Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-399/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair “İmpex İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair “İmpex İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh1 İslam oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. “İmpex İnternational” MMC (satıcı) ilə cavabdeh1 İslam oğlu (alıcı) arasında ## ####### 2023-cü il tarixdə **/** saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı alıcıya müxtəlif sürtgü məhsullarının satışını təşkil edir.
2. “İmpex İnternational” MMC cavabdeh1 İslam oğluna qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 78 769,4 manat borc, 7876,94 manat cərimə məbləği və 350 manat dövlət rüsumu olmaqla, ümumilikdə 86 996,34 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sözügedən kommersiya mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
4. “İmpex İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh1 İslam oğluna məxsus bank hesabına, o cümlədən bütün digər bank hesablarına iddia tələbinin əsasını təşkil edən 86 996,34 manat pul məbləği həddində, həmçinin ona məxsus olan daşınar və daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2023-cü il tarixində bağlanmış **/** saylı alqı-satqı müqaviləsi üzrə alıcının (fərdi sahibkar cavabdeh1 İslam oğlu) üzərinə götürdüyü öhdəliklərin icrası kobud qaydada pozulmuşdur. Müqavilənin 3-cü maddəsində olan şərtlərinə əsasən satılmış (təqdim edilmiş) malların dəyəri satıcı (“İmpex İnternational” MMC) tərəfdən alıcı tərəfə təqdim olunan e-qaimə fakturanın tarixindən 10 (on) təqvim günü müddətində satıcının bank hesabına köçürmə yolu ilə ödənilməlidi idi. Həmçinin, müqavilənin 5-ci maddəsində çatdırılan (təqdim və ya satılan) malların dəyərinin ödənilməsi 1 (bir) aydan çox davam edərsə, alıcı toplanmış borca həmin müddətdən sonrakı hər iş gününə görə 2 (iki) faiz penya ödənişi nəzərdə tutulmuşdur. İddiaçının satış təmsilçiləri tərəfindən mövcud qalıq borcun ödənilməsi ilə bağlı dəfələrlə alıcının sahibkarlıq fəaliyyətini faktiki həyata keçirdiyi təsərrüfat subyektinə - ünvan 1 (İTV-nın yanı) ünvanda yerləşən “Status Avto” mağazasına gedilməsinə və borcun ödənilməsi istiqamətində söhbətlər aparılmasına baxmayaraq, cavabdeh1 müxtəlif bəhanələrlə borcun ödənilməsindən qərəzli şəkildə boyun qaçırmışdır. Alıcının satıcıya borcu ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixdən olan dövr ərzində 39 ədəd e-qaimə faktura üzrə 66753,72 manat malların dəyəri və həmin dövriyyəyə uyğun 12015,67 manat ƏDV olmaqla, ümumilikdə 78769,4 manat təşkil edir. Həmin e-qaimə fakturalar müvafiq qiymət razılaşdırılması barədə protokollar əsasında tərtib edilmiş və malların təhvil-təsliminə dair müvafiq aktlar yazılaraq müqavilə iştirakçıları tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Bundan əlavə, müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş və borcun ödənilməsinin gecikdirilməsinə görə penya məbləğinin ##.##.2026-cı il tarixə 391358,54 manat təşkil etməsinə baxmayaraq, humanist davranmaqla, qarşı tərəfin vəziyyətini ağırlaşdırmaq niyyətimizin olmadığını nəzərə alaraq hazırkı iddia üzrə penya məbləğini ümumi qalıq borcun 10 faizi həcmində (78769,4 x 10%) 7876,94 manat həddində məhdudlaşdırılır. Dəfələrlə cavabdehlə aralarında müqavilə öhdəliklərini icra etməsi, qalıq borc məbləğinin tam ödənilməsi ilə bağlı danışıqlar və yazışmalar aparılmağına və hətta cavabdehə pretenziya qaydasında yazılı müraciət edilməsinə baxmayaraq, təəssüf ki, heç bir müsbət nəticə əldə olunmamışdır. Sonuncu dəfə cavabdehə öhdəliyin tam icra edilməsi ilə bağlı pretenziya məktubu ilə onlayn kargüzarlıq vasitəsilə elektron qaydada və cavabdehin yaşadığı ünvana, fəaliyyət göstərdiyi təsərrüfat subyektinə sifarişli poçtla yazılı şəkildə göndərilmiş, öhdəliyin tam icrası tələb edilmişdir. Bu xəbərdarlıqdan sonra da cavabdeh öhdəliyini icra etməyərək, qalıq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 3-cü maddəsinə əsasən satılmış (təqdim edilmiş) malların dəyəri satıcı tərəfdən alıcı tərəfə təqdim olunan e-qaimə fakturanın tarixindən 10 (on) təqvim günü müddətində satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsini alıcı öz öhdəsinə götürür. Göstərilən nəzərə alaraq, ##.##.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında ##.##.2023-cü il tarixində bağlanmış **/** saylı alqı-satqı müqaviləsi və ona əlavə edilmiş X2 əsasında yaranmış 78769,4 manat məbləğində vəsaitin, 7876,94 manat cərimə məbləğinin və ödənilmiş 350 manat məbləğində rüsum olmaqla, cəmi 86996,34 manat məbləğində vəsaitin cavabdeh fərdi sahibkar cavabdeh1 İslam oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Tərəflər arasında mübahisə məhkəmə qaydasında baxılacaqdır. Həmin mübahisə qeyri-müəyyən müddətə başa çata bilər. Bu müddət ərzində cavabdeh qalıq borcun ödənilməsindən yayınmaq məqsədilə bank hesablarındakı vəsaiti digər istiqamətlərə sərf edə və balansında olan daşınar və daşınmaz əmlakı özgəninkiləşdirə bilər. Ərizənin cavabdehə məxsus bütün bank hesablarının üzərinə həbs qoyulması hissəsinə münasibətdə cavabdeh tərəfindən bank hesabında olan pul vəsaitlərinin xərclənməsi və belə olan halda iddia təmin edildiyi təqdirdə qətnamənin icrasının çətinləşməsi ehtimalının mövcud olduğunu, müvəqqəti təminat tədbiri tətbiq edilməklə bank hesabındakı vəsait üzərində həbs qoyulmasının belə bir ehtimalı aradan qaldırdığını nəzərə alaraq hesab edilir ki, iş üzrə cavabdehin bank hesabında olan pul vəsaitləri üzərinə 86996,34 manat pul məbləği həddində və həbs qoyulması növündə müvəqqəti təminat tədbiri tətbiq edilməlidir. Müqavilə bağlanan zaman cavabdeh tərəfindən təqdim edilən AZ**AIIB******************** nömrəli hesablaşma hesabı olmuşdur. Həmin cəmiyyətin digər hesablarının olma ehtimalını nəzərə alaraq bütün bank hesablarına müvafiq həbsin qoyulması məqsədəmüvafiqdir. Eyni zamanda, fərdi sahibkar cavabdeh1 İslam oğlunun balansında olan daşınar və daşınmaz əmlak üzərinə həbs qoyulması növündə müvəqqəti təminat tədbiri tətbiq edilməlidir.
6. Məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin olunması, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıqla cavabdeh1 İslam oğlunun mülkiyyətində olan əmlaklar üzərinə 78 769,40 manat (yetmiş səkkiz min yeddi yüz altmış doqquz manat qırx qəpik) (bank hesabları üzərinə qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1-ci, 157.2-ci, 157.7-ci, 158-ci, 159-cu maddələrinə istinadla belə əsaslandırmışdır ki, ərizəyə və iddia ərizəsinə (əsas iş üzrə) qeyd olunan hallarla bağlı ilkin sübut qismində müəyyən sənədlər əlavə edilmişdir (elektron qaimələr, təhvil təslim aktları, qiymət razılaşma protokolları, maliyyə arayışı və s.) və ərizənin qismən təmin olunması mümkündür.
8. Həmin qərardaddan cavabdeh1 İslam oğlunun verdiyi şikayət məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayət belə əsaslandırılmışdır ki, ərizəçi tərəfindən müqavilə münasibətlərinin olmasını təsdiq edən əsas sənəd olaraq müqavilə, eyni zamanda elektron qaimələrin göndərilməsini təsdiq edən sənədlər ərizəyə əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. Qeyd edilir ki, dəyəri tələb olunan malların təhvil-təsliminə dair təqdim olunan sübutları ilkin olaraq qiymətləndirərək malların təhvil verilməsinə dair hazırkı icraatda birmənalı nəticəyə gəlmək mümkün deyildir. Bundan başqa, ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) hansı səbəblərdən mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi əsaslandırılmamış, ehtimallara əsaslanan formal mülahizələr qeyd olunmuşdur. Yəni ərizədə ilkin olaraq mübahisə predmeti olan pul vəsaitinin ödənilməmə ehtimalının mövcudluğu əsaslandırılmalı idi. Nəzərə alınsa ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektdir, onun qətnamənin icrasını gələcəkdə təmin etməyə kifayət edəcək qədər pul vəsaitlərinə və əmlaka sahib olmamağı iş materialları ilə təsdiqini tapmır. Halbuki mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalı, yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalı idi ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edə yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Məhz belə bir zərurətlə bağlı əminlik olmalıdır ki, ona məxsus əmlakların üzərinə həbs qoyulmasının indiki mərhələdə cavabdeh olaraq onun üçün əsassız ağır yükə çevrilmədən mütənasibliyə cavab verdiyi sual doğurmasın. Lakin ərizədə belə bir əsaslandırma aparılmamışdır. Əlavə olaraq, qeyd edilir ki, cavabdeh olaraq o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahikar olmaqla əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətlə məşğuldur. Həmçinin ona məxsus əmlakların üzərinə həbs qoyulması fərdi sahibkar kimi fəaliyyətinə, bazarda tutduğu mövqeyə ciddi zərbə vura bilər, bu da fərdi sahibkar olaraq ona ciddi çətinliklər yarada bilər. Eləcə də, xüsusilə qeyd edilməlidir ki, icra üzrə icraatda da əmlaklara həbs qoyulması növündə tədbir (məcburi icra tədbiri kimi) seçilə bilər. Lakin məcburi icra tədbirləri ilə müvəqqəti təminat tədbirləri öz məqsəd və təyinatına görə birbirindən fərqlənir. Belə ki, cavabdehin yalnız məhkəmə qətnaməsinin icrasından yayınma ehtimalının olması və könüllü müddət ərzində icra sənədini icra etməməsi, əgər icra icraatı çərçivəsində əmlaklara tələb həcmində həbs qoyulması üçün kifayət edəcək arqumentlər hesab edilirsə, həmin əsaslar müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün zəruri və kifayət deyildir.
Apellyasiya baxışı
10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
12. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
13. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
14. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
15. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
16. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
17. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
18. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
19. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
20. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
21. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
22. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
23. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).
24. Ərizəçinin ərizəsinin məzmunundan və ərizəyə əlavə olunan sənədlərdən görünür ki, o, məhkəməyə iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət edən sübutlar (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, qiymət razılaşdırma protokolu, təhvil-təslim aktları, elektron qaimələr) təqdim etmişdir.
25. Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.
26. Kollegiya hesab edir ki, məhkəmə şərh olunan meyarları və ərizəçinin dəlillərini araşdırmış, zəruri əsaslandırma apararaq müvafiq nəticəyə gəlmişdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Tural Qocayev Səməd Cəfərov