Məhkəmə qərarları › İş №e-16(3-10)-71/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-71/2026

27.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-71/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ağdaş rayon Kotanarx Bələdiyyəsinin “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsinə dair iş üzrə Açar sözlər: Müvəqqəti təminat, qadağan edilmə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadından ərizəçi Ağdaş rayon Kotanarx Bələdiyyəsinin nümayəndəsi Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Ağdaş rayon Kotanarx Bələdiyyəsi "müvəqqəti təminat tədbirinin tətbiqi" ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin icraatında olan 2(014)- ****/**** saylı iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Maraqlı şəxs Abdukərım qızının və digər üçüncü şəxslərin iddiaçının Ağdaş rayonu Yenicə kəndində mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Abdukərım qızına qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə ##.##.2026-cı il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd edir ki, cavabdeh məhkəmə araşdırması zamanı daim əsassız vəsatətlər verərək qanuni iddialarının baxılmasına manəçiliklər törətməyə və işin yekunlaşmasına qarşı əngəllər yaratmağa çalışmışdır. Çox gümanki qarşı tərəf apellyasiya və kassasiya şikayətləri gələcəkdə verəcək və əsasız şikayətlər və vəsatətlərlə qətnamənin qanuni qüvvəsini almasının uzadılmasına nail olacaqdır. Əlavə edir ki, mülkiyyətlərindən olan torpaq sahəsindən cavabdeh qanunsuz istifadə edir və işçilər cəlb edərək həmin ərazidə qanunsuz olaraq müəyyən işlər görməyə çalışır. İş üzrə qəbul edilmiş qətnamənin qanuni qüvvəsini alması dövründə cavabdehin və digər üçüncü şəxslərin həmin ərazidən qanunsuz istifadə etməsi hesab edirik ki, dayandırılmalıdır. Çünki əks halda cavabdeh daim ərazinin boşaldılmasını uzatmağa çalışacaq və bu da mülkiyyət hüquqlarının kobud surətdə pozulmasının davam etdirilməsinə səbəb olacaqdır. Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə, ərizəçi Ağdaş rayon Kotanarx Bələdiyyəsinin maraqlı şəxs Maraqlı şəxs Abdulkərim qızına qarşı “mülkiyyətdən qanunsuz istifadənin dayandırılması” tələbinə dair mülki iş üzrə ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Ağdaş rayon Kotanarx Bələdiyyəsinin nümayəndəsi Ərizəçi şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadı ilə, ərizəçi Ağdaş rayon Kotanarx Bələdiyyəsinin maraqlı şəxs Maraqlı şəxs Abdulkərim qızına qarşı “mülkiyyətdən qanunsuz istifadənin dayandırılması” barədə **(***)-**/**** saylı iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Ərizəçi tərəfindən verilən şikayətin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli **(***)-**/**** saylı qərardadının ləğv edilməsi, ərizəçi Ağdaş rayon Kotanarx Bələdiyyəsinin cavabdeh Maraqlı şəxs Abdukərım qızının və digər üçüncü şəxslərin iddiaçının Ağdaş rayonu Yenicə kəndində mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Ağdaş rayon Kotanarx Bələdiyyəsinin nümayəndəsi Ərizəçi şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2018- ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.6, 157.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş Rayonunun Kotanarx Bələdiyyəsi cavabdeh Maraqlı şəxs qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə ##.##.2026-cı il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən iddia ərizəmizin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh məhkəmə araşdırması zamanı daim əsassız vəsatətlər verərək qanuni iddiamızın baxılmasına manəçiliklər törətməyə və işin yekunlaşmasına qarşı əngəllər yaratmağa çalışmışdır. Hazırda həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir, bu səbəbdən iş üzrə qətnamə yekun qanuni qüvvəsini almamışdır. Çox gümanki cavabdeh tərəf apellyasiya instansiya məhkəməsində və kassasiya instansiya məhkəməsində işə baxılan zaman prosesual qanunvericilikdə nəzərdə tutulan hallarla başqa başqa əsassız şikayətlər və vəsatətlərlə qətnamənin qanuni qüvvəsini almasının uzadılmasına nail olmağa çalışacaqdır. Bunun nəticəsidir ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Ağdaş rayonunun Kotanarx Bələdiyyəsinin cavabdeh Maraqlı şəxs qarşı “cavabdehin torpaq sahəsindən məcburi çıxarılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə *(*-**)-***/**** saylı işə dair təyin edilmiş ##.##.2026-cı il tarixli məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili Şəki İnzibati Məhkəməsinin icraatında olan və əvvəllər həmin tələbə baxılmış işlə bağlı həmin iş baxılıb yekunlaşanadək icraatın dayandırılmasına nail olmuşdur. Bu səbəbdən cavabdehin və digər üçüncü şəxslərin torpaqdan çıxarılması məsələsi üzrə icraatın uzanmasına gətirib çıxarmışdır ki, bu da cavabdehin və digər üçüncü şəxslərin həmin torpaq sahəsindən qanunsuz istifadə etmələrinə və meyvə yığımı zamanı bələdiyyənin mülkiyyətində olan torpaqlardan qanunsuz istifadə edərək külli miqdarda bələdiyyəyə zərər vurmağına gətirib çıxaracaqdır. Həmçinin cavabdeh rayon ərazisində bildirmişdir ki, həmin ərazi ondan alındığı üçün tam ərazidən uzaqlaşdırılan zaman 20 ha ağacların hamısını məhv edib, həmin ərazini tərk edəcəklər. Bu səbəbdən MTT üzrə ərizəmizin təmin edilməsinə təcili zərurət yaranmışdır. Torpaq sahəsindən cavabdeh qanunsuz istifadə edir və işçilər cəlb edərək həmin ərazidə qanunsuz olaraq müəyyən işlər görməyə çalışır. İş üzrə qəbul edilmiş qətnamənin qanuni qüvvəsini alması dövründə cavabdehin və digər üçüncü şəxslərin həmin ərazidən qanunsuz istifadə etməsi hesab edirik ki, dayandırılmalıdır. Çünki əks halda cavabdeh daim ərazinin boşaldılmasını uzatmağa çalışacaq və bu da mülkiyyət hüquqlarımızın kobud surətdə pozulmasının davam etdirilməsinə gətirib çıxaracaq. Göstərilənləri nəzərə alaraq müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişlər və məhkəmədən Ağdaş Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Maraqlı şəxs və digər üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan Ağdaş rayonu Yenicə kəndində olan torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Lakin Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-108)-32/2026 qərardadı ilə ərizəçi Ağdaş rayon Kotanarx Bələdiyyəsinin maraqlı şəxs Maraqlı şəxs Abdulkərim qızına qarşı “mülkiyyətdən qanunsuz istifadənin dayandırılması” tələbinə dair mülki iş üzrə ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməmişdir. Qərardad əsassızdır. Belə ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquqların da təminatı kimi çıxış edir. Bu müdafiə vasitəsi məhkəməyə müraciətlə məhdudlaşmayaraq, pozulmuş hüquq və azadlıqların səmərəli bərpasına yönələn ədalət mühakiməsini də nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarı). Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur (Mülki Prosessual Məcəllənin 157.2ci maddəsi). Lakin, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu səbəbdən də işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: -bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir;- bu tədbirlər müvəqqəti xarakter daşımalıdır;- tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. əhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar). Qeyd olunmalıdır ki, qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 164cü maddəsinə görə, işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyinə görə, təmin etmə tədbirlərinin qəbul olunması haqqında qərardadın yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbiri qanunverici tərəfindən təsbit olunan və icrası Mülki Prosessual Məcəllənin 157.5-ci maddəsində göstərilən əsaslarla mümkün olan prosessual hüquq olduğundan maraqlı şəxsin bu hərəkəti heç bir halda mülki hüquq pozuntusu (deliktlər) kimi qiymətləndirilə bilməz (Mülki Məcəllənin 1096- 1097-ci maddələri). Müvəqqəti təminat tədbirinin tətbiqini tələb edən şəxsin bu hərəkəti nəticəsində vurulmuş ziyana görə daşıdığı öhdəlik qanundan irəli gələn öhdəlik olmaqla, müvafiq olaraq maraqlı şəxs də təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin qarşılanmasını yalnız məhkəməyə Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, real zərərin dəyməsi və ya əldən çıxmış faydaya dair mötəbər sübutları təqdim etməklə tələb edə bilər.Zərərin əvəzinin ödənilməsi zamanı zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür. Məhkəmələr tərəfindən Mülki Prosessual Məcəllənin 164-cü maddəsi üzrə işlərə baxılarkən, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizənin mülki prosesin uzadılması, ilkin iddianın hüquqdan suiistifadə məqsədi ilə verilib-verilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi ağlabatanlıq meyarlarına cavab verməklə mütənasiblik və ədalətlilik prinsipləri əsasında müəyyənləşdirilməlidir. Hazırkı işdən də göründüyü üzrə illərlə qanunsuz olaraq bələdiyyənin mülkiyyətini zəbt edən və qanunsuz olaraq bələdiyyəyə məxsus ağaclardan qanunsuz istifadə edərək külli miqdarda mənfəət götürən cavabdeh Maraqlı şəxs hələ də məhkəmə proseslərini uzatmaqla qanunsuz olaraq bələdiyyə mülkiyyətindən istifadə edib, meyvə ağaclarından külli miqdarda qazanc götürməyə çalışır. Hazırda qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığı üçün cavabdeh Maraqlı şəxs bələdiyyə mülkiyyətindən qanunsuz istifadə edir. Hər gün həmin ərazidə müəyyən problemlər çıxardırlar ki, mübahisə hüquq mühafizə orqanlarına qədər gedib, çıxır. Bu səbəbdən hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Maraqlı şəxs və digər üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan Ağdaş rayonu Yenicə kəndində olan torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılmalıdır. Əks halda yaranmış problemlər dayanmadan artacaq və bələdiyyə mülkiyyəti bu dövr ərzində cavabdeh Maraqlı şəxs tərəfindən qanunsuz istifadə edilməklə bu il də külli miqdarda mənfəət götürmələrinə gətirib çıxaracaqdır. Hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin e-**(*- ***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, Ağdaş Rayon Məhkəməsinin icraatında olan 2(014)- ****/**** saylıiş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Maraqlı şəxs və digər üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan Ağdaş rayon Yenicə kəndində yerləşən 20 ha torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması barədə qərardad qəbul edilməlidir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.1-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoya bilər. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 163.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadını ləğv etməklə, "müvəqqəti təminat tədbiri" barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-16(014)-32/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e- **(***)-**/**** saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Iş materalları ilə müəyyən olunur ki, Ağdaş rayon Kotanarx Bələdiyyəsi cavabdeh Maraqlı şəxs qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və iş hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Mübahisəli torpaq sahəsi cavabdeh Maraqlı şəxs tərəfindən istifadə olunur və əraziyə ağaclar əkilməklə bağ sahəsi salınmışdır. Ərizəçi cavabdeh tərəfindən həmin torpaq sahəsinin qanunsuz istifadəsi nəticəsində mülkiyyət hüququnun pozulmasını əsas gətirərək Ağdaş Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti təminat tədbiri kimi cavabdeh Maraqlı şəxs Abdukərım qızının və digər üçüncü şəxslərin mübahisəli torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və məhkəmənin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizədə gələcəkdə qətnamənin icrasını çətinləşdirək və ya qeyri mümkün edəcək hallar qeyd olunmamışdır, yəni ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmamışdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi müəyyən edilməmişdir. Eyni zamanda, ərizəyə əlavə olunmuş fotoşəkillərdən də görünür ki, həmin ərazidə ağaclar əkilmiş, müvəqqəti təminat tədbirlərinin tətbiqi həmin ağacları qulluqdan məhrum etməklə məhv olmasına səbəb ola bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası ərizəçinin şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçi Ağdaş rayon Kotanarx Bələdiyyəsinin nümayəndəsi Ərizəçi şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 357, 360, 398.0.3, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Ərizəçi Ağdaş rayon Kotanarx Bələdiyyəsinin nümayəndəsi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar