Məhkəmə qərarları › İş №e-16(3-6)-368/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-368/2026

09.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-368/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi MMC-nin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlundan və X1 ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi MMC-nin ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından Ərizəçi məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Ərizəçi MMC (icraçı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında ## ######## 2024-cü il tarixdə GPA/X**-*** nömrəli müqavilə bağlanmış, sifarişçi müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırılma protokolunda sadalanan xidmətlərin göstərilməsini və servis zamanı istifadə olunan ehtiyyat hissələrini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada və müddətdə sifariş tapşırığında göstərilən xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.

2. Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır (iş № e-2-2(4-11)-1260/2026).

Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı

3. Ərizəçi MMC-nin nümayəndəsi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan AZ**PAHA********AZNHC********** nömrəli hesablaşma hesabına (S.W.İ.F.T.BİK:PAHAAZ22, M/h AZ82NABZ01350100000000071944) 2926,40 manat həcmində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

4. Ərizə işin faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, Ərizəçi MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh öhdəliyini icra etməmişdir. Qeyd edilən hallar Qiymət razılaşdırılma protokolları, təhvil-təslim aktları, qaimələr ilə təsdiq olunur. Cavabdeh MMC-dən Ərizəçi MMC-nin xeyrinə 2926,40 manat (iki min doqquz yüz iyirmi altı manat, qırx qəpik) məbləğində pul vəsaitinin və ödənilmiş 50,50 (əlli manat, əlli qəpik) manat dövlət rüsumunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsi təmin olunacağı təqdirdə onun icrasını təmin etmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan AZ**PAHA********AZNHC********** nömrəli hesablaşma hesabına (S.W.İ.F.T.BİK:PAHAAZ22, M/h AZ82NABZ01350100000000071944) 2926,40 manat həcmində həbs qoyulmalıdır.

5. Məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin olunmaması qərara alınmışdır.

6. Məhkəmə, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1-ci, 157.2-ci, 157.3-cü, 157.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına istinadla belə əsaslandırmışdır ki, ərizədən aydın olmur ki, cavabdehin bank hesabı və əmlakları üzərinə həbs qoyulmazsa, qətnamənin icrası gələcəkdə hansı qaydada çətinləşə və ya qeyri-mümkün ola bilər. Nəzərə alınsa ki, cavabdeh sahibkarlıq subyektidir, onun qətnamənin icrasını gələcəkdə təmin etməyə yetəcək qədər pul vəsaitlərinə və əmlaka sahib olmaması iş materialları ilə təsdiqini tapmır, iddiaçı da cavabdehin belə bir iqtisadi imkana malik olmadığını irəli sürmür. Halbuki, mövcud vəziyyətin dəyişəcəyi halda iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalı, yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalı idi ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edə yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

7. İddia tələbinin böyük məbləğ təşkil etməməsi halını da nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ərizə rədd edilməlidir.

8. Həmin qərardaddan Ərizəçi MMC-nin nümayəndəsinin verdiyi şikayət məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

9. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

11. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

12. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

13. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

14. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

15. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

16. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

18. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

19. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

20. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

21. Bu baxımdan nəzərə almaq lazımdır ki, ərizəçinin tələb etdiyi növdə təmin tədbirinin tətbiqi üçün ilk növbədə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilməli və iddia tələbinin heç bir təminatı mövcud olmamalıdır. Xüsusilə qeyd olunmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların təqdim edilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir.

22. İşin hallarından görünür ki, ərizəçinin iddia tələbi üzrə qəbul olunacaq qətnamənin (iddia tələbinin təmin olunacağı təqdirdə) icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim olunmamışdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar