Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-296/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi MMC-nin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi məhdud məsuliyyətli cəmiyyətinin ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından “As İstehsal” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Ərizəçi məhdud məsuliyyətli cəmiyyəti (satıcı) ilə “As İstehsal” məhdud məsuliyyətli cəmiyyəti (alıcı) arasında AQSZ S ***/**** saylı ##.##.2023-cü il tarixli və AQSZ S ***/**** saylı alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə görə satıcı, müqavilələrin ayrılmaz tərkib hissəsi olan və müqavilələrə əlavələrdə göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə sement məhsullarını alıcıya verməyi, alıcı isə malın dəyərini müqavilələrdə müəyyənləşdirilmiş müddətdə və qaydada ödəməyi öhdələrinə götürmüşlər.
2. Ərizəçi MMC ilə “As İstehsal” MMC arasında tərtib olunmuş ##.##.2026-cı il tarixli üzləşmə aktında göstərilmişdir ki, alıcının satıcıya sement satışına görə həmin tarixə 378 305,32 manat əsas, 52 897,41 manat ƏDV borcu olmaqla, cəmi 431 202,73 manat borcu vardır.
3. Ərizəçi MMC “As İstehsal” MMC-nə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, “As İstehsal” MMC-dən 431 202,73 manat borcun, hesablanmış 21 560,13 manat cərimənin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 742,76 manat dövlət rüsumunun əvəzinin, yəni cəmi 453 505,62 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sözügedən kommersiya mübahisəsi üzrə e-*-*(*-**)-****/**** saylı iş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
5. Ərizəçi MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus “xxxx” ASC-nin Port Baku filialında olan AZ**AIIB******C************* saylı, “xxxx” ASC-də olan AZ**AZRT******************** saylı, “xxxx” ASC-də olan AZ98PAHA40040AZNHC********** saylı hesablaşma hesabları, habelə digər banklarda yerləşən hesablaşma hesabları üzərinə iddia tələbi həcmində (453 505,62 manat) həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
6. Ərizə işin faktiki hallarına uyğun əsaslandırılmış, “As İstehsal” MMC-nin öhdəliyinə əməl etmədiyi, borcunu ödəmədiyi irəli sürülmüşdür.
7. Məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin olunması, mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “As İstehsal” MMC-nin (VÖEN: **********) bank hesablarında olan pul vəsaitlərinin üzərinə - əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan əsas borc tələbi həcmində - 431 202,73 (dörd yüz otuz bir min iki yüz iki manat yetmiş üç qəpik) manat məbləğində həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1-ci, 157.2-ci, 157.3-cü, 158-ci, 159-cu maddələrinə istinadla belə əsaslandırmışdır ki, ərizəçi tərəfindən ilkin sübutlar (müqavilə, qaimələr, üzləşmə aktı və s.) iş materiallarına əlavə edilmişdir və ərizənin qismən təmin olunması mümkündür.
9. Həmin qərardaddan “As İstehsal” MMC-nin nümayəndəsinin verdiyi şikayət məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayət belə əsaslandırılmışdır ki, bank hesablarına həbs qoyulması şirkətin normal fəaliyyətinə ciddi zərbə vuraraq onu faktiki olaraq işləyə bilməyən vəziyyətə salacaqdır. Cavabdeh borcdan yayınan tərəf deyil, əksinə onu mərhələli şəkildə ödəyən tərəf olduğu halda, bütün hesabların bloklanması şirkətin gündəlik işini dayanmağa məcbur edir, ödənişlərin icrasını çətinləşdirir, tenderlərdə iştirak imkanını aradan qaldırır və nəticə etibarilə fəaliyyətdə olan bir sahibkarı süni şəkildə çətin vəziyyətə salır, halbuki belə ağır tədbir üçün real və əsaslı səbəblər mövcud deyil. Buna görə də qərardad ləğv olunmalı və ya dəyişdirilməli, təminat tədbiri MMC-nin balansında olan digər əmlaklara yönəldilməlidir.
Apellyasiya baxışı
11. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
13. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
14. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
15. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
16. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
17. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
18. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
19. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
20. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
21. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
22. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
23. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
24. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).
25. Ərizəçinin ərizəsinin məzmunundan və ərizəyə əlavə olunan sənədlərdən görünür ki, o, məhkəməyə iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət edən sübutlar təqdim etmişdir.
26. Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.
27. Kollegiya hesab edir ki, məhkəmə şərh olunan meyarları və ərizəçinin dəlillərini araşdırmış, zəruri əsaslandırma apararaq müvafiq nəticəyə gəlmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov