Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-356/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Ərizəçi arasında ##.##.2010-cu il tarixində Bakı Nikah Evi (Səadət Sarayı) tərəfindən qeydiyyata alınmış nikahın pozulması, yetkinlik yaşına çatmayan övladları ##.##.2014-cü il təvəllüdlü Həmidzadə İbrahim Elnur oğlu və ##.##.2020-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi və cavabdehin gəlirlərindən və qazancından 1/3 hissədə alimentin tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Cavabdeh arasında ##.##.2010-cu il tarixində bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan övladları Həmidzadə İbrahim və Həmidzadə Mikailin onun himayəsinə verilməsi, cavabdehdən uşaqların saxlanılması üçün gəlirinin 1/3 hissəsinin alimentin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək azyaşlı övladı İbrahim Həmidzadə ilə hər həftənin çərşənbə axşamı və cümə günləri (iş saatlarını və İbrahimin məktəbini nəzərə alaraq) saat 18:30-dan etibarən gecələmək şərtilə, həmçinin şənbə və bazar günləri saat 09:00-dan etibarən ardıcıl 2 gün gecə qalmaq şərtilə 24 saat maneəsiz ünsiyyətinin təmin edilməsi və görüş günlərinin müəyyən edilməsinə dair qərardadın qəbul edilməsini xahiş etmişdir. Müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, hakim Aynur Abdullayevanın icraatında olan e-*(***)-****/**** nömrəli iş üzrə ilkin iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi qarşı "nikahın pozulması, uşaqların atanın yanında saxlanılması və aliment tutulması” tələbinə dair iddiası, həmçinin eyni məzmunlu qarşılıqlı iddia mövcuddur. Cavabdeh Cavabdeh nikahda olduqları müddətdə Ərizəçi xəyanət etmiş və hazırda həmin qadınla faktiki nikah münasibətlərinə bənzər şəkildə birgə yaşayır. O, həmin qadını uşaqlarla böyüdüyü evə gətirir. Həmin qadının həyat tərzi və mənəvi keyfiyyətləri ilə bağlı məhkəməyə sübutlar təqdim edilmişdir. Eyni zamanda, həmin qadının Ərizəçi və azyaşlı övladlarına qarşı hədələr səsləndirdiyini, onları öldürməklə təhdid etdiyini təsdiq edən video materiallar da məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə, ##.##.2026-cı il tarixdə azyaşlı övladları İbrahim və Mikayıl atalarının yanından Ərizəçi yanına qayıtdıqda, Mikailin sol qulağının arxa hissəsində və barmağında qançır izləri aşkar edilmişdir. Bu barədə anası Mikayıldan soruşduqda, onun həmin qadının oğlu 12 yaşlı Uğur tərəfindən xalça üzərində sürüklənməsi nəticəsində bu xəsarətləri aldığını bildirmişdir. Bu halı təsdiq edən video görüntülər də məhkəməyə təqdim edilmişdir. İbrahim azyaşlı olduğundan onun anasına ehtiyacı çoxdur. Qəyyumluq və himayə orqanının rəyinə əsasən, ##.##.2014-cü il təvəllüdlü Həmidzadə İbrahim Elnur oğlu ilkin dinlənilmə zamanı hər iki valideynini çox sevdiyini və hər ikisi ilə birlikdə yaşamaq istədiyini bildirmişdir. Lakin sonrakı dinlənilmədə o, seçim qarşısında qaldıqda atasının yanında qalmaq istədiyini qeyd etmiş və bunu atası ilə daha çox vaxt keçirməsi və onunla olarkən özünü xoşbəxt hiss etməsi ilə əsaslandırmışdır. Yəni, İbrahim hər iki valideynini sevdiyini və heç bir valideyninə neqativ yanaşmadığını bildirmişdir. Uşaqların gündəlik təlim-tərbiyəsi, inkişafı və problemləri ilə əsasən anaları məşğul olur. Atanın iştirakı isə daha çox əyləncə xarakterli gəzinti, kompüter oyunları, telefon və planşet istifadəsi ilə məhdudlaşmışdır (İbrahimin "Roblex" oyununa 390 manat pul xərcləmişdir). Kiçik uşaq Mikayıl Həmidzadə hazırda anası ilə yaşayır və qardaşı ilə də müntəzəm görüşə bilmir. Qardaşların əvvəlki kimi birgə vaxt keçirmələri, ailə bağlarının qorunması və xüsusilə İbrahim Həmidzadənin anaya daha çox ehtiyacının olması nəzərə alınaraq müvəqqəti təminat tədbirinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Ərizəçi övladı ##.##.2014-cü il təvəllüdlü Həmidzadə İbrahim Elnur oğlu ilə hər həftənin çərşənbə axşamı saat 14:00-dan saat 18:00-dək, hər təqvim ayı ərzində iki ardıcıl bazar günü olmamaq şərti ilə, hər bazar günü saat 14:00-dan saat 18:00-dək ünsiyyətdə olmaları müəyyən edilmiş, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil şikayət verərək görüş saatlarının dəyişdirilərək hər həftənin çərşənbə axşamı və cümə günləri saat 18:30-dan etibarən gecələmək şərti ilə, həmçinin şənbə və bazar günləri saat 09:00-dan etibarən, ardıcıl 2 gün, gecə qalmaq şərtilə, 24 saat maneəsiz ünsiyyətin təmin edilməsini, qalan hissədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi iş rejimi həftənin 5 günü saat 09:00-dan 18:00-dək olduğundan, hər həftənin çərşənbə günü təyin edilmiş görüşlərdə iştirak etməyi faktiki olaraq mümkün deyildir. Eyni zamanda, İbrahim məhkəmənin qeyd etdiyi saatlarla məktəbdə olduğu saatlar (ikinci növbə saat 13:10-18:05-dək) üst-üstə düşür. Buna görə də qərardadın dəyişdirilərək hər həftənin çərşənbə axşamı və cümə günləri saat 18:30-dan etibarən gecələmək şərti ilə, həmçinin şənbə və bazar günləri saat 09:00-dan etibarən, ardıcıl 2 gün, gecə qalmaq şərtilə, 24 saat maneəsiz ünsiyyətin təmin edilməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, ərizəçi tərəfindən verilmiş şikayətdə görüş saatlarının dəyişdirilərək hər həftənin çərşənbə axşamı və cümə günləri saat 18:30dan etibarən gecələmək şərti ilə, həmçinin şənbə və bazar günləri saat 09:00-dan etibarən, ardıcıl 2 gün, gecə qalmaq şərtilə, 24 saat maneəsiz ünsiyyətin təmin edilməsini, qalan hissədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qərardadın ərizənin təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək növündə müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında "Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2011-ci il tarixli Qərarı” ilə uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid edilməsi, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillərin nəzərə alınması, həmçinin tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilməsi tövsiyyə olunmuşdur. Həmçinin həmin qərarda göstərilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. İş materiallarından görünür ki, tərəflər arasında nikahın pozulması və yetkinlik yaşına çatmayan uşağın hansı valideynin yanında qalması, habelə uşağın valideynlərlə ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı mübahisə mövcuddur. Hazırda mübahisənin mahiyyəti nəzərə alınmaqla, tərəflərdən biri Ərizəçi, azyaşlı övladı İbrahim Həmidzadənin hazırda onun yanında olmaması səbəbindən uşaqla ünsiyyət hüququnun təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, uşaqdan ayrı qalan valideynlə uşağın arasında münasibətlərin gələcəkdə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə ərizəçinin müvəqqəti təminat tədbiri qismində uşağı ilə sərbəst surətdə görüşmək hüququ təmin edilməlidir. Vaxtın müəyyən edilməsi zamanı məhkəmə bu tədbirin yekun məhkəmə aktı qəbul olunanadək müvəqqəti xarakter daşıdığını nəzərə almışdır və işin hallarına əsasən müəyyən edilən görüş vaxtlarının hər iki tərəfin və uşaqların hüquq və mənafelərinin qorunması üçün ağlabatan saymış və həmçinin hesab etmişdir ki, qeyd olunan müddət işə baxılmasınadək minimum həddə ünsiyyətin təmin edilməsi şərtlərinə cavab verir. Məhkəmə Kollegiyası işin faktiki hallarına münasibətdə qeyd edir ki, mübahisə üzrə yekun qətnamənin qəbul edilməsi müəyyən vaxt tələb edir və bu müddət ərzində uşağın anası ilə ünsiyyətdən tam məhrum edilməsi onun mənəvi-psixoloji inkişafına və emosional sabitliyinə mənfi təsir göstərə bilər. Bu səbəbdən, mübahisənin mahiyyəti üzrə yekun qərar qəbul edilənədək uşağın anası ilə ünsiyyətinin təmin edilməsi zərurəti yaranır. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan halları, uşağın yaşını, inkişaf xüsusiyyətlərini, valideynlərlə emosional bağlılığını və uşağın mənafeyinin üstünlüyünu nəzərə alaraq, düzgün olaraq ünsiyyətin hər həftənin çərşənbə axşamı saat 14:00-dan saat 18:00-dək, hər təqvim ayı ərzində iki ardıcıl bazar günü olmamaq şərti ilə, hər bazar günü saat 14:00-dan saat 18:00-dək həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir. Belə ünsiyyət müddəti uşağın gündəlik rejimini pozmur, onun istirahət və qidalanma vaxtlarına uyğun gəlir və uşağın fiziki və mənəvi rifahına xələl gətirmir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşaq hüquqları ilə bağlı məsələ gündəmə gəldikdə ilkin hədəf məhz uşaqların üstün mənafeyinin qorunması, onların sağlam, təhlükəsiz mühitdə, həm də onların həqiqi maraqları baxımından komfort sərbəst şəraitdə və qayğı altında yaşamalarının təmin olunmasıdır. Uşaqların üstün mənafeyi baxımından onların həqiqi maraqlarına gəldikdə isə nəzərdən qaçırmaq olmaz ki, bu maraqları məhz uşaq hüquqları ilə bağlı məsələni həll etməli olan səlahiyyətli orqan, hazırkı halda isə məhkəmə müəyyən etməlidir. Həm milli qanunvericilikdə, həm beynəlxalq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, uşağın valideynlərindən ayrı yaşayan valideynlə ünsiyyət qaydasını müəyyən edərkən, uşağın yaşı, sağlamlığı, təhsil və gündəlik rejimi, həmçinin fiziki və psixi inkişafına təsir edən bütün amilləri nəzərə almalıdır. Uşaqla ünsiyyətin forması və müddəti uşağın mənafeyinə uyğun olmalı, onun gündəlik rejimini, istirahət və qidalanma vaxtlarını pozmamalı, fiziki və mənəvi rifahına zərər verməməlidir. Göründüyü kimi hər həftənin çərşənbə axşamı və cümə günləri saat 18:30-dan etibarən gecələmək şərti ilə, həmçinin şənbə və bazar günləri saat 09:00-dan etibarən, ardıcıl 2 gün, gecə qalmaq şərtilə, 24 saat maneəsiz ünsiyyətin təmin edilməsi, ##.##.2014cü il təvəllüdlü Həmidzadə İbrahim Elnur oğlunun demək olar ki, həftənin 2 günü yaşadığı mühitdən ayrılması, müəyyən vaxt daxilində anası ilə ünsiyyətdə olması, sonra yenidən yaşadığı evə qayıtması, eyni zamanda həftənin şənbə və bazar günləri də gecə qalmaq şərti məhz uşağın üstün mənafeyi baxımından onun həqiqi maraqlarına zidd olmaqla ərizənin tam təmin olunması üçün əsas deyil. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməyən hissədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa Məhkəmə Kollegiyası ərizənin təmin olunmayan hissəsinə münasibətdə qeyd edir ki, ərizəçi yalnız müvəqqəti təminat tədbiri barədə ərizə verməklə kifayətlənərək, ərizəni qanunvericiliyin tələbləri baxımından təmin edilməyən hissədə əsaslandırmayaraq, həmin hissədə müvəqqəti təminat tədbirinin digər tərəfin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə çatması üçün dəlillər göstərməmişdir. Çünki hazırda hər iki iddia tələbi baxılma ərəfəsindədir və hazırki müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə məhz yekun məhkəmə aktı qəbul olunanadək müvəqqəti xarakter daşıyır, bu baxımdan ərizəçinin hazırki tələbinin tam təmin edilməsi iddia tələbinə qabacaqdan qiymət verilməsi anlamına gələ bilər ki, bu da yol verilməzdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-356/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-356/2026
03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver