Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-40/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh Kazov qızı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh istifadəsində olan, mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsus “Chevrolet Malibu” markalı, dövlət qeydiyyat nişanı ** PV ***, BAN: 1G1ZD5ST5LF115770 olan nəqliyyat vasitəsi cavabdehin faktiki sahibliyindən alınması və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi orqanının mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Eldar oğlu ilə “xxxx” MMC arasında ## #### 2022-ci il tarixli, *** saylı daxili lizinq müqaviləsinə imzalanmışdır. Müqaviləyə əsasən, Chevrolet Malibu markalı, dövlət qeydiyyat nişanı ** PV *** olan avtomobil (BAN: 1G1ZD5ST5LF115770) lizinq alana təhvil verilmişdir. Bununla bağlı ## #### 2022-ci il tarixli əlavə təhvil-təslim sənədi də imzalanmışdır. *** saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan “Lizinq ödənişləri cədvəli”nə əsasən, Cavabdeh 36 ay müddətində, illik 28% hesablanmaqla, hər ay sabit şəkildə 766 manat məbləğində ödənişi «xxxx» MMC-nin hesabına həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin “Daxili lizinq müqaviləsi”-nə və habelə “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, lizinq ödənişləri vaxtında və lazımi qaydada həyata keçirilməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında borc öhdəliyi yaranmışdır. Müqavilənin digər müddəalarına əsasən, lizinq alan müqavilə şərtlərini pozmaqla, nəzərdə tutulan ödəniş tarixləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etmədikdə, lizinq verən müqaviləyə birtərəfli qaydada, lizinq alana hər hansı zərərin əvəzini ödəmədən xitam verə bilər. Hal-hazırda cavabdeh müqavilənin və ondan irəli gələn əlavə razılaşmaların şərtlərini pozmuş, lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq yerinə yetirməmişdir. Bu səbəbdən, müqaviləyə əsasən ona birtərəfli qaydada xitam verilmişdir. Lizinqə müvəqqəti istifadə üçün verilmiş Chevrolet Malibu markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı olaraq, müqavilənin 4.3.4-cü bəndinə əsasən, «xxxx» MMC-nin lizinq obyektini geri almaq hüququ mövcuddur. Hazırda mübahisə predmeti olan Chevrolet Malibu markalı, dövlət qeydiyyat nişanı ** PV ***, BAN: 1G1ZD5ST5LF115770 olan nəqliyyat vasitəsi cavabdeh Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. Cavabdeh avtomobili iddiaçıya könüllü qaydada qaytarmaqdan imtina edir, onun yerləşdiyi ünvanı gizlədir və nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsinə mane olur. Mübahisə predmeti olan avtomobil daşınar əmlak olduğundan, onun qısa müddət ərzində başqa yerə aparılması, üçüncü şəxslərə verilməsi, satılması, hissələrə ayrılması, texniki vəziyyətinin dəyişdirilməsi, sökülməsi, ehtiyat hissələrinin çıxarılması və ya digər qaydada özgəninkiləşdirilməsi real və yüksək ehtimal olunan riskdir. Cavabdehin indiyədək avtomobili qaytarmaqdan yayınması, habelə etibarnamə ləğv edildikdən sonra belə avtomobili özündə saxlaması göstərir ki, o, gələcəkdə də məhkəmə qətnaməsinin icrasına mane ola biləcək hərəkətlər edə bilər. Cavabdeh avtomobili gizlədə, istifadəyə yararsız vəziyyətə sala, hissə-hissə sökə və ya üçüncü şəxslərə verə bilər. Bu halda, gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrası faktiki olaraq mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvəqqəti təminat tədbirlərinə dair müddəalarına əsasən, iddianın təmin edilməməsi gələcək məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya mümkünsüz edə bilərsə, məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri tətbiq edilməlidir. Hazırkı iş üzrə yalnız avtomobilin üzərinə həbs qoyulması kifayət etmir. Belə ki, nəqliyyat vasitəsi cavabdehin faktiki istifadəsində qaldığı müddətdə cavabdeh onu gizlətmək, başqa yerə aparmaq, texniki hissələrini dəyişmək və ya məhv etmək imkanına malik olacaqdır. Buna görə də, müvəqqəti təminat tədbiri kimi avtomobilin cavabdehdən alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi orqanının mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi zəruridir. Avtomobilin cərimə meydançasına yerləşdirilməsi həm onun mövcud vəziyyətinin qorunmasına, həm də gələcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsinə xidmət edəcəkdir. Bu tədbir tətbiq edilmədiyi halda avtomobilin faktiki qaytarılması mümkünsüz ola və iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozula bilər. Beləliklə, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, lizinq predmetini – nəqliyyat vasitəsini qanunsuz olaraq özündə saxlamaqda davam etməsi və lizinq ödənişlərini ödəməkdən boyun qaçırması nəzərə alınmaqla, “Chevrolet Malibu” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin «xxxx»MMC-yə geri qaytarılması barədə Balakən Rayon Məhkəməsində (iş-2(5-112)- 409/2026, işə baxan hakim Arifə Cəfərova) iddia qaldırılmışdır. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, ərizəçi “xxxx” MMC-yə məxsus “Chevrolet Malibu” markalı, dövlət qeydiyyat nişanı ** PV ***, BAN: 1G1ZD5ST5LF115770 olan nəqliyyat vasitəsinin cavabdeh Cavabdeh faktiki sahibliyindən alınması, e-*(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “Chevrolet Malibu” markalı, dövlət qeydiyyat nişanı ** PV ***, BAN: 1G1ZD5ST5LF115770 olan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi, qərardadın dərhal icra edilməsi, ərizəçi Ərizəçi MMC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi qərara alınmışdır. Maraqlı şəxs Cavabdeh Kazov qızı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.4, 157.5, 157.6, 157.7, 158.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Plenum Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan, mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsus “Chevrolet Malibu” markalı, dövlət qeydiyyat nişanı ** PV ***, BAN: 1G1ZD5ST5LF115770 olan nəqliyyat vasitəsinin onun faktiki sahibliyindən alınması və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi orqanının mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən rayon məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5- ***)-**/**** saylı qərardadı ilə ərizə təmin edilmişdir. O, həmin qərardadla razı deyildir və sözügedən qərardaddan şikayət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı “xxxx” MMC ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvəqqəti istifadəsində olan “Chevrolet Malibu” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobilə məxsus açar və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi cavabdehdən alınaraq «xxxx» MMC-yə qaytarılsın. 2. Cavabdehdən «xxxx» MMC-nin xeyrinə 500 (beş yüz) AZN məbləğində vəkil xərclərinin, qiymətləndirilməyən iddia üzrə ödənilmiş 100 (yüz) manat və qiymətləndirilən iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 630 (altı yüz otuz) manat məbləğində pul vəsaitinin tutulması və iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir və iş icraata qəbul edilərək hazırlıq iclası təyin edilmişdir. O, aralarında olan müqaviləyə əsasən borcunu tam şəkildə ödəmişdir. Belə ki, müqavilənin başlama tarixi ##.##.2022-ci il olaraq 36 ay müddət müəyyən edilmişdir. O, müqavilənin şərtlərinə uyğun olaraq hər ay stabil olaraq ödəniş etmişdir. Müqavilənin müddəti isə 2025-ci ilin iyun ayında başa çatmışdır. Burada sual yaranır ki, əgər o, tam şəkildə ödəniş etməmişdisə nə üçün 2025-ci ilin avqust ayında qarşı tərəf aidiyyatı üzrə məhkəməyə müraciət etməmişdir. Halbuki o qarşı tərəfə müraciət edərək avtomobilin rəsmiləşdirilməsini tələb etdikdən sonra onlar belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Əgər o, ödəniş etməsəydi iddiaçı tərəf bir ilə yaxın müddətdə avtomobilin onun istifadəsində qalmasına imkan verməzdi. Göründüyü kimi qarşı tərəf qanunsuz olaraq avtomobilin duracağa qoyulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasınadək öz etiraz və tələblərini məhkəməyə təqdim edəcəkdir. Ərizəçi MMC müqavilənin müddəti bitdikdən 11 ay sonra məhkəməyə müraciət etmişdir. Buradan görünür ki, müddət ötürülmüşdür. Qarşı tərəf müddəti ötürmüşdür və o, ərizəçiyə olan borcunu tam ödəməsinə baxmayaraq ona qarşı əsassız iddia irəli sürülmüşdür. Normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Halbuki mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifəsi yalnız haqların (hüquqların) təsdiq olunmaqla qorunmasını təmin etməkdir. Buradan da görünür ki, qarşı tərəfin məqsədi qanunsuz olaraq avtomobili ondan almaqdır. Beləliklə, qarşı tərəf həm də əsassız varlanmış olur. Əgər onun həqiqətən də borcu olsa idi, qarşı tərəf 1 ay ərzində sözügedən avtomobilin alınması ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəkdir. Müddətin ötürülməsi bir növ təsdiq edir ki, onun qarşı tərəfə borcu yoxdur. Əgər borcu qalardısa, bununla bağlı ona müraciət olunmalı idi. Göstərilənlər səbəbli qərardad ləğv olunmalıdır. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi müvəqqəti təminat tədbiri əsas iddia tələbinə mütənasib olmalıdır. Hal-hazırda təmin olunmuş qərardaddan görünür ki, müvəqqəti təminat tədbiri ilə əsas iddia tələbi eyni tələbdir. Yəni hər iki tələb avtomobilin ondan alınması tələbidir. Burada mütənasiblik yoxdur. Odur ki, Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2-ci maddəsinə əsasən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 163.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qərar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e- **(*-***)-**/**** saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ərizənin (vəsatətin) mahiyyətindən göründüyü kimi ərizəçinin tələbi cavabdeh Cavabdeh istifadəsində olan, mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsus “Chevrolet Malibu” markalı nəqliyyat vasitəsinin cavabdehin faktiki sahibliyindən alınması və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi orqanının mühafizə olunan cərimə meydançasına yerləşdirilməsindən ibarətdir. Müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsində məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdir. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər tətbiq edilərək mübahisə həll edilənədək mövcud vəziyyət qorunub saxlanılmağa çalışılır. İş materiallarından görünür ki, tərəflər arasında qeyd olunan avtomobillə bağlı məhkəmə mübahisə vardır və həmin məhkəmədə mübahisəyə baxılması uzun müddət vaxt apara bilər. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin sahibliyində və istifadəsində olan “Chevrolet Malibu” markalı, dövlət qeydiyyat nişanı ** PV ***, BAN: 1G1ZD5ST5LF115770 olan nəqliyyat vasitəsinin cavabdehin sahibliyindən alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin cərimə meydançasında istifadəsiz vəziyyətdə saxlanılması, avtomobili istifadə üçün yarasız vəziyyyətə salmaqla, gələcəkdə maraqlı şəxsə əsassız ziyanın vurulması və sonuncunun hüquqlarının əhəmiyyətsiz dərəcədə pozulması ilə nəticələnə bilər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi maraqlı şəxs tərəfindən mübahisə predmeti olan avtomobilin üçüncü şəxslərə özgəninkiləşdirməsini və yararsız hala salınmasını əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etsədə qeyd olunan hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)- **/**** nömrəli qərardadı ləğv edilməli, “xxxx” MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ləğv edilsin. Ərizəçi “xxxx” MMC-nin cavabdeh Cavabdeh istifadəsində olan, mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsus “Chevrolet Malibu” markalı, dövlət qeydiyyat nişanı ** PV *** olan nəqliyyat vasitəsinin cavabdehin faktiki sahibliyindən alınması və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi orqanının mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-40/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-40/2026
18.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver