Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-377/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi mənzilin üzərinə həbs qoyulması, özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqət təminat tədbiri) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı Ərizəçi - cavabdeh Cavabdeh,"xxxx" MTK-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MTK ilə cavabdeh Cavabdeh arasında ##.##.2022-ci il tarixində ** saylı notariat ofisində ünvan 1 ünvanında yerləşən binanın 2-ci girişində, 2-ci mərtəbədə yerləşən, 4 otaqlı, 238 kv.m sahəsi olan ** nömrəli mənzilə dair bağlanılmış alqı-satqı müqaviləsinin reyestri №-1711 etibarsız hesab edilməsi; həmin qanunsuz alqı-satqı müqavilə əsasında verilmiş çıxarışın və dövlət qeydiyyatının ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 2-ci giriş, 2-ci mərtəbə, ** nömrəli, 238 kv.m sahəsi olan mənzil cavabdeh Cavabdeh tərəfindən boşaldırılaraq iddiaçı Ərizəçi təhvil verilməsi, cavabdeh “xxxx” MTK-nın hərəkətlərində qanun pozuntularının və cinayət əlamətlərini olması ilə bağlı C.m-178-ci və C.m 308-ci maddəsinə əsasən xüsusi qərardad çıxarılaraq materialların aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilməsi üçün qərarə qəbul edilməsi barədə qətamə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Eyni zamanda Ərizəçi müvəqqəti təminat tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, ** nömrəli, 238 kv.m sahəsi olan mənzil üzərinə həbs qoyulması, cavabdeh Cavabdeh və 3-cü şəxslərə həmin mənzil üzərində alqı-satqı əməliyyatları aparmaq;bağışlama, dəyişdirmə və digər sərəncam vermək, icarəyə vermək, üçüncü şəxsləri qeydiyyata almaq, təmir-tikinti və yenidənqurma işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, *(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər ünvan 1 ünvanında yerləşən binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, ** nömrəli, 238 kv.m sahəsi olan mənzilin üzərinə həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Məhkəmə tərəflər arasında olan mübahisə predmetinin həmçinin ünvan 1 ünvanında yerləşən binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, ** nömrəli, 238 kv.m sahəsi olan mənzil ilə bağlı olmasını və müvəqqəti təminat tədbirinin məqsədinin mübahisənin obyektiv həllinə mane olmadan, əmlakın hazırki vəziyyətinin qorunub saxlanılmasını təmin etməkdən ibarət olmasını qeyd edərək hesab etmişdir ki, ərizə qismən təmin edilməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılır ki, iddiaçı Ərizəçi ilə “xxxx” MTK arasında 2019-cu ildə bağladığı daxili müqavilə notarial qaydada təsdiq edilmədiyi üçün qanunvericiliyin tələblərinə cavab vermir və daşınmaz əmlak üzərində mülkiyyət hüququ yaratmır. Eyni zamanda həmin müqaviləyə diqqət yetirdikdə, aşkar şəkildə görünür ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən1-ci blok 2-ci mərtəbə 4 otaqlı mənzil təşkil edir. Cavabdeh Cavabdeh mənzili isə həmin ünvanda giriş 2-də yerləşən ** saylı mənzildir. Başqa sözlə, işin aşkar görünən halı ondan ibarətdir ki, iddiaçı tərəfindən etibarsızlığı tələb edilən ünvan 1, giriş 2-də yerləşən ** saylı mənzilin “xxxx” MTK tərəfindən iddiaçıya satılması müəyyən edilmir. Iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi ##.##.2019-cu il tarixli müqaviləyə istinad edilir. Həmin müqavilənin 1.1-ci bəndinə görə, “Payçı” (Ərizəçi) Bakı şəhəri Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” (“xxxx”MTK-ya həvalə edir. Müqavilənin III.1 bəndinə görə “Payçı” ona düşən 1-ci blok 2-ci mərtəbə 4 otaqlı tam sahəsi 238.1 kv.m olan mənzilin hər 1 kv.m üçün 1300 manat, cəmi 309530 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, müqavilənin hər hansı hissəsində iddiaçıya satıldığı iddia edilən mənzilin nömrəsi, sxemi göstərilməmişdir. Buna görə də sual yaranır. Iddiaçı hansı əsasla iddia edir ki, cavabdeh Cavabdeh mülkiyyətində olan ** saylı mənzil “xxxx” MTK tərəfindən 2019-cu ildə ona satılmışdır?!. Əksinə, Cavabdeh ilə “xxxx” MTK arasında arasında bağlanmış və ## ###### 2022 ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakın alqı-satqısı müqaviləsində daşınmaz əmlakın bütün göstəriciləri aydın ifadə olunmuşdur. Buradan da aydın olur ki, ümumiyyətlə iddiaçı Ərizəçi cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan mənzilə dair bağlanmış və ##.##.2022-ci ildə ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Göründüyü kimi, iddiaçı cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsində tərəf olmamış, mübahisəndirilən alqı-satqı müqaviləsinin iddiaçının maraqlarına toxunmasını sübut edə bilməmiş, bununla da müəyyən olunur ki, iddiaçı hazırki iddianı qaldıra bilmək üçün subyektiv hüquqa malik olduğunu göstərə bilməmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçının ərizəsini qismən təmin edərək, ona məxsus mənzilin üzərinə həbs qoymuşdur.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
10. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).
11. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Işin halları ondan ibarətdir ki, iddiaçı Ərizəçi cavabdehlər “xxxx” MTK ilə Cavabdeh arasında ##.##.2022-ci il tarixində bağlanmış mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunmasını və daşınmaz əmlakın boşaldılaraq ona təhvil verilməsini mübahisələndirir və bu iddia üzrə müvəqqəti təminat tədbirinin tətbiq olunmasını, ünvan 1 ünvanında yerləşən binanın 2-ci girişində, 2ci mərtəbəsində yerləşən, ** nömrəli, 238 kv.m sahəsi olan mənzil üzərinə həbs qoyulmasını xahiş edir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, “...Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Qüvvədə olan Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş iddianı təmin etmə tədbirlərindən başqa məhkəmə iddianın təmin olunması üçün digər tədbirləri də görə bilər.... Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir...”
15. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi, əgər gələcəkdə iddia tam, yaxud qismən təmin ediləcəksə, çıxarılacaq qərarın da icra olunması baxımından əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) əhəmiyyətli bir hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsizliyi və qəbul olunmuş qərarı əhəmiyyətsizliyi ilə nəticələnə bilər. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməli və məhkəmə müdafiə hüququnun xəyali hüquqa çevirilməsinin qarşısını almağa xidmət etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarı). Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün aşağıdakı halların mövcud olması əsasşərtdir: 1. Cavabdehin və ya digər şəxslərin ərizəçinin hüquqlarının pozulmasına yönələn hərəkətlərinin (hərəkətsizliyinin) edilməsi; 2. Cavabdehin və ya digər şəxslərin hərəkətlərinin (hərəkətsizliyinin) mövcud vəziyyətin (mübahisəli vəziyyətin) dəyişməsinə yönəlməsi; 3. Belə hərəkətlərin (hərəkətsizliyin) baş verməsinin ərizəçinin hüquqlarının təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnə biləcəyinə kifayət qədər əsasların olması.
16. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, müqavilənin forma tələblərinə cavab verməməsi, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması barədə arqumentlər birbaşa mübahisənin mahiyyətinə aid məsələlərdir. Idda tələbinin maddi-hüquqi cəhətdən əsaslı olub-olmaması, tərəflərin təqdim etdiyi dəlillərə yekun hüquqi qiymətin verilməsi yalnız və yalnız işə mahiyyəti üzrə baxılan zaman, tərəflərin çəkişməsi şəraitində araşdırılmalı və yekun məhkəmə aktında (qətnamədə) öz əksini tapmalıdır.
17. Müvəqqəti təminat tədbiri institutu isə mülki prosessual qanunvericiliyin fundamental təminatlarından biri olmaqla, iddiaçının məhkəməyə müraciət etdiyi anla yekun qətnamənin çıxarılması və onun icra edildiyi an arasındakı zaman kəsiyində tərəflərin maraqlarının balansını qorumağa, mövcud vəziyyətin əsassız dəyişdirilməsinin qarşısını almağa xidmət edir.
18. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin əsaslılığına dair ilkin sübutların mövcudluğu və mövcud vəziyyətin dəyişdirilməsi təhlükəsini nəzərə alaraq, mübahisə predmeti olan əmlakın hüquqi statusunun müvəqqəti sabitliyinin təmin edilməsini zəruri hesab etməklə həmin əmlakın üzərinə həbs qoyaraq qanuni və əsaslı nəticəyə gəlmişdir.
19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 158, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov