Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-388/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs qızının mülkiyyətində olan mübahisəli mənzil ünvan 1 ünvanı istənilən zaman cavabdeh Maraqlı şəxs qızı tərəfindən özgəninkiləşdirilə bilər və bu da onların hazırkı işlərində çətinliklər yarada bilər. Yəni, mülki iş 3 instansiya keçdikdən sonra və icraya yönəldikdən sonra aşkar edilsə ki, cavabdeh bu mənzili digər şəxsə satıb və ya digər növ özgəninkiləşdirmə edib, bu hal artıq onlara, yəni sahibkara çətinlik yaradacaq və gələcəkdə iddiaçı məcbur qalacaq ki, yenidən iddianı yeni mülkiyyətçiyə qarşı qaldırsın. Bu isə, həm vaxt, həm maddi cəhətdən iddiaçıya ziyan vurur, eləcə də məhkəmə işlərini artırır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Hazırda ərizəçi Ərizəçi MMC həmin qərardaddan şikayət verərək, Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməsi və cavabdeh Maraqlı şəxs qızının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə cavabdehə və üçüncü şəxslərə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, analoji xarakterli işlərə artıq təxminən 3 ilə yaxın müddətdir ki, Sabunçu Rayon Məhkəməsində baxılmaqdadır. Həmin işlər üzrə mübahisəli mənzillərə münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı qəbul edilmiş qərardadlardan müxtəlif vaxtlarda yuxarı instansiya məhkəmələrinə şikayətlər verilmiş, lakin həmin şikayətlərə baxılarkən də, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi və əsaslılığı tanınmışdır. Bu hal onu göstərir ki, mövcud mübahisə təkcə fərdi xarakter daşımır, eyni zamanda eyni binada yerləşən digər mənzillərlə bağlı formalaşmış məhkəmə təcrübəsi və faktiki vəziyyətlə bilavasitə əlaqəlidir. Hazırkı işdə də, cavabdeh Maraqlı şəxs qızının mülkiyyətində olan mübahisəli mənzil istənilən vaxt cavabdeh tərəfindən satıla, bağışlana, dəyişdirilə və ya başqa formada özgəninkiləşdirilə bilər. Belə bir hal baş verdiyi təqdirdə, iddia tələbinin gələcəkdə təmin olunması və məhkəmə qərarının real icrası ciddi şəkildə çətinləşəcəkdir. Çünki iş üzrə məhkəmə baxışı başa çatdıqdan, qətnamə qanuni qüvvəyə mindikdən və icraya yönəldikdən sonra məlum olsa ki, mübahisəli mənzil artıq üçüncü şəxsin mülkiyyətinə keçdiyi təqdirdə iddiaçı yenidən yeni mülkiyyətçiyə qarşı ayrıca iddia qaldırmaq məcburiyyətində qalacaqdır. Bu isə iddiaçı üçün həm əlavə vaxt itkisinə, həm də yeni məhkəmə mübahisələrinin yaranmasına səbəb olacaqdır. Eyni zamanda belə vəziyyət məhkəmə qərarının icrasını lüzumsuz şəkildə uzadacaq, mübahisənin həllini qeyrimüəyyən müddətə təxirə salacaqdır. Tələb olunan təminat tədbiri cavabdehin mülkiyyət hüququnu tam məhdudlaşdırmır, bu məhdudiyyət yalnız mənzilin özgəninkiləşdirilməsinin müvəqqəti olaraq qadağan edilməsindən ibarətdir. Mübahisənin həlli eyni zamanda binanın digər sakinlərinin hüquq və qanuni mənafeləri ilə də bağlıdır. Əmlakın özgəninkiləşdirilməsinin qarşısı alınmadığı halda məhkəmə proseslərinin qeyri-müəyyən müddətə uzanması digər sakinlərin də yeni tikiləcək binada mənzillə təmin olunmasına dair əsaslı və real gözləntilərinin gecikməsinə səbəb ola bilər. Bu isə öz növbəsində iddiaçının digər sakinlər qarşısında üzərinə götürdüyü öhdəlikləri razılaşdırılmış müddətdə icra etməsini çətinləşdirə bilər. Məhkəmənin eyni nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilmədən mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməli və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Müvəqqəti təminat tədbirləri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tətbiq edilə bilər (maddə 158.1.2-158.1.3). Qanunun mənasından göründüyü kimi müvəqqəti təminat tədbirləri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müvəqqəti təminat tədbiri özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Odur ki, kollegiya cavabdeh tərəfindən əmlakın özgəninkiləşdirilməsi və belə olan halda iddia təmin edildiyi təqdirdə qətnamənin icrasının çətinləşməsi ehtimalının mövcud olduğunu, digər tərəfdən müvəqqəti təminat tədbiri tətbiq edilməklə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmasının belə bir ehtimalı aradan qaldırdığını nəzərə alaraq hesab edir ki, mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə müvəqqəti təminat tədbiri qanunun məqsədlərinə uyğundur. Bu hissədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (MPM-157.2) Kollegiya tətbiq edilməli olan tədbirlərin həddini müəyyənləşdirən zaman nəzərə alır ki, müvəqqəti təminat tədbiri ilə iddia tələbi mütənasib və bir-birinə adekvat olmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarında da qeyd olunmuşdur ki, ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur:- bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir;- hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Göründüyü kimi, cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onun və ailə üzvlərininin həmin mənzildən çıxarılması, mənzilin əvəzləşdirilməsi və s. tələbi analoji müvəqqəti təminat tədbiri ilə əhatələndiyindən, cavabdehin mənafelərinin lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməyəcəkdir. Beləliklə, işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından gəlinən nəticəyə görə mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə mübahisəli əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi qanunauyğundur və məhz qeyd olunan institutun məqsədlərinə xidmət edir. Bu səbədən şikayət təmin edilməli, Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməklə ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Ərizə təmin edilsin. İşə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul edilənədək ünvan 2 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi cavabdeh Maraqlı şəxs qızına və digər şəxslərə qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-16(3-6)-388/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-388/2026
23.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver