Məhkəmə qərarları › İş №e-16(3-6)-396/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-396/2026

18.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-396/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh1 tərəfindən verilmiş şikayətə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. Iddiaçı “xxxx” MMC cavabdeh cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında ##.##.2023-cü il tarixində bağlanmış **/** saylı alqı-satqı müqaviləsi və ona əlavə edilmiş X3 əsasında yaranmış 134247,71 manat məbləğində vəsaitin, 13424,77 manat cərimə məbləğinin və ödənilmiş 438 manat məbləğində rüsum olmaqla, cəmi 148110,48 manat məbləğində vəsaitin cavabdeh fərdi sahibkar cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və sözügedən iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır (e-*-*(*-**)-****/**** saylı iş).

2. Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” MMC) müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh fərdi sahibkar cavabdeh1 məxsus aşağıda qeyd edilən bank hesabına, o cümlədən bütün digər bank hesablarına iddia tələbinin əsasını təşkil edən 148110,48 manat pul məbləği həddində, həmçinin ona məxsus olan daşınar və daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıqla cavabdeh1 mülkiyyətində olan əmlaklar üzərinə 134247,71 manat (yüz otuz dörd min iki yüz qırx yeddi manat yetmiş bir qəpik) həcmində (bank hesabları üzərinə qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) həbs qoyulmuşdur.

4. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə cavabdeh1 tərəfindən şikayət verilmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müvəqqəti təminat tədbirini tətbiq edərkən Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 157.5-ci maddəsinə görə müvəqqəti təminat ərizəsi həmin tədbir olmadan iddia məzmununun qorunmasının mümkün olmadığı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi, iddia tələbinin kifayət qədər əsaslı olduğuna dair ilkin sübutların mövcudluğu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 157.6-cı maddəsinə görə müvəqqəti təminat tədbirləri mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmə qərardadından görünür ki, məhkəmə həm ona məxsus olan əmlaklar üzərinə, həm də bank hesabları üzərinə həbs qoymuşdur. Bu da konstitusion hüquqları kobud şəkildə pozmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələri qismində çıxış edən sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratma kimi əsas müddəaları pozmuşdur. Qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə dərhal, şifahi məhkəmə baxışı keçirilmədən,dispozitivlik prinsipi rəhbər tutulmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar və ərizəçinin tələb və ya xahişi həddində baxılır. Odur ki, ərizədə göstərilən xüsusatların araşdırılması üçün məhkəmənin zaman baxımından imkanı mövcud ola bilməz. Yəni müvəqqəti təminat tədbirinin təmin edilməsinə əsas verə biləcək ilkin sübutların məcmusunun məhkəmə tərəfindən araşdırılması mümkün deyildir. Xüsusilə qeyd edilir ki, məhkəmənin elektron sisteminə əlavə edilmiş sənədlər kifayət qədər çoxlu sayda olmaqla araşdırılması mümkün deyil. Müvəqqəti təminat tədbiri barədə ərizə qanunvericiliyin tələblərinə əsasən dərhal baxılmalı və icraya yönləndirilməlidir. Belə olduğu təqdirdə yüzlərlə sənədə məhkəmənin dərhal baxması və araşdırma aparması imkanı mövcud deyildir. Həmçinin qeyd olunan xüsusatların məhkəmə tərəfindən araşdırılması məhkəmənin arbitr rolunun pozulması ilə mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Çünki qeyd olunan hallar yanlız məhkəmə araşdırılması zamanı işin mahiyyəti üzrə baxılması zamanı meydana çıxa bilər. MülkiProsessual Məcəlləsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında məhkəmə baxışı keçirilməli, iddiaçı və cavabdeh dəvət edilməli, cavabdehin iddiaya etirazı və mülahizəsi dinlənilməli, mövcud sübutlar əsasında yekun məhkəmə aktı qəbul edilməlidir. Dərhal araşdırılması mümkün olmayan hallara sadəcə sənədlərin adlarına baxaraq qiymət verilməsi və düzgün olmayan qərardadın (sahibkarın hüquqlarını kobud şəkildə pozan) qəbul edilməsi mümkünsüzdür. Həmçinin müvəqqəti təminat tədbiri mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraq və mənafelərinin operativ, effektiv qorunması məqsədilə istisna hallarda tətbiq edilir. Subyektlərin iddia tələbi və şikayətləri üzrə yekun məhkəmə aktları qəbul edilməklə mübahisəyə hüquqi qiymət verilir. Müvəqqəti təminat tədbiri tətbiq edilərkən zərurilik, operativlik və ağlabatanlıq prinsipləri rəhbər götürülməli, mülki hüquq münasibətlərinin digər subyektlərinin hüquqları əsassız məhdudiyyətlərə məruz qalmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Plenum qərarında həmçinin qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Işin hallarından göründüyü kimi, müvəqqəti təminat tədbiri barədə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.5ci maddəsinin tələbi baxımından əsaslandırılmamışdır. Belə ki, ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) hansı səbəblərdən mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi qeyd olunmamışdır. Yəni ərizədə ilkin olaraq iddianın təmin olunduğu təqdirdə mübahisə predmeti olan pul vəsaitinin ödənilməmə ehtimalının mövcudluğu əsaslandırılmalı və bu əsasları təsdiq edən sübut təqdim olunmalı idi. Eləcə də xüsusilə qeyd edilməlidir ki, icra üzrə icraatda da əmlaklara həbs qoyulması növündə tədbir (məcburi icra tədbiri kimi) seçilə bilər. Lakin məcburi icra tədbirləri ilə müvəqqəti təminat tədbirləri öz məqsəd və təyinatına görə bir-birindən fərqlənir. Belə ki, cavabdehin yalnız məhkəmə qətnaməsinin icrasından yayınma ehtimalının olması və könüllü müddət ərzində icra sənədini icra etməməsi əgər icra icraatı çərçivəsində əmlaklara tələb həcmində həbs qoyulması üçün kifayət edəcək arqumentlər hesab edilirsə, həmin əsaslar müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün zəruri və kifayət deyildir. Belə ki, müvəqqəti təminat tədbirləri üzrə icraatda cavabdehin məhkəmə qətnaməsinin icrasından yayınma ehtimalı ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə əlaqəli sübut olunmalıdır. Qeyd edilən fərq isə onunla bağlıdır ki, icra icraatında mübahisəni həll edən qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğu halda, müvəqqəti təminat təminat tədbirləri üzrə icraatda belə bir mübahisə ya məhkəməyə təqdim edilmək mərhələsində, ya da məhkəmə icraatında olur. Bu isə mülki mühakimə icraatında çəkişmə prinsipindən irəli gələn tərəflər arasında balanslı mövqenin tutulması, bir tərəfin mütləq ziyanına mövqenin sərgilənməməsini tələb edir. Bu səbəbdən cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə müvəqqəti təminat tədbirinin tətbiqi zərurəti hər bir halda məhz daha ciddi (MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə) əsaslandırılmalıdır. Həmçinin o, sahibkar olmaqla mülki dövriyyədən mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərir. Belə olduğu təqdirdə bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması bir sahibkar kimi onun mülki dövriyyədə iştirak etməyinin məhdudlaşdırılmasına və ona yüksək məbləğdə zərər vurulmasına səbəb olacaqdır. Xüsusilə qeyd edilir ki, sahibkarlıq fəaliyyətində tez-tez kredit götürülməsi və həmin məbləğin sahibkarlığa yatırılması halları mövcud olur. Hal-hazırda məhkəmənin elektron sisteminə əlavə etdiyi sənədlərdən görünür ki, bir sıra banklardan kredit götürmüş və kreditin götürülməsi məqsədi sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Bu hal da bir sahibkar kimi öhdəliklərinin olmasına dəlalət edir. Bank hesablarına və şəxsi əmlaklarına 134247,71 manat kimi böyük məbləğdə həbsin qoyulması sahibkarlıq faəliyyətinin iflic vəziyyətə düşməsinə və öhdəliklərini təmin etməyinin mümkün olmayacağına səbəb olacaqdır. Həmçinin banklar sahibkarlara kredit ayırarkən bank hesabları ilə bağlı bütün nüanslar onlara açıq şəkildə görünür. Sahibkarlıq fəaaliyyəti ilə əlaqədar gələcəkdə hər hansı kredit götürmək istədikdə kreditin götürülməsi məhz göstərilən səbəblərdən mümkün olmayacaqdır. Məhkəmə qərardadından görünür ki, onun həm şəxsi əmlaklarına, həm də sahibkar kimi bank hesablarına həbs qoyulmuşdur. Qarşı tərəflə münasibəti sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə olduğu təqdirdə şəxsi əmlakına da qanunsuz həbsin qoyulması qəbul edilməzdir və heç bir ağlabatanlılıqla bu halın izahını vermək mümkün deyildir. Yuxarıda göstərilən səbəblərdən dolayı hesab edilir ki, məhkəmənin qəbul etdiyi qərardad əsassız olduğundan ləğv edilməlidir. Əks halda sahibkar kimi hüquqları bərpaedilməz dərəcədə pozulacaqdır.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya şikayətinə etiraz

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim ediıməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

9. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

10. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

11. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

12. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

13. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

14. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

15. Maddə 158.3-cü maddəsinə görə əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.

16. Maddə 158.4. Cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır.

17. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

19. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

20. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

21. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

22. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).

23. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər.

24. Iş materiallarından görünür ki, ərizəçi tərəfindən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar iddia ərizəsinə əlavə edilmişdir. (“xxxx” MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, **/** saylı alqı-satqı müqaviləsi və ona əlavə edilmiş qiymət razılaşma protokolları, elektron qaimələr, təhvil təslim aktları, maliyyə arayışı və s.)

25. Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.

26. Iş materiallarından görünür ki, ərizəçi ilə cavabdeh arasında ##.##.2023-cü il tarixli, **/** saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, ərizəçi cavabdehin sifarişi əsasında miqdarı və qiymətləri haqqında bütün məlumatlar qaiməfakturada göstərilən malları cavabdehə satmağı, cavabdeh isə malların müqabilində nəzərdə tutulmuş pulu ərizəçiyə ödəməyi öhdəsinə götürmüşdür.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti təminat tədbirləri gələcək məhkəmə aktının icrasını təmin etmək məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddia tələbinin tam sübuta yetirilməsi tələb olunmur, ilkin baxış zamanı iddianın kifayət qədər əsaslı görünməsi və gələcək icranın çətinləşməsi riskinin mövcudluğu kifayət hesab edilir. Ərizəçinin təqdim etdiyi ilkin sübutlar müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə baxılması mərhələsində iddia tələbinin prima facie əsaslı hesab edilməsi üçün kifayət etmişdir.

28. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

29. Belə olan halda kollegiya qeyd ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

30. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən şikayətdə qeyd edilmiş hallar müvəqqəti təminat tədbirinin tətbiqini istisna edən hal kimi qiymətləndirilə bilməz.

31. Belə ki, tətbiq edilmiş təminat tədbiri cavabdehin təsərrüfat fəaliyyətini tam iflic edən xarakter daşımamış, qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıq gözlənilmiş, həbs yalnız əsas borc məbləği həddində tətbiq edilmiş, eyni zamanda bank hesabları üzərinə qoyulacağı təqdirdə işçilərin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət tətbiq edilmədən qoyulması qərara alınmışdır. Bu isə tətbiq edilmiş tədbirin cavabdehin sahibkarlıq fəaliyyətini tam məhdudlaşdırmağa deyil, yalnız mümkün icranın təmin edilməsinə yönəldiyini göstərir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində məhkəmə tərəfindən mübahisənin mahiyyəti üzrə həll edilməsi və ya təqdim edilmiş sübutların yekun hüquqi qiymətləndirilməsi tələb olunmur. Bu mərhələdə məhkəmə yalnız iddia tələbinin zahiri baxımdan əsaslı olub-olmamasını və gələcək məhkəmə aktının icrasının çətinləşməsi riskinin mövcudluğunu qiymətləndirir. Odur ki, cavabdehin məhkəmə araşdırması keçirilmədən təqdim edilmiş sənədlərin qiymətləndirilməsinin mümkün olmaması barədə dəlili əsaslı hesab edilə bilməz.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

34. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar