Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-376/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Səbail Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxslər cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Iddiaçı ərizəçi1 - cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra ərizəçi müvəqqəti təminat tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan mülki işə baxılıb qurtaranadək, müvəqqəti təminat tədbiri kimi iddiaçı ərizəçi1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılması qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizəsini onunla əsaslandırmışdır ki, rayon məhkəməsinin icraatında olan mülki iş üzrə iddia tələbləri cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 2 ünbanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsinə müdaxilə edilməsinin və orada təmir işləri aparılmasının qanunsuz hesab edilməsini, habelə cavabdehlərin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini ehtiva edir. Hazırda cavabdehlər iddiaçıya məxsus qeyri-yaşayış sahəsində intensiv təmir-tikinti işləri aparırlar. Cavabdehlər tərəfindən aparılan təmir-tikinti işləri nəinki iddiaçının mülkiyyət hüquqlarını aşkar pozur, həmçinin gələcəkdə onun mülkiyyət hüquqlarının bərpa olunması sahəsində ciddi çətinliklər yaradacaqdır (obyektin konstruksiyasının dəyişdirilməsi, vəsaitlərin qoyuluşu və s.). Məhz bu səbəbdən hesab edir ki, iddia tələbləri mülkiyyət hüququnun müdafiəsini ehtiva etdiyindən, mübahisə predmeti olan daşınmaz əmlakın üzərində əsaslı dəyişiklərin edilməsi, təmir-tikinti işlərinin aparılması, gələcəkdə iddiaçının mülkiyyət hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi vacibdi.
4. Səbail Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Səbail Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, ünvan 2 ünvanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılmasının qadağan edilməsi müəyyən edilmişdir.
5. Maraqlı şəxslər qərardaddan ayrı-ayrılıqda şikayətlər verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər.
6. Maraqlı şəxslər eyni məzmunlu şikayətlərini belə əsaslandırmışlar ki, rayon məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı mülki iş üzrə ## ##### 2026-cı il tarixli qərardad ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında - ünvan 1 ünvanında yerləşən 180 kv.m yaşayış sahəsinin ilkin sənədlərə əsasən cavabdeh1 və cavabdeh2 verilmiş qeyri yaşayış sahələri (##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müvafiq olaraq ayrıayrılıqda hər cavabdehə satılmış ünvan 1 ünvanında yerləşən 100 kv.m sahə) ilə üst-üst düşməsi müəyyən edilirmi? Əgər düşürsə, hansı hissələrdə bu müşahidə edilir? sualları qoyulmuşdur. Ərizəçinin təqdim etdiyi ərazini müəyyən etmək üçün ilk növbədə ekspertiza rəyi alınmalı, mübahisəyə hüquqi qiymət verilməli, nəticədə iddiaçının tələb etdiyi ərazinin ona aid olması məhkəmə qətnaməsi ilə təsdiqini taparsa, iddianın təmin tədbiri üzrə məsələyə baxıla bilər. Buna baxmayaraq, qeyd edilən hallar müəyyən edilmədən rayon məhkəməsi iddiaçının 180 kv.m olan tələbinə münasibətdə 200 kv.m olan ərazidə tikinti aparılmasının qadağan edilməsi barədə qərardad qəbul etmişdir.
7. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
10. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) iş materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
12. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
13. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.
14. Həmin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
15. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə əsasən müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək olar. Həmin Məcəllənin 158.2ci maddəsinin tələbinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin
16. bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən - Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
17. Müvəqqəti təminat tədbirini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış etməlidir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Müvəqqəti təminat tədbirininin tətbiq olunmasının MPM-nin 158.1-ci maddəsində göstərilən məqsədi o halda realizə olunur ki, iddia ilə həmin müvəqqəti təminat tədbiri arasında əlaqə mövcud olsun. Müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıdığından və işi mahiyyəti üzrə həll etmədiyindən, belə tədbirlərin tətbiq edilməsi, gələcəkdə qaldırılan iddianın təmin olunacağı təqdirdə çıxarılacaq qətnamənin icrasını kifayət qədər real olmasının təminatıdır.
18. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi və hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək müvəqqəti təminat tədbiri kimi ünvan 2 ünvanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılması qadağan edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
19. Hazırkı şikayətlərin dəlillərini nəzərdən keçirən Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbiri ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini), o cümlədən gələcəkdə qəbul ediləcək qətnaməsinin icrasını təmin etmək məqsədi ilə görülən və ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır. Odur ki, şikayətlərin dəlilləri əsassızdır.
20. Məhkəmə hesab edir ki, rayon məhkəməsi müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəni təmin etməklə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayətlər isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
22. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
23. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
24. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Maraqlı şəxslər cavabdeh1 və cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Səbail Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.