Məhkəmə qərarları › İş №e-16(3-6)-326/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-326/2026

20.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-326/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müəyyən etdi: Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbiri” barədə ərizə verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinə iddia ərizəsi verilənədək cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, ünvan 1 və Ə. Hüseynzadə küçələrinin kəsişməsi ünvanında yerləşən 11.5 kv.m olan qeyri-yaşayış sahəsində aparılan bütün söküntü və tikinti işlərinin aparılmasına qadağanın qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ## ###### 2002-ci il tarixində keçirilən hərracda Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentindən Bakı şəhəri Nəsimi rayonu ərazisində Ə. Topçobaşov küçəsi ilə Ə. Hüseynzadə küçəsinin kəsişməsində * saylı boş şüşə qəbulu məntəqəsini əldə etmişdir. ## ###### 2002-ci il tarixində Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamenti ilə müəssisənin alqı-satqı müqaviləsi bağlanmış və Bakı şəhəri Nəsimi rayonu ərazisində Ə. Topçobaşov küçəsi ilə Ə. Hüseynzadə küçəsinin kəsişməsində * saylı boş şüşə qəbulu məntəqəsinin dəyəri ödənilməklə həmin əmlakı əldə etmişdir. ## ###### 2002-ci il tarixində Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamenti Ərizəçi * saylı boş şüşə qəbulu məntəqəsinə dair Şəhadətnamə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsindən alınmış arayışdan görünür ki, ##.##.2002-ci ildə 002684 nömrə ilə qeydə alınan Bakı şəhəri, ünvan 1 və Ə. Hüseynzadə küçələrinin kəsişməsi ünvanında yerləşən 11.5 kv.m olan qeyri-yaşayış sahəsi Ərizəçi mülkiyyətindədir. Cavabdeh “xxxx” MMC Bakı şəhəri, ünvan 1 və Ə. Hüseynzadə küçələrinin kəsişməsi ünvanında yerləşən 11.5 kv.m olan qeyri-yaşayış sahəsi daxil olmaqla həmin ərazidə söküntü işləri aparmışdır. Cavabdeh “xxxx” MMC söküntü işləri barədə iddiaçı Ərizəçi heç bir rəsmi məlumat verməmişdir. Cavabdeh söküntü ilə bağlı layihəni iddiaçıya təqdim etməmişdir. Işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı mövcud qeyri yaşayış sahəsində uzun illərdir sahibkarlıq fəaliyyəti göstərmişdir. Cavabdehin mülkiyyət hüququna (eyni zamanda sahibkarlıq hüququna) müdaxilə edilməsi və əmlakın məhv edilməsi cinayət əməlidir. Mülkiyyət hüququna müdaxilənin (yəni mülkiyyətçinin mülkiyyətindən məhrum etməyin) mümkünlüyü Konstitusiya, Mülki Məcəllə və məhkəmə təcrübəsində göstərilmişdir. Belə ki, təcrübəyə görə təklif edilən əvəzin “daha böyük sahə” olması kifayət etmir – həmin yerin kommersiya əlverişliliyi, infrastrukturu, mərtəbəsi, konkret ünvandakı müştəri axını və sair amillər də nəzərə alınmalıdır. Xüsusi ilə vurğulamaq istəyirik ki, məhv edilən obyekt sahibkarlıq məqsədilə istifadə edilir; deməli, maddi gəlir mənbəyindən məhrum olma məsələsi ortaya çıxır. Bu səbəbdən “ədalətli kompensasiya” anlayışı daha geniş dəyərləndirilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri, ünvan 1 və Ə. Hüseynzadə küçələrinin kəsişməsi ünvanında yerləşən 11.5 kv.m olan qeyri-yaşayış sahəsində söküntü və tikinti işlərinin aparılmasının cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh «xxxx” MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(5- **)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Nəsimi rayon Məhkəməsinin e-16(5-98)- 183/2026saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır, ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbiri” barədə ərizə verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinə iddia ərizəsi verilənədək cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, ünvan 1 və Ə.Hüseynzadə küçələrinin kəsişməsi ünvanında yerləşən 11.5 kv.m olan qeyri-yaşayış sahəsində aparılan bütün söküntü və tikinti işlərinin aparılmasına qadağanın qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, e-16(5-98)- 183/2026nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, ünvan 1 və Ə. Hüseynzadə küçələrinin kəsişməsi ünvanında yerləşən 11.5 kv.m olan qeyri-yaşayış sahəsində söküntü və tikinti işlərinin aparılması cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə razı deyil, qərardadın ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş edirlər. Hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Ərizəçi xxxx MMC-nin söküntü apardığını sübut etməyib. Hansı sübutlara əsaslandığını göstərməlidir. Sübutsuz şəkildə “xxxx” MMC-yə qadağa qoyulması cəmiyyətin fəaliyyətinə əsassız müdaxilə olmaqla mütənasiblik prinsipinin kobud şəkildə pozulmasıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, III və V hissələrinə, 28-ci maddəsinin İ və III hissələrinə, 29-cu maddəsinin II hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və II hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun göstərilən müddəaları baxımından müvəqqəti təminat tədbirlərinin əsas məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Bu mənada, müvəqqəti təminat tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Həmçinin, ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı əsaslandırılmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, ərizəçi Ərizəçi mübahisəli qeyriyaşayış sahəsini qanunvericiliyə uyğun qaydada əldə etmiş, həmin əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh “xxxx" MMC tərəfindən mübahisəli ərazidə, o cümlədən ərizəçinin mülkiyyətində olan sahəni də əhatə edən söküntü və tikinti işləri aparılır. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən söküntü və tikini işlərinin davam etdirilməsi mübahisə predmeti olan əmlakın faktiki olaraq məhv edilməsi və ya onun əvvəlki vəziyyətinə qaytarılmasının mümkünsüzləşməsi ilə nəticələnə bilər. Bu isə gələcəkdə mümkün məhkəmə qərarının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Hazırki halda mübahisə predmeti olan əmlakın mövcud vəziyyətinin qorunub saxlanılması məqsədilə cavabdeh tərəfindən həmin ərazidə aparılan söküntü və tikinti işlərinin müvəqqəti olaraq dayandırılması zəruruliyini və tərəflərin hüquq və mənafelərinin balanslı şəkildə qorunmasını nəzərə almaqla birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab edilir. Şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Şikayətdə qeyd edilənlər cavabdehin hüquqlarının konkret və real şəkildə pozulduğunu sübut etmir. Eyni zamanda qeyd edilməlidir ki, əgər cavabdeh tərəfindən mübahisəli sahədə hər hansı söküntü və ya tikinti işlərinin aparılmadığı iddia olunursa, bu halda müvəqqəti təminat tədbirinin tətbiqi onun hüquqlarına real və faktiki müdaxilə yaratmır. Belə olan halda cavabdehin hansı konkret hüququnun pozulması əsaslandırılmamış hesab edilir. Əksinə, müvəqqəti təminat tədbirinin ləğvi mübahisə predmeti olan əmlakın dəyişdirilməsi və ya məhv edilməsi riskini yarada, gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasını faktiki olaraq mümkünsüz edə bilər. Bu isə ədalət mühakiməsinin effektivliyinə zidd olmaqla, tərəflərin hüquqlarının bərabər qorunması prinsipini poza bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar