Məhkəmə qərarları › İş №e-16(3-6)-345/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-345/2026

20.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-345/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi İmran qızının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi ilə bağlı icraat üzrə (Açar sözlər: alimentin müvəqqəti tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X5 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Ərizəçi İmran qızı tərəfindən verilmiş “müvəqqəti aliment tutulmasına dair təminat tədbirinin görülməsi haqqında” ərizə ilə bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Ərizəçi İmran qızı cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında ##.##.2008ci il tarixdə Bakı Nikah evində nikah akt qeydləri kitabında **** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş ##.##.2011-ci il təvəllüdlü Hadıyev Mirabutalıb Elşən oğlu, ##.##.2012-ci il təvəllüdlü X2 və ##.##.2021 ci il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı Ərizəçi İmran qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş ##.##.2011-ci il təvəllüdlü Hadıyev Mirabutalıb Elşən oğlu, ##.##.2012-ci il təvəllüdlü X2 cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Mülki iş üzrə cavabdeh Maraqlı şəxs iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının nikaha xitam verilməsi barədə iddiasının həmin hissədə təmin edilməsi, azyaşlı uşaqların ananın yanında saxlanılması hissəsinin rədd edilməsi və azyaşlı uşaqlar Hadıyev Mirabutalıb Elşən oğlu, X2 və X3 onların üstün mənafeyi nəzərə alınaraq ataları Maraqlı şəxs yanında saxlanılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadları ilə uşaqların valideynlərindən hansının yanında qalmalarının onların mənafeyinə uyğun olması məsələsinin müəyyən edilməsi üçün müvafiq rəyin və müayinə aktının verilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş, eyni zamanda iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş və müvafiq rəylər alınanadək iş üzrə icraat dayandırılmışdır.

5. Daha sonra cavabdeh Maraqlı şəxs «müvəqqəti təminat tədbiri»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılana qədər müvəqqəti təminat tədbiri kimi Ərizəçi İmran qızından 600 manat aylıq aliment tutulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, yetkinlik yaşına çatmayan ## #### 2011-ci il təvəllüdlü Hadıyev Mirabutalıb Elşən oğlu və ## ##### 2012-ci il təvəllüdlü X2 üçün Ərizəçi İmran qızından Maraqlı şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Ərizəçi İmran qızı “müvəqqəti təminat tədbiri” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 419 yaşayan Maraqlı şəxs Mirabdultalıb oğlundan övladı ##.##.2021-ci il təvəllüdlü X3 üçün yekun məhkəmə qətnaməsi çıxarılanadək sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0.80 misli həddində aliment alınaraq ona verilməsi ilə bağlı müvəqqəti xarakterli təminat tədbiri barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxslə 2008-ci il tarixdən rəsmi nikahdadır. Həmin nikahdan üç övladları var. Cavabdehin fiziki işgəncələrinə dözə bilmədiyi üçün, həmçinin digər səbəblərdən hazırda nikahın pozulması tələbi ilə bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Birgə nikahdan ##.##.2011-ci il təvəllüdlü X9, ##.##.2012-ci il təvəllüdlü X2 və ##.##.2021-ci il təvəllüdlü X3 olmuşdur. Hazırda uşaqlardan ən kiçiyi ##.##.2021-ci il təvəllüdlü X3 ərizəçinin himayəsindədir. Artıq cavabdehlə uzun müddətdir birlikdə yaşamır. Cavabdeh uşağı ilə maraqlanmır, zəruri ehtiyaclarının alınmasında iştirak etmir. Maraqlı şəxs Mirabdultalıb oğlundan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0.80 misli həddində alimet alınması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Övladı azyaşlıdır və səhhətində müəyyən çətinliklər var. Hazırda övladının təhsilinə, müalicəsinə və sair xərclərinə kifayət qədər vəsait xərcləyir. Buna görə də yekun məhkəmə qərarı çıxarılanadək uşaqlara aliment ödənilməsi zərurəti yaranmışdır.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı ilə (hakim İ.İ.Həsənov) ərizə təmin edilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

10. Ərizəçi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, hakim göstərilən qərardadı belə əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026 cı il tarixli qərardadı ilə Maraqlı şəxs ərizəsi qismən təmin edilmiş, yetkinlik yaşına çatmayan ## #### 2011-ci il təvəllüdlü Hadıyev Mirabutalıb Elşən oğlu və ## ##### 2012- ci il təvəllüdlü X2 üçün Ərizəçi İmran qızından Maraqlı şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmış, ##.##.2026-cı il tarixli qərardad qəbul edilərkən, yəni nə qədər aliment məbləğinin tutulması müəyyən edilərkən iki uşağın atada, bir uşağın isə anada qalması nəzərə alınmaqla və müvafiq qaydada əvəzləşdirilməklə hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmış, həmin qərardaddan şikayət verilməmiş, qanuni qüvvəyə minmişdir. Hakim qərardadın əsaslandırma hissəsində nəzərə almamışdır ki, tutalım lap həmin qərardaddan şikayət belə verilsə, həmin qərardad dərhal qanuni qüvvəsini alır və şikayəti gözləmir. Həmçinin hakim qeyd etmişdir ki, guya digər qərardad qəbul edilərkən əvəzləşdirmə olmuşdur. Hansı ki, hakimin qeyd etdiyi digər qərardadda əvəzləşdirmədən söhbət getmir, əksinə həmin qərardadda hakim haqlı olaraq ananın yanında olan uşağın daha azyaşlı olmasını, daha çox qayğı və xərcə ehtiyac olmasını nəzərə alaraq anaya aliment təyin etmişdir. Yəni göründüyü kimi hakim əvəzləşdirmə yox, işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Hazırda hakimin digər qərardadında qeyd etdiyi kimi daha azyaşlı, daha çox qayğı və maddi xərcə ehtiyac olan uşağın saxlanılmasına aliment təyin etməmək qanunsuzdur. Anada olan uşaq ürək qüsurlu xəstə uşaq olduğu üçün müalicə xərcləri kifayət qədərdir, özəl baxçada təhsil alır. Həmçinin hakim qərardadında qeyd etmişdir ki, ata təqaüdçüdür və 788 manat təqaüd alır. Həmin təqaüd ona imtiyazlı verilən təqaüddür. Ata hazırda fiziki sağlamdır, hər gün idmanla məşğul olur, bağında (xüsusi it cinsi olan “Koni Kors”) iki ədəd it saxlayır. Hər iki heyvanının saxlanılmasının gündəlik xərci 10-15 manatdır. Hər halda, itlərin saxlanılmasına vəsait tapan ata bir övladının da saxlanılmasına vəsait ödəyə bilər. Yəni ata təqaüdlə yanaşı fərdi əməklə məşğuldur və kifayət qədər gəliri var. Mülkiyyətində iki evi və bahalı avtomobili var. Həmçinin hakim ananın Ədliyyə Nazirliyinin İcra xidmətində işlədiyini qərardadda xüsusi olaraq qeyd edir. Ananın həmin vəzifədə işləməsi aliment almamasına dəlalət etmir. Qərardadda elə qeyd edilir ki, hər üç uşağın saxlanılması tək ananın borcudur. Belədirsə, haqlı olaraq hər üç övladları ananın himayəsinə verilsin. Qərardadda qeyd edilən hallar hakimin xüsusi qərəzli mövqe tutduğunu bildirir. Ailə Məcəlləsinə əsasən uşağın saxlanılması hər iki valideynin vəzifəsidir. Lakin hakim bütün bu göstərilənləri nəzərə almadan azyaşlı uşağın hüquqlarının pozulmasına gətirib çıxaran qərardad qəbul etmişdir. Göründüyü kimi göstərilən hallar nəzərə alınmalı və qərardad ləğv edilməlidir.

12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

14. Cavabdeh Maraqlı şəxs şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, Ərizəçi səkkiz aydır övladları ##.##.2011-ci il təvəllüdlü Hadıyev Mirabutalıb Elşən oğlu, ##.##.2012-ci il təvəllüdlü X2 və ##.##.2021-ci il təvəllüdlü X3 atıb getmişdir. ##.##.2026-cı ildə məzuniyyətdə olduğunu bildirmiş və qızı Hadıyeva Ümrəni bir həftəlik yanına gətirməyini xahiş etmişdir. O, oğlanlarının iştirakı ilə qızı Hadıyeva Ümrəni aparıb ona ünvan 1 ünvanında təhvil vermişdir. Hiylə və məkr işlədərək vəkili ilə birgə Xətai rayonu icra hakimiyyətindən ##.##.2026-ci il tarixində qısa müddətli mühafizə orderi almışdır. Halhazırda da Xətai rayon məhkəməsinə, Nəsimi rayon məhkəməsinə uzun müddətli mühafizə orderi ilə bağlı müraciətlər etmişdir, lakin məhkəmələr haqlı olaraq rədd etmişdir. Ərizədə bildirir ki, “cavabdehin mülkiyyətin də iki evi var.” Yəqin ki, kirayə verdiyi Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 36, mənzil 3 və Xətai rayonu, Y.Səfərov küçəsi, ev 3R nəzərdə tutur. Göstərilən mənzilər özünə və anasına məxsusdur. Belə ki, ona məxsus olan mənzilərin ünvanını bilərdi. Bildirir ki, “ata fiziki sağlamdı hər gün idmanla məşğul olur.” O, hələ DİN-in akademiyasında təhsil alan zaman beynəlxalq idman ustası dərəcəsinin normativlərini 2004-cü ildə Sankt-Peterburq şəhərində doldurmuşdur. Hal-hazırda övladları döyüş idman növləri ilə məşğul olur. X1 10 may Heydər Əliyevin adına keçirilmiş turnirin qalibidir. Şikayətdə bildirir ki, “bağında xüsusi it cinsi olan ("kanekorso") iki ədəd it saxlayır.” O, təmiz cins iki ədəd kanekorso itləri saxlayır, əlavə olaraq atı da var, təmiz Qarabağ cins döyüş atıdır. Bildirir ki, “bahalı avtomobili var.” Toyota markalı avtomobili var. Özü ata mülkündə anasının adına olan mənzildə yaşayır. İddiaçı bildirir ki, “cavabdeh gündəlik heyvanlara 10- 15 manat pul xərcləyir.” Bildirir ki, onun vəkillərə və falçılara xərclədiyi pulu övladına xərcləsəydi, daha səmərəli olardı. Ərizəçi bütün məhkəmə iclaslarında bildirir ki, Ədliyyə Nazirliyinin Rudur və məhkəmənin baxış iclaslarında özünü qurban kimi qələmə verir və sanki övladlarını atıb getməyib övladları onu atıb gedib. O, və oğlanları dərhal Hadıyeva Ümrəni qəbul etməyə hazırdırlar. Çünki o, bioloji ana olaraq qızına nəzarət edə bilmir. Hətta şənbə günləri də işləyir. Səhər saat 07:00-da gedib axşam 20:00-da gələn övladına nə qayğı göstərə bilər, nə də səhhətiylə marağlana bilər.

15. İddiaçının nümayəndəsi və vəkili ərizə ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh etiraz ərizəsində imkanlarının yaxşı olduğunu, təmiz cins iki ədəd kanekorso itləri saxladığını, əlavə olaraq Qarabağ cins döyüş atınının da olduğunu bildirərək, imkan dairələrini etiraf etmişdir. Yəni, göründüyü kimi cavabdeh imkanlarının yaxşı olduğunu, lakin ana ilə aralarında olan münaqişəyə görə aliment ödəmədiyini dolayı yolla etiraf etmişdir. Hörmətli məhkəmə, uşaq qisas vasitəsi kimi istifadə oluna bilməz və hər uşağın saxlanılması üçün qanunun imperativ tələbinə əsasən aliment təyin edilməlidir. Şikayəti müdafiə edir və təmin edilməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 101.1. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdən müəyyən olunur ki, tərəflər ##.##.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin birgə nikahından üç övladı doğulmuşdur. Uşaqlardan ##.##.2021-ci il təvəllüdlü X3 ananın, ##.##.2011-ci il təvəllüdlü Hadıyev Mirabutalıb Elşən oğlu və ##.##.2012-ci il təvəllüdlü X2 isə atanın yanında qalırlar.

20. İşdən həmçinin müəyyən olunur ki, cavabdeh Maraqlı şəxs müvəqqəti təminat tədbirinə dair ərizəsi əsasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan ## #### 2011-ci il təvəllüdlü Hadıyev Mirabutalıb Elşən oğlu və ## ##### 2012-ci il təvəllüdlü X2 üçün Ərizəçi İmran qızından Maraqlı şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.

21. Həmin qərardada əsasən iki uşağın atada, bir uşağın isə anada qalması nəzərə alınmaqla müvəqqəti alimentin məbləği müəyyən edilmişdir. Qərardad qanuni qüvvəyə minmiş və iddiaçı həmin qərardadı mübahisələndirməmiş, onunla razılaşmışdır.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar