Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-394/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Ərizəçi MMC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 48535,60 manat əsas, 8736,41 manat ƏDV, hüquqi yardıma görə vəkilə ödənilmiş 325 manat və 262 manat dövlət rüsumu olmaqla cəmi 57859,01 manat məbləğində vəsaitin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi Ərizəçi MMC müvvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilərək icra olunana qədər cavabdeh Cavabdeh MMC-nin xxxx ASC-də olan AZ64PAHA40040AZNHC********** nömrəli hesablaşma hesabına 57.859,01 AZN məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Ərizəçi həmin qərardaddan şikayət edərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*- **)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisənin mahiyyəti ilə bağlı səhvə yol vermişdir. O, mübahisənin ## #### 2026 tarixli elektron qaimə ilə əlaqəli olduğunu bildirsə də, əslində belə deyildir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından göründüyü kimi cavabdehə ümumilikdə 14 partiya mallar göndərilmiş və 14 ədəd elektron qaimə faktura təqdim edilmişdir. Cavabdeh onlardan bəzilərini ümumiyyətlə ödəməmiş, bəzilərini isə natamam ödəmişdir. Ancaq ## #### 2026 tarixli malların geri qaytarılmasına dair elektron qaimə isə ## #### 2025 tarixində təqdim edilmiş malların geri qaytarılması istəyini ehtiva etməkdədir. Cavabdeh tərəf sadəcə iddiaçıya olan borcu qədər malları geri qaytarmaq istəməklə borcdan qurtulmaq istəmişdir. Yəni, burada eynilik təşkil edən sadəcə iddia tələbindəki məbləğlə geri qaytarılması istənilən malların məbləğidir. Halbuki həmin məbləğlərin formalaşması əsasları tamamilə fərqlidir. Cavabdeh ancaq ##.##.2025 tarixində tədim edilmiş mallardan 57.272 manat həddində geri qaytarmaq istəsə də, iddiaçının tələb etdiyi 52.272 manat sadəcə ##.##.2025 tarixində göndərilmiş malların ödənişi deyildir. İddiaçının tələb etdiyi ödəniş 10 ədəd qaiməni ehtiva etməkdədir. İkincisi, hətta işin halları məhkəmənin qərardadında göstərdiyi kimi olsaydı belə bu hal yenə də iddianın kifayət qədər əsaslılığına xələl gətirməzdi. Çünki malların geri qaytarılması barədə qaimə göndərilməsi iddiaçının satıcı kimi öhdəliyinin icrasını təsdiq edən ciddi sübutdur. Bundan başqa malların geri qaytarılması cavabdehin həmin hissədə müqavilədən imtina etməsi, yəni müqavilədən əvvəlki vəziyyətin bərpa olunması ilə həmin hissədə müqaviləyə xitam verilməsi deməkdir. Nə tərəflər arasındakı alqı-satqı müqaviləsində, nə də Mülki Məcəllənin müvafiq normalarında alıcının alqı-satqı müqaviləsi üzrə sərbəst surətdə müqaviləyə xitam verməsi (imtina etməsi) nəzərdə tutulmamışdır. Alqı-satqı müqaviləsinə heç bir səbəb göstərmədən xitam vermə səlahiyyəti yalnız istehlakçı olan alıcılar üçün 14 günlük müddətə riayət etmək şərti ilə nəzərdə tutulmuşdur. (Mülki Məcəllənin 447.3.1, 587.2-ci maddələri) Belə olan halda məhkəmənin bu vəziyyəti cavabdehin öhdəliyinin mövcudluğunun müəyyənliyini istisna edən hal kimi qiymətləndirməsi doğru olmamışdır. Satıcı kimi iddiaçının razılığı olmadan həmin malların qaytarılması, yəni müqavilədən həmin hissədə imtinaya yol verilə bilməz və bu hal qeyri-müəyyənlik yarada bilməz. Üçüncüsü, məhkəmənin iddia tələbinin əsaslılığını təsdiq edən ilkin sübutların kifayət qədər mövcud olduğu qənaətinə gəlməyin mümkün olmadığı ilə bağlı mövqeyinin əsassız olduğunu göstərən digər sübut iddiaçı və cavabdehin möhürü ilə təsdiqlənərək imzalanmış ##.##.2025 tarixli üzləşdirmə aktıdır. Həmin üzləşdirmə aktının sonunda cavabdehin iddiaçıya ##.##.2025 tarixinə 73.935,02 manat borcu olduğu elə cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Məlumat üçün bildirir ki, həmin borc məbləği iddia tələbindən də çoxdur. Dördüncüsü, iddia ərizəsinin məhkəmənin icraatına daxil olmasından xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya hər hansı etiraz və ya iddianı təkzib edən sübut təqdim edilməmişdir. Əvəzində cavabdehin iddiaçıya borcu olduğuna dair sübutlar təqdim edilmişdir. Beşincisi, açıq reyestr məlumatlarına əsasən cavabdehin nizamnamə kapitalı cəmi 100 manatdan ibarətdir. Bu məbləğ cavabdehin əmlak aktivinin 100 manatdan aşağı olmaması ilə bağlı fikir bildirmək üçün kifayət etsə də iddiaçıya olan borcu ödəmək üçün yetərli aktivlərə malik olması ilə bağlı məlumat mövcud deyildir. Təcrübəyə əsasən cavabdehin əmlak aktivi ilə bağlı vəkil sorğularına cavab verilməsi kifayət qədər vaxt tələb etdiyindən müvəqqəti müdafiə tədbiri çərçivəsində həmin sorğuları gözləmək ilkin təcili tənzimlənmənin xeyli gecikməsinə səbəb olmaqdadır. Halbuki işə baxan məhkəmə elektron sistem vasitəsilə proses iştirakçılarının əmlak vəziyyəti barədə məlumatları dərhal əldə edə bilməkdədir. Bununla belə gələcəkdə iddia təmin edilərək icraya yönəldiləcəyi halda cavabdehin həmin məbləği ödəmək üçün bank hesabındakı vəsaitindən başqa əmlak aktivinin olduğuna dair heç bir məlumat qərardadda əksini tapmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə qismən təmin edilməlidir. Faktlar: Ərizəçi MMC (satıcı) ilə xxxx" MMC (alıcı) arasında bağlanmış ##.##.2025-ci il tarixli UA/** saylı alqı-satqı müqaviləsinə görə satıcı alıcıya plastik məhsullar satmağı, alıcı isə malları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4-cü maddələrinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Hazırkı halda ərizəçi məhkəmədə qaldırdığı iddianın əsaslılığı ilə bağlı ilkin sübutları (alqı-satqı müqaviləsi, elektron qaimələr, üzləşmə aktı) məhkəməyə təqdim etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə baxılarkən iddia tələbinin tam həcmdə sübuta yetirilməsi tələb olunmur. Bu mərhələdə təqdim edilmiş sübutlar iddianın əsaslılığı barədə ilkin qənaət formalaşdırmağa kifayət etməsi yetərlidir. İş materiallarına əlavə edilmiş sübutlar belə bir ilkin qənaətin formalaşmasına imkan verdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə nəticəsi ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən malların geri qaytarılması barədə irəli sürülən dəlillərin və həmin geri qaytarmanın hüquqi nəticələrinin qiymətləndirilməsi işin mahiyyəti üzrə baxılması zamanı araşdırılmalı olan məsələlər olmaqla hazırkı mərhələdə kifayət qədər əsaslı olduğundan iddia tələbinin təmini məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqini istisna etmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödənilməsini tələb etdiyi borc məbləği kifayət qədər yüksək olduğundan, digər tərəfdən cavabdehin ona məxsus bank hesabındaki pul vəsaitlərinin xərclənməsi, bununla da gələcəkdə iddia ərizəsinin təmin edildiyi halda qətnamənin icrasında, yəni ərizəçinin pozulmuş hüquqlarının bərpa edilməsində çətinliklər yaranması ehtimalı mövcud olduğundan cavabdeh Cavabdeh MMCnin “xxxx” ASC-dəki AZ64PAHA40040AZNHC********** nömrəli bank hesabında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması növündə müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsaslar mövcuddur. Digər tərəfdən o da qeyd edilməlidir ki, bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması hüquqi şəxsin bank hesablarında olan pul vəsaitlərinin sərbəst istifadə etmək hüququnu məhdudlaşdırdığından həmin tədbirin hüquqi şəxs tərəfindən işçilərinə əmək haqqı ödənilməsinə, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin edilməsinə maneələr yaratması ehtimalı mövcuddur. Odur ki, kollegiya hesab edir ki, hazırkı iş üzrə müvəqqəti təminat tədbiri olaraq cavabdehin bank hesabinda olan pul vəsaitinin üzərinə həbs qoyulması cavabdeh tərəfindən işçilərinin əmək haqlarının verilməsinə, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin edilməsinə maneə yaratmadan icra edilməlidir. Həmçinin 57.859,01 manat məbləğində vəsaitin üzərinə həbs qoyulması tələbi ilə bağlı nəzərə alınır ki, həmin məbləğin tərkibinə 325 manat vəkil xidməti haqqı və 262 manat dövlət rüsumu da daxildir. Tələb edilən sözügedən məbləğlər məhkəmə xərcləri olmaqla iddiaçının maddi hüquqi tələblərinə daxil olmadığından həmin tələblərin təmin edilməsi məqsədilə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad çıxarılaraq ərizə qismən təmin edilməlidir. Cavabdeh Cavabdeh MMC-nin “xxxx” ASC-dəki AZ64PAHA40040AZNHC********** nömrəli bank hesabında olan cəmi 57.272,01 manat məbləğində pul vəsaitinin üzərinə işçilərinin əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan həbs qoyulmalıdır. Qalan hissədə ərizə rədd edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilsin. Cavabdeh Cavabdeh MMC-nin “xxxx” ASC-də olan AZ64PAHA40040AZNHC********** nömrəli bank hesabındakı pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan 57.272,01 (əlli yeddi min iki yüz yetmiş iki manat 01 qəpik) manat həcmində həbs qoyulsun. Qalan hissədə ərizə rədd edilsin. Məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər; iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-16(3-6)-394/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-394/2026
19.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver