Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-299/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi Ərizəçi MMC-nin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Iddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 891038,81 (səkkiz yüz doxsan bir min otuz səkkiz manat səksən bir qəpik) manat məbləğində borc, 1500 (bir min beş yüz) manat məbləğində hüquqi yardım xərci və 1182 (bir min bir yüz səksən iki) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Iş hazırda e-2-2(4-11)-2441/2026 nömrə ilə Bakı Kommersiya Məhkəməsinin icraatındadır (hakim Ülkər Həsənova).
3. Eyni zamanda ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Cavabdeh MMC-nin əmlakı üzərinə 891038,81 (səkkiz yüz doxsan bir min otuz səkkiz manat səksən bir qəpik) manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Ərizəçi sözügedən qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini, ərizənin təmin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, ərizənin təmin edilməməsi haqqında qərardad tamamilə əsassız və qeyri-qanunidir. Belə ki, məhkəmə qərardad çıxararkən aşağıdakıları nəzərə almamışdır: borcun 80%-dən artıq hissəsinin cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı tərəflər arasında bağlanmış üzləşmə aktının mövcud olması; borcun bir neçə il ərzində yaranması; yaranmış borcun ödənilməsi ilə bağlı tərəflər arasında aparılmış şifahi danışıqlar, yazışmalar və görüşlər zamanı cavabdeh hər dəfə borcunu ödəyəcəyi ilə bağlı söz versə də borcunu ödəməməsi (email yazışmaları şikayətə əlavə edilir); borcun ödənilməməsi ilə bağlı bir neçə dəfə Ərizəçi MMC tərəfindən icarəyə verilmiş nəqliyyat vasitələrinin cavabdehə məxsus olan istehsalat sahəsindən çıxarılmasından sonra cavabdehin borcu ödəyəcəyi ilə bağlı vəd verməsi və yenə də vədini tam deyil qismən yerinə yetirməsi; cavabdehin borcu ödəyəcəyi ilə bağlı hər dəfə söz verməsinə baxmayaraq ödəməməsi nəticəsində borc məbləğinin artan tendensiya ilə çoxalaraq hazırkı bir milyona yaxın məbləğə çatması; cavabdehə qarşı borcun alınması tələbinə dair digər hüquqi şəxslər tərəfindən qaldırılmış iddialar üzrə Bakı Kommersiya Məhkəməsinin icraatında bir neçə işin olması. Yuxarıda qeyd edilən halların mövcudluğu qətnamənin gələcək icrasını tam sübhə altına alır. Belə ki, cavabdehin qeyd edilən borcu ödəməmək üçün bu günə heç bir səy göstərməməsi, borcunu hər dəfə kəsirlə ödəməsi, borcun azalmaq əvəzinə get-gedə artan meyylə şişməsi, cavabdehin borcunu ödəməyə etinasız yanaşması, borcunu tam və ya qismən ödəyərək icarə xidmətini almağa davam etmək əvəzinə gedib kənardan başqa nəqliyyat vasitələri cəlb edərək onların xidmətindən yararlanması və sairə bu kimi hallar birmənalı şəkildə cavabdehin hazırkı iş üzrə iddianın təmin edilməsi haqqında çıxarılacaq məhkəmə aktını mübahisələndirərək işi uzatmağa çalışacağına və borclu olduğu məbləği ödəməkdən yayınacağına dair heç bir şübhə yeri qoymur. Qətnamənin gələcəkdə icrasının təmin edilməsi birmənalı olaraq məhkəmənin bu gün tətbiq edəcəyi müvəqqəti təminat tədbirindən asılıdır. Belə ki, əvvəla cavabdehin təkcə Ərizəçi MMC-yə deyil digər şirkətlərə də kifayət qədər borcu vardır. Bu isə cavabdehin maliyyə vəziyyətində problemin olmasının göstəricisidir. Qeyd edilən hal öz-özlüyündə cavabdehin çıxarılacaq məhkəmə qətnaməsini icra edə bilməyəcəyi reallığı ortaya qoyur. Cavabdehin hazırkı maliyyə vəziyyəti və öz öhdəliklərini icra edə bilməməsi bunu tam sübut edir. Bu isə açıq-aşkar surətdə çıxarılacaq qətnamənin gələcəkdə icrasını qeyri-mümkün edəcəyini təsdiq edir. Həmçinin cavabdehin hərəkətləri, yəni israrla borcunu ödəməməsi məhkəmə qətnaməsini icra etməmək üçün bütün mümkün olan qeyri-qanuni yollara baş vuracağını da istisna etmir (bank hesablarının boşaldılması, əmlakın satılması və sairə). Çünki cavabdehin qeyd edilən hərəkətlərinə nəzarət edilməsi bizim və məhkəmənin imkanları xaricindədir. Cavabdehin qeyd edilən qeyriqanuni hərəkətlərinə maneə yaradılması ilə yalnız onun əmlakına həbs qoyulması, yəni məhkəmənin müvəqqəti təminat tədbiri haqqında ərizənin təmin edilməsi yolu ilə mümkündür. Məhkəmənin Ərizəçi MMC-nin cavabdehin gələcəkdə qətnamənin icra edilməsi üçün maddi imkana malik olmaması barədə sübut təqdim edə bilməməsinə istinadını tamamilə əsassız və qeyri-qanuni hesab edilir. Belə ki, bununla bağlı sübutun Ərizəçi MMC tərəfindən təqdim edilməsi qeyri-mümkündür. Çünki həmin məlumatlar bank və vergi sirri hesab edildiyi üçün Ərizəçi MMC-nin onu əldə etməsi mümkün deyil. Məhkəmə özü belə həmin sübutu bank və digər dövlət orqanlarından güclə aldığı halda Ərizəçi MMC həmin sübutları məhkəməyə necə təqdim edə bilər. Bu həm də məhkəmənin qərardadda istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin AR MPM-nin ##.##.2018-ci il tarixli qərarı ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmənin bu mövqeyi həmin qərarda “iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmaması” ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ilə ziddiyyət təşkil edir. Həmçinin məhkəmənin Ərizəçi MMC-nin ərizədə bu hala istinad etməməsi də əsassız hesab edilir. Cavabdehin borcunun get-gedə artması onun maddi vəziyyətinin pis olmasının ən əsas sübutudur. Həmçinin məhkəmənin diqqətinə çatdırırıq ki, hazırkı halda hüquqları da pozulan və məhdudlaşan məhz Ərizəçi MMC-dir. Belə ki, cavabdeh borclu olduğu icarə haqqını könüllü olaraq ödəməkdən imtina edir. Məhz bu səbəbdən də biz hüquqlarımızın müdafiə edilməsi üçün məhkməyə müraciət etmişik. Digər tərəfdən bizim hüquqlarımız məhdudlaşmışdır. Belə ki, cavabdeh bizə məxsus olan pul vəsaitini özündə saxlamaqla bizim həmin pul vəsaiti barədə sərəncam vermək hüququmuzu məhdudlaşdırır, qanuni sahibkarlıq fəaliyyətimizi, dövlət və üçüncü şəxslər qarşısında olan öhdəliklərimizi icra etməyimizə problemlər yaradaraq işgüzar nüfuzumuza zərər yetirir. Belə olan halda məhkmənin istinad etdiyinin əksinə olaraq hüquqları pozulan və məhdudlaşan məhz Ərizəçi MMC-dir. Cavabdehin hazırkı mübahisəyə yanaşmasını nəzərə alsaq hazırkı məhkəmə mübahisəsinin ən azı bir ilə qədər uzanması tam realdır və bu müddət ərzində cavabdehin maddi vəziyyətinin daha da pisləşməyəcəyinə heç kim qarantiya verə bilməz. MTT barədə ərizəsinin təmin edilməsi isə çıxarılacaq qətnamənin icrasını tam təmin edəcək. MTT barədə ərizəsinin təmin edilməməsi qətnamənin gələcəkdə icra edilməsini tam sual altında qoyur. Buna görə də ərizənin tam şəkildə təmin edilməsi məhkəmə qətnaməsinin gələcək icrasını təmin etmək baxımından xüsusilə mühüm əhəmiyyət daşıyır. Qeyd edilənlərə əsasən hesab edirik ki, ərizəni rədd etməklə məhkəmə haqlı olmamış və bizim hüquqlarımızı kobud şəkildə pozmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinə etiraz
8. Cavabdeh MMC şikayətə qarşı yazılı etiraz təqdim edərək Cavabdeh MMC-nin müflis olmaq mərhələsində olan şirkət olmadığını, şirkətin hazırda da fəaliyyət göstərdiyini və onun “Azneft” Istehsalat Birliyi tərəfindən yuxarı məbləğdə alacağı olduğu halda həmin məbləği ala bilmədiyini və belə bir arzuolunmaz vəziyyət yarandığını bildirmiş, Ərizəçi MMCnin Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsini və Bakı Kommersiya Məhkəməsinin e- **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
10. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
11. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
12. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
13. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
14. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
15. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
16. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
18. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
20. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
21. Bu baxımdan nəzərə almaq lazımdır ki, ərizəçinin tələb etdiyi növdə təmin tədbirinin tətbiqi üçün ilk növbədə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilməli və iddia tələbinin heç bir təminatı mövcud olmamalıdır. Xüsusilə qeyd olunmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların təqdim edilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-nın 157.1-ci maddəsində «bilər» ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir.
22. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər.
23. Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin.
24. Kollegiya hesab edir ki, məhkəmə şərh olunan meyarları və ərizəçinin dəlillərini araşdırmış, zəruri əsaslandırma apararaq müvafiq nəticəyə gəlmişdir.
25. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158-ci maddələrində göstərilmiş halların mövcud olmasını, müvəqqəti xarakterli müdafiə tədbirlərin tətbiq edilməsinin zəruriliyi kifayət qədər əsaslandıra bilməmişdir.
26. Iş materiallarda olan ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında imzalanmış ##.##.2025-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdeh hazırkı müqavilə üzrə ümumilikdə 2.736.827,82 manat ödəniş etmişdir.
27. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin borcun ödənilməsindən yayındığını, borcdan yayınmaq məqsədilə mülkiyyətində olan əmlakların özgəninkiləşdirilməsi istiqamətində hər hansı addım atdığını təsdiq edən hər hansı sübutlar da təqdim edilməmişdir.
28. Bununla yanaşı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
29. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh MMC sahibkarlıq subyekti olduğundan və ərizəçi tərəfindən qətnamənin gələcəkdə icrasınının mümkün olmayacağı kifayət qədər əsaslandırılmadığından tətbiq ediləcək təminat tədbiri cavabdehin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə bilər.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
31. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara a l d ı:
Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.