Məhkəmə qərarları › İş №e-16(3-6)-322/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-322/2026

13.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-322/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi İbrahimov Əhliman Polad oğlunun müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi üzrə (Açar sözlər: torpaq sahəsinə sərbəst giriş və çıxışının bərpa edilməsi, cavabdehin həmin sahədən və onun üzərindəki tikilidən faktiki istifadəsinin məhdudlaşdırılması) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Ərizəçi İbrahimov Əhliman Polad oğlunun cavabdeh İbrahimova Ülviyyə Polad qızına qarşı “torpaq sahəsinə sərbəst giriş və çıxışının dərhal bərpa edilməsi, cavabdehin həmin sahəyə giriş-çıxışının müvəqqəti olaraq sahənin şimal hissəsindən həyata keçirilməsi və cavabdehin tikilidən faktiki istifadəsinin məhdudlaşdırılması” növündə müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı İbrahimov Əhliman Polad oğlu cavabdeh İbrahimova Ülviyyə Polad qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** saylı torpaq sahəsi üzərində dövlət qeydiyyatlı mülkiyyət hüququnun mövcudluğunu və tam həcmdə həyata keçirilməli olduğunu müəyyən edilməsi, torpaq sahəsinin sərhədlərinin dövlət reyestrindən çıxarış və rəsmi kadastr məlumatlarına uyğun olaraq müəyyən edilməsinin təmin edilməsi, həmin hüququn həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, dövlət qeydiyyatlı sərhədlərə zidd hərəkətlərin yolverilməz olduğunu müəyyən edilməsi, cavabdehin vicdansız sahib kimi vurduğu zərərin və əldə etdiyi gəlirlərin əvəzinin tutulmasını araşdırılmasını xahiş etmişdir. Həmin tələbə hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsində e-*(*-**)-***/**** saylı iş üzrə baxılır (hakim Nərmin Abiyeva).

2. Ərizəçi İbrahimov Əhliman Polad oğlu müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, 1. onun xüsusi mülkiyyətində olan ** saylı torpaq sahəsinə sərbəst giriş və çıxışının dərhal bərpa edilməsi barədə müvəqqəti təminat tədbiri tətbiq edilməsi. 2. İş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək cavabdeh Ü.P.İbrahimovanın həmin sahəyə giriş-çıxışının müvəqqəti olaraq sahənin şimal hissəsindən (hasarlanmayan tərəfdən), ona məxsus ** saylı torpaq sahəsi istiqamətindən həyata keçirilməsinin müəyyən edilməsi. 3. Cavabdehin ayrıca dövlət qeydiyyatına alınmamış tikilidə faktiki istifadəsinin məhkəmə tərəfindən müəyyən edilmiş birinci mərtəbədə yerləşən iki otaq (mətbəx və yataq otağı) və sanitar qovşaq ilə məhdudlaşdırılmasını xahiş etmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları:

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ## ##### 2026cı il tarixli qərardadı ilə (hakim N.Abiyeva) ərizənin qismən təmin olunması, iddiaçı İbrahimov Əhliman Polad oğlunun cavabdeh İbrahimova Ülviyyə Polad qızına qarşı «mülkiyyət hüququnun müdafiəsi, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddiası üzrə e-*(*-**)-***/**** saylı mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək, müvəqqəti təminat tədbiri qismində İbrahimov Əhliman Polad oğlunun xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağ massivinin ** saylı torpaq sahəsinə sərbəst giriş və çıxışının dərhal bərpa edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə ərizə qismən təmin edilməlidir. Ərizəçinin digər tələbləri olan iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək cavabdeh Ü.P.İbrahimovanın həmin sahəyə giriş-çıxışı müvəqqəti olaraq sahənin şimal hissəsindən (hasarlanmayan tərəfdən), ona məxsus ** saylı torpaq sahəsi istiqamətindən həyata keçirilməsinin müəyyən edilməsi, cavabdehin ayrıca dövlət qeydiyyatına alınmamış tikilidən faktiki istifadəsinin məhkəmə tərəfindən müəyyən edilmiş birinci mərtəbədə yerləşən iki otaq (mətbəx və yataq otağı) və sanitar qovşaq ilə məhdudlaşdırılması tələbləri müvəqqəti təminat tədbiri kimi tətbiq edilə bilməyəcəyini nəzərə alaraq bu tələblər təmin edilməməlidir.

Şikayətin dəlilləri:

5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi İbrahimov Əhliman Polad oğlu tərəfindən şikayət verilmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri hüquqların bərpasının əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq üçün tətbiq edilir. 10 günlük yubanma mülkiyyətinə olan qanunsuz müdaxilənin davam etməsinə və oradakı əmlakının vəziyyətinin daha da pisləşməsinə şərait yaradır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi İbrahimov Əhliman Polad oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq normaları:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

9. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: -157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; -157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

10. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

11. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

14. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır.

15. Müvəqqəti təminat tədbirlərinin məqsədi MPM-in 157.2-ci maddəsində dəqiq və konkret göstərilmişdir. Bu tədbirlər cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

16. Ərizəçinin iddia ərizəsində göstərdiyi əsas tələb ** saylı torpaq sahəsi üzərində dövlət qeydiyyatlı mülkiyyət hüququnun mövcudluğunun və tam həcmdə həyata keçirilməli olduğunu müəyyən edilməsi, torpaq sahəsinin sərhədlərinin dövlət reyestrindən çıxarış və rəsmi kadastr məlumatlarına uyğun olaraq müəyyən edilməsini təmin edilməsi, həmin hüququn həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, dövlət qeydiyyatlı sərhədlərə zidd hərəkətlərin yolverilməz olduğunu müəyyən edilməsi, cavabdehin vicdansız sahib kimi vurduğu zərərin və əldə etdiyi gəlirlərin əvəzinin tutulması ilə bağlıdır.

17. Ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsində olan digər tələblər - iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək cavabdeh Ü.P.İbrahimovanın həmin sahəyə giriş-çıxışının müvəqqəti olaraq sahənin şimal hissəsindən (hasarlanmayan tərəfdən), ona məxsus ** saylı torpaq sahəsi istiqamətindən həyata keçirilməsinin müəyyən edilməsi, cavabdehin ayrıca dövlət qeydiyyatına alınmamış tikilidə faktiki istifadəsinin məhkəmə tərəfindən müəyyən edilmiş birinci mərtəbədə yerləşən iki otaq (mətbəx və yataq otağı) və sanitar qovşaq ilə məhdudlaşdırılması tələbi – mahiyyəti etibarı ilə əsas tələblə eynilik təşkil edir, bu səbəbdən iddia tələbinin mahiyyəti üzrə həll edilməsi ilə nəticələnə bilər.

18. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddaçının ərizəsində qeyd edilən növdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi nəzərdə tutulmamışdır.

19. Belə ki, Mülki Prosessual Məcəllənin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək;

20. Göründüyü kimi, qanunvericilikdə ərizəçinin ərizədə qeyd etdiyi formada müvəqqəti təminat tədbirinin tətbiq edilməsi nəzərdə tutulmayıb, bu səbəbdən birinci instansiya məhkəməsi ərizənin həmin hissədə təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında öz əksini tapmış hüququi mövqeyi rəhbər tutaraq qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

22. Buna görə görə məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin ərizədə göstərdiyi əsaslarla cavabdehə qarşı müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi yolverilməzdir.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayətində göstərdiyi dəlillər əsassızdır, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ:

Ərizəçi İbrahimov Əhliman Polad oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar