Məhkəmə qərarları › İş №e-16(3-6)-404/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-404/2026

23.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-404/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan daşınmaz əmlaklara, nəqliyyat vasitələrinə, əmək haqqı və pensiya hesabları istisna olmaqla digər bank hesablarında olan pul vəsaitlərinə iddia tələbi həcmində - 38334 manat həcmində həbsin qoyulmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda onun tərəfindən Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edir. Iş materiallarında olan sənədlər iddianın perspektivli olmasına yetərincə dəlalət edir. Belə ki, Cavabdeh ilə Çin Xalq Respublikasından nəqliyyat vasitəsinin alınması və gətirilməsi üçün tapşırıq müqaviləsi bağlamış, müqavilənin qiymətini tam ödəmiş, lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Onun tərəfindən müraciət edildiyi halda vəsaitin qaytarılacağı birbaşa müqavilədə əksini tapmışdır. Lakin aralarında uzunmüddətli şifahi danışıqlar olmasına, həmçinin bu danışıqların heç bir müsbət nəticə vermədiyini gördükdən sonra ərizəçi tərəfindən yazılı müraciət edilməsinə baxmayaraq Cavabdeh nə tapşırığın icrası istiqamətində, nə də pul vəsaitlərinin geri qaytarılması dair müqavilə şərtinin icrası istiqamətində heç bir addım atmamışdır. Cavabdeh hətta “Instaqram” üzərindən yeni səhifələr yaradaraq ölkə xaricindən traktor və digər kənd təsərrüfatı texnikasını sifarişlə gətirdiyini reklam etdirməyə başlamışdır. Şifahi danışıqları zamanı adına heç bir əmlak olmadığını, ondan pul ala bilməyəcəyini, ən yaxşı seçimin gözləmək və ona vaxt vermək olduğunu keçən 1 il ərzində dəfələrlə vurğulamışdır. Məhkəmə qətnaməsinin həqiqətən də gələcəkdə icrasının mümkünsüz ola biləcəyi ehtimalına görə onun təklifləri ilə razılaşmalı olsa da, artıq onun nə avtomobil gətirəcəyi, nə də pul vəsaitini hissə-hisə olsa da qaytaracağı ərizəçi Ərizəçi üçün aydın olduğundan ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. Onun tərəfindən aparılan araşdırma nəticəsində həqiqətən də adına daşınmaz əmlak olmadığını müəyyən etdikdən sonra MTT barədə ərizə verməyi də müvafiq bildi. Çünki özünün də dediyi kimi adında daşınmaz əmlak saxlamayacaq qədər tədbirli olan şəxs hazırki iddiadan xəbərdar olan kimi adında ola biləcək avtomobil və bank hesablarındakı pul vəsaitlərini də qısa zamanda adından çıxaracaqdır. Hüquqpozmanı törədən şəxsə belə bir imkanın verilməsi, nəticədə perspektivli iddiası təmin olunsa belə qətnamənin icrasız qalması ərizəçinin məhkəməyə müraciət etmək hüququnun elə məhkəmənin özü tərəfindən pozulması deməkdir. Çünki bu hüquq təkcə məhkəmədə iddia qaldırılması və bu iddiaya qanunverciliyə uyğun qaydada baxılmasını deyil, o cümlədən iddianın təmin edildiyi halda qətnamənin vaxtında və tam icrasını da ehtiva edir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Qərardad onunla əsaslandırılmışdır ki, mülki prosesual qanunvericiliyin qeyd edilən normalarının məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə biləcək halların aradan qaldırılmasına yönələn, müvəqqəti xarakter daşıyan və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən prosessual tədbirdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddanı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Yuxarıda göstərilən Plenum Qərarında, həmçinin qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirilməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Hazırkı ərizədən isə görünür ki, Ərizəçi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq, ərizədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi kifayət qədər əsaslandırılmamış, həmin tədbirinin tətbiq edilməsinə əsas ola biləcək mötəbər sübutlar- cavabdehin ərizədə rekvizitləri göstərilən, mövcud hesabında sözügedən məbləğin (hesabdakı vəsaitlərin məbləği də daxil olmaqla) olduğunu təsdiq edən ilkin sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, ərizə əsassız olduğundan rədd edilməlidir.

5. Həmin qərardaddan ərizəçi Ərizəçi şikayət verərək, şikayətin təmin edilməsini, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cıil tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsini, əks halda isə bu şikayətin baxılması üçün Mülki Prosessual Məcəllənin 269.3cü maddəsinə əsasən işlə birlikdə müvafiq apellyasiya instansiyası məhkəməsinə - Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin ərizənin kifayət qədər əsaslandırmadığı barədə qeydi ərizəçini təəccübləndirmədi. Çünki ərizə onun tərəfindən ##.##.2026-cı il tarixində verilmiş, prosessual qanunvericilik pozularaq növbəti gün ərzində də baxılmamış, ##.##.2026-cı il tarixində hakim otağı ilə əlaqə saxlayaraq belə bir ərizənin onlara daxil olması barədə verdiyi məlumatdan qısa müddət sonra rədd nəticəsi vurulmuşdur. Aydındır ki, onun məlumat verməyi və sistemə nəticə vurulması arasında keçən cüzi müddət məhkəməyə yalnız onun ərizəsinin “xahiş etdi” hissəsinə baxmaq üçün yetərli olmuş, ərizəsinə əlavə etdiyi iddia ərizəsi və onun qoşmalarına baxmağa vaxt olmamışdır. Əgər məhkəmə prosessual qanunvericiliyə uyğun vaxtında ərizəyə diqqət etsəydi, o zaman müəyyən edərdi ki, Cavabdeh ilə ərizəçi Ərizəçi arasında bağlanmış tapşırıq müqaviləsini, müqavilə əsasında etdiyi ödənişə dair qəbzi, ona ünvanlanmış pretenziyasını və digər sənədləri əlavə edərək tərəflər arasında hüquq münasibətinin mövcudluğu, Cavabdeh tərəfindən hüquqpozma törədilməsi, ərizəçiyə maddi və mənəvi zərər vurulmasına dəlalət edən yetərli sənədlər təqdim etmişdir. Maraqlısı odur ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarından bir abzası qərardadına əlavə edən məhkəmə nə üçünsə Konstitusiya Məhkəməsinin qəbul etdiyi hər qərarında dəfələrlə təkrarladığı hüquqi müəyyənlik prinsipi və onu əhəmiyyəti barədə qeyd olunanları görməzdən gəlmişdir. Belə ki, bir çox digər məhkəmələrin, xüsusən də Bakı Kommersiya Məhkəməsinin borclunun daşınar və daşınmaz əmlaklarına tələb həcmində həbs qoyulması barədə MTT qərardadları qəbul etməsi və icrasının “Icra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun icra məmurları tərəfindən təmin edilməsi məhkəməyə məlum hal olmalıdır. Belə olan halda ayrı-seçkiliyin nədə olması, nə üçün bəzi ərizəçilərə münasibətdə məhkəmələrin borclunun hesab rekvizitlərini tələb etməsi ona aydın deyildir. Halbuki göründüyü kimi bir çox digər məhkəmələr heç də həmin məlumatları tələb etmirlər, MTT qərardadları da lazımınca icra olunur. Bu zaman sual yaranır ki, məhkəmə nə üçün bank hesablarının rekvizitlərini məhz ərizəçiədn öyrənmək istəyir. Əlavə olaraq etiraz edəcək başqa məqam yoxdur, çünki onsuzda qərardad demək olar ki, normativ akt olan bəndlərin mətnlərindən ibarətdir, qanunun normasına etirazı yoxdur. “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsi ilə iddia tələbinin perspektivli olmasına dair dəlillər və sənədlər əlavə etməsinə baxmayaraq, məhkəmə sənədlərə baxmayıb. O cümlədən, mülki iş üzrə cavabdehin öhdəliklərin icrasından yayınması, müqavilədə özünün şəxsən qəbul etdiyini imzası ilə təsdiq etdiyi vəsaitdən 1 il yarım ərzində 1 qəpik də qaytarmaması işin faktiki halıdır. Məhkəməyə rəsmi sənəd təqdim edə bilməsə də cavabdehi mülki iş üzrə sistemə əlavə edən məhkəmə həqiqətən də dediyi kimi Cavabdeh adına daşınmaz əmlak saxlamamasını müəyyən edə bilər. Iddia təmin olunsa, lakin məhkəməyə müraciət hüququ pozularaq qətnamə icra oluna bilməsə burada birbaşa səbəbkar işə lazımınca diqqət ayırmayan məhkəmənin özüdür.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadına əsasən şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Maddə 157.4. Iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

11. Birinci instansiya məhkəməsi ərizənin rədd olunması qənaətinə gəlməsini onunla əsaslandırmışdır ki, ərizəçi Ərizəçi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq, ərizədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi kifayət qədər əsaslandırılmamış, həmin tədbirinin tətbiq edilməsinə əsas ola biləcək mötəbər sübutlarcavabdehin ərizədə rekvizitləri göstərilən, mövcud hesabında sözügedən məbləğin (hesabdakı vəsaitlərin məbləği də daxil olmaqla) olduğunu təsdiq edən ilkin sübutlar təqdim edilməmişdir.

12. Birinci instansiya məhkəməsi bu istiqamətdə düzgün qiymətləndirmə apardığından məhkəmə kollegiyası yenidən qiymətləndirmə aparılmasına zərurət görmür və qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini əsaslandırılmadığından və ərizənin təmin edilməsi üçün zəruri hallar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı yekun nəticəyə gəlməkdə haqlı mövqedə olmuşdur.

13. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Icra haqqında” Azərbaycan Respublikasının Qanununda məcburi icra tədbirlərinin ardıcıllığı müəyyən edilmişdir və müvəqqəti təminat tədbiri barədə ərizədə bu tədbirlərin hamısının tətbiq olunması – cavabdehin mülkiyyətində olan daşınmaz əmlaklara, nəqliyyat vasitələrinə, əmək haqqı və pensiya hesabları istisna olmaqla digər bank hesablarında olan pul vəsaitlərinə həbs qoyulması xahiş edilir. Lakin cavabdehin mülkiyyətində hansı daşınmaz əmlakın, nəqliyyat vasitələsinin olması barədə məlumat təqdim edilmədiyindən bu ardıcıllığa da riayət olunması mümkün deyildir. Müvəqqəti təminat tədbiri barədə ərizənin bu qaydada təmin olunması əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnir.

14. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermədiyi üçün qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar