Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-366/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi “xxxx” MMC-nin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Iddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış ##.##.2025-ci il tarixli, ** saylı müqaviləyə əsasən yaranmış 39564,95 manat məbləğində əsas borcun, 7121,691 manat ƏDV borcunun, iddianın verilməsi üçün ödənilmiş 230,6 manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda iddiaçı “xxxx” MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı müki iş üzrə işə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul edilənədək, cavabdeh “xxxx” MMC-nin əmlakları üzərinə, o cümlədən “xxxx” ASC-də olan AZ**PAHA*****AZNHC********** saylı hesablaşma hesabındakı pul vəsaitlərinin üzərinə iddia tələbi həddində həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir.
4. Ərizəçi sözügedən qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi, ərizəçi “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-nin əmlakları üzərinə, o cümlədən “xxxx” ASC-də olan hesablaşma hesabındakı pul vəsaitlərinin üzərinə iddia tələbi həddində həbs qoyulmasına dair ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli, ** saylı müqavilənin 1.2-ci bəndində malların təhvil-təslim sənədləri əsasında verilməsi nəzərdə tutulmuşdur. Lakin həmin bənd formal xarakter daşıyır və tərəflər arasında real sahibkarlıq münasibətlərinin icra qaydasını əks etdirmir. Belə ki, bu müqavilə tərəflər arasında ilk hüquqi münasibət deyildir, tərəflər arasında bundan əvvəl də eyni məzmunlu və eyni şərtlərlə müqavilələr bağlanmışdır. ##.##.2022-ci il tarixli, ** saylı müqavilədə də eyni şərt mövcud olmuşdur. Lakin həmin müqavilə üzrə də faktiki olaraq ayrıca təhvil-təslim aktları tərtib edilməmişdir. Buna baxmayaraq, həmin müqavilə üzrə yaranmış borc münasibəti Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmiş və cavabdehdən əsas borc və ƏDV tutulmuşdur. Bu fakt göstərir ki, tərəflər arasında malların təhvil verilməsi praktikası imza və möhürlə rəsmiləşdirilmiş ayrıca təhviltəslim aktı ilə deyil, faktiki təhvil və elektron sənəd dövriyyəsi yolu ilə həyata keçirilmişdir. Beləliklə, eyni tərəflər arasında eyni şərtlərlə bağlanmış müqavilə üzrə məhkəmə artıq malların faktiki təhvilini qəbul etmişdir. Hazırkı işdə fərqli hüquqi qiymətləndirmə verilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Bundan əlavə elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilməsi də malların faktiki təhvilini təsdiq edir. Belə ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 29 elektron qaimə təqdim edilmişdir. Cavabdeh tərəfindən, həmin qaimələr üzrə imtina verilməmiş, elektron sistem vasitəsilə qaimələr qəbul edilmiş, bir ildən artıq müddət ərzində malların təhvil verilməməsi ilə bağlı hər hansı pretenziya irəli sürülməmişdir. Vergi qanunvericiliyinə və elektron sənəd dövriyyəsi qaydalarına görə elektron qaimənin qəbul edilməsi həmin təsərrüfat əməliyyatının mövcudluğunu və qarşı tərəf tərəfindən tanındığını göstərən mühüm sübutdur. Əgər mallar faktiki təhvil verilməmiş olsaydı, cavabdeh elektron qaimələrə dərhal imtina etməli, 5 gün müddətində geri qaytarmalı, müqavilə pozuntusu ilə bağlı yazılı etiraz bildirməli, vergi uçotunda həmin əməliyyatları qəbul etməməli idi. Lakin bunların heç biri baş verməmişdir. Bu isə malların faktiki təhvil verildiyini və təsərrüfat əməliyyatının real olduğunu göstərir. Təhvil-təslim aktının olmaması iddia tələbinin ilkin əsaslılığını istisna etmir. Məhkəmə müvəqqəti təminat mərhələsində işə mahiyyəti üzrə qiymət vermiş, sübutların tam araşdırılması tələb olunan məsələlər üzrə yekun nəticə çıxarmışdır. Halbuki müvəqqəti təminat tədbirinin tətbiqi üçün, iddianın tam sübuta yetirilməsi deyil, ilkin baxışda əsaslılıq ehtimalının mövcudluğu kifayətdir. Hazırkı işdə, müqavilə mövcuddur, elektron qaimələr mövcuddur, əvvəlki məhkəmə qətnaməsi ilə tərəflər arasında oxşar münasibət təsdiq olunmuşdur, borcun məbləği sənədlərlə müəyyən edilir. Bu hallar iddianın açıq-aşkar əsassız olmadığını göstərir və ilkin əsaslılıq meyarı tam şəkildə mövcuddur. Qətnamənin icrasının çətinləşməsi riskinin reallığı ilə bağlı isə müvəqqəti təminat tədbirinin məqsədi gələcək məhkəmə qərarının icrasını təmin etməkdir. Cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir və onun, bank hesablarındakı vəsaitləri sərbəst dövriyyədədir, əmlakı özgəninkiləşdirilə bilər, pul vəsaitləri çıxarıla bilər. Pul tələbi xarakterli işlərdə bank hesabına həbs qoyulmaması gələcək icranın faktiki olaraq mümkünsüzləşməsinə səbəb ola bilər. Bu baxımdan risk ehtimalı obyektivdir və kommersiya münasibətlərinin xarakterindən irəli gəlir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia tələbinin ilkin əsaslılığı mövcuddur, elektron qaimələrin qəbul edilməsi malların faktiki təhvilini təsdiq edir, tərəflər arasında əvvəlki məhkəmə qərarı analoji hüquqi vəziyyəti təsdiqləyir, qərarın icrasının çətinləşməsi riski realdır, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş və müvəqqəti təminat tədbirinin məqsədini nəzərə almamışdır. Buna görə də Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı iltarixli qərardadı ləğv edilməli və iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin olunmalıdır.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinə etiraz
7. Şikayətə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
9. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
10. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
11. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
12. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
13. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
14. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
15. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
16. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
17. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
18. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
19. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
20. Bu baxımdan nəzərə almaq lazımdır ki, ərizəçinin tələb etdiyi növdə təmin tədbirinin tətbiqi üçün ilk növbədə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilməli və iddia tələbinin heç bir təminatı mövcud olmamalıdır. Xüsusilə qeyd olunmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların təqdim edilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-nın 157.1-ci maddəsində «bilər» ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir.
21. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər.
22. Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin.
23. Kollegiya hesab edir ki, məhkəmə şərh olunan meyarları və ərizəçinin dəlillərini araşdırmış, zəruri əsaslandırma apararaq müvafiq nəticəyə gəlmişdir.
24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158-ci maddələrində göstərilmiş halların mövcud olmasını, müvəqqəti xarakterli müdafiə tədbirlərin tətbiq edilməsinin zəruriliyi kifayət qədər əsaslandıra bilməmişdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvəqqəti təminat tədbirlərini tənzimləyən normalarının mənasına görə, həmin tədbirlər iddiaçının hüquqlarının gələcəkdə təmin edilməsinin mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin olacağı halların qarşısının alınmasına yönəlmiş müstəsna xarakterli prosessual vasitədir. Buna görə də müvəqqəti təminat tədbirinin tətbiqi üçün həm iddia tələbinin ilkin baxışda əsaslı görünməsi, həm də gələcək məhkəmə aktının icrasının çətinləşməsi və ya mümkünsüzləşməsi riskinin konkret hallar və sübutlarla təsdiq edilməsi tələb olunur.
26. Hazırkı iş üzrə iddiaçı cavabdehin əmlakları və bank hesablarındakı pul vəsaitləri üzərinə iddia tələbi həddində həbs qoyulmasını xahiş etsə də, belə tədbirin tətbiqini zəruri edən halların mövcudluğunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
27. Şikayətdə göstərilmişdir ki, cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğundan onun pul vəsaitlərini çıxarması, əmlakını özgəninkiləşdirməsi və gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirə biləcək hərəkətlər etməsi mümkündür. Lakin məhkəmə kollegiyası qeyd edir ki, həmin arqumentlər ehtimal xarakterli mülahizələrdən ibarətdir və cavabdehin həqiqətən də əmlakını gizlətməyə, özgəninkiləşdirməyə və ya gələcək məhkəmə aktının icrasından yayınmağa yönəlmiş konkret hərəkətlər etməsini təsdiq edən hər hansı sübutla təsdiq olunmamışdır.
28. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddia tələbinin ilkin baxışda kifayət qədər əsaslı olması barədə qənaət formalaşdırmır.
29. Iş materiallarda olan tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, ** saylı müqavilənin 1.2- ci bəndinə əsasən satıcı tərəfindən təqdim edilən mallar alıcıya təhviltəslim sənədləri (qaimə-fakturalar) əsasında təhvil verilməlidir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş müxtəlif tarixli qaimə-fakturalarda malların cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən imzalar mövcud deyildir. Yalnız ******* nömrəli qaimə-fakturada “təhvil aldı” qrafasında imza əks olunsa da, həmin imzanın cavabdehin səlahiyyətli nümayəndəsinə aid olması müəyyən edilmir.
30. Bundan əlavə şikayətdə elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilməsinə istinad olunaraq bunun malların faktiki təhvil verilməsini təsdiq etdiyi göstərilmişdir. Lakin kollegiya qeyd edir ki, elektron qaimələrin məzmunu, onların tərəflər arasında yaranmış öhdəlik münasibətlərinə təsiri və malların faktiki təhvil verilib-verilməməsi məsələləri işə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olan hallardır. Müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılması mərhələsində isə məhkəmə yalnız təqdim olunmuş sübutlar əsasında iddianın ilkin əsaslılığı barədə qənaət formalaşdırır. Hazırkı iş üzrə təqdim edilmiş sənədlərdən malların cavabdeh tərəfindən qəbul edilməsinin ilkin baxışda şübhəsiz şəkildə müəyyən edilməsi mümkün olmamışdır.
31. Eyni zamanda şikayətdə tərəflər arasında əvvəllər bağlanmış müqavilə üzrə Bakı Kommersiya Məhkəməsinin qətnaməsinə istinad edilərək hazırkı işdə də eyni nəticəyə gəlinməli olduğu göstərilsə də, məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Belə ki, əvvəlki məhkəmə işi ayrıca iş üzrə toplanmış sübutlar əsasında həll edilmişdir. Hər bir mübahisə özünə məxsus faktiki hallar və sübutlar əsasında qiymətləndirilməli olduğundan, əvvəlki iş üzrə qəbul edilmiş məhkəmə aktı hazırkı işdə iddia tələbinin ilkin əsaslılığını avtomatik qaydada təsdiq edən sübut kimi qəbul edilə bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
33. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara a l d ı:
Ərizəçi “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.