Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-372/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi “X1.Org.Tekstil.San.Tic.LTD.ŞTI” Şirkətinin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi “X1.Org.Tekstil.San.Tic.LTD.ŞTI” Şirkətinin müvəqqəti təminat tədbirləri haqqında ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)- ***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Ərizəçi “X1.Org.Tekstil.San.Tic.LTD.ŞTI” Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul edilənədək cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakları üzərinə, o cümlədən “xxxx” ASC-də olan AZ**HAJCHCRUSD*************** saylı hesablaşma hesabındakı pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində, yəni 63160,7 ABŞ dolları (107373,19 manat) həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı “X1.Org.Tekstil.San.Tic.LTD.ŞTI” Şirkətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş məhkəmənin icraatındadır (iş № e-2-2(4-11)- 2734/2026).
3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsində nəzərdə tutulmuş növbəliliklə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ümumilikdə 63160,7 ABŞ dolları dəyərində daşınar ((işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bankında yerləşən AZ**HAJCHCRUSD*************** saylı bank hesabında və digər bank və kredit təşkilatlarındakı hesablarında (xarici valyuta hesabına ABŞ dolları ilə və ya qərardad icra olunan anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) olan pul vəsaitləri və valyuta sərvətləri daxil olmaqla)) və daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Həmin qərardaddan cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Nümayəndə“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi, Cavabdeh MMC-nin bank hesabı və daşınmaz əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ərizəçiyə müvafiq malların təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilə üzrə ödənilməli olan ümumi məbləğ 68160,7 ABŞ dolları təşkil etsə də, bu məbləğin yalnız 5 000 ABŞ dolları ödənilmişdir. Ödənişin tam həcmdə həyata keçirilməməsi subyektiv yayınma deyil, birbaşa qarşı tərəfin müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə bağlıdır. Belə ki, mallar təhvil alındıqdan sonra aparılmış yoxlamalar nəticəsində onların böyük bir hissəsinin qüsurlu olduğu müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Qüsurlu olan malların ümumi məbləği 59383,7 ABŞ dolları təşkil etməkdədir. Ödənilmiş 5 000 ABŞ dolları yalnız qüsursuz olan az sayda malın dəyərini əhatə edir. Qalan məbləğin ödənilməməsinin əsas səbəbi qarşı tərəfin mallardakı çatışmazlıqları aradan qaldırmaqla bağlı hərəkətsizliyidir. Qüsurlarla bağlı şifahi danışıqlar zamanı qarşı tərəfə çatışmazlıqların aradan qaldırılması tələbi dəfələrlə çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən, satıcı malı müqaviləyə uyğun və qüsursuz təhvil verməyə borcludur. Eyni zamanda Bakı Kommersiya Məhkəməsi tərəfindən müəssisənin bank hesabı və əmlakı üzərinə həbs qoyulması barədə çıxarılmış ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardad mütənasiblik prinsipini pozmaqla yanaşı, şirkətin fəaliyyətini tamamilə iflic vəziyyətinə salmışdır. Həmin qərardad qəbul edilərkən işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, tərəflər arasında mövcud mübahisənin mahiyyəti və iddia tələbinin mübahisəli olması nəzərə alınmamışdır. Odur ki müəssisə öz fəaliyyətini idxal əməliyyatları üzərində qurduğu üçün müəssisənin bank hesabı və əmlakı üzərinə həbs qoyulması, bank hesablarından istifadə imkanının məhdudlaşdırılması xarici tərəfdaşlarla hesablaşmaların dayandırılmasına, bu isə fəaliyyətin müvəqqəti, yaxud daimi dayanmasına gətirib çıxara bilər. Xüsusilə vurğulamaq lazımdır ki, bank hesablarına tətbiq edilmiş həbs müəssisənin gəlir əldə etmə imkanını məhdudlaşdırır. Bu isə birbaşa olaraq müəssisədə çalışan işçilərin əmək haqlarının vaxtında ödənilməsini qeyri-mümkün edir. Əmək haqqı ödənişlərinin gecikməsi işçilərin sosial vəziyyətinə və yaşayış şəraitinə ciddi mənfi təsir göstərir, bu isə məhkəmə tərəfindən tətbiq edilən təminat tədbirinin ağır nəticələrə səbəb olduğunu sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri yalnız o halda tətbiq edilə bilər ki, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunması mümkün olmasın və ya əhəmiyyətli dərəcədə çətinləşsin. Bu norma müvəqqəti təminat tədbirinin tətbiqi üçün konkret, real və sübut olunmuş riskin mövcudluğunu tələb edir. Məhkəmə bu riski ehtimallara deyil, konkret faktlara və sübutlara əsaslanaraq müəyyən etməlidir. Sadəcə ehtimal xarakterli və ümumi ifadələr bu tədbirin tətbiqi üçün yetərli hesab edilə bilməz. Hazırkı işdə məhkəmə qərardadda yalnız ümumi formada “mövcud vəziyyətin dəyişə biləcəyi” qənaətinə gəlmiş, lakin cavabdehin hər hansı əmlakını gizlətməsi, özgəninkiləşdirməsi, fəaliyyətini dayandırması və ya öhdəlikdən yayınması ilə bağlı heç bir konkret fakt göstərməmişdir. Cavabdeh fəaliyyət göstərən hüquqi şəxsdir və onun təsərrüfat fəaliyyətini dayandırmasına və ya aktivlərini gizlətməsinə dair heç bir sübut təqdim edilməmişdir. Belə olan halda 157.2-ci maddənin tətbiqi üçün tələb olunan real risk elementi mövcud deyildir və məhkəmə tərəfindən bu norma formal tətbiq edilmişdir. MPM-in 157.5.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi üçün ərizədə bu tədbir tətbiq edilmədən qanunda nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı əsaslandırılmalıdır. Yəni ərizəçi sübut etməlidir ki, təminat tədbiri olmadan gələcək məhkəmə qərarının icrası qeyrimümkün və ya ciddi şəkildə çətin olacaqdır. Bu tələb təminat tədbirinin istisna xarakter daşıdığını və yalnız zəruri hallarda tətbiq edilməli olduğunu göstərir. Iddiaçı tərəfindən təqdim edilmiş ərizədə belə bir zərurət əsaslandırılmamış, yalnız borcun mövcudluğu iddia edilmişdir. Halbuki borcun mövcudluğu faktının özü müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət etmir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini pozduğu geniş şəkildə əsaslandırılmamışdır. Bu isə göstərir ki, mübahisə ciddi və çoxtərəfli xarakter daşıyır. Belə şəraitdə təminat tədbiri tətbiq edilmədən hüquqların qorunmasının mümkünsüzlüyü sübut olunmamışdır. MPM-in 157.5.2-ci maddəsi tələb edir ki, müvəqqəti təminat tədbiri yalnız iddia tələbinin kifayət qədər əsaslı olduğunu göstərən ilkin sübutlar mövcud olduqda tətbiq oluna bilər. Bu norma məhkəmənin yalnız formal sənədlərlə kifayətlənməməsini, iddianın həqiqi əsaslılığını ilkin səviyyədə qiymətləndirməsini nəzərdə tutur. Əgər iddia ciddi şəkildə mübahisəlidirsə, bu halda təminat tədbirinin tətbiqi yolverilməz hesab edilir. Bu mühüm halları məhkəmə nəzərə almadan birtərəfli qaydada təminat tədbiri tətbiq etmişdir. MPM-in 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri mütənasib olmalı və qarşı tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu prinsip tələb edir ki, məhkəmə ən sərt deyil, ən zəruri və adekvat tədbiri seçsin. Təminat tədbiri cavabdehin fəaliyyətini iflic edəcək səviyyədə olmamalıdır. Cavabdehin bank hesabına həbs qoyulması onun təsərrüfat fəaliyyətinə birbaşa və ciddi təsir göstərir. Baxmayaraq ki qərardadda əmək haqları və məcburi ödənişlər istisna edilmişdir, lakin faktiki olaraq digər ödənişlərin aparılması məhdudlaşır və bu da kommersiya fəaliyyətinin normal davam etməsinə mane olur. Hər bir halda həbsin tətbiqi təminat tədbirinin zəruriliyi və mütənasibliyi prinsipləri baxımından qiymətləndirilməli idi. Məhkəmə bu halı formal şəkildə nəzərə alsa da, artıq mövcud təminat tədbirinin kifayət edib-etmədiyini əsaslandırmamışdır ki, bu da MPM-in 157.6-cı maddəsinin tələblərinə uyğun deyildir.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinə etiraz
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim ediıməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
9. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
10. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
11. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
12. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
13. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
14. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
15. Maddə 158.3-cü maddəsinə görə əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.
16. Maddə 158.4. Cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır.
17. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
19. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
20. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
21. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
22. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).
23. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər.
24. Iş materiallarından görünür ki, ərizəçi tərəfindən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar iddia ərizəsinə əlavə edilmişdir.
25. Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.
26. Iş materiallarından görünür ki, ərizəçi ilə cavabdeh arasında ##.##.2025-ci il tarixli TUN********* nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, ərizəçi cavabdehin sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq qiymət razılaşma protokolunda göstərilən malları cavabdehə satmağı, cavabdeh isə malların müqabilində qiymət razılaşma protokolunda nəzərdə tutulmuş pulu ərizəçiyə ödəməyi öhdəsinə götürmüşdür. Ərizəçi tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli AH************** nömrəli elektron qaimə üzrə 64383,7 ABŞ dolları, ##.##.2025-ci il tarixli AH************** nömrəli elektron qaimə üzrə 3777 ABŞ dolları dəyərində mal göndərilmiş, cavabdeh tərəfindən ##.##.2026- cı il tarixdə ##.##.2025-ci il tarixli TUN********* nömrəli müqavilə və ##.##.2025-ci il tarixli AH************** nömrəli qaiməyə istinadla 5000 ABŞ dolları məbləğində pul ərizəçinin bank hesabına köçürülmüşdür. ##.##.2025-ci il tarixli TUN********* nömrəli alqı-satqı müqaviləsinə əsasən “xxxx” ASC-də olan AZ**HAJCHCRUSD*************** nömrəli hesab cavabdehə məxsusdur.
27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti təminat tədbirləri gələcək məhkəmə aktının icrasını təmin etmək məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddia tələbinin tam sübuta yetirilməsi tələb olunmur, ilkin baxış zamanı iddianın kifayət qədər əsaslı görünməsi və gələcək icranın çətinləşməsi riskinin mövcudluğu kifayət hesab edilir. Ərizəçinin təqdim etdiyi ilkin sübutlar müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə baxılması mərhələsində iddia tələbinin prima facie əsaslı hesab edilməsi üçün kifayət etmişdir.
28. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
29. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, pul vəsaitləri və valyuta sərvətləri istisna olmaqla, əmlakların özgəninkiləşdirilməsi ilə yanaşı, onların üzərinə həbs qoyulması qeyd edilən əmlakların üzərində sərəncam verilməsi hüququ ilə yanaşı, ondan istifadə edilməsini də məhdudlaşdırır. Bu halda yalnız elə müstəsna əsaslar olmalıdır ki, həmin əmlaklar üzərinə istifadənin də məhdudlaşdırılmasını əhatə edən həbs qoyulmasını zəruri etsin. Hazırkı halda belə müstəsna əsasların mövcud olduğu barədə hər hansı sübut təqdim olunmadığı nəzərə alındığında pul vəsaitləri və valyuta sərvətləri istisna olmaqla, digər daşınar və daşınmaz əmlakların üzərinə onlardan istifadə edilməsini məhdudlaşdırmaqla həbsin qoyulması cavabdehin yersiz məhrumiyyətlərə məruz qoyulması ilə nəticələnə bilər.
30. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən şikayətdə qeyd edilmiş hallar müvəqqəti təminat tədbirinin tətbiqini istisna edən hal kimi qiymətləndirilə bilməz.
31. Belə ki, tətbiq edilmiş təminat tədbiri cavabdehin təsərrüfat fəaliyyətini tam iflic edən xarakter daşımamış, qərardadda işçilərin əmək haqlarının və dövlət büdcəsinə məcburi ödənişlərin həyata keçirilməsinə məhdudiyyət qoyulmadığı ayrıca qeyd edilmişdir.
32. Bununla yanaşı cavabdeh şikayətində malların qüsurları barədə ##.##.2025-ci il tarixli KT**** nömrəli qüsur aktına istinad etsə də, həmin aktı ərizəçiyə təqdim etməsi, ərizəçidən ağlabatan müddətdə qüsurların aradan qaldırılmasını tələb etməsi barədə sübutları şikayətə əlavə etməmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
34. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.