Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-401/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X12 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından maraqlı şəxs Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “M.İ.Southtrans” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC ilə bağlanmış ## ###### 2024-cü il tarixli, *** nömrəli və ## #### 2024-cü il tarixli, *** nömrəli müqavilələrin etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 2 089 799,26 rubl (44 023,71 manat) pulun, həmçinin ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi qismində 2 227 760,88 rubl (48 690,64 manat) və 15 000 manat pul, ödənilmiş cərimənin əvəzi qismində 159 650 rubl (3 490,14 manat) pul və ödənilmiş 315 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X1, Cavabdeh MMC-dən birgə (müştərək) qaydada vurulmuş zərərin əvəzi qismində 2.058.799,26 rubl və 159650 rubl, ümumilikdə 2.218.449,26 (iki milyon iki yüz on səkkiz min dörd yüz qırx doqquz rubl iyirmi altı qəpik) rubl (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Rusiya rublunun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 300 (üç yüz) manat dövlət rüsumunun tutularaq iddiaçı “M.İ.Southtrans” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iddia ərizəsi verilərkən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun iddiaçı “M.İ.Southtrans” MMC-nin özünə aid edilməsi, cavabdehlər X1, Cavabdeh MMC-dən birgə (müştərək) qaydada 226 (iki yüz iyirmi altı) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X10 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Daha sonra ərizəçi “M.İ.Southtrans” MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi qüvvəyə minib icra edilənədək cavabdeh Cavabdeh MMCnin mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlaklara həmçinin cavabdehin bank hesablarında olan pul vəsaitlərinə 2.058.799,26 rubl və 159650 rubl, ümumilikdə 2.218.449,26 (iki milyon iki yüz on səkkiz min dörd yüz qırx doqquz rubl iyirmi altı qəpik) rubl (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Rusiya rublunun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 300 (üç yüz) manat dövlət rüsumu həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək, iddiaçı “M.İ.Southtrans” MMC-nin cavabdehlər X1, Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh MMC-nin (VÖEN: **********) mülkiyyətində olan əmlakların üzərinə ümumilikdə 2.218.449,26 (iki milyon iki yüz on səkkiz min dörd yüz qırx doqquz rubl iyirmi altı qəpik) rubl (51148,58 manat) məbləğində (bank hesabları üzərinə həbs qoyulacağı təqdirdə əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan) həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmiş, qərardad dərhal icra edilmişdir. Maraqlı şəxs Cavabdeh MMC həmin qərardaddan şikayət verib, ərizənin təmin edilməməsini, məhkəmə qərardadın tam ləğvini mümkün hesab etmədiyi halda isə tətbiq edilmiş təminat tədbirinin daha yüngül və mütənasib tədbirlə əvəz edilməsini, xüsusilə bank hesabları üzərinə qoyulmuş həbsin ləğv edilməsi və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cari logistika fəaliyyəti üzrə zəruri əməliyyat ödənişlərinin aparılmasına məhdudiyyət qoyulmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2, 157.5.1, 157.5.2, 158 və 163-cü maddələrində nəzərdə tutulan zərurət, real risk, ilkin sübutlar və mütənasiblik tələblərini lazımi qaydada qiymətləndirməmişdir. Ərizəçi tərəfindən müvəqqəti təminattədbirinin tətbiqi barədə ərizədə cavabdehin əmlaklarını özgəninkiləşdirməsi, özünü müflis etməsi və fəaliyyətini dayandırması barədə yalnız ümumi və “şifahi məlumatlara” əsaslanan iddialar irəli sürülmüşdür. Həmin iddiaları təsdiq edən alğı-satqı müqavilələri, daşınmaz və ya daşınar əmlakın özgəninkiləşdirilməsi barədə reyestr çıxarışları, bank hesablarından vəsaitlərin çıxarılması barədə məlumatlar, ləğvetmə və ya yenidən təşkil prosesinə dair sənədlər, kreditorlardan yayınma faktları və ya digər obyektiv sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, ərizəçi yalnız tələb məbləğinin mövcudluğunu deyil, həm də müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda qətnamənin icrasının real olaraq mümkünsüzləşəcəyi və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə konkret faktları və sübutları təqdim etməli idi. Hazırkı halda isə belə sübutlar təqdim edilməmiş, məhkəmə yalnız ehtimal xarakterli mülahizələr əsasında cavabdehin əmlakı və bank hesabları üzərinə həbs qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri yalnız cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyət dəyişərsə, ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi hallarda tətbiq edilə bilər. Hazırkı işdə isə məhkəmə bu real təhlükənin nədən ibarət olduğunu konkret sübutlar əsasında müəyyən etməmişdir. Ərizəçinin sadəcə olaraq “cavabdeh əmlakını özgəninkiləşdirə bilər”, “bank hesablarında olan pul çıxarıla bilər” kimi ehtimallara istinad etməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət sayıla bilməz. Əks yanaşma istənilən pul tələbi üzrə cavabdehin əmlakı və bank hesabları üzərinə avtomatik qaydada həbs qoyulması nəticəsinə gətirib çıxarar ki, bu da müvəqqəti təminat tədbiri institutunun mahiyyətinə ziddir. Qeyd edilməlidir ki, əvvəlki mərhələlərdə “M.İ.Southtrans” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş oxşar məzmunlu müvəqqəti təminat ərizələri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında göstərilmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün iki hal əsaslandırılmalıdır: birincisi, müvəqqəti təminat tədbiri tətbiq edilmədən Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmaması; ikincisi, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin mərhələdə ərizə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında isə məhkəmə özü qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinin zəruriliyini, tədbirlərin tətbiq edilməsinin səbəblərini və həmin dəlilləri təsdiq edən sübutları təqdim etmək ərizəçinin üzərinə düşür və ərizəçi bu vəzifəni icra etməmişdir. Hazırkı ##.##.2026-cı il tarixli qərardadda isə məhkəmə əvvəlki qiymətləndirmədən fərqli nəticəyə gəlmiş, lakin hansı yeni sübutların təqdim edildiyini, hansı yeni faktiki vəziyyətin yarandığını və niyə artıq müvəqqəti təminat tədbirinin zəruri hesab edildiyini kifayət qədər əsaslandırmamışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir. Lakin həmin qərardaddan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmədə kassasiya icraatı davam edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından verdiyi kassasiya şikayətiicraata qəbul edilmişdir. Həmin qərardadda açıq şəkildə göstərilmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 405 və 407-ci maddələrində nəzərdə tutulan qaydada tərtib edilməklə verilmiş və kassasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli məhkəmə bildirişində işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı göstərilmişdir. Bildirişdə həmçinin işə X3 məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə baxılacağı qeyd edilmişdir. Bu hallar onu təsdiq edir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının qanuniliyi hazırda Ali Məhkəmənin yoxlamasındadır və apellyasiya şikayətinin mümkünlüyü məsələsi yekun şəkildə həll olunmamışdır. Belə şəraitdə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinə tam sabit, mübahisəsiz və yekun icra əsası kimi yanaşılması düzgün deyil. Ali Məhkəmə kassasiya şikayətini təmin edərsə, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilə, iş apellyasiya şikayətinin mümkünlüyünə və ya apellyasiya baxışına qaytarıla bilər. Bu halda hazırkı təminat tədbirinin əsası kimi göstərilən qətnamə yenidən apellyasiya yoxlamasının predmeti ola bilər. Belə olan halda, prosessual baxımdan hələ tam yekunlaşmamış və mübahisəli olan qətnamə əsasında cavabdehin bütün əmlakları və bank hesabları üzərinə həbs qoyulması cavabdehin hüquqlarını əsassız şəkildə məhdudlaşdırır. Məhkəmə həbsin yalnız 51.148,58 manat həcmində tətbiq edildiyini göstərsə də, qərardadın formulə edilməsi “cavabdehin mülkiyyətində olan əmlakların üzərinə” həbs qoyulması formasındadır. Bu cür ümumi ifadə icra mərhələsində şirkətin bank hesablarının, dövriyyə vəsaitlərinin, nəqliyyat vasitələrinin və gündəlik sahibkarlıq fəaliyyətinin faktiki məhdudlaşdırılması riski yaradır. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti beynəlxalq yükdaşıma və logistika fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Şirkətin fəaliyyəti gündəlik pul dövriyyəsi, müştərilər və kontragentlərlə operativ hesablaşmalar, sürücülərin səfər və yol xərclərinin ödənilməsi, yanacaq, təmir, texniki xidmət, gömrük, icazə sənədləri, dayanacaq, yükün müşayiəti və digər zəruri əməliyyat ödənişləri üzərində qurulur. Xüsusilə qeyd edilməlidir ki, bank hesablarının bloklanması Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti üçün sadəcə təminat xarakterli məhdudiyyət deyil, faktiki olaraq şirkətin kommersiya fəaliyyətinin dayandırılması nəticəsini yaradır. Logistika fəaliyyəti fasiləsiz ödəniş dövriyyəsi tələb edən sahədir. Şirkət daşıma sifarişlərini icra etmək üçün gündəlik olaraq yanacaq, təmir, sürücülərin yol və ezamiyyə xərcləri, gömrük və icazə sənədləri, park dayanacağı, yüklərin müşayiəti, xarici və yerli kontragentlər qarşısında ödənişlər etməlidir. Bu ödənişlərin dayandırılması yalnız şikayətçiyə deyil, həm də müştərilərə, yük sahiblərinə, daşıyıcılara və digər üçüncü şəxslərə mənfi təsir göstərir. Bank hesablarının bloklanması nəticəsində şirkət yalnız formal olaraq deyil, faktiki olaraq da cari fəaliyyətini davam etdirmək imkanından məhrum olur. Şirkət müştərilər qarşısında öhdəliklərini icra edə, daşıma sifarişləri üzrə ödənişlər edə, sürücülərin ezamiyyə və yol xərclərini, yanacaq, təmir, gömrük və icazə xərclərini qarşılaya bilmir. Bu isə müvəqqəti təminat tədbirinin məqsədindən kənara çıxaraq şirkətin fəaliyyətinin dayandırılması, müqavilə öhdəliklərinin pozulması, yeni zərərlərin yaranması və şirkətin işgüzar nüfuzuna əlavə ziyan vurulması ilə nəticələnir. Məhkəmə qərardadında bank hesabları üzrə yalnız əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinin istisna edilməsi qeyd edilmişdir. Lakin logistika şirkəti üçün fəaliyyətin davam etdirilməsi təkcə bu ödənişlərlə məhdudlaşmır. Şirkətin əsas kommersiya fəaliyyəti məhz müştərilədaşıyıcılar, sürücülər, yanacaq təchizatçıları, servis və təmir müəssisələri, gömrük və icazə sənədləri üzrə xidmət göstərən şəxslər, xarici və yerli kontragentlər qarşısında gündəlik ödənişlərin aparılması üzərində qurulur. Hazırda qərardad əsasında verilmiş icra vərəqəsi dərhal icraya yönəldilmiş və bunun nəticəsində şirkətin bank hesabları üzrə sərəncam imkanları məhdudlaşdırılmışdır. Hesabların bloklanması Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə birbaşa təsir edir və şikayətə baxılanadək şirkətin maliyyə dövriyyəsinin bloklanması faktiki olaraq bərpası çətin olan nəticələr yaradır. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edərkən yalnız ərizəçinin maraqlarını deyil, cavabdehin mülkiyyət hüququnu, sahibkarlıq fəaliyyətini və iqtisadi dövriyyədə iştirak imkanını da nəzərə almalı idi. Halbuki hazırkı qərardadda Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin logistika şirkəti olması, bank hesablarının bloklanmasının şirkətin gündəlik əməliyyatlarına və müştərilər qarşısında öhdəliklərinə hansı təsir göstərəcəyi ayrıca qiymətləndirilməmişdir. Bu isə mütənasiblik prinsipinin pozulmasına və müvəqqəti təminat tədbirinin təminat məqsədindən çıxaraq cəza xarakterli iqtisadi məhdudiyyətə çevrilməsinə səbəb olur. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti logistika və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərdiyindən, onun hesabları üzrə əməliyyatların məhdudlaşdırılması yalnız şirkətin daxili maliyyə vəziyyətinə deyil, həm də üçüncü şəxslərin müştərilərin, daşıyıcıların, sürücülərin, yük sahiblərinin və digər kontragentlərin hüquq və qanuni maraqlarına təsir edir. Şirkət müştərilərindən daşıma sifarişləri qəbul edir, həmin sifarişlərin icrası üçün sürücülərə, yanacaq təchizatçılarına, gömrük və icazə sənədləri üzrə xidmət göstərən şəxslərə, xarici və yerli partnyorlara ödənişlər etməlidir. Hesabların bloklanması nəticəsində artıq mövcud müqavilələr üzrə öhdəliklərin icrası çətinləşir, bəzi hallarda isə mümkünsüz olur. Bu da şirkətə qarşı yeni iddiaların, cərimələrin, müqavilə məsuliyyətinin və işgüzar nüfuza zərərin yaranmasına səbəb ola bilər. Müvəqqəti təminat tədbirinin məqsədi ərizəçinin mümkün hüququnu qorumaqdır, cavabdehin sahibkarlıq fəaliyyətini iflic etmək deyil. Hazırkı qərardad isə tətbiq formasına görə cavabdehin real iqtisadi fəaliyyətini məhdudlaşdırır və təminat tədbiri ilə qorunmalı olan balansı pozur. Məhkəmə müvəqqəti təminat tədbiri seçərkən daha yüngül və cavabdehin fəaliyyətinə daha az müdaxilə edən alternativ tədbirlərin mümkünlüyünü araşdırmalı idi. Məsələn, konkret bir və ya bir neçə əmlak vahidi üzərinə məhdud həbs qoyulması, yalnız tələb məbləği həcmində konkret aktiv üzrə məhdudiyyət tətbiq edilməsi, bank hesablarının tam bloklanmaması, cari əməliyyat ödənişlərinin istisna edilməsi və ya digər mütənasib mexanizmlər nəzərdən keçirilə bilərdi. Lakin məhkəmə bu alternativləri qiymətləndirməmiş, bank hesablarının bloklanmasının logistika şirkətinin fəaliyyətinə təsirini təhlil etməmiş və daha az məhdudlaşdırıcı tədbirlərin kifayət edib-etməyəcəyini müəyyən etməmişdir. Müvəqqəti təminat tədbirinin məqsədi gələcək icranın qorunması olsa da, bu tədbir cavabdehin mülkiyyət hüququna və sahibkarlıq fəaliyyətinə müdaxilədir. Buna görə ərizəçi yalnız tələb məbləğinin mövcudluğunu deyil, həm də tədbir görülmədikdə icranın real olaraq mümkünsüzləşəcəyini və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini əsaslandırmalıdır. Hazırkı halda isə ərizəçi tərəfindən təqdim edilmiş əsas dəlillər ümumi xarakter daşımış, cavabdehin konkret vicdansız davranışını təsdiq edən obyektiv sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə yalnız ehtimallar əsasında cavabdehin əmlakları və bank hesabları üzərinə həbs qoymuşdur. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2, 157.5.1 və 157.5.2-ci maddələrinin tələblərinə uyğun deyil. Məhkəmə qərardadı əsasında icra vərəqəsi verilmiş və Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra vərəqəsində qərardadın dərhal icra edilməli olduğu göstərilmişdir. Busəbəbdən şikayətə baxılana qədər icra hərəkətlərinin davam etdirilməsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibkarlıq fəaliyyətinə ciddi və bərpası çətin nəticələr yarada bilər. Ona görə də şikayətə baxılana qədər mübahisələndirilən qərardad üzrə icra hərəkətlərinin dayandırılması və ya ən azı bank hesablarına münasibətdə cari əməliyyatların, müştəri və kontragent ödənişlərinin, daşıma xərclərinin, yanacaq, təmir, gömrük, icazə sənədləri və sürücülərin yol xərcləri üzrə ödənişlərin məhdudlaşdırılmaması zəruridir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə dərhal, şifahi məhkəmə baxışı keçirilmədən,dispozitivlik prinsipi rəhbər tutulmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar və ərizəçinin tələb və ya xahişi həddində baxılır. Odur ki, ərizədə göstərilən xüsusatların araşdırılması üçün məhkəmənin zaman baxımından imkanı yoxdur. Həmçinin, qeyd olunan xüsusatların məhkəmə tərəfindən araşdırılması məhkəmənin arbitr rolunun pozulması ilə mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Həmçinin, müvəqqəti təminat tədbiri mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraq və mənafelərinin operativ, effektiv qorunması məqsədilə istisna hallarda tətbiq edilir. Subyektlərin iddia tələbi və şikayətləri üzrə yekun məhkəmə aktları qəbul edilməklə mübahisəyə hüquqi qiymət verilir. Müvəqqəti təminat tədbiri tətbiq edilərkən zərurilik, operativlik və ağlabatanlıq prinsipləri rəhbər götürülməli, mülki hüquq münasibətlərinin digər subyektlərinin hüquqları əsassız məhdudiyyətlərə məruz qalmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Plenum qərarında həmçinin qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Göründüyü kimi, müvəqqəti təminat tədbiri ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini), o cümlədən qətnaməsinin icrasını təmin etmək məqsədi ilə görülən və ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq növündə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. 158.3-cü maddəsinə əsasən, əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə, 158.3.2. ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak. 158.4-cü maddəsinə görə cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır. 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyrimaddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. Məhkəmə qeyd etmişdir ki, ərizə təqdim edən iddiaçı, bir tərəfdən iddianın uğurluq ehtimalını, digər tərəfdən isə ərizənin təmin edilməyəcəyi halda qətnamənin icrasının mümkünsüz, yaxud çətin olacağını təsdiq edən dəlilləri təqdim etməlidir. Müvəqqəti təminat tədbirinin məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir və məqsəd baxımından cavabdehə məxsus olan əmlak üzərinə o halda həbs qoyula bilər ki, həbs qətnamənin icrasının təmin edilməsi üçün zəruri olsun, yəni həbs tətbiq edilmədiyi halda qətnamənin icrası qeyri-mümkün və ya çətin olsun. Məhkəmə ərizənin qalan, tələb edilən dövlət rüsumuna mütənasib hissədə cavabdehə məxsus əmlaklar üzərinə həbs qoyulması hissəsində isə əsassız hesab edilməsi, ərizənin həmin hissədə təmin ediləcəyi təqdirdə cavabdehin hüquqlarının lüzumsuz şəkildə məhdudlaşdırılacağı qənaətində haqlı olmuşdur. Odur ki, mülki qanunvericiliyə əsasən bank hesabında olan pul vəsaitlərinin də əmlakın bir növü olduğunu, cavabdeh tərəfindən bank hesabında olan pul vəsaitlərinin xərclənməsi və ya ona məxsus əmlakların özgəninkiləşdirilməsi, belə olan halda iddia təmin edildiyi təqdirdə qətnamənin icrasının çətinləşməsi ehtimalının mövcudluğunu, müvəqqəti təminat tədbiri tətbiq edilməklə cavabdehin mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyulmasının belə bir ehtimalı aradan qaldırdığını, müvəqqəti təminat tədbiri barədə ərizənin ərizəçi tərəfindən kifayət qədər əsaslandırıldığını və iş materiallarına əlavə edilmiş ilkin sübutları nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, cavabdehə məxsus əmlaklar üzərinə AR MPM-in 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıqla iddia tələbini təşkil edən əsas borc, yəni 2.058.799,26 rubl və 159650 rubl, ümumilikdə 2.218.449,26 (iki milyon iki yüz on səkkiz min dörd yüz qırx doqquz rubl iyirmi altı qəpik) rubl (51148,58 manat) həddində həbs qoyulması növündə müvəqqəti təminat tədbiri tətbiqi edilməsi, ərizə qalan hissədə təmin edilməməsi əsaslı olmuşdur. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. İddianın təmin etmək üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qərarının icrasını qeyri-mümkün edə biləcək hər-hansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlərin görülməməsi mübahisənin mahiyyəti üzrə məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər və ərizəçiyə ziyan vura bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin qismən təmin edilməsinə dair məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Ona görə də şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 163, 263-264, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Maraqlı şəxs Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-401/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-401/2026
18.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver