Məhkəmə qərarları › İş №e-16(3-6)-330/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-330/2026

19.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-330/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i:

1. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Cavabdeh arasında ##.##.2010-cu il tarixində Bakı Nikah Evi (Səadət Sarayı) tərəfindən qeydiyyata alınmış nikahın pozulması, yetkinlik yaşına çatmayan övladları ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü Həmidzadə Mikail Elnur oğlunun onun himayəsinə verilməsi və cavabdehin gəlirlərindən və qazancından 1/3 hissədə alimentin tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Ərizəçi arasında ##.##.2010-cu il tarixində bağlanmış nikahın pozulması; yetkinlik yaşına çatmayan övladları - Həmidzadə Ibrahim və Həmidzadə Mikailin onun himayəsinə verilməsi; cavabdehdən uşaqların saxlanılması üçün gəlirinin 1/3 hissəsinin aliment qismində tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

3. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənə qədər ərizəçinin azyaşlı ##.##.2020-ci il təvəllüdlü oğlu Həmidzadə Mikail Elnur oğlu ilə hər həftənin bazar ertəsi, çərşənbə, cümə günləri saat 09:00-dan etibarən gecələmək şərtilə 24 saat (həmin günlərdə uşağın məktəbəqədər təhsil müəssisəsində iştirakı nəzərə alınmaqla), həftə aşırı olmaqla həftədə bir dəfə bazar günləri saat 09:00-dan etibarən 24 saat maneəsiz ünsiyyətdə olmağına (görüş günlərinin müəyyən edilməsinə) dair qərardadın qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə belə əsaslandıırlmışdir ki, Xətai Rayon Məhkəməsinin icraatında ərizəçinin cavabdeh Cavabdeh qarşı “nikahın pozulması və s. tələblərə dair” iddia ərizəsi üzrə mülki iş vardır. Iş üzrə bir sıra hallar məhkəmə baxış iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmişdir. Belə hallardan biri də odur ki, birgə nikahdan dünyaya gəlmiş övladları ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü Həmidzadə Mikail Elnur oğlu münasibətləri pozulduğu vaxtdan etibarən həftənin 3 günü ərizəçinin himayəsində, 3 günü isə cavabdehin himayəsində yaşamışlar. Hər həftədə 1 gün (bazar günü) isə bir həftə ərizəçidə növbəti həftə cavabdehdə qalmışlar. Bu hal həm qəyyumluq komissiyasının rəyində, həmçinin cavabdehin vəkili tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə iş üzrə rəy alınması üçün materiallar Xətai rayon Icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və həmin qurum tərəfindən müvafiq rəy verilməklə bildirilmişdir ki, böyük oğlunun ərizəçinin himayəsinə, kiçik oğlunun isə cavabdehin himayəsinə verilməsi tövsiyə edilir. Lakin məhkəmə bu rəyi kifayət hesab etməmiş və ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə psixoloji ekspertizanın keçirilməsini qərara almışdır. Buna əsas isə cavabdehin həqiqətə uyğun olmayan hallara istinad etməsi və məhkəmənin də faktiki olaraq bu hallara etibar göstərməsi ilə nəticələnən qərardad qəbul edilmişdir. Bundan sonra cavabdeh kiçik oğlu ##.##.2020-ci il təvəllüdlü Mikail Həmidzadəni ərizəçi ilə ünsiyyətinə müxtəlif bəhanələrlə maneə olması baş vermişdir. Oğlunun ərizəçidə olan ünsiyyət foto və videoları, həmçinin ərizəçiyə olan bağlılığı cavabdehi bu addımı atmağa vadar etmişdir ki, məhkəmənin keçirəcəyi psixoloji ekspertizaya qədər ərizəçiylə oğlunun ünsiyyəti tam dayanmış haldadır. Ərizəçi artıq 1 aya yaxındır ki, oğlu ilə heç telefon vasitəsilə də əlaqə saxlaya bilmir. Cavabdeh danışıqlara mane olur, oğluna ərizəçiylə ünsiyyətdə olmaması ilə bağlı hədələr gəlir. Bu azmış kimi cavabdeh rəsmi iş saatlarında 09:00-dan 18:00-a qədər olan dövrdə oğlunu faktiki olaraq nəzarətsiz qoyur. Oğlu hazırda məktəbə qədər təhsil müəssisəsinə getməkdən də məhrum edilib. Cavabdeh işdə olduğu saatlarda uşaq yalnız yaşı 80-i keçmiş şəxslərin himayəsində qalır ki, bu da oğlunun ağır xəstələnməsi ilə nəticələnmişdir. Hətta o dərəcədə xəstəlik inkişaf etmişdir ki, oğluna təcili sistem köçürülmüşdür. Ərizəçi sərbəst iş qrafikində çalışır və iş saatlarını özü müəyyən edir. Nikahın pozulması ilə bağlı məhkəmə prosesi davam edən dövrdə və hətta cavadbehin evi tərk etdiyi gündən etibarən ərizəçi həftənin 4 günü övladlarına tam olaraq nəzarət edir. Onları şəxsən həm təhsil müəssisələrinə aparır və oradan götürür. Eyni zamanda onların bütün qayğılarını qarşılayır. Belə olan halda hesab edir ki, oğlu Mikayıl Həmidzadə ilə nikah pozulması ilə bağlı məhkəmə qətnaməsi qüvvəyə minənədək ünsiyyət qaydası müəyyən edilməlidir. Ərizəçi oğlunun ərizəçinin himayəsində olduğu günlərdə təhsil müəssisəsində təhsil almasını və iştirakını öz üzərinə götürür.

5. Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Cavabdeh iştirakı məhdudlaşdırılmadan, Ərizəçi övladı – ##.##.2020-ci il təvəllüdlü Həmidzadə Mikail Elnur oğlu ilə hər həftənin çərşənbə günü saat 14:00-dan saat 18:00-dək, hər təqvim ayı ərzində iki ardıcıl bazar günü olmamaq şərti ilə, hər bazar günü saat 14:00-dan saat 18:00-dək ünsiyyətdə olmaları müəyyən edilmiş, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Ərizəçi qərardaddan şikayət verərək, qərardadın ərizənin təmin edilməyən hissəsində ləğv edilməsini və ərizəsinin tam təmin edilməsini xahiş etmişdir.

7. Şikayət belə əsaslandırılmışdır ki, azyaşlı övladı ##.##.2020-ci il təvəllüdlü Həmidov Mikail Elnur oğlu məktəbə qədər təhsil müəssisəsindən kənarlaşdırıldığı üçün ona veriləcək günlərdə uşağın təhsilinin davam etdirilməsini öz üzərinə götürür. Qərardadla müəyyən olunan saatlarda uşaq bağçada olmalıdır. Ona görə də uşaqla görüş saatlarının dəyişdirilməsini tələb edir. Bundan başqa analoji işlər üzrə məhkəmə təcrübəsində 3 yaşa qədər uşaqlarla ünsiyyət zamanı ananın iştirakı labüd hesab edildiyi halda, oğlunun 5 yaş 10 ay yaşı var və onunla ünsiyyəti zamanı heç bir kənar şəxsin iştirakına zərurət yoxdur və bu fakt yuxarıda qeyd etdiyi kimi işə baxan hakimə bəllidir və sübuta ehtiyacı olmayan haldır. Eyni zamanda məlum olan haldır ki, cavabdehlə 1 ildən çoxdur ki, ayrı yaşayır və həmin bu müddət ərzində övladları həftənin 3-4 günü onun himayəsində olmuşlar.

8. Maraqlı şəxs qərardaddan şikayət verərək, görüş saatlarının şənbə günü saat 14:00-dan 16:dək təyin edilməsini, qalan hissədə qərardadın ləğv edilməsini xahiş etmişdir.

9. Şikayət belə əsaslandırılmışdır ki, oğlu Mikayıl atası ilə qalmaq istəmədiyini, atasından qorxduğunu və onun yanında qalacağı təqdirdə onu yenə döyəcəyini bildirmişdir. Mikayıldan bu barədə ətraflı soruşduqda atasının onun üzündən şillə vurduğunu demişdir. Həmçinin uşaq bağçaya da getmək istəmədiyini, bağçaya gedəcəyi təqdirdə onu bağçadan atasının götürəcəyini və qorxduğunu bildirmişdir. O bildirmişdir ki, ##.##.2026-cı il tarixdə azyaşlı övladları Ibrahim və Mikayıl atalarının yanından cavabdehin yanına qayıtdıqda, Mikayılın sol qulağının arxa hissəsində və barmağında qançır izləri aşkar etmiş, bu barədə Mikayıldan soruşduqda, onun qadının oğlu – 12 yaşlı Uğur tərəfindən xalça üzərində sürüklənməsi nəticəsində bu xəsarətləri aldığını bildirmişdir. Həmçinin, iş rejimi həftənin 5 günü saat 09:00-dan 18:00-dək olduğundan, hər həftənin çərşənbə günü təyin edilmiş görüşlərdə iştirak etməyi faktiki olaraq mümkün deyildir. Eyni zamanda, Mikayıl məhkəmənin qeyd etdiyi saatlarla bağçada olduğu saatlar üst-üstə düşür. Buna görə də qərardadın dəyişdirilərək çərşənbə günün şənbə günü ilə əvəz edilməsini və görüş saatının qısaldılaraq 14:00dan 16:00-a dək təyin edilməsini, hər təqvim ayı ərzində iki ardıcıl bazar günü olmamaq şərti ilə, hər bazar günü saat 14:00-dan saat 18:00-dək ünsiyyətdə olmaları hissəsində qərardadın ləğv edilməsini tələb edir.

10. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

13. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, Ailə Məcəlləsinin 61-ci maddəsinin tələbinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

15. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Mülki prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərindən göründüyü kimi, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən ayrıca icraatda baxılmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

17. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.

18. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər .

19. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

20. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2020-ci il təvəllüdlü Həmidzadə Mikail Elnur oğlu Bakı şəhərində anadan olmuşdur, atası Ərizəçi, anası Cavabdehdır.

21. Müvəqqəti təminat tədbiri barədə ərizədən görünür ki, tərəflər arasında nikah münasibətləri rəsmi olaraq pozulmasa da, tərəflər faktiki olaraq ayrı yaşayırlar və ərizəçi birgə nikahdan olan uşağı ##.##.2020-ci il təvəllüdlü Həmidzadə Mikail Elnur oğlu ilə sərbəst ünsiyyət qura bilmədiyi üçün məhkəmə qətnaməsi ilə nikahın pozulması məsələsinə baxılanadək onlarla müvəqqəti olaraq sərbəst surətdə görüşməsi üçün hazırda vaxt verilməsini xahiş edir.

22. Məhkəmə ərizəçi və cavabdehin şikayətlərinin dəlillərini nəzərdən keçirirək, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, uşaqların isə öz valideynləri ilə ünsiyyətdə olmaq hüququnun olmasını, hazırkı halda uşağın yaşını, işin hallarını, eləcə də bu qərardadın mübahisəni mahiyyəti üzrə həll etmədiyini nəzərə alaraq, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşır.

23. Məhkəmə hesab edir ki, rayon məhkəməsi hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisələndirilən qərardadı qəbul etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayətlər isə əsassız olmaqla, qərardadın ləğvinə səbəb olmadığından təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə bir daha xatırladır ki, hazırkı müdafiə tədbiri müvəqqəti olmaqla iş üzrə çıxarılacaq yekun məhkəmə aktı - qətnamə və s. üçün heç bir preyudisial əhəmiyyət daşımır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

26. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

27. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

28. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Ərizəçi Ərizəçi və maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar