əsas mübahisəni qabaqcadan həll etmir. Ekspertizanın təyin edilməsi isə müqavilənin həqiqiliyinin hələ yekun müəyyən edilmədiyini göstərir. Bu mərhələdə tələb olunan, müqavilənin saxta olmasının qəti şəkildə müəyyən edilməsi deyil, mövcud halların gələcək icra baxımından real risk yaradıbyaratmadığının qiymətləndirilməsidir.
16. Məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il və ## ### 2017-ci il tarixli qərarlarında ifadə edilmiş mütənasiblik və əsaslandırma tələbləri də tədbirin avtomatik olaraq tətbiq edilməsini və ya rədd edilməsini nəzərdə tutmur. Həmin yanaşmaya əsasən, məhkəmə məhdudiyyətin konkret iş üzrə zəruriliyini, məqsədlə vasitə arasındakı əlaqəni və tərəflərin hüquqi maraqlarını hərtərəfli qiymətləndirməlidir.
17. Hazırkı işdə tələb olunan tədbir cavabdehin bütün əmlakına və ya bank hesablarındakı bütün vəsaitlərinə qeyri-məhdud həbs qoyulmasını nəzərdə tutmur. Tədbir yalnız 5.656,02 manat əsas tələb və dövlət rüsumunun cəmi ilə məhdudlaşdırılmışdır. Buna görə də tədbirin həcmi iddia tələbinin həddini aşmır və qarşıya qoyulan məqsədlə - gələcək məhkəmə aktının icrasının təmin edilməsi ilə birbaşa əlaqəlidir. Bu baxımdan, AIHM-in “Hakansson və Sturesson Isveçə qarşı” və “Sporrong və Lönnroth Isveçə qarşı” işlərində ifadə edilmiş mütənasiblik və “ədalətli tarazlıq” meyarları da yalnız cavabdehin mümkün məhdudiyyətinin deyil, ərizəçinin məhkəmə müdafiəsinin effektivliyinin və gələcək məhkəmə aktının real icra imkanının qorunmasının nəzərə alınmasını tələb edir.
18. Beləliklə, müvəqqəti təminat tədbirinin məbləğ baxımından iddia tələbi ilə eyni həcmdə olması, müvəqqəti xarakter daşıması və yalnız gələcək icranın təmin edilməsinə yönəlməsi nəzərə alınmaqla, onun cavabdehin hüquqlarına zəruri həddən artıq müdaxilə təşkil etdiyi barədə nəticə əsaslandırılmamışdır.
19. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların tam və hərtərəfli aydınlaşdırılmaması üzrə - birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqindən imtina edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən halları onların qarşılıqlı əlaqəsində qiymətləndirməmişdir. Ilk növbədə, cavabdehin səs yazısında ərizəçini tanımadığını bildirməsi ilə sonradan tərəflər arasında alqı-satqı münasibətinin mövcudluğunu təsdiq etdiyini bildirdiyi müqaviləni təqdim etməsi arasındakı ziddiyyət nəzərə alınmamışdır. Eyni zamanda, həmin müqavilənin ##.##.2026-cı il tarixdə, məhkəmə baxışından cəmi dörd gün əvvəl təqdim edilməsi, ərizəçi tərəfindən müqavilənin və imzaların həqiqiliyinin mübahisələndirilməsi və bunun nəticəsində ##.##.2026-cı il tarixində ekspertizanın təyin edilməsi halları birlikdə qiymətləndirilməli olduğu halda, məhkəmə həmin halların gələcək icra riskinə təsirini müəyyən etməmişdir.
20. Məhkəmənin qərardadında tərəflər arasındakı yazışmalara və prosesin uzadılması ilə bağlı hallara toxunulması da həmin halların iş materiallarında mövcud olduğunu göstərir. Buna görə həmin hallar səs yazısı, mübahisəli müqavilənin təqdim edilmə vaxtı və ekspertizanın təyin olunması ilə birlikdə qiymətləndirilməli idi.
21. Nəticə etibarilə, məhkəmə sübutların ayrı-ayrı elementlərini deyil, onların qarşılıqlı əlaqəsini və məcmu məzmununu qiymətləndirməli olduğu halda, bunu etməmiş və nəticədə müvəqqəti təminat tədbirinin tətbiqi üçün əhəmiyyətli olan faktiki halları tam müəyyənləşdirməmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi üzrə - birinci instansiya məhkəməsi ərizəçi tərəfindən cavabdehin vicdansız davranışının və iddianın kifayət qədər inandırıcı olduğunu göstərən ilkin halların sübut edilmədiyi qənaətinə gəlmişdir. Lakin bu nəticə iş materiallarında olan sübutların məcmu qiymətləndirilməsinə əsaslanmır. Belə ki, işdə pul vəsaitinin cavabdehin hesabına köçürülməsi, həmin vəsaitin geri qaytarılmasının tələb edilməsi və cavabdehin bunu etməməsi ilə yanaşı, tərəflərin münasibətlərinə dair ziddiyyətli mövqeləri əks etdirən səs yazısı, sonradan təqdim edilmiş alqısatqı müqaviləsi və həmin müqavilənin həqiqiliyinin araşdırılması üçün ekspertizanın təyin edilməsi barədə qərardad mövcuddur.
23. Bu hallar ayrı-ayrılıqda götürüldükdə əsas mübahisəni həll etməsə də, müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində tələb olunan ilkin əsaslandırmanın qiymətləndirilməsi baxımından birlikdə hüquqi əhəmiyyət daşıyır. Xüsusilə, ekspertizanın təyin edilməsi müqavilənin həqiqiliyinin artıq müəyyən edilmiş fakt olduğunu göstərmədiyi kimi, onun mübahisələndirilməsinin əsassız olduğunu da göstərmir. Əksinə, bu hal həmin məsələnin məhkəmə tərəfindən araşdırılmalı hesab edildiyini təsdiq edir. Buna görə yekun ekspert rəyinin həmin mərhələdə mövcud olmaması ilkin halların hüquqi əhəmiyyətini aradan qaldırmır.
24. Eyni zamanda, məhkəmənin cavabdehin bank hesablarına həbs qoyulmasının onun hüquqlarını zəruri olmayan şəkildə məhdudlaşdıra biləcəyi barədə nəticəsi də tədbirin faktiki həcmi nəzərə alınmaqla əsaslandırılmamışdır. Çünki tələb olunan tədbir yalnız 5.656,02 manat həddindədir və cavabdehin bütün əmlakına və ya bank hesablarındakı bütün vəsaitlərə şamil olunmur. Bu səbəbdən birinci instansiya məhkəməsinin həm vicdansız davranışın, həm də iddianın kifayət qədər inandırıcı olduğunu göstərən ilkin əsasların mövcud olmadığını müəyyən etməsi iş materiallarının məcmusu ilə təsdiqlənmir.
25. Birinci instansiya məhkəməsinin qərardadda (səhvən qətnamədə yazılmışdır) göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - bax §19-24. Tətbiq edilən hüquq
26. Mülki Prosessual Məcəllə; Maddə 10. Məhkəmə baxışının aşkarlığı 10.8-1. Bu Məcəllənin 159, 269,... 394-1, 397.2-ci ... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi ... 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi
400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında istinad etdiyi halları və həmin hallara tətbiq edilməli prosessual hüquq normalarını, apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Iş materiallarından görünür ki, ərizəçi cavabdehə qarşı 5.580,02 manat pul vəsaitinin və ödənilmiş 76 manat dövlət rüsumunun tutulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, sonra isə iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdehə məxsus bank hesablarının üzərinə 5.656,02 manat həddində həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmişdir.
29. Kollegiya ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri məhkəmə müdafiəsinin xüsusi prosessual vasitəsi olmaqla, iş üzrə yekun qərarın qəbul edilməsindən əvvəl tərəflərin hüquqi vəziyyətinin qorunmasına və gələcək məhkəmə aktının səmərəli icrasının təmin edilməsinə xidmət edir. Bu institutun tətbiqi iddianın mahiyyəti üzrə əvvəlcədən nəticəyə gəlmək və ya tərəflərdən birinin mövqeyinin əsaslılığını yekun şəkildə müəyyən etmək məqsədi daşımır.
30. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirlərinin məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının, təmin edilməsinin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır.
31. Bu normadan irəli gələn əsas şərt ondan ibarətdir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə baxan məhkəmə yalnız iddia tələbinin mövcudluğunu deyil, həm də belə tədbirin tətbiq edilmədiyi halda gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının çətinləşməsi və ya qeyri-mümkün olacağı ilə bağlı konkret riskin mövcudluğunu müəyyən etməlidir. Məhkəmə müdafiəsinin səmərəliliyinin təmin olunması baxımından belə riskin qəti şəkildə sübut edilməsi tələb olunmur. Bununla belə, risk yalnız mücərrəd ehtimal və ya fərziyyə səviyyəsində də qala bilməz. Ərizəçi konkret işin hallarından çıxış etməklə həmin riskin mövcudluğunu əsaslandıran ilkin məlumatları təqdim etməlidir.
32. Mülki Prosessual Məcəllənin 157.5-ci maddəsinin məzmununa görə, ərizəçi müvəqqəti təminat tədbiri tətbiq edilmədikdə 157.2-ci maddədə nəzərdə tutulmuş məqsədə nail olmağın mümkün olmayacağını və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu əsaslandırmalıdır.
33. Beləliklə, qanunverici müvəqqəti təminat tədbirinin tətbiqini iki mühüm elementlə əlaqələndirmişdir: iddianın kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu və təminat tədbirinin tətbiq edilməməsi nəticəsində gələcək hüquqi müdafiənin səmərəsizləşməsi riski.
34. Hazırkı iş üzrə ərizəçi iddia tələbinin ilkin əsaslandırılması baxımından bir sıra hallara istinad etmişdir. Belə ki, 5.580,02 manat məbləğində pul vəsaitinin mühasibat və texniki səhv nəticəsində cavabdehin hesabına köçürüldüyü, həmin vəsaitin geri qaytarılmadığı, tərəflər arasında alqı-satqı münasibətlərinin olub-olmaması ilə bağlı ziddiyyətli mövqelərin yarandığı, tərəflərin danışıqlarının səs yazılarının iş materiallarına təqdim edildiyi, habelə cavabdeh tərəfindən sonradan alqı-satqı müqaviləsinin təqdim edildiyi göstərilmişdir. Ərizəçi həmin müqavilənin həqiqiliyini və üzərindəki imzaların ona aidliyini mübahisələndirmiş və məhkəmə tərəfindən xətşünaslıq ekspertizasının keçirilməsi zəruri hesab edilmişdir.
35. Kollegiya hesab edir ki, göstərilən hallar əsas iddia üzrə tərəflər arasında real hüquqi mübahisənin mövcudluğunu və müəyyən sübutların araşdırılmasının zəruriliyini göstərsə də, həmin hallar özlüyündə müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən icra riskinin mövcudluğunu təsdiq etmir.
36. Xüsusilə, cavabdehin ərizəçiyə məxsus olduğunu iddia etdiyi pul vəsaitini geri qaytarmaması iddianın predmetini təşkil edən haldır. Lakin həmin vəsaitin geri qaytarılmaması ilə cavabdehin gələcəkdə mümkün məhkəmə aktının icrasından yayınmaq məqsədilə öz əmlakını və ya pul vəsaitlərini gizlətməsi, özgəninkiləşdirməsi və ya başqa şəxslərin üzərinə keçirməsi arasında avtomatik hüquqi əlaqə mövcud deyildir.
37. Əks yanaşma qəbul edildiyi halda, hər hansı pul tələbi üzrə cavabdehin borcu könüllü qaydada ödəməməsi özü-özlüyündə onun bank hesablarına həbs qoyulması üçün kifayət edən hal kimi qiymətləndirilə bilər. Halbuki Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsi müvəqqəti təminat tədbirinin tətbiqini məhz gələcək hüquqi müdafiənin mümkünsüzləşməsi və ya əhəmiyyətli dərəcədə çətinləşməsi riskinin mövcudluğu ilə əlaqələndirir.
38. Kollegiya ərizəçinin müqavilənin həqiqiliyinin mübahisələndirilməsi və ekspertizanın təyin edilməsi barədə dəlillərinə də qiymət verərək hesab edir ki, mübahisəli müqavilənin həqiqiliyinin ekspertiza yolu ilə araşdırılması əsas iddia üzrə sübutetmə baxımından əhəmiyyətli məsələdir. Lakin ekspertizanın təyin edilməsi həmin müqavilənin saxta olmasının artıq müəyyən edilməsi demək deyildir. Eyni zamanda, ekspert rəyinin hazırda mövcud olmaması da müqavilənin həqiqiliyinə dair ərizəçinin mövqeyinin avtomatik olaraq əsassız olduğunu göstərmir. Lakin müvəqqəti təminat tədbiri barədə məsələyə baxılarkən məhkəmə müqavilənin həqiqiliyi barədə yekun nəticəyə gəlməməlidir. Bu məsələ əsas iş üzrə sübutların araşdırılması və qiymətləndirilməsi nəticəsində həll edilməlidir. Hazırkı mərhələdə isə müəyyən edilməli olan məsələ həmin müqavilənin saxta olub-olmaması deyil, mövcud halların gələcək məhkəmə aktının icrasına konkret təhlükə yaradıb-yaratmamasıdır.
39. Ərizəçinin istinad etdiyi səs yazısı, tərəflərin münasibətlərinə dair ziddiyyətli mövqeləri, müqavilənin sonradan təqdim edilməsi və ekspertizanın təyin olunması da ilk növbədə tərəflər arasındakı əsas mübahisənin predmetinə və sübutetmə məsələlərinə aiddir. Həmin halların cavabdehin gələcəkdə əmlakını və ya pul vəsaitlərini icradan yayındırmağa yönəlmiş konkret hərəkətlərini təsdiq etdiyi müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi ərizəçinin “cavabdehin sərəncamında olan pul vəsaitinin başqa şəxslərə köçürülməsi və ya başqa formada sərəncam verilməsi mümkündür” məzmunlu dəlilini də nəzəri ehtimaldan kənara çıxan konkret risk kimi qəbul etmir. Belə hərəkətin gələcəkdə baş verməsinin mümkünlüyü istənilən pul tələbi üzrə nəzəri olaraq mövcuddur. Lakin müvəqqəti təminat tədbirinin tətbiqi üçün konkret işdə həmin ehtimalı real edən əlavə faktların mövcudluğu tələb olunur.
40. Iş materiallarından cavabdehin bank hesablarını boşaltmağa, əmlakını özgəninkiləşdirməyə, maliyyə vəsaitlərini digər şəxslərin üzərinə keçirməyə, əmlakını gizlətməyə və ya gələcəkdə məhkəmə aktının icrasından yayınmağa yönəlmiş konkret hərəkətlərinin olduğu müəyyən edilmir.
41. Konstitusiya Məhkəməsi Plenumunun müvəqqəti təminat tədbirləri ilə bağlı hüquqi mövqeyinə əsasən də ərizəçinin təqdim etdiyi dəlillər belə tədbirlərin tətbiqi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu göstərməlidir. Belə hallara, o cümlədən cavabdehin vicdansızlığına dəlalət edən yazışmalar, prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlər, əmlak və maliyyə vəsaitlərinin digər şəxslərin üzərinə rəsmiləşdirilməsi, əmlakın satışı barədə elanların verilməsi və digər konkret məlumatlar aid edilə bilər. Hazırkı işdə isə ərizəçi tərəfindən göstərilən hallar əsas mübahisənin mövcudluğunu və müəyyən sübutların araşdırılmasının zəruriliyini göstərsə də, cavabdehin gələcək məhkəmə aktının icrasından yayınacağına dair belə konkret məlumatların mövcudluğu müəyyən edilmir.
42. Məhkəmə kollegiyası bununla yanaşı, birinci instansiya məhkəməsinin qərardadında ifadə edilmiş “cavabdehin vicdansızlığının sübut edilməməsi” ilə bağlı əsaslandırmaya münasibətdə qeyd edir ki, cavabdehin vicdansız davranışı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün Mülki Prosessual Məcəllənin 157-ci maddəsində ayrıca və mütləq şərt kimi müəyyən edilməmişdir. Bu səbəbdən müvəqqəti təminat tədbirinin tətbiqi məsələsi yalnız cavabdehin vicdansız davranışının olub-olmaması ilə məhdudlaşdırılmamalı, Mülki Prosessual Məcəllənin 157.2 və 157.5-ci maddələrində nəzərdə tutulmuş bütün şərtlər məcmu şəkildə qiymətləndirilməlidir. Bununla belə, birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə, yəni hazırkı sübutlarla gələcək icra riskinin kifayət qədər əsaslandırılmaması barədə nəticə düzgün hesab olunur.
43. Kollegiya ərizəçinin müvəqqəti təminat tədbirinin məbləğ baxımından iddia tələbinə mütənasib olması barədə dəlilinə də münasibət bildirərək qeyd edir ki, tələb olunan həbsin 5.656,02 manatla məhdudlaşdırılması həqiqətən də onun iddia tələbinin məbləğindən artıq olmamasını göstərir. Lakin mütənasiblik yalnız müvəqqəti təminat tədbiri üzrə məbləğin iddia tələbinə uyğunluğu ilə müəyyən edilmir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün əvvəlcə onun qanuni məqsədə nail olmaq baxımından zəruri olduğunun müəyyən edilməsi tələb olunur. Başqa sözlə, gələcək icra riskinin mövcudluğu əsaslandırılmadığı halda, tədbirin məbləğcə iddia tələbinə uyğun olması onun tətbiqini öz-özlüyündə zəruri etmir. Bu baxımdan, ərizəçinin tələb etdiyi tədbirin məbləğ baxımından iddia tələbi ilə əlaqəli olması onun prosessual baxımdan tətbiq edilməli tədbir olduğunu müəyyənləşdirmir. Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsində nəzərdə tutulan mütənasiblik tələbi həm tədbirin məqsədlə əlaqəsini, həm də qarşı tərəfin hüquqlarına müdaxilənin zəruri olub-olmamasını ehtiva edir.
44. Bank hesablarına həbs qoyulması cavabdehin mülkiyyət hüququnun həyata keçirilməsinə müəyyən məhdudiyyət yaratdığından, belə müdaxilənin konkret işdə zəruri olmasını əsaslandıran faktiki əsaslar mövcud olmalıdır. Əks halda, yalnız iddia məbləğinin mövcudluğu əsasında bank hesablarına həbs qoyulması cavabdehin hüquqlarına əsassız müdaxilə ilə nəticələnə bilər.
45. Bununla belə, kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsindən imtina edilməsi ərizəçinin əsas iddiasının təmin edilməsinə maneə yaratmır. Eyni zamanda, sonradan yeni və konkret hallar meydana çıxdığı, məsələn, cavabdehin əmlakını və ya pul vəsaitlərini özgəninkiləşdirməsi, başqa şəxslərin üzərinə keçirməsi və ya gələcək icranı real təhlükə altına qoyan digər hərəkətlərinin müəyyən edildiyi halda, həmin hallar ayrıca qiymətləndirilə bilər.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə iş materiallarında cavabdehin bank hesablarına həbs qoyulmadığı təqdirdə gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının mümkün olmayacağını və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini göstərən kifayət qədər konkret ilkin əsaslar mövcud deyildir.
47. Ərizəçinin istinad etdiyi pul vəsaitinin qaytarılmaması, tərəflərin münasibətlərinə dair ziddiyyətli mövqeləri, mübahisəli müqavilənin təqdim edilməsi və həmin müqavilə üzrə ekspertizanın təyin olunması əsas iddia üzrə araşdırılmalı hallardır. Lakin həmin halların məcmusu hazırkı mərhələdə müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən real və konkret icra riskinin mövcudluğunu təsdiq etmir. Ona görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunda nəzərdə tutulmuş əsasların hazırkı iş üzrə mövcud olmadığı barədə nəticəsini düzgün hesab edir.
48. Beləliklə, kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin olunması üçün kifayət qədər əsaslı hesab edilmir. Birinci instansiya məhkəməsinin e-**(*-**)-**/**** saylı 2026-cı il # ######## tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, ərizəçinin şikayəti təmin edilməməlidir.
49. Hazırkı qərardaddan Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə müvafiq olaraq kassasiya şikayəti verilə biməz. Nəticə
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 397.2, 398.0 və 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı 2026cı il # ######## tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.