Məhkəmə qərarları › İş №e-16(3-6)-412/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-412/2026

23.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-412/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri qismində ünvan 2 (Yeni qaydalarla : AZ 1072, ünvan 3 ) ünvanında yerləşən mübahisəli mənzillə bağlı icra tədbirlərinin və boşaldılma prosesinin qeyd edilən məhkəmə prosesi üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh cavabdeh1-nə və Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsinə qadağan olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi ilə X2 ##.##.2001-ci il tarixində nikaha daxil olmuş, ## #### 2013-cü il tarixində - birgə nikah dövründə ünvan 1 45 ünvanında ümumi sahəsi 248.6 kv.m yaşayış sahəsi 131,7 kv.m, yardımçı sahə 116,9 kv.m olan 11-ci mərtəbədə yerləşən 5 otaqlı mənzil üzrə ******* nömrəli, ##.##.2013-cü il tarixli çıxarışla X2 mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmışdır. X2 ##.##.2013-cü il tarixində Ipoteka müqaviləsi bağlayaraq, qeyd olunan əmlakı “X1 Azərbaycan” QSC-dən götürdüyü kreditin təminatı olaraq ipoteka ilə yüklü etmiş, daha sonra tutma kreditin təminatı kimi ipoteka predmetinə yönəldilmiş və Ipoteka saxlayan - “X1 Azərbaycan” QSC tərəfindən mübahisəli əmlak əldə olunaraq, onun daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarış əldə edilmişdir. Mübahisəli əmlak ərizəçinin razılığı və məlumatı olmadan İ.Ismayılov tərəfindən ipoteka ilə yüklü edilmişdir. Ərizəçi ümumiyyətlə bu hallar barədə məlumatlı olmamış, yalnız sonradan bu faktları öyrənmiş və hazırda məhkəməyə müraciət edərək müvafiq əqdin etibarsız hesab edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə iddia qaldırmışdır. Bundan əlavə, tərəfindən verilmiş ərizə əsasında məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri tətbiq edilmiş və mübahisəli mənzilin özgəninkiləşdirilməsinin “X1 Azərbaycan” QSC-yə qadağan olunması barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud məhkəmə təcrübəsinə əsasən, ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur. Ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür. Nərimanov Rayon Icra Şöbəsinin ##.##.2026-cı il tarixli, ******/****-**-** nömrəli məktubuna əsasən mübahisəli mənzilin boşaldılaraq “X1 Azərbaycan” QSC-yə təhvil verilməsinə dair icra tədbirləri ##.##.2026-cı il tarixə təyin edilmişdir. Ərizəçinin razılığı və məlumatı olmadan bağlanmış ipoteka müqaviləsi nəticəsində onun yaşayış hüququnun, mülkiyyət hüququnun və normal həyat şəraitinin pozulması yolverilməzdir. Qanun pozuntusu ilə bağlanmış bir müqavilənin nəticəsi olaraq bir qadının evsiz qalmağı, yaşadığı mənzildən çıxarılmağı və küçədə qalma təhlükəsi ilə üz-üzə qoyulmağı hüququn və ədalətin mahiyyətinə ziddir. Ərizəçinin başqa yaşayış yeri və sığınacağı yoxdur. Heç bir təqsiri olmadan, başqaları tərəfindən yol verilmiş hüquq pozuntularının nəticəsini o çəkməməlidir. Hazırda məhkəmə mübahisəsi davam etdiyi və məhkəmə tərəfindən təminat tədbiri tətbiq olunduğu halda icra tədbirlərinin həyata keçirilməsi ərizəçinin konstitusion yaşayış və mülkiyyət hüquqlarını ağır şəkildə pozacaq, onu faktiki olaraq evsiz vəziyyətə salacaqdır. Bu səbəbdən, onun tərəfindən Nəsimi rayon məhkəməsinə edilmiş iddia ərizəsi əsasında yekun məhkəmə aktı qəbul edilənədək icra hərəkətlərinin dayandırılması həm hüquqi ədalətin, həm də insan hüquqlarının qorunması baxımından zəruridir

3. Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə təmin edilməmişdir.

4. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mtt ərizəsinin təmin edilməsini xahiş etmişdir.

5. Şikayət belə əsaslandırılmışdır ki, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə AzərbaycanRespublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “22” iyun 2023cü il tarixli, **/**** nömrəli qərardadında qeyd olunmuşdur ki, “Ipoteka haqqında” Qanunun 59.4cü maddəsinin 2018-ci il ## ###### tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Qərardadda həmçinin qeyd olunur ki, qeyd edilənlərdən belə nəticə hasil olur ki, “Ipoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyası ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir. Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il ## ###### tarixinədək, yəni “Ipoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Bildirilir ki, Ipoteka müqaviləsi (2013) 2018-ci ilədək bağlanmış olsa da, ailə üzvlərinin mənzildən çıxarılması məsələsinə məhkəmədə mahiyyəti üzrə baxılmamışdır. Ərizəçinin mənzildən çıxarılması ilə bağlı icra tədbirinin ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qərarı əsasında həyata keçirilməsi Icra şöbəsi tərəfindən nəzərdə tutulur, hansı ki, bu qanunvericiliyin tələbinə tamamilə ziddir. Yuxarıda qeyd olunan qərardadda Ali Məhkəmə vurğulayır ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, sözügedən iddia tələblərinə dair mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir. Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il ## ###### tarixinədək, yəni “Ipoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Bu səbəbdən, ərizəçi tərəfindən Nəsimi rayon məhkəməsinə verilmiş iddia ərizəsi əsasında yekun məhkəmə aktı qəbul edilənədək icra hərəkətlərinin dayandırılması həm hüquqi ədalətin, həm də insan hüquqlarının qorunması baxımından zəruridir. Ipoteka müqaviləsi bağlanarkən ərizəçinin ipoteka predmetinə tutma yönəldildikdən sonra mənzili tərk etməsi ilə bağlı razılığı alınmamışdır. Işə əlavə olunan ərizəçi tərəfindən imzalandığı iddia edilən ərizədə qeyd olunan imza ona məxsus deyildir.

6. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

9. "X1 Azərbaycan" QSC-nin nümayəndəsi və vəkili vəkil1 ##.##.2026-cı il tarixdə ərizəçinin şikayətinə yazılı etiraz edərək, qeyd etmişdir ki, ərizəçinin mtt barədə ərizəsi və hazırkı şikayəti əsassız olduğundan təmin edilə bilməz. Belə ki, "X1 Azərbaycan" QSC ilə X2 arasında ## #### 2013-cü il tarixli ***** nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 11% dərəcəsi ilə 950.000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış ## #### 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 2 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzil X2nun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışla rəsmiləşdirilmişdir. Qeyd edilən ipoteka müqaviləsi Bakı şəhəri ** saylı Dövlət notariat ofisində təsdiq edilməklə bağlanmış və ## ###### 2013-cü il tarixli *M/*** saylı Notariat işi tərtib edilmişdir. Həmin notariat işində Ərizəçi ərinə məxsus olan mənzilin ipotekaya qoyulmasına razılıq verilməsi barədə aşağıdakı məzmunda ərizə var: “Mən, Ərizəçi, həyat yoldaşım X2 məxsus ünvan 2 ünvanında yerləşən 5 (beş) otaqlı mənzilin ipoteka qoyulmasına etiraz etmirəm. Ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk edəcəyəm.” Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən Bank tərəfindən X2 qarşı iddia qaldırılmış və aşağıda sadalanan məhkəmə aktları qəbul edilmişdir.

10. Nəsimi Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ## #### 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X2 368.253,73 (üç yüz altımış səkkiz min iki yüz əlli üç dollar yetmiş üç sent) ABŞ dolları əsas kredit borcu, 2.665,78 (iki min altı yüz altmış beş dollar yetmiş səkkiz sent) ABŞ dolları faiz borcu, 5000 (beş min) ABŞ dolları cərimə borcu, ümumilikdə 375.919,51 (üç yüz yetmiş beş min doqquz yüz on doqquz dollar, əlli bir sent) ABŞ dollar (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 4180 (dörd min yüz səksən) manat sığorta haqqı, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu “X1 Azərbaycan” QSCnin xeyrinə tutulması, tutmanın X2nun mülkiyyətinə olan, ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat məbləğində müəyyən edilməklə ünvan 2 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilə yönəldilməsi, borc ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi X2 tutulması, hərracda mənzil «X1 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 10 gün müddətində boşaldılaraq «X1 Azərbaycan» QSC-na təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 2022-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2021-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə "Ilqar Ismayılovun ikinci apellyasiya icraatının baxış predmetini təşkil edən hissəni mübahisələndirmək hüququ olmadığından həmin icraat nəticəsində qəbul edilmiş ## ###### 2022-ci il tarixli qətnamədən kassasiya şikayəti vermək hüququ yaranmadığından" Ilqar Ismayılovun kassasiya şikayəti geri qaytarılmışdır. Əmlaka tələb yönəldilməsinə dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mənzil açıq hərraca çıxarılmış, "xxxx" MMC və "X1 Azərbaycan" QSC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə ## ###### 2024-cü il tarixli müqavilə ilə ünvan 4 ünvanında yerləşən əmlak 1581000 manat olmaqla ipoteka saxlayan "X1 Azərbaycan" QSC tərəfindən əldə edilmişdir. Nərimanov rayon Icra Şöbəsinin ## ###### 2023-cü il tarixli hesab fakturasına əsasən, X2 qaytarılmalı olan 785 941.20 (yeddi yüz səksən beş min doqquz yüz qırx bir manat 21 qəp.) manat # ###### 2024-cü il tarixli * saylı ödəniş tapşırığı ilə Nərimanov rayon icra X6 hesaba köçürülmüşdür. İ.Ismayılov tərəfindən "hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi" tələbinə dair iddia qaldırılmışdı. Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə X2nun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən həmin mənzil üzərində Bankın mülkiyyət hüququnu təsdiq edən qeydiyyat nömrəsi 1125072009, qeydiyyat tarixi ##.##.2025 olan Çıxarış verilmişdir. Nərimanov rayon Icra Şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli, ******/****-**-** saylı məktubla tələbkar "X1 Azərbaycan" QSC-yə, borclu X2, həmçinin məcburi icra hərəkətlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Nərimanov RPI-nə, Nərimanov RPI-nin 16-cı PŞ-nə FHN DYMX-nə və "Respublika Təcili və X4 Mərkəzi" p.h.ş-nə müraciət edilərək, ünvan 2 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.dən ibarət 5 otaqlı mənzilin boşaldılaraq, "X1 Azərbaycan" QSC-yə təhvil verilməsinə dair icra tədbirlərinin təyin edildiyi bildirilmişdir. Icra hərəkətlərinin həyata keçirilməsi zamanı borclu İ.Ismayılov bir neçə dəfə möhlət verilsə də, mənzildən çıxmamış, bu səbəbdən icra hərəkətləri davam etdirilir. Ərizəçinin ipoteka müqaviləsinin bağlanmasından məlumatının olmaması barədə dəlili notrait işindəki razılıq ərizəsi ilə tam təkzib olunur. Mtt ərizəsində ərizəçinin digər mtt ərizəsi əsasında rayon məhkəməsi tərəfindən müvəqqəti təminat tədbiri tətbiq edildiyi və mübahisəli mənzilin özgəninkiləşdirilməsinin “X1 Azərbaycan” QSC-yə qadağan olunması barədə qərardad qəbul edildiyi qeyd edilsə də, həmin qərardaddan QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin **(*-*)-***/**** nömrəli qərardadı ilə rayon məhkəməsinin mtt tətbiqi barədə qərardadı ləğv edilmişdir. Qeyd edilənlərə əsasən, şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

13. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

14. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.

15. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

16. Rayon məhkəməsi mtt barədə ərizəni təmin etməyərək qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-***/**** saylı qərardadı ilə ərizəçinin əvvəlki “müvəqqəti təminat tədbiri” barədə ərizəsi qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mübahisəli mənzilin özgəninkiləşdirilməsi “X1 Azərbaycan” QSC-yə qadağan edilmişdir. Hazırda həmin təminat tədbiri qüvvədədir və mübahisəli əmlakın üçüncü şəxslərə verilməsi və ya özgəninkiləşdirilməsi artıq məhkəmə qərardadı ilə məhdudlaşdırılmışdır. Ərizəçi hazırkı ərizəsində əlavə olaraq icra tədbirlərinin və boşaldılma prosesinin yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmasını xahiş etsə də, belə bir tədbirin tətbiqi faktiki olaraq qanuni qüvvəyə minmiş və icrası həyata keçirilən icra sənədinin icrasının dayandırılması ilə nəticələnərdi.

17. Məhkəmə həmçinin nəzərə alır ki, ərizəçinin əsas iddia tələbi ipoteka müqaviləsinin və onun nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsi ilə bağlıdır. Həmin mübahisə üzrə yekun hüquqi qiymət yalnız işə mahiyyəti üzrə baxıldıqdan sonra verilə bilər. Hazırkı mərhələdə isə qüvvədə oolan başqa məhkəmə aktı üzrə icra hərəkətlərinin tam dayandırılması barədə təminat tədbirinin tətbiqi yetərincə əsaaslandırılmamışdır. Digər tərəfdən, ərizəçi tərəfindən göstərilən hallar, o cümlədən yaşayış yeri ilə bağlı vəziyyəti və ailə-məişət şəraiti (ərizəçi buna dair də əsaslı sayıla biləcək sübutlar verməmişdir) nəzərə alınsa belə, həmin hallar özlüyündə müvəqqəti təminat tədbirinin tətbiqi üçün prosessual əsas kimi qiymətləndirilə bilməz. Çünki müvəqqəti təminat tədbiri sosial və ya humanitar xarakterli deyil, əsasən məhz gələcək məhkəmə aktının icrasının təmin olunmasına xidmət edən prosessual institutdur.

18. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018ci il ## #### tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

19. Məhkəmə hazırkı iş materiallarını, şikayətin dəlillərini, QSC-nin etiraz ərizəsindəki dəlilləri nəzərə alaraq qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə baxılan zaman icraatda olan mülki işlə bağlı iddianın uğurluluq ehtimalı araşdırmalı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

20. Bu baxımdan, rayon məhkəməsinin mövqeyi ilə razılaşan Məhkəmə qeyd edir ki, rayon məhkəməsi ərizəni təmin etməməkdə haqlı olduğundan, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

22. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

23. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

24. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar