Məhkəmə qərarları › İş №e-16(3-6)-418/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-418/2026

25.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-418/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi:

1. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus bank hesablarındakı 774 904 manat həcmində pul vəsaitlərinin üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixli Qubadlı layihəsi üzrə subpodrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən subpodratçı tikinti və digər işləri icra etməyi, podratçı isə işləri qəbul edib ödəniş etməyi öhdəsinə götürmüşdür. Podratçı 15 gün ərzində işləri qəbul etməli, əks halda işlər qəbul edilmiş sayılmalı idi. Ərizəçi müqavilə əsasında işlərə dərhal başlamış və işlər sürətlə aparılmışdır. Avans ödənişi nəzərdə tutulsa da, ödəniş müxtəlif bəhanələrlə gecikdirilmiş, sonradan ümumiyyətlə həyata keçirilməmişdir. Iş həcmləri rəsmi mail yazışmaları və “forma 2” arayışları ilə təsdiqlənmiş, cavabdeh 662 828 manatlıq tələbin 449 942,94 manat hissəsini etiraf etmişdir. Avqust ayında işlər davam etmiş və borc təxminən 900 000 manata çatmışdır. Ödəniş edilmədiyinə görə işlər dayandırılmış, cavabdeh ##.##.2024-cü il tarixli bildirişlə müqaviləni ləğv etmişdir. Daha sonra yalnız ##.##.2025-ci ildə 125 000 manat ödəniş edilmişdir. Son hesablamalara görə qalıq borc 774 904 manat təşkil edir. Dəymiş zərərin ödənilməsi tələbinə dair cavabdehin iddiası Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə rədd edilmişdir. Sözügedən qətnamə ilə işlərin keyfiyyəti, materialların istifadəsi, borcun etirafı və ödənişin edilməməsi faktları təsdiq edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, ##.##.2026-cı il tarixədək cavabdehin banklarda olan hesablaşma hesablarında 324 942,94 manat məbləğində pul vəsaiti üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulması qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəni iddia ərizəsindən əvvəl təqdim etmiş və ərizəyə iddianın əsaslılığına dair ilkin sübutlar əlavə etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində vəziyyət dəyişərsə, ərizəçinin hüquqlarının müdafiəsi çətinləşə bilər. Bu səbəbdən müvəqqəti təminat tədbirinin tətbiqi zəruri sayılmışdır. Ilkin sübutlara əsaslanaraq məhkəmə ərizəni qismən təmin etmiş, cavabdehin bank hesablarında olan 324 942,94 manat məbləğində vəsait üzərinə (##.##.2026-cı ilədək, əmək haqları və dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan) həbs qoyulmasına qərar vermişdir. Qalan hissə ilə bağlı isə ilkin sübutların mövcudluğu əsaslandırılmamışdır.

5. Həmin qərardaddan ilk olaraq cavabdeh Cavabdeh MMC şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsaslılığına dair kifayət qədər sübutlar təqdim edilməmişdir və mübahisə üzrə qəbul edilmiş qərardad cavabdehin hüquqlarını əsassız olaraq məhdudlaşdırır. Iddiaçının istinad etdiyi “forma 2” arayışı və elektron poçt yazışmaları cavabdehin hər hansı borcu etiraf etməsini təsdiq etmir və həmin sübutlar birtərəfli xarakter daşıyır. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsinə istinad edilməsi düzgün hesab edilə bilməz, belə ki, həmin məhkəmə aktından verilmiş kassasiya şikayəti üzrə iş hazırda Ali Məhkəmənin icraatındadır. Tərəflər arasında mübahisə 2024-cü ilin iyun-iyul aylarında yaranmış münasibətlərdən irəli gəlir və sonradan həmin müqavilə münasibətlərinə xitam verilmişdir. Elektron poçt yazışmaları və digər təqdim olunan materiallar rəsmi və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Müvəqqəti təminat tədbiri yalnız iddianın ilkin baxışda əsaslı hesab edilməsinə və onun təmin olunma ehtimalına əsas verən hallar mövcud olduqda tətbiq oluna bilər. Hazırkı iş üzrə isə belə əsaslar müəyyən edilmir və iddianın ilkin baxışda əsaslı hesab edilməsinə kifayət edən sübutlar təqdim olunmamışdır. Qərardad həm hüquqi, həm də iqtisadi baxımdan cavabdehin fəaliyyətinə ciddi və əsassız məhdudiyyətlər yaratmışdır.

7. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardaddan şikayət verərək, qərardadın ərizənin təmin olunmayan hissəsində ləğv edilməsini və müvəqqəti təminat tədbirinə dair ərizənin tam təmin edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, görülən işlərin həcminə dair elektron poçt yazışmalarında yalnız iyul ayına aid “forma 2” arayışı göndərilmiş, bununla yanaşı cavabdeh hər hansı əsaslandırma təqdim etmədən tələb olunan 662 828 manat məbləğin 449 942,94 manat hissəsini qəbul etmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən podratçı yerinə yetirilmiş işləri qəbul etməli, 15 gün müddətində təhvil-təslim aktını imzalamalı və ya əsaslandırılmış imtina təqdim etməlidir, əks halda işlər qəbul edilmiş sayılır. Buna baxmayaraq, cavabdeh “forma 2” arayışında göstərilmiş məbləği əsaslandırma olmadan azaldaraq hesablamış, məhkəmə isə həmin azaldılmış məbləği əsas götürməklə ərizəni qismən təmin etmişdir. Eyni zamanda avqust ayında da işlərin davam etdirildiyi, sentyabr ayının əvvəlində isə müqavilənin qarşılıqlı razılaşma ilə ləğv edildiyi və görülmüş işlərin dəyərinin tam həcmdə tələb olunduğu qeyd edilmişdir. Şikayətçinin mövqeyinə görə, cavabdeh tərəfindən aparılmış azalmalar əsassız olduğundan gələcəkdə iddianın tam təmin edilməsi mümkün olduqda tələb olunan məbləğin alınması çətinləşə bilər. Bu səbəbdən gələcək qətnamənin icrasının təmin edilməsi məqsədilə müvafiq borc məbləğlərinə həbs qoyulması zəruri hesab edilir.

9. Bakı Kommersiya Məhkəməsinin 25 və ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadları ilə şikayətlər təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Məhkəmə kollegiyası hər iki şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; ... 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

12. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlardan biri iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğudur. Lakin bu sübutların mövcudluğuna qiymət verilərkən müvəqqəti təminat tədbirinin görülməsi üçün əsasın bir qayda olaraq, gözlənilmədən ortaya çıxması və sübutların xarakteri nəzərə alınmaqla ərizəçinin üzərinə həddən artıq sübutetmə yükü qoyulmamalıdır.

13. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat mərhələsində məhkəmə sübutların tam və qəti qiymətləndirilməsini aparmır, yalnız iddianın zahirən əsassız olub-olmamasını müəyyən edir.

14. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli subpodrat müqaviləsi, tərəflər arasında aparılmış elektron poçt yazışmaları, ödəniş tapşırıqları və digər sənədlərdən görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, ərizəçi tərəfindən müqavilə üzrə müəyyən işlər yerinə yetirilmiş və həmin işlərin həcmi tərəflər arasında müzakirə edilmişdir.

15. Belə ki, ##.##.2024-cü il tarixli elektron poçt yazışmasında ərizəçi tərəfindən təqdim edilmiş 662 828 manat məbləğində iş həcmi cavabdeh tərəfindən tam inkar edilməmiş, həmin məbləğin yenidən gözdən keçirilməsi nəticəsində 449 942,94 manat məbləğində müəyyən olunduğu bildirilmişdir. Bundan əlavə, iş materiallarında olan ödəniş sənədlərindən müəyyən edilir ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə ərizəçinin bank hesabına 125 000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Göstərilən hallar ərizəçinin tələbinin əsassız olmadığını və tərəflər arasında mübahisələndirilən öhdəlik münasibətlərinin mövcudluğunu ilkin olaraq təsdiq edən sübutlar kimi qiymətləndirilə bilər.

16. Cavabdeh Cavabdeh MMC-nin şikayətinin dəlilləri mahiyyət etibarilə iddia tələbinin əsaslılığına dair kifayət qədər sübutların olmaması, “forma 2” arayışı və elektron poçt yazışmalarının borcun etirafı kimi qiymətləndirilməsinin düzgün olmaması, qanuni qüvvəyə minməmiş məhkəmə aktına istinad edilməsi, tərəflər arasında mübahisənin faktiki görülmüş işlərlə bağlı olması və qarşılıqlı hesablaşmaların araşdırılmadan qiymətləndirilməsi, eləcə də müvəqqəti təminat tədbirinin tətbiqi üçün zəruri olan ilkin əsaslandırma və riskin sübuta yetirilməməsi, həmçinin qərardadın cavabdehin fəaliyyətini iflic etməsi və cavabdehin borcunun sübuta yetirilməməsindən ibarətdir.

17. Kollegiya cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək, ilk növbədə, iddia tələbinin əsaslılığına dair kifayət qədər sübutların olmadığı barədə şikayətin dəlili ilə bağlı qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində iddia tələbinin tam həcmdə sübuta yetirilməsi tələb olunmur. Bu mərhələdə məhkəmə yalnız tələbin zahirən əsassız olub-olmadığını və ərizəçinin hüququnun mövcudluğuna dair ilkin ehtimalın olubolmadığını qiymətləndirir. Ilkin sübutlar ərizəçinin tələbinin əsassız olmadığı qənaətinə gəlmək üçün kifayət edir.

18. Cavabdehin “forma 2” arayışı və elektron poçt yazışmalarının borcun etirafı kimi qiymətləndirilə bilməməsi barədə dəlili də əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh ərizəçi tərəfindən təqdim edilmiş 662 828 manat məbləğində iş həcmini tam inkar etməmiş, əksinə həmin həcmin 449 942,94 manat məbləğində müəyyən olunduğunu bildirmişdir. Belə məzmunlu yazışma görülmüş işlərin mövcudluğunun və ən azı müəyyən hissəsinin cavabdeh tərəfindən qəbul edilməsinin ilkin göstəricisi kimi qiymətləndirilə bilər. Cavabdehin sonradan həmin yazışmanın hüquqi nəticələrini inkar etməsi isə həmin sübutun müvəqqəti təminat mərhələsində nəzərə alınmasını istisna etmir.

19. Cavabdehin qanuni qüvvəyə minməmiş məhkəmə aktına istinad edilməsinin yolverilməz olması barədə dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı həmin məhkəmə aktına deyil, iş materiallarında mövcud olan digər sübutlara əsaslanmışdır.

20. Kollegiya həmçinin nəzərə alır ki, mübahisə iri məbləğli pul öhdəliyindən irəli gəlir və cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan şəxsdir. Belə subyektlərin bank hesablarındakı pul vəsaitləri gündəlik təsərrüfat dövriyyəsinin predmetidir və həmin vəsaitlər üzərində sərəncam hüququnun məhdudlaşdırılmaması halında, onların qısa müddət ərzində üçüncü şəxslərə köçürülməsi real ehtimal təşkil edir.

21. Kollegiya hesab edir ki, məhz cavabdehin maliyyə dövriyyəsinin dinamik xarakter daşıması gələcəkdə məhkəmə qətnaməsinin icrasının çətinləşməsi riskini yaradır və bu riskin qarşısının alınması MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edir.

22. Cavabdehin müvəqqəti təminat tədbirinin onun fəaliyyətini iflic etməsi və hüquqlarını lüzumsuz məhdudlaşdırması barədə dəlili də qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş tədbir cavabdehin bütün maliyyə fəaliyyətini dayandırmamış, əmək haqqı, vergi və digər məcburi ödənişlərin həyata keçirilməsinə məhdudiyyət qoyulmamışdır. Buna görə də tətbiq edilmiş tədbir iddia edilən tələbin məbləği ilə müqayisədə mütənasib olmaqla yanaşı, tərəflərin mənafeləri arasında ağlabatan tarazlığı da təmin edir.

23. Bundan əlavə, cavabdehin görülmüş işlərin həcmi, qarşılıqlı hesablaşmaların düzgünlüyü və borcun yekun məbləği ilə bağlı dəlilləri mübahisənin mahiyyətinə aid olmaqla işə mahiyyəti üzrə baxılması zamanı qiymətləndirilə bilər. Həmin hallar özlüyündə müvəqqəti təminat tədbirinin tətbiqini istisna edən əsas kimi qiymətləndirilə bilməz.

24. Kollegiya ayrıca vurğulayır ki, müvəqqəti təminat tədbirinin tətbiqi borcun mövcudluğu və ya olmaması barədə qabaqcadan hüquqi qiymət verilməsi demək deyil və tərəflər arasında əsas mübahisənin mahiyyəti üzrə həllini əvəz etmir (MPM 157.7).

25. Ərizəçinin şikayətinin dəlillərinə gəldikdə isə, şikayətin dəlilləri mahiyyət etibarilə cavabdehin görülmüş işlərin həcmini hər hansı əsaslandırma təqdim etmədən azaltdığı halda, birinci instansiya məhkəməsinin həmin azaldılmış məbləği əsas götürərək müvəqqəti təminat tədbirini qismən tətbiq etməsi, təqdim edilmiş sübutlara düzgün qiymət verməməsi və bunun nəticəsində gələcək məhkəmə qətnaməsinin tam icrasının təminat altına alınmamasından ibarətdir.

26. Kollegiya ərizəçinin göstərilən dəlillərini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirini iş materiallarında mövcud olan ilkin sübutlar əsasında müəyyən edilmiş məbləğ, yəni 324 942,94 manat həcmində tətbiq etmişdir. Ərizəçinin tələb etdiyi daha artıq məbləğdə borcun mövcudluğu isə hazırkı mərhələdə təqdim olunmuş ilkin sübutlarla təsdiq edilmir. Bu səbəbdən kollegiya hesab edir ki, müvəqqəti təminat tədbirinin məhz qeyd olunan həcmdə tətbiq edilməsi işin hallarına və təqdim edilmiş sübutlara uyğun olmuşdur.

27. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi məsələsini iş üzrə mövcud olan ilkin sübutlar əsasında qiymətləndirərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Hər iki tərəfin şikayətlərində irəli sürülən dəlillər isə qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

28. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbirinin görülməsi barədə ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar