Məhkəmə qərarları › İş №e-16(3-10)-74/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-74/2026

02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-74/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi Ərizəçi cavabdehlər “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh2, cavabdeh3 qarşı, 3-cü şəxs Üçüncü şəxs olmaqla “mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək torpaq sahələrindən hər hansı bir tikinti, söküntü, qazıntı, yenidənqurma və kənd təsərrüfatı (əkin-biçin və s.) işlərinin aparılması, bağ sahəsindən istifadə, məhsul toplanışının, həmin torpaq sahələrinin və üzərindəki tikililərin üçüncü şəxslərə icarəyə, istifadəyə verilməsi, özgəninkiləşdirilməsi və ya hər hansı formada yüklü edilməsi (öhdəliklərlə məhdudlaşdırılması) cavabdehlərə qadağan edilməsi” barədə müvəqqəti təminat tədbirinə dair ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri haqqında) Hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə müraciət edərək, cavabdehlər “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh2, cavabdeh3 qarşı, 3-cü şəxs Üçüncü şəxs olmaqla “mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək torpaq sahələrindən hər hansı bir tikinti, söküntü, qazıntı, yenidənqurma və kənd təsərrüfatı (əkin-biçin və s.) işlərinin aparılması, bağ sahəsindən istifadə, məhsul toplanışının, həmin torpaq sahələrinin və üzərindəki tikililərin üçüncü şəxslərə icarəyə, istifadəyə verilməsi, özgəninkiləşdirilməsi və ya hər hansı formada yüklü edilməsi (öhdəliklərlə məhdudlaşdırılması) cavabdehlərə qadağan edilməsi” barədə qərardad qəbul edilməsini məhkəmədən xahş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, ərizə qismən təmin edilərək, müvəqqəti təminat tədbiri olaraq Oğuz rayonu, Padar kəndi ərazisində yerləşən, iddiaçıya məxsus 1.87 hektar (reyestr № ************) və 1.67 hektar (reyestr № ************) torpaq sahələrinin və üzərindəki tikililərin icarəyə, istifadəyə verilməsi, özgəninkiləşdirilməsi və ya hər hansı formada yüklü edilməsi (öhdəliklərlə məhdudlaşdırılması) cavabdehlər “X1” MMC, X4 və cavabdeh3 və üçüncü şəxslərə qadağan edilməsi, qərardad dərhal icra edilməsi və icrası Oğuz rayon Icra və Probasiya Şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməsi, qərardad ##.##.2026-cı il tarixdə qüvvədən düşmüş hesab edilməsi və ərizə qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan ərizəçi Ərizəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın ləğv, ərizənin isə tam təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Işdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Azərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 157.1ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-nin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-nin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda daha sonra qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Avropa Məhkəməsi “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ... mübahisəli torpaq sahəsində meyvə bağında təsərrüfat işlərinin aparılmaması (suvarma, dərmanlama, meyvənin toplanması və digər) nəticəsində tərəflərin və ya onlardan hər hansı birinin ağır ziyan vurulmasına səbəb ola bilər. Hazırkı vəziyyətdə müvafiq meyvə bağında müvafiq təsərrüfat işlərinin aparılması hər iki tərəfin mənafeyinə zidd deyildir. Belə ki, cavabdehlər tərəfindən qanuni əsaslarla meyvə bağının salınması məhkəmə tərəfindən müəyyən edildiyi halda həmin tərəfin, əks vəziyyədə qanunsuz əsaslarla bağın salınması müəyyən edildiyi halda ərizəçinin maddi ziyanı tələb etmək hüququ yarana bilər. Hazırkı vəziyyətdə isə bu hal qeyri-müəyyən olduğundan məhkəmənin qeyd edilən təsərrüfat işlərinin aparılmasını da cavabdehlərə qadağan etməsi tərəflərin daha ağır maddi zərərə düşməsinə səbəb ola bilər. Hazırki işdən isə görünür ki, müvəqqəti təminat tədbirinin tam tətbiqi üçün əsaslar mövcud deyildir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, şikayətin digər dəlilləri iş materialları ilə öz təsdiqini tapmır və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası birdaha izah edir ki, müvəqqəti təminat tədbiri iddianın əsaslı olmasına deyil, onun təmin ediləcəyi ehtimalına əsaslanır və həmin məsələnin həlli zamanı iddianın əsaslığı deyil, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunmasına maneə törədə biləcək hallar araşdırılır. Əks yanaşma isə prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddianın əsaslı olub-olmaması yalnız Mülki Prosessual Məcəllənin 9-cu maddəsində təsbit olunmuş prinsiplərə riayət edilməklə, yəni çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında müəyyən edilə bilər. Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsində isə təsbit olunmuşdur ki, müvəqqəti təminat tədbiri haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Müvəqqəti təminat tədbirinin görülməsinin məqsədlərinə gəldikdə isə məhkəmə kollegiyası təkrar qeyd edir ki, qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin görülməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi deyil, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır və bu barədə məhkəmənin qərardadı müvəqqəti xarakter daşıyır, işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Odur ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şikayətinin dəlillərində göstərilən əsaslar isə hazırkı iş üzrə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinə dair ərizəni qismən təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrа аldı: Ərizəçi Ərizəçi şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar