Məhkəmə qərarları › İş №e-16(3-10)-70/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-70/2026

14.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-70/2026 14.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi “xxxx” ASC-nin cavabdehlər "xxxx" Açiq Səhmdar Cəmiyyətinə, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh3 qаrşı “müvəqqəti təminat tədbirinin tətbiqi”nə dair ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri haqqında) Hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “xxxx” ASC cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh3 qarşı müvəqqəti təminat tədbiri haqqında ərizə ilə müraciət edərək, “xxxx” ASC-nin (VÖEN **********) bütün səhmlərinin özgəninkiləşdirilməsi, girov qoyulması, yüklü edilməsi, etibarnamə əsasında idarəetməyə verilməsi, nominal sahiblik və ya digər üsulla üçüncü şəxslərə keçirilməsi qadağan edilməsi, cavabdeh1 MMC-nin (VÖEN **********) təsis paylarının özgəninkiləşdirilməsi, girov qoyulması, yüklü edilməsi, etibarnamə əsasında idarəetməyə verilməsi, nominal sahiblik və ya digər üsulla üçüncü şəxslərə keçirilməsi qadağan edilməsi, “xxxx” ASC-nin mülkiyyətində, balansında, istifadəsində və ya faktiki sahibliyində olan, mübahisənin predmetinə aid daşınmaz əmlakların, istehsal sahələrinin, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin, hazır məhsulun, pul vəsaitlərinin, debitor tələblərinin və digər xalis aktivlərin üzərinə əsas iddia tələbi həddində həbs qoyulması, cavabdeh1 MMC-nin mülkiyyətində, balansında, istifadəsində və ya faktiki sahibliyində olan, mübahisənin predmetinə aid daşınmaz əmlakların, istehsal sahələrinin, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin, hazır məhsulun, pul vəsaitlərinin, debitor tələblərinin və digər xalis aktivlərin üzərinə əsas iddia tələbi həddində həbs qoyulması, “xxxx” ASC-nin canlı inventarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin özgəninkiləşdirilməsi, satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, balansdan silinməsi və ya hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilməsi, cavabdeh1 MMC-nin canlı inventarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin özgəninkiləşdirilməsi, satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, balansdan silinməsi və ya hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilməsi, “xxxx” ASC və cavabdeh1 MMC-nin canlı inventarın adi bioloji dövriyyəsi, yemlənməsi, saxlanılması, müalicəsi, təbii tələfatı və qanunla nəzərdə tutulmuş ekoloji öhdəliklərin icrası istisna olmaqla, canlı inventarın sayının və dəyərinin azaldılmasına səbəb olan hərəkətlər qadağan edilməsi, mübahisəli aktivlərin cavabdeh1 MMC ilə “xxxx” ASC arasında və ya həmin hüquqi şəxslərlə eyni benefisiar nəzarət altında olan digər şəxslər arasında keçirilməsi, əvəzləşdirilməsi, bölünməsi, birləşdirilməsi, yenidən rəsmiləşdirilməsi və ya başqa üsulla hüquqi mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə, ərizə qismən təmin edilərək, müvəqqəti təminat tədbiri olaraq “xxxx” ASC-nin (VÖEN **********) bütün səhmlərinin özgəninkiləşdirilməsi, girov qoyulması, yüklü edilməsi, etibarnamə əsasında idarəetməyə verilməsi, nominal sahiblik və ya digər üsulla üçüncü şəxslərə keçirilməsi qadağan edilməsi, cavabdeh1 MMC-nin (VÖEN **********) təsis paylarının özgəninkiləşdirilməsi, girov qoyulması, yüklü edilməsi, etibarnamə əsasında idarəetməyə verilməsi, nominal sahiblik və ya digər üsulla üçüncü şəxslərə keçirilməsi qadağan edilməsi, “xxxx” ASC-nin mülkiyyətində, balansında, istifadəsində və ya faktiki sahibliyində olan, mübahisənin predmetinə aid daşınmaz əmlakların, istehsal sahələrinin, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin, hazır məhsulun, pul vəsaitlərinin (məcburi dövlət ödənişlərinin- vergi, sosial, kommunal və s. ödənilməsinə məhdudiyyət qoyulmadan), debitor tələblərinin və digər xalis aktivlərin üzərinə iddia tələbi həddində həbs qoyulması, cavabdeh1 MMC-nin mülkiyyətində, balansında, istifadəsində və ya faktiki sahibliyində olan, mübahisənin predmetinə aid daşınmaz əmlakların, istehsal sahələrinin, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin, hazır məhsulun, pul və pul vəsaitlərinin (məcburi dövlət ödənişlərinin- vergi, sosial, kommunal və s. ödənilməsinə məhdudiyyət qoyulmadan), debitor tələblərinin və digər xalis aktivlərin üzərinə iddia tələbi həddində həbs qoyulması, “xxxx” ASC-nin canlı inventarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin özgəninkiləşdirilməsi, satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, balansdan silinməsi və ya hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilməsi, cavabdeh1 MMC-nin canlı inventarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin özgəninkiləşdirilməsi, satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, balansdan silinməsi və ya hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilməsi, “xxxx” ASC və cavabdeh1 MMC-nin canlı inventarın adi bioloji dövriyyəsi, yemlənməsi, saxlanılması, müalicəsi, təbii tələfatı və qanunla nəzərdə tutulmuş ekoloji öhdəliklərin icrası istisna olmaqla, canlı inventarın sayının və dəyərinin azaldılmasına səbəb olan hərəkətlər, mübahisəli aktivlərin cavabdeh1 MMC ilə “xxxx” ASC arasında və ya həmin hüquqi şəxslərlə eyni benefisiar nəzarət altında olan digər şəxslər arasında keçirilməsi, əvəzləşdirilməsi, bölünməsi, birləşdirilməsi, yenidən rəsmiləşdirilməsi və ya başqa üsulla hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilməsi və ərizə qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehlərdən cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək qərardadın özlərinə aid hissədə ləğv edilməsi və ərizənin həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, aşağıda qeyd edilənlərlə həmin qərardadın qanunsuz və əsassız olduğu sübuta yetirilir, bu səbəbdən qərardad cavabdeh cavabdeh1 MMC-yə münasibətdə ləğv edilməlidir. Şikayət verilən qərardadı qəbul etmiş məhkəmə nəzərə almamışdır ki, tətbiq edilməsi xahiş edilən müvəqqəti təminat tədbirlərinin (MTT) tətbiqinin zəruriliyi ərizədə kifayət qədər əsaslandırılmamışdır. Qanunvericiliyin normasından və müvəqqəti təminat institutunun hüquqi təbiətindən aydın görünür ki, MPMin 157.2-ci maddəsində nəzərdə tutulmuş “ərizəçinin hüquqlarının qorunması, təmin və ya bərpa edilməsi” anlayışı ərizəçinin ümumilikdə istənilən hüquqlarına deyil, məhz məhkəmə qarşısında irəli sürdüyü iddia tələbindən irəli gələn hüquqlarına aid edilməlidir. Başqa sözlə, müvəqqəti təminat tədbiri yalnız gələcəkdə həmin konkret iddia üzrə çıxarılacaq məhkəmə aktının icrasını təmin etməyə yönəlməlidir. Hazırkı işdə isə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin məzmunu, habelə ərizəyə əlavə olunmuş sənədlər göstərir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün MPM-in 157.2-cimaddəsində nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olmamışdır. Iddiaçı tərəfindən nə iddia tələbinin əsaslı olduğunu təsdiq edən, nə də müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi təqdirdə gələcəkdə məhkəmə aktının icrasının çətinləşəcəyini və ya qeyri-mümkün olacağını göstərən hər-hansı mötəbər ilkin sübut təqdim edilməmişdir. Məhkəmə qərardadında “xxxx” ASC ilə “X1 Azerbaijan”MMC arasında bağlanmış birgə fəaliyyət müqaviləsinə, habelə “X1Azerbaijan” MMC ilə “xxxx” ASC arasında bağlanmış tələbin güzəşti müqavilələrinə istinad edilmişdir. Halbuki cavabdeh1 MMC ##.##.2024-cü il tarixli tələbin güzəşti müqaviləsinin, ##.##.2026cı il tarixli əlavənin, eyni zamanda birgə fəaliyyət haqqında müqavilənin tərəfi olmamış, həmin sənədlər üzrə hər hansı öhdəlik götürməmiş və ya onların şərtlərinə razılıq verməmişdir. Buna baxmayaraq, məhkəmə tərəflər arasında “birgə fəaliyyət və tələbin güzəşti haqqında müqavilə münasibətlərindən yaranmış mübahisənin mövcud olması” qənaətinə gəlmişdir. Bununla yanaşı, tələbin güzəşti müqavilələrinin mövcudluğu “X1 Azerbaijan” MMC-nin cavabdeh1 MMC-yə qarşı etibarlı və mövcud tələb hüququna malik olduğunu birbaşa olaraq təsdiq etmir. Tələbin güzəşti yeni tələb hüququ yaratmır; yeni kreditora yalnız ilkin kreditora məxsus olan, hüquqi əsası və həcmi müəyyən edilə bilən mövcud tələb keçə bilər. Bu səbəbdən birinci instansiya məhkəməsi, ilk növbədə, “X1 Azerbaijan” MMC-nin cavabdeh1 MMC-yə qarşı güzəşt edilə bilən konkret tələb hüququnun mövcud olub-olmadığını, olduğu təqdirdə hansı hüquqi münasibətdən yarandığını, həmin tələbin güzəşt tarixində mövcud olub-olmadığını və onun hansı sübutlarla təsdiq edildiyini araşdırmalı idi. Lakin, məhkəmə bu mühüm məsələni müəyyən etmədən, yalnız güzəşt müqavilələrinin formal mövcudluğuna əsaslanaraq, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların təqdim edildiyi nəticəsinə gəlmişdir. Məhkəmə qərardadda ##.##.1956cı il tarixli torpaqdan istifadə aktına istinad etsə də, həmin sənəd hazırkı mübahisə üzrə hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, bu sənəd nə “X1 Azerbaijan” MMC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağladığı iddia olunan 50 illik icarə müqavilələrindən irəli gələn hüquqların mövcudluğunu, nə də həmin hüquqların sonradan iddiaçıya keçdiyini təsdiq edir. Bundan əlavə, həmin hüquqların tanınmasına dair tələb üzrə hazırkı cavabdehlər deyil, müvafiq dövlət orqanı – Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavabdeh hesab edilməlidir. Məhkəmə isə bu mühüm hüquqi dəlilə heç bir qiymət vermədən sözügedən sənədi iddia tələbinin əsaslılığına dair ilkin sübutlardan biri kimi qəbul etmişdir. Beləliklə, MPM-in 157.5.2ci maddəsinin tələbi mahiyyəti üzrə deyil, formal şəkildə tətbiq edilmiş, ilkin tələb hüququnun mövcudluğu müəyyən edilmədən cavabdeh1 MMC-nin əmlakı və təsərrüfat fəaliyyəti geniş həcmdə məhdudlaşdırılmışdır. Bu hal mübahisələndirilən qərardadın qanuni və əsaslandırılmış hesab edilməsini istisna edir. Qərardadın nəticə hissəsində cavabdeh1 MMC-nin əmlakı, pul vəsaitləri, debitor tələbləri və digər xalis aktivləri üzərinə “iddia tələbi həddində” həbs qoyulması göstərilsə də, hazırkı iş üzrə iddia tələbinin konkret həcmi və pul ifadəsində həddi ümumiyyətlə müəyyən edilməmişdir. Iddia ərizəsində konkret məbləğin tutulması barədə müəyyən tələb deyil, “hüquqların keçdiyinin tanınması, əmlak kompleksinin “hüquqi mənşəyinin” müəyyən edilməsi, müəyyən hərəkətlərin qanunsuz hesab olunması, qeyri-müəyyən əmlakların naturada qaytarılması, qaytarılması mümkün olmayan hissənin isə gələcəkdə bazar dəyəri əsasında müəyyən edilməsi kimi” müxtəlif və bir-biri ilə ziddiyyət təşkil edən tələblər irəli sürülmüşdür. Başqa sözlə, iddiaçı özü də hansı konkret əmlakın kimdən tələb edildiyini, həmin əmlakın fərdiləşdirici əlamətlərini, həcmini və dəyərini iddia ərizəsində müəyyən etməmiş, bəzi halların və məbləğlərin məhkəmə araşdırması və ekspertiza nəticəsində gələcəkdə müəyyən edilməsini xahiş etmişdir. Iddia tələbinin predmeti və həcmi bu dərəcədə qeyri-müəyyən olduğu halda, “iddia tələbi həddində” həbs qoyulması hüquqi baxımdan mümkün deyildir. Bununla da məhdudiyyətin hüdudları məhkəmə tərəfindən deyil, faktiki olaraq qərardadın icrası zamanı icra orqanının mülahizəsi əsasında müəyyən edilməli olur. Halbuki cavabdehin mülkiyyət hüququna müdaxilənin predmeti və sərhədləri məhkəmə aktında aydın, konkret və dəqiq şəkildə göstərilməlidir. Beləliklə, konkret pul məbləği, fərdiləşdirilmiş əmlak siyahısı və aydın müəyyən edilmiş tələb predmeti mövcud olmadan cavabdehin bütün əmlakı, pul vəsaitləri, debitor tələbləri və digər aktivləri üzərinə “iddia tələbi həddində” həbs qoyulması hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə cavab vermir, cavabdehin hüquqlarının qeyrimüəyyən və hədsiz şəkildə məhdudlaşdırılmasına səbəb olur. Bundan əlavə, təkrarən qeyd edir ki, iddiaçının iddia tələbləri açıq-aşkar əsassız, ziddiyyətli, bir qismi ümumiyyətlə məhkəmədə baxılmalı olmayan, bir qismi inzibati məhkəmənin yurisdiksiyasına aid olan, qeyri-müəyyən tələblərdir, Mülki Prosessual Məcəllənin 157.5.2-ci maddəsində nəzərdətutulmuş “iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.”tələbinə cavab vermir. 1-ci tələbi “X1 Azerbaijan” MMC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağladığı 50 illik icarə müqavilələrindən irəli gələn hüquqların və həmin hüquqlara əsaslanan əmlak maraqlarının iddiaçı “xxxx” ASC-yə keçdiyi tanınsın. Iddia edilən “50 illik icarə müqavilələri”-nin “xxxx” ASC-yə keçdiyini tanımaq kimi tələb absurd tələb olmaqla bu tələbə cavab verə biləcək subyekt hazırkı “cavabdehlər” deyil, inzibati məhkəmə icraatı qaydasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ola bilərdi. Belə ki, iddiaçı ETSN arasında bağlanmış icarə müqaviləsi üzrə hüquqların başqa şəxsə “xxxx” ASC-yə keçdiyini hansı hüquqi əsasdan tələb edilməsinin AR MPM-in 158.1.1, 158.1.2 və 158.1.3-cü maddələrinin tələbi pozulub göstərilmədiyi, belə bir tələbin nəinki təmin olunmasının, ümumiyyətlə həmin məhkəmədə baxılmasının mümkün olmadığı nəzərə alınmamışdır. Belə olan halda, həmin tələbə cavab verməli olmayan, yəni faktiki olaraq həmin tələb üzrə cavabdeh ola bilməyən hüquqi şəxsə münasibətdə MTT tətbiq edilməsi anlaşılan deyil. Sübut etməyə ehtiyac yoxdur ki, həmin tələb icarəyə verən kimi bilavasitə ETSN-nə qarşı yönəlmiş tələbdir və həll edilməsi hazırkı cavabdehlərin iradəsindən asılı olan tələb deyil. 2ci tələbi: mübahisəli ərazilərdə və “X1 Azerbaijan” MMC-nin vəsaiti hesabına yaradılmış balıqartırma və istehsal kompleksinin hüquqi mənşəyinin həmin MMC-nin investisiyaları və icarə hüquqları ilə bağlı olduğu müəyyən edilsin. “Mübahisəli ərazilər”-in hansı səbəbdən mübahisəli olması, həmin ərazilərə olan “hüquqların” hazırda mövcudluğu və cavabdehlər tərəfindən konkret hansı faktlarla “pozulması” göstərilməyən, məhkəmədən “istehsal kompleksinin hüquqi mənşəyi” -ni müəyyən edilməsinin tələb edilməsi absurd tələbdir. Iddiaçı belə tələb irəli sürməklə, etiraf etmiş olur ki, tələbinin konkret olaraq nədən ibarət olduğunu özü də müəyyən edə bilməmişdir. Yəni hələ “hüquqi mənşəyini” müəyyən edə bilmədiyi tələblə məhkəməyə müraciət etmiş, özünün üzərinə düşən vəzifəni məhkəməyə həvalə etməyə cəhd etmişdir. Məhkəmə isə bununla bağlı iddiaçının hələ məlum olmayan tələbi ilə bağlı MTT-nin tətbiqinə “kifayət qədər” əsas olması qənaətinə gələrək hazırda şikayət verilən qərardad qəbul etmiş, nəzərə almamışdır ki, heç bir əsas olmadan tətbiq edilən MTT cavabdeh hüquqi şəxsin fəaliyyətini lüzumsuz yerə iflic etməkdən başqa bir şey deyildir. 3-cü tələbi: cavabdeh1MMC və “xxxx” ASC tərəfindən mübahisəli əmlak kompleksinin, onun daşınar və daşınmaz əmlakının, avadanlıqlarının, nəqliyyat vasitələrinin, canlı inventarının, hazır məhsulunun və digər xalis aktivlərinin hüquqi əsas olmadan əldə olunması və saxlanılması qanunsuz hesab edilsin; 4-cü tələbi: Mübahisəli əmlak kompleksinə daxil olan daşınar və daşınmaz əmlaklar, canlı inventar, balıq kürüsü, istehsal vasitələri və digər aktivlər naturada iddiaçı “xxxx” ASC-yə qaytarılsın, naturada qaytarılması mümkün olmayan hissənin bazar dəyəri cavabdehlərdən müştərək qaydada tutulsun. bu tələblər üzrə iddia etdiyi həmin əmlakların mənsubiyyəti və “hüquqi əsas olmadan əldə olunması və saxlanılması” iddiaçı tərəfindən sübut olunmalı hal olduğu üçün müvafiq sübutların mövcudluğunu ehtiva edir ki, belə sübutlar, ən azından tərəflər arasında mübahisənin mövcudluğunu təsdiq edən sübut təqdim edilməyib. 5-ci tələbi cavabdeh1 MMC-nin təsis paylarının və “xxxx” ASC-nin mübahisəli əmlak kompleksi ilə bağlı səhmlərinin iddiaçıya verilməsi və ya iddiaçının həmin səhmlərə üstün əldəetmə hüququnun tanınması barədə qərar qəbul edilsin. Qeyd edilməlidir ki, “əmlak kompleksi ilə bağlı səhmlər” anlayışı mövcud deyil. Səhmlər səhmdar cəmiyyətin səhmdarları olan fiziki və hüquqi şəxslərə mənsub ola bilər. Səhmdarlara qarşı konkret tələb olmadığı halda, MTT ilə belə məhdudiyyətin tətbiq olunması tamamilə əsassızdır. Bundan əlavə, iddiaçının istinad etdiyi “birgə fəaliyyət haqqında” müqavilədə “X1 Azerbaijan” MMC-nin birgə fəaliyyətə qoyduğu“pay” aşağıdakılardan ibarət olmuşdur: qiyməti göstərilməyən, yəni müqavilədə qiymət yeri boş saxlanılmış, yəni müəyyən edilməmiş “avadanlıq və balıq ovu kvotası (“balıq tutma bileti”)”-dan ibarətdir. Belə olan halda, həmin müqavilə üzrə “güzəşt edilmiş tələb” kimi “əmlak kompleksi ilə bağlı səhmlər”-in və s. digər tələblərin haradan, hansı əsasdan, hansı konkret təsdiqedici sənədlər əsasında tələb edilməsi aydın deyil. Pay kimi qoyulduğu iddia edilən “balıq ovu kvotasına (balıq tutma bileti) gəldikdə isə qeyd edilməlidir ki, həmin kvota konkret şəxsə (fiziki və ya hüquqi şəxsə) verilir, qeydiyyata ETSNnin müvafiq qurumu tərəfindən qeydiyyata alınır və həmin kvotanın başqa şəxsə ötürülməsi “Balıq və digər subioresursları ovunun Qaydaları”nda nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının özünün də istinad etdiyi “birgə fəaliyyət haqqında” müqavilədə qiyməti göstərilməyən avadanlıqların əvəzinə “əmlak kompleksi ilə bağlı səhmlərə üstün əldəetmə hüququnun tanınması” kimi tələbin irəli sürülməsi tamamilə əsassızdır. 6-cı tələbi: icarəçi kimi “X1 Azerbaijan” MMC-nin özəlləşdirmə prosesində malik olduğu ilkin təklif və üstün əldəetmə hüququnun pozulduğu müəyyən edilsin. Bu tələb Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı yönəlmiş inzibati məhkəmə icraatında irəli sürülə bilən tələb olmaqla, hazırkı“cavabdehlər”ə heç bir aidiyyəti yoxdur. 7-ci tələbi: icarəçinin üstün hüququ gözlənilmədən həyata keçirilmiş özəlləşdirmə, əmlak keçidi və sonrakı korporativ əqdlərin iddiaçının hüquqlarına toxunan hissədə etibarsızlığı və onların nəticələrinin aradan qaldırılması barədə qərar qəbul edilsin. Bu tələb də Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı yönəlmiş inzibati məhkəmə icraatında irəli sürülə bilən tələb olmaqla, hazırkı“cavabdehlər”ə heç bir aidiyyəti yoxdur. 8-ci tələbi cavabdehlərin mübahisəli əmlakdan istifadə etməklə əldə etdikləri gəlirlərin, əsassız varlanmanın və iddiaçıya vurulmuş zərərin məbləğinin ekspertiza yolu ilə müəyyən edilərək cavabdehlərdən müştərək qaydada tutulması təmin edilsin. Bu tələbə münasibətdə qeyd edilməlidir ki, əvvəlki tələblərin əsaslılığından asılıdır və həmin tələblər üzrə ilkin hüquqi və faktiki əsaslar təqdim edilmədiyindən, bu tələb də müvəqqəti təminat tədbirinin tətbiqinə əsas yarada bilməz. Məhkəmə qərardadında qeyd edilmişdir ki, “ərizəçinin hazırkı vəziyyətdə yuxarıda qeyd edilən hüquqlarının pozulması ehtimallarının mövcudluğu təqdim edilmiş sənədlər əsasında istisna edilmir, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar məhkəməyə təqdim edilmişdir.” Bu da, məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin konkret faktlara deyil, ehtimallara əsasən tətbiq edildiyini bir daha təsdiq edir. Məhkəmə “X1 Azerbaijan” MMC-nin “xxxx” MMC-yə qarşı həqiqətən mövcud və etibarlı tələb hüququnun olub-olmaması, iddia olunan əmlakların hüquqi mənsubiyyəti, habelə iddia tələblərinin hazırkı cavabdehlərə qarşı irəli sürülə bilməsinin hüquqi əsası müəyyən edilmədən müvəqqəti təminat tədbiri tətbiq edilmişdir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə işin tam araşdırılmış faktiki hallarına deyil, araşdırılmamış ehtimallara əsaslanmışdır. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-ci iltarixli, e-**(*-**)- **/**** saylı qərardadının qismən cavabdeh cavabdeh1 MMC-yə münasibətdə ləğv edilməsi və müvəqqəti təminat tədbirinə dair ərizənin həmin hissədə rədd edilməsinə dair yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Işdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı qismən yəni, cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Kollegiya daha sonra qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda daha sonra qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hazırkı mübahisənin predmetini nəzərə alaraq və şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin (cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə) iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan: “xxxx” ASC ilə “X1 Azerbaijan” MMC ##.##.2012-ci il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur ki, müqaviləni bağlamış hər iki iştirakçının müqavilə müddətində aşağıdakı hərəkətləri birgə fəaliyyətin predmetini təşkil edir: müqavilədə nəzərdə tutulan balıq ovu və balıq məhsullarının ilkin emalının "Balıq Zavodu" tərəfindən həyata keçirilməsi balıq və balıq məhsullarının daşınmasının, emalının, qablaşdırılmasının, saxlanmasının və satışının "Caspian Fish” tərəfindən həyata keçirilməsi "Caspian Fish” tərəfindən "Balıq Zavodu"na məxsus balıqçı qayıqlarından istifadə. “X1 Azerbaijan” MMC ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2024-cü il tarixli “tələbin güzəşti haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər "X1 Azerbaijan" MMCyə məxsus olan aşağıda qeyd edilən tələb hüquqlarının "xxxx" ASC-yə ötürülməsi barədə razılığa gəldilər: 1.1.1. "X1 Azerbaijan" MMC cavabdeh1 MMC-yə qarşı olan cavabdeh1 MMC-nin mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakların "X1 Azerbaijan" MMCnin mülkiyyətinə verilməsi, 1.1.2. cavabdeh1 MMC-nin 100% təsis paylarının iddiaçı "X1 Azerbaijan" MMC-yə ötürülməsi, 1.1.3. cavabdeh1 MMC-nin canlı inventarı olan 3 min ton balığın (balıq kürüsü) "X1 Azerbaijan" MMC-nin xeyrinə tutulması. 1.2-ci bəndinə əsasən "X1 Azerbaijan" MMC "xxxx" MMC-yə qarşı 1.1.1, 1.1.2. və 1.1.3.-cü bəndlərdə qeyd edilən tələb hüquqlarından əlavə olaraq yarana biləcək bütün əmlak və qeyri-əmlak tələb hüquqlarını da "xxxx" ASC-yə ötürür. “X1 Azerbaijan” MMC ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2026-cı il tarixli “tələbin güzəşti haqqında” müqaviləyə əlavənin 2.1-ci bəndinə əsasən tərəflər "X1 Azerbaijan" MMCyə məxsus olan aşağıda qeyd edilən tələb hüquqularının "xxxx" ASC-yə ötürülməsi barədə razılığa gəldilər: 2.1.1. “X1 Azerbaijan" MMC, “xxxx" ASC-nin mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakların "X1 Azerbaijan" MMC-nin mülkiyyətinə verilməsi, 2.1.2. "xxxx" ASC-nin bütün səhmlərinin "X1 Azerbaijan" MMC-yə ötürülməsi, 2.1.3. "xxxx" ASCnin canlı invertarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin "X1 Azerbaijan" MMC-nin xeyrinə tutulması. 2.2-ci maddəsinə əsasən "X1 Azerbaijan" MMC "xxxx" ASC -yə qarşı 2.1.1., 2.1.2. və 2.1.3.-cü bəndlərində qeyd edilən tələb hüquqlarından əlavə olaraq yarana biləcək bütün əmlak və qeyri-əmlak tələb hüquqlarını da "xxxx" ASC-yə ötürür. Azərbaycan Respublikası Ekelogiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilən “Balıqartırma” idarəsinin xxxxartırma və Balıqyetişdirmə zavodunun istifadəsində olan torpaq sahəsi haqqında məlumatdan görünür ki, torpaqdan istifadə barədə ##.##.1956-cı il tarixli akt əsasında 334 hektar torpaq sahəsi xxxxartırma və Balıqyetişdirmə zavodunun istifadəsindədir. “X1 Azerbaijan” MMC ilə müvafiq xarici şirkətlər arasında bağlanmış müqavilələrdən görünür ki, “X1 Azerbaijan” MMC alqı-satqı yolu ilə balıq yetişdirmə üçün vasitələr (qayıq, kəndir, hovuz tikintisi üçün vasitə və.s) alımışdır. Kollegiya şikayətin dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi (cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə (şikayət onun tərəfindən verildiyindən) ərizədə kifayət qədər əsaslandırılmamışdır. Belə ki, iddiaçı tərəfindən nə iddia tələbinin əsaslı olduğunu təsdiq edən, nə də müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi təqdirdə gələcəkdə məhkəmə aktının icrasının çətinləşəcəyini və ya qeyri-mümkün olacağını göstərən hər-hansı mötəbər ilkin sübut təqdim edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qərardadında “X4” ASC ilə “X1 Azerbaijan”MMC arasında bağlanmış birgə fəaliyyət müqaviləsinə, habelə “X1Azerbaijan” MMC ilə “xxxx” ASC arasında bağlanmış tələbin güzəşti müqavilələrinə istinad eetmişdir. Halbuki cavabdeh1 MMC ##.##.2024-cü il tarixli tələbin güzəşti müqaviləsinin, ##.##.2026cı il tarixli əlavənin, eyni zamanda birgə fəaliyyət haqqında müqavilənin tərəfi olmamışdır. Məhkəmə kollegiyası xüsusilə bir məqamıda qeyd edir ki, iddianın uğurluluğu müəyyən edilmədən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi cavabdeh tərəfin konstitusion hüquqlarını kobud şəkildə pozmaqdadır Hazırki işdən isə görünür ki, (cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə) müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsaslar mövcud deyildir və həmin tədbirlər qətnamənin gələcəkdə icrasını təmin etmək üsulu kimi çıxış edə bilməz. Belə ki, iddia tələbinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi və bu halların müvəqqəti təminat tədbiri barədə vəsatətdə göstərilən tədbirlər nəticəsində aradan qaldırılacağı qənaətinə gəlmək üçün əsaslar yoxdur. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə (şikayət onun tərəfindən verildiyindən) təmin etməkdə haqlı olmamışdur. Məhkəmə kollegiyası birdaha izah edir ki, müvəqqəti təminat tədbiri iddianın əsaslı olmasına deyil, onun təmin ediləcəyi ehtimalına əsaslanır və həmin məsələnin həlli zamanı iddianın əsaslığı deyil, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunmasına maneə törədə biləcək hallar araşdırılır. Əks yanaşma isə prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddianın əsaslı olub-olmaması yalnız Mülki Prosessual Məcəllənin 9-cu maddəsində təsbit olunmuş prinsiplərə riayət edilməklə, yəni çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında müəyyən edilə bilər. Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsində isə təsbit olunmuşdur ki, müvəqqəti təminat tədbiri haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Müvəqqəti təminat tədbirinin görülməsinin məqsədlərinə gəldikdə isə məhkəmə kollegiyası təkrar qeyd edir ki, qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin görülməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi deyil, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır və bu barədə məhkəmənin qərardadı müvəqqəti xarakter daşıyır, işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı qismən yəni, cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə ləğv edilməlidir. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrа аldı: Cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı qismən yəni, cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə (yəni, cavabdeh1 MMC-nin (VÖEN **********) təsis paylarının özgəninkiləşdirilməsi, girov qoyulması, yüklü edilməsi, etibarnamə əsasında idarəetməyə verilməsi, nominal sahiblik və ya digər üsulla üçüncü şəxslərə keçirilməsi qadağan edilməsi; cavabdeh1 MMC-nin mülkiyyətində, balansında, istifadəsində və ya faktiki sahibliyində olan, mübahisənin predmetinə aid daşınmaz əmlakların, istehsal sahələrinin, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin, hazır məhsulun, pul v pul vəsaitlərinin (məcburi dövlət ödənişlərininvergi, sosial, kommunal və s. ödənilməsinə məhdudiyyət qoyulmadan), debitor tələblərinin və digər xalis aktivlərin üzərinə iddia tələbi həddində həbs qoyulması; cavabdeh1 MMC-nin canlı inventarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin özgəninkiləşdirilməsi, satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, balansdan silinməsi və ya hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilməsi; cavabdeh1 MMC-nin canlı inventarın adi bioloji dövriyyəsi, yemlənməsi, saxlanılması, müalicəsi, təbii tələfatı və qanunla nəzərdə tutulmuş ekoloji öhdəliklərin icrası istisna olmaqla, canlı inventarın sayının və dəyərinin azaldılmasına səbəb olan hərəkətlər, mübahisəli aktivlərin cavabdeh1 MMC ilə “xxxx” ASC arasında və ya həmin hüquqi şəxslə eyni benefisiar nəzarət altında olan digər şəxslər arasında keçirilməsi, əvəzləşdirilməsi, bölünməsi, birləşdirilməsi, yenidən rəsmiləşdirilməsi və ya başqa üsulla hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilməsi hissəsində) ləğv edilsin və ləğv edilmiş hissədə iş üzrə yeni qərardad çıxarılaraq “müvəqqəti təminat tədbirinin tətbiqi”nə dair ərizə həmin (ləğv edilmiş) hissədə təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar