Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-400/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin uzadılmasına dair Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin uzadılması, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin uzadılmasına dair Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından ərizəçinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti (ərizəçi) müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Canmirzəyev İlham Qanbay oğluna məxsus olan “Haval H9” minik markalı ** LV *** qeydiyyat nömrə nişanlı (şəhadətnamə nömrəsi: BB468253) nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin (alqı-satqı, bağışlama və s.) və nəqliyyat vasitəsinin istifadəsinin Canmirzəyev İlham Qanbay oğluna qadağan edilməsi, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Canmirzəyev İlham Qanbay oğlu Ərizəçi MMC-dən ##.##.2023-cü il tarixdə birinin dəyəri 100 manat olan, 210 ədəd Beton almışdır. ****** nömrəli malların təhvil-qəbul aktına əsasən mallar Canmirzəyev İlham Qanbay oğluna təqdim edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Dəfələrlə İlham Canmirzəyevə borcun ödənilməsi barədə şifahi xəbərdarlıq edilsə də, ödənişi ödəməkdən imtina etmişdir. ##.##.2026-cı il tarixdə ona rəsmi xəbərdarlıq göndərilmiş və borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, lakin borc yenə də ödənilməmişdir. Göstərilənlərlə bağlı ərizəçi (gələcəkdə iddiaçı) “borcun və xərclərin” ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Vəkil sorğusu əsasında İlham Canmirzəyevin mülkiyyətində “Haval H9” minik markalı ** LV *** qeydiyyat nömrə nişanlı (şəhadətnamə nömrəsi:BB468253) nəqliyyat vasitəsinin olduğu aşkar edilmişdir. Hazırkı halda ərizəçi məhkəmədə gələcəkdə qaldıracağı iddianın əsaslılığı ilə bağlı ilkin sübutları məhkəməyə təqdim etmişdir. Belə olan halda ərizəçinin ödənilməsini tələb etdiyi borc məbləği yüksək olduğundan, digər tərəfdən İlham Canmirzəyevin ona məxsus nəqliyyat vasitəsini özgəninkiləşdirəcəyi, bununla da gələcəkdə ərizənin təmin edildiyi halda qətnamənin icrasında, yəni ərizəçinin pozulmuş hüquqlarının bərpa edilməsində çətinliklər yaranması ehtimalı mövcud olduğundan təminat tədbirinin görülməsinə zərurət yaranmışdır.
3. Məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin olunması, Canmirzəyev İlham Qanbay oğluna məxsus “Haval H9” minik markalı ** LV *** qeydiyyat nömrə nişanlı (şəhadətnamə nömrəsi: BB468253) nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin 1 ay müddətinə qadağan edilməsi, müvəqqəti təminat tədbirinin ##.##.2026-cı il tarixdə qüvvədən düşməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti (iddiaçı) Canmirzəyev İlham Qanbay oğluna (cavabdeh) qarşı ## ##### 2026-cı il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək cavabdehdən 21 000 manat əsas borcun, illik 5%-lə hesablanmış 1500 manat cərimənin, 320 manat vəkil xərcinin və dövlət rüsumunun əvəzi qismində 159 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
6. Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2026-cı il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadına əsasən tətbiq edilən müvafiq müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarixin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər uzadılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Canmirzəyev İlham Qanbay oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, bu iş icraata qəbul edilmiş, işə e-2-2(4-11)-2804/2026 nömrəsi verilmiş və iş üzrə ilk hazırlıq iclası ##.##.2026-cı il tarixi saat 11:40-a təyin edilmişdir.
8. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin uzadılması barədə ərizəsi rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci, 157.5-ci, 158.1.1-ci, 158.1.2-ci, 158.1.3-cü maddələrinə istinadla belə əsaslandırmışdır ki, müvəqqəti təminat tədbiri barədə ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurəti faktiki cəhətdən əsaslandırılmalıdır, lakin ərizəçi hazırki ərizəsində bu zərurəti əsaslandırmamışdır. Ərizəçi ərizəsinə yalnız ##.##.2023-cü il tarixli malların təhvil-qəbul aktını əlavə etmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin ##.##.2026-cı il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh Canmirzəyev İlham Qanbay oğlu ümumiyyətlə iddiaçını tanımadığını, onunla heç bir alqı-satqı münasibətində olmadığını, ərizəyə əlavə edilmiş aktdakı imzanın ona aid olmadığını bildirmiş, ekspertizanın keçirilməsin xahiş etmişdir. Bakı Kommersiya Məhməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə xətşünaslıq ekspertizası təyin edilmişdir.
11. Həmin qərardaddan Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Məhkəmə bildirir ki, müvəqqəti təminat tədbiri barədə ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurəti faktiki cəhətdən əsaslandırılmalıdır, lakin ərizəçi ərizəsində bu zərurəti əsaslandırmamışdır. Məhkəmənin bu mövqeyi birinci dəfə ərizəni təmin etdiyi mövqe ilə üst-üstə düşmür. Əgər ərizə kifayət qədər əsaslandırılmamışdırsa, məhkəmə ərizəni necə təmin edirdi? Və əgər malların təhviltəslim aktı sübut deyildirsə, məhkəmə bu sənədi necə sübut kimi qəbul etmişdi? Məhkəmənin belə bir mövqeyi başa düşülən deyil. Daha sonrasında məhkəmə göstərir ki, “bundan başqa məhkəmənin ##.##.2026-cı il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh Canmirzəyev İlham Qanbay oğlu ümumiyyətlə iddiaçını tanımadığını, onunla heç bir alqı-satqı münasibətində olmadığını, ərizəyə əlavə edilmiş aktdakı imzanın ona aid olmadığını bildirmiş, ekspertizanın keçirilməsin xahiş etmişdir. Bakı Kommersiya Məhməsinin ##.##.2026-cı iltarixli qərardadı ilə xətşünaslıq ekspertizası təyin edilmişdir.” Məhkəmənin bu əsaslandırması isə tamamilə absurddur. Belə ki, iş üzrə əsas sübut olan təhvil-təslim aktı var. Cavabdeh bildirir ki, imza ona məxsus deyil və buna görə ekspertiza təyin olunur. Yəni məhkəmə iş üzrə araşdırma aparır. Cavabdehin isə imzanı inkar etmək hüququ var. Yəni, cavabdehin “bəli, imza mənə məxsusdur” demək öhdəliyi yoxdur. Məsələn, bankdan kredit müqaviləsi üzrə istehlak krediti götürən şəxs də, gəlib məhkəmədə imzanın ona məxsus olmamasını iddia edib, vəsatət vermək hüququ var. Bunun bir çox səbəbi ola bilər. Məsələn iş üzrə icraatı uzatmaq. İddia tələbinin faktiki əsası kimi ilkin sübutlar məhkəməyə təqdim edilib və bu hal müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi üçün kifayətdir. Əsas iş üzrə sübutun mübahisələndirilməsi, müvəqqəti təminat tədbiri barədə ərəzinin təmin olunmamasına əsas ola bilməz. Eyni zamanda, məhkəmənin hazırki mövqeyindən belə başa düşülür ki, əgər cavabdeh imzanı yox, ümumiyyətlə borcunun olmasını inkar etsə idi, onda məhkəmə yenə də cavabdehin sözü ilə ərizəni təmin etməyəcəkdir. Hazırkı halda ərizəçi məhkəmədə qaldırdığı iddianın əsaslılığı ilə bağlı ilkin sübutu (təhvil-təslim aktı) məhkəməyə təqdim etmişdir. Belə olan halda iddiaçının ödənilməsini tələb etdiyi borc məbləği yüksək olduğundan, digər tərəfdən cavabdehin ona məxsus əmlakı özgəninkiləşdirməsi, bununla da gələcəkdə ərizənin təmin edildiyi halda qətnamənin icrasında, yəni ərizəçinin pozulmuş hüquqlarının bərpa edilməsində çətinliklər yaranması ehtimalı mövcud olduğundan ərizə təmin edilməlidir”.
Apellyasiya baxışı
13. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
15. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
16. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.
17. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
18. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
19. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
20. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
21. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
22. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
23. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
24. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
25. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
26. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
27. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).
28. İşin hallarından görünür ki, ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edənə qədər müvafiq təminat tədbirinin görülməsini xahiş etmiş, məhkəmə onun təqdim etdiyi ilkin sübutları kifayət qədər əsaslı hesab edərək müvafiq nəticəyə gəlmiş, cavabdeh (maraqlı şəxs) isə bu nəticəni mübahisələndirməmişdir.
29. Belə olan halda məhkəmədən gözlənilən odur ki, iddia ərizəsi verildikdən sonra, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini bir daha aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində daha əvvəl tətbiq etdiyi tədbirin uzadılmalı olub-olmadığına qərar versin.
30. Lakin işdən görünür ki, məhkəmə nə şərh olunan meyarları, nə də ərizəçinin dəlillərini ümumiyyətlə araşdırmamış, yalnız cavabdehin təhvil-təslim aktındakı imzanı mübahisələndirməsini əsas götürməklə müvafiq nəticəyə gəlmişdir. Halbuki, cavabdehin həmin sübutu mübahisələndirməsi özü-özlüyündə onun etibarsız hesab olunması üçün kifayət deyil və müvəqqəti təminat tədbirlərinin tətbiqi baxımından sübutların ilkin qiymətləndirilməsi üçün qəbul olunan yanaşmaya uyğun hesab edilə bilməz.
31. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv olunaraq Canmirzəyev İlham Qanbay oğluna məxsus “Haval H9” minik markalı ** LV *** qeydiyyat nömrə nişanlı (şəhadətnamə nömrəsi: BB468253) nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilməli və müvəqqəti təminat tədbiri Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı çıxarılan tarixə qədər qüvvədə olmalıdır.
32. Belə yanaşma həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan müvəqqəti təminat tədbiri institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, müvafiq təminat tədbiri yalnız avtomobilin özgəninkiləşdirilməsinə qadağanı təmin etməklə cavabdehin hüquqlarının qeyrimütənasib
33. şəkildə məhdudlaşmasına səbəb olmur; həmçinin cavabdehin, əgər ona qarşı açıq aşkar əsassız iddia qaldırıldığı müəyyən olunarsa, gələcəkdə iddiaçıya qarşı, müvafiq tədbirin görülməsi nəticəsində məruz qaldığı ziyanın əvəzinin ödənilməsi tələbini irəli sürmək hüququ vardır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qərardadı ləğv olunsun. Müvəqqəti təminat tədbirinin uzadılmasına dair Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi təmin edilsin. Canmirzəyev İlham Qanbay oğluna məxsus “Haval H9” minik markalı ** LV *** qeydiyyat nömrə nişanlı (şəhadətnamə nömrəsi: BB468253) nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər qadağan edilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov