Məhkəmə qərarları › İş №e-16(3-6)-335/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-335/2026

22.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-335/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. Ərizəçi Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx" MMC-nin (VÖEN **********) “xxxx” ASC-də olan AZ**PAHA*****AZNHC********** nömrəli hesablaşma hesabına (SWIFT: PAHAAZ22, M/h AZ82NABZ01350100000000071944) 93482,82 (doxsan üç min dörd yüz səksən iki manat səksən iki qəpik) manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh MMC-nin (VÖEN **********) “xxxx” ASC-də olan AZ**PAHA*****AZNHC********** nömrəli hesablaşma hesabına (SWIFT: PAHAAZ22, M/h AZ82NABZ01350100000000071944) 37637,08 (otuz yeddi min altı yüz otuz yeddi manat səkkiz qəpik) manat həcmində pul vəsaiti üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan həbs qoyulmuşdur.

4. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından “AZEMIS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cavabdeh MMC tərəfindən şikayət verilmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə cavabdeh Cavabdeh MMC arasında ## ###### 2025-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Salyan şossesi 13-cü km, 2C ünvanında yerləşən istehsalat sahəsi icarəyə götürülmüşdür. Iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, guya cavabdeh tərəfindən icarə haqqı və kommunal ödənişlərin ödənilməməsi əsası ilə ümumilikdə 74834,19 manat məbləğində borcun və 315 manat dövlət rüsumunun tutulması tələb edilmişdir. Daha sonra isə ##.##.2026-cı il tarixində Iddia tələbini dəqiqləşdirərək, ümumilikdə 93482,82 manat məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. Sözügedən iş hal-hazırda məhkəmənin icraatındadır və iş üzrə yekun qərar qəbul edilməmişdir. Cavabdeh Cavabdeh MMC isə ilkin iddia ilə razılaşmayaraq, iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və iddiaçının müqavilə öhdəliklərini pozması nəticəsində cavabdehə ümumilikdə 383373 manat məbləğində zərər dəydiyini əsaslandırmışdır. Belə ki, icarə predmetində ciddi qüsurlar mövcud olmuş, o cümlədən generatorun işləməməsi, transformatorun gücünün istehsalat fəaliyyətini təmin etməməsi, kanalizasiya sistemində nasazlıqlar və cavabdehin fəaliyyətinə maneələrin yaradılması nəticəsində cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirə bilməmişdir. Bu hallar iddiaçı tərəfindən göndərilmiş məktublarda da faktiki olaraq etiraf olunmuşdur. Buna baxmayaraq, iddiaçı məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək cavabdehin bank hesabına həbs qoyulmasını tələb etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cıil tarixli qərardadı ilə həmin ərizə qismən təmin edilərək, cavabdehin bank hesabına 37637,08 manat məbləğində həbs qoyulmuşdur. Lakin qeyd olunmalıdır ki, həmin qərardad qəbul edilərkən işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, cavabdehin qarşılıqlı iddiası, tərəflər arasında mövcud mübahisənin mahiyyəti və iddia tələbinin mübahisəli olması nəzərə alınmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinə etiraz

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim ediıməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

9. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

10. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

11. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

12. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

13. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

14. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

15. Maddə 158.3-cü maddəsinə görə əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.

16. Maddə 158.4. Cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır.

17. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

19. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

20. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

21. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

22. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).

23. Iş materiallarından görünür ki, ərizəçi tərəfindən e-*-*(*-**)-***/**** nömrəli iş üzrə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar (Ərizəçi şirkətinin Azərbaycan Respublikasındakı filialı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında ## ###### 2025-ci il tarixində bağlanmış icarə müqaviləsi, elektron qaimələr və s.) iddia ərizəsinə əlavə edilmişdir.

24. Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.

25. Iş materiallarından görünür ki, Ərizəçi şirkətinin Azərbaycan Respublikasındakı filialı (icarəyə verən) ilə cavabdeh Cavabdeh MMC (icarəçi) arasında ## ###### 2025-ci il tarixində Bakı şəhəri, Salyan şossesi 13-cü km 2C ünvanında yerləşən, ümumi sahəsi 4450 kv.m olan obyektin (açıq sahə, bağlı sahə (Workshop) və ofis sahəsi) icarəsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 17700 manat (18% ƏDV daxil) təşkil edir.

26. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadından görünür ki, ərizəçi Ərizəçi şirkətinin AR filialı tərəfindən verilmiş şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, cavabdeh Cavabdeh MMC-nin “xxxx” ASC-dəki bank hesabında olan pul vəsaitlərinin üzərinə əmək haqqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan (yaradılmadan) 55845,74 (əlli beş min səkkiz yüz qırx beş manat yetmiş dörd qəpik) manat həcmində həbs qoyulması qərara alınmışdır.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti təminat tədbirləri gələcək məhkəmə aktının icrasını təmin etmək məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddia tələbinin tam sübuta yetirilməsi tələb olunmur, ilkin baxış zamanı iddianın kifayət qədər əsaslı görünməsi və gələcək icranın çətinləşməsi riskinin mövcudluğu kifayət hesab edilir. Ərizəçinin təqdim etdiyi ilkin sübutlar müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə baxılması mərhələsində iddia tələbinin prima facie əsaslı hesab edilməsi üçün kifayət etmişdir.

28. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən şikayətdə qeyd edilmiş hallar müvəqqəti təminat tədbirinin tətbiqini istisna edən hal kimi qiymətləndirilə bilməz.

29. Belə ki, qarşılıqlı iddianın mövcudluğu özlüyündə ilkin iddia üzrə təminat tədbirinin tətbiqinə mane olmur. Eyni zamanda tətbiq edilmiş təminat tədbiri cavabdehin təsərrüfat fəaliyyətini tam iflic edən xarakter daşımamış, qərardadda işçilərin əmək haqlarının və dövlət büdcəsinə məcburi ödənişlərin həyata keçirilməsinə məhdudiyyət qoyulmadığı ayrıca qeyd edilmişdir. Belə yanaşma tərəflərin maraqlar balansının qorunmasına xidmət edir.

30. Eyni zamanda birinci instansiya məhkəməsi hazırkı ərizəyə baxarkən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə Cavabdeh MMC-nin “xxxx” ASC-dəki bank hesabında olan pul vəsaitlərinin üzərinə qoyulmuş 55845,74 manat məbləğində həbsi nəzərə alaraq, tələb olunan ümumi 93482,82 manat məbləğindən əvvəlki qərardadla təmin edilmiş hissəni çıxmış və yalnız qalan 37637,08 manat hissəsində həbs qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Bu isə məhkəmənin müvəqqəti təminat tədbirini proporsionallıq prinsipi əsasında tətbiq etdiyini göstərir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

32. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar