Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-395/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından Cavabdeh MMC-nin qanuni nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Ərizəçi (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında ##.##.2024-cü il tarixdə xxxx/007/24 saylı xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən xidmətlərin göstərilməsini sifariş verməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.
2. ## ###### 2024-cü il tarixindən ## ### 2024-cü il tarixinədək icraçı tərəfindən göstərilən 28 875 manat dəyərində xidmət sifarişçi tərəfindən təhvil alınmışdır.
3. ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan elektron qaimələrə əsasən ümumilikdə 28 875 manat dəyərində xidmət ödəniş üçün sifarişçiyə təqdim edilmiş, ödəniş tapşırıqlarına əsasən sifarişçi 7000 manat məbləğdə ödəniş etmiş və 21 875 manat borcu qalmışdır.
4. Ərizəçi iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 21 875 manat məbləğində əsas borc, 156 manat dövlət rüsumu, hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 320 manat olmaqla, ümumilikdə 22 351 manatın Cavabdeh MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sözügedən kommersiya mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
6. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ##.##.2024-cü il tarixli xxxx/007/24 saylı xidmət müqaviləsi üzrə cəmi 21 875 manat borc həcmində Cavabdeh MMC-yə məxsus olan Azərbaycan Respublikasında bütün bank hesablarındakı pul vəsaitləri üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Ərizə işin faktiki hallarına uyğun əsaslandırılmış, Cavabdeh MMC-nin öhdəliyinə əməl etmədiyi, xidmət müqaviləsinin şərtlərini pozduğu irəli sürülmüşdür.
8. Cavabdeh MMC-nin nümayəndəsi yazılı etiraz təqdim edərək ərizənin təmin edilməməsini xahiş etmiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Ərizəçi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2, 157.5 və 157.6-cı maddələrinin tələb etdiyi zərurət, təcililik və mütənasiblik meyarları əsaslandırılmamışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, Cavabdeh MMC qanunvericiliyə uyğun fəaliyyət göstərən hüquqi şəxsdir. Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti davamlıdır, müflisləşmə və ya gələcək məhkəmə qətnaməsinin icrasından yayınma riski yoxdur. Şirkətin bank hesablarına ümumi həbs qoyulması, xüsusilə bütün bank hesablarını əhatə edən tədbir, şirkətin cari təsərrüfat əməliyyatlarının aparılmasına, əmək haqqı, vergi, sosial sığorta, kontragentlər və digər üçüncü şəxslər qarşısında öhdəliklərinin vaxtında icrasına ciddi maneələr yarada bilər. Ərizəçinin müraciətində yalnız borcun ödənilməməsi iddia edilir. Lakin borcun mövcudluğu və məbləği işə mahiyyəti üzrə baxılarkən sübutlara qiymət verilməklə müəyyən edilməlidir. Ərizəçi cavabdehin əmlakını gizlətməsi, bank hesablarından vəsaiti məqsədli şəkildə çıxarması, fəaliyyətini dayandırması, müflisləşməsi və ya gələcək məhkəmə qətnaməsinin icrasını mümkünsüz edəcək hər hansı real davranışını təsdiq edən sübut təqdim etməmişdir. Ərizədə “cavabdehin borcu ödəməkdən hər üsulla yayınacağı ehtimal olunur” şəklində ümumi ifadəyə istinad edilir. Sadəcə ehtimal xarakterli mülahizə müvəqqəti təminat tədbiri üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. Ərizəçi bank hesabları barədə məlumatların bank sirri təşkil etdiyini bildirsə də, bu hal cavabdehin hesablarına həbs qoyulmasını əsaslandıran risk yaratmır. Ərizədə hüquqi əsas kimi MPM-in 158.1.2-ci maddəsinə - müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmə tədbirinə istinad edilsə də, faktiki olaraq “bütün bank hesablarına həbs qoyulması” tələb edilir. Belə tədbir mahiyyəti üzrə MPM-in 158.1.1-ci maddəsində nəzərdə tutulan əmlak üzərinə həbs tədbiridir. Ərizədə tələb edilən tədbirin növü, həcmi və iddia tələbi ilə mütənasibliyi lazımi qaydada əsaslandırılmamışdır. •“Bütün bank hesablarına həbs” tələbi iddia predmetinin məbləğindən daha geniş nəticələr doğurur və cavabdehin hüquqlarını lüzumsuz məhdudlaşdırır. Müvəqqəti təminat tədbiri işin mahiyyəti üzrə əvvəlcədən həlli və ya iddia tələbinin əsaslılığının avtomatik qəbul edilməsi kimi tətbiq edilə bilməz. Nəzərə alınsa ki, cavabdeh sahibkarlıq subyektidir, onun qətnamənin icrasını gələcəkdə təmin etməyə kifayət edəcək qədər əmlaka sahib olmaması iş materialları ilə təsdiqini tapmır. Halbuki mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalı, yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalı idi ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edə yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Məhz belə bir zərurətlə bağlı əminlik olmalıdır ki, bank hesabı üzərinə həbs qoyulmasının indiki mərhələdə cavabdeh üçün əsassız ağır yükə çevrilmədən mütənasibliyə cavab verdiyi sual doğurmasın. Cavabdeh MMC hüquqi şəxsdir və iddia ərizəsi üzrə cavabdehdən tələb olunan məbləğ hüquqi şəxsə münasibətdə o qədər də yüksək məbləğ hesab olunmur. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində borcu ödəməyə kifayət edəcək dəyərdə əmlakı mövcuddur. Belə ki, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icrası üçün zərurət yarandığı təqdirdə cavabdeh öz əmlakı vasitəsilə qətnamənin icrasını təmin edə biləcək. Hazırda ərizəçinin tələb etdiyi borcun gələcəkdə təmini üçün Cavabdeh MMC-nin mülkiyyətində olan “Kamaz 43101” markalı **-JR-*** dövlət nömrə nişanlı yanacaq daşıyan yük maşını və “UAZ 39094” markalı **-JE-*** dövlət nömrə nişanlı sərnişin daşıyan avtomaşınının (cəmi ikisinin dəyəri 62.000 manat təşkil edir) özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmalıdır. Ərizənin təmin edilməsi şirkətin maliyyə vəziyyətini əsassız şəkildə çətinləşdirməyə yönəlir. Nəticədə, cavabdehin üçüncü şəxslərin qarşısında öhdəliklərini icrasına mane olacaq. Hazırki işin yekunlaşması aylarca vaxt ala biləcəyi təqdirdə, ərizənin təmin edilməsi şirkəti ciddi maddi və idarəetmə problemləri yaşayacaqlar”.
9. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin olunması, cavabdeh Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaitinin üzərinə 21 875 (iyirmi bir min səkkiz yüz yetmiş beş) manat həcmində həbs qoyulması (bank hesablarındakı vəsait üzərinə həbs qoyularkən əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişləri nəzərə alınmaqla) qərara alınmışdır.
10. Məhkəmə, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1-ci, 157.2-ci, 157.7-ci, 158-ci, 159-cu maddələrinə istinadla belə əsaslandırmışdır ki, ərizəçi tərəfindən ilkin sübutlar iş materiallarına əlavə edilmişdir və ərizənin təmin olunması mümkündür.
11. Həmin qərardaddan Cavabdeh MMC-nin nümayəndəsinin verdiyi şikayət məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən real və konkret təhlükənin mövcudluğunu müəyyən etməmiş, yalnız iddia tələbinin ilkin sübutlarla əsaslandırıldığı qənaətinə əsaslanmış, bununla da MPM-in 157-ci maddəsində nəzərdə tutulmuş ayrıca şərti-tədbir tətbiq edilmədikdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi halını faktiki olaraq qiymətləndirməmişdir.
Apellyasiya baxışı
13. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
15. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
16. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
17. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
18. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
19. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
20. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
21. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
22. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
23. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
24. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
25. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
26. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).
27. Ərizəçinin ərizəsinin məzmunundan və ərizəyə əlavə olunan sənədlərdən görünür ki, o, məhkəməyə iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət edən sübutlar (qiymət razılaşdırma protokolu, təhvil-təslim aktları, elektron qaimələr) təqdim etmişdir.
28. Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.
29. Kollegiya hesab edir ki, məhkəmə şərh olunan meyarları və ərizəçinin dəlillərini araşdırmış, zəruri əsaslandırma apararaq müvafiq nəticəyə gəlmişdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov