Məhkəmə qərarları › İş №e-16(3-10)-53/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-53/2026

24.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-53/2026 24.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 401013092196- ***** reyestr nömrəli fərdi yaşayış evində və 0.0629 ha torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı təmir, tikinti, bərpa və yenidənqurma işlərinin aparılmasının qadağan edilməsi ilə bağlı müvəqqəti təminat tədbirlərinin tətbiqi ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Ərizəçi Ərizəçi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 401013092196-***** reyestr nömrəli fərdi yaşayış evində və 0,0629 ha torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı təmir, tikinti, bərpa və yenidənqurma işlərinin aparılmasının qadağan edilməsi tələbinə dair müvəqqəti təminat tədbirinin təmin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə vasitəsi ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Ərizəçi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 401013092196-***** reyestr nömrəli fərdi yaşayış evində və 0.0629 ha torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı təmir, tikinti, bərpa və yenidənqurma işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-cü ildə Balakən rayonu, Mahamalar kəndi ərazisində Musabəyov kolxozunda sürücü işlədiyinə görə ona 0.06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi verildiyi vaxtdan orada ev inşa etməyə başlamış, 1990-cı ildə evin inşası başa çatmışdır. 1992-ci ildən etibarən Rusiya Federasiyasına gedərək orada işləməyə başlamış, demək olar ki, hər ildə iki dəfə Azərbaycan Respublikasına gəlibgetmişdir. 1994-cü ildə Rusiyada rus milliyyətinə aid qadınla rəsmi nikaha daxil olmuşdur. 1995-ci ildə Rusiyada həbs olunmuş, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2000-ci ildə azadlığa çıxdıqdan sonra Balakən rayonuna qayıtmış, həmin vaxt Balakən rayonu, Mahamalar kənd sakini Cavabdeh ilə qısa müddət ərzində münasibətləri olmuşdur. 2001-ci ildə onların övladı X2 doğulmuşdur. Ərizəçi daha sonra Rusiya Federasiyasına qayıtmış, sonradan məlumat almışdır ki, Cavabdeh onun Rusiyada olmağından istifadə edərək ona məxsus evə köçüb orada yaşamağa başlamışdır. Həmin vaxtdan etibarən onu oradan çıxarmaq üçün dəfələrlə cəhd etmiş, həmçinin Balakən rayon polis şöbəsinə müraciət etmişdir. Lakin bunların nəticəsi olmamışdır. Cavabdeh Ərizəçi mülkiyyətinə aid olan yuxarıda qeyd edilən torpaq sahəsi və üzərindəki evə daxil olmağına imkan vermir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən yuxarıda qeyd edilən torpaq sahəsi və üzərində yerləşən evə dair ərizəçiyə ##.##.2026-cı il tarixində 3626006419 qeydiyyat nömrəsi ilə Dövlət Reyestrindən çıxarış verilmişdir. Çıxarışa əsasən iddiaçı Ərizəçi mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51.9 kv.m olan fərdi yaşayış evi və 0.0629 ha sahəsi olan “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı torpaq sahəsi mövcuddur. Haqqında danışılan daşınmaz əmlak dövlət reyestrində 401013092196-***** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və faktiki olaraq əmlakın Ərizəçi məxsus olmasına baxmayaraq, cavabdeh Cavabdeh hazırda qanunsuz olaraq həmin fərdi yaşayış evində təmir-bərpa və yenidənqurma işləri aparır. Ərizəçi Cavabdeh ona məxsus evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Cavabdeh ərizəçinin mənzildən çıxarması tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə məlumat aldıqdan sonra bu hərəkətləri edir. Məqsədi gələcəkdə məhkəmədə iddia qaldıraraq əmlaka çəkdiyi xərclərin ödənilməsini tələb etmək, yaxud əmlakın strukturunu dəyişdirərək yeni hüquqi mübahisələr yaratmaq və məhkəmə qətnaməsinin icrasını qeyrimümkün etməkdir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə vasitəsi ilə verdiyi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilərək ərizəçi Ərizəçi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və 0.0629 ha torpaq sahəsində təmir, tikinti, bərpa və yenidənqurma işlərinin aparmasının Cavabdeh qadağan edilməsi, müvəqqəti təminat tədbirinin ## #### 2026- cı il tarixdə qüvvədən düşməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Balakən Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan maraqlı şəxs Cavabdeh şikayət vermişdir. Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, Ərizəçi həqiqi niyyəti onları bu yolla cəzalandırmaq istəməsidir. Onun həmin evə faktiki olaraq gəlin köçməyinə, orada övadını dünyaya gətirməsinə baxmayaraq, ərizəçinin müraciətində onu sanki fərdi yaşayış evinə özbaşına daxil olan şəxs kimi qələmə verməsi onun həqiqi niyyətinin məhkəməni yanıltmaq olmasını sübut edir. Balakən Rayon Məhkəməsi qəradadında heç bir əsaslandırma apamadan, yalnız Mülki Prosessual Məcəlləsinin müddəalarına istinad etməklə hazırda mübahisələnidirilən qərardadı qəbul etmişdir. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Balakən Rayon Məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmış, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*- ***)-**/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)- **/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müvəqqəti təminat tədbiri tətbiq edilmədən MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı görünür. Ərizəyə əlavə olunan sənədlərdən isə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu öz təsdiqini tapır. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0629 ha torpaq sahəsi ərizəçi Ərizəçi xüsusi mülkiyyətindədir. Cavabdeh sözügedən evdə yaşayır və ərizəçinin razılığı olmadan həmin evdə təmir-bərpa və yenidənqurma işləri aparır. Işin hallarını, müvəqqəti təminat tədbiri tətbiq edilmədən və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağını və əhəmiyyətli dərəcədə çətinləşəcəyini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, ərizə təmin edilməli, iddiaçı Ərizəçi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və 0.0629 ha torpaq sahəsində təmir, tikinti, bərpa və yenidənqurma işlərinin aparması Cavabdeh qadağan edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarına görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.3-cü maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair ## #### 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda gəldiyi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir, - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Beləliklə, kollegiya hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar