Məhkəmə qərarları › İş №e-16(3-6)-419/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-419/2026

30.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-419/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından maraqlı şəxs Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi:

1. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddia tələbi üzrə (müqavilə üzrə yaranmış 93345,77 manat və 16802,23 manat ƏDV borcu, qaytarılmayan əmlakların dəyəri 89170 manat, 5000 manat cərimə, 700 manat hüquqi yardım xərci və 546 dövlət rüsumlarının, cəmi 205564 manat) cavabdeh Cavabdeh MMC-yə məxsus və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC cavabdeh Cavabdeh MMC-yə qarşı “əmlak və pul tələbinə dair məhkəmədə iddia qaldıracaqdır. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısının almaq məqsədilə tətbiq edilir. Ərizəçi MMC ilə Cavabdeh MMC arasında ## ###### 2023-cü il tarixli, **/****P saylı icarə müqaviləsi bağlanmışdır. Bu müddət ərzində hesablanmış 93345,77 manat icarə haqqı borcu və 16802,23 manat ƏDV borcunu (həmçinin digər xərcləri) ödəməyini cavabdehdən tələb edilməsinə baxmayaraq, o, öhdəliklərini yerinə yetirməmişdir. Bundan başqa, cavabdehə təhvil verilmiş avadanlıqlardan ümumi dəyəri 89170 manat olan – 1 ədədinin qiyməti 30 manat, cəmi qiyməti 1230 manat olan 41 ədəd Alt ayar mili 48-lik, 1 ədədinin qiyməti 28 manat, cəmi qiyməti 2940 manat olan 105 ədəd (İskələ) (Bakı) ayaq, 1 ədədinin qiyməti 18 manat, cəmi qiyməti 990 manat olan 55 ədəd (İskələ) (Bakı) qısa qol, 1 ədədinin qiyməti 15 manat, cəmi qiyməti 2910 manat olan 194 ədəd (İskələ) (Bakı uzun qol, 1 ədədinin qiyməti 25 manat, cəmi qiyməti 21900 manat olan 876 ədəd dəmir dirək 2,2m (3,85m), 1 ədədinin qiyməti 55 manat, cəmi qiyməti 7865 manat olan 143 ədəd dəmir dirək 3,2m (5,7m), 1 ədədinin qiyməti 45 manat, cəmi qiyməti 37800 manat olan 840 ədəd dəmir dirək 3m (4,5m), 1 ədədinin qiyməti 5 manat, cəmi qiyməti 125 manat olan 25 ədəd taxta 5x15smx3m, 1 ədədinin qiyməti 28 manat, cəmi qiyməti 336 manat olan 12 ədəd çarpaz qol 1.7m, 1 ədədinin qiyməti 28 manat, cəmi qiyməti 140 manat olan 5 ədəd çarpaz qol 1.92m, 1 ədədinin qiyməti 32 manat, cəmi qiyməti 10464 manat olan 327 ədəd çarpaz qol 2.1m, 1 ədədinin qiyməti 75 manat, cəmi qiyməti 450 manat olan 6 ədəd İskələ 1.0 x 1.50 m, 1 ədədinin qiyməti 5 manat, cəmi qiyməti 2020 manat olan 404 ədəd əkləmə 48-lik bu günədək geri qaytarılmamışdır. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri ərizəçi tərəfindən razılaşdırılmışdır. Bundan başqa, müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus bir sıra əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Artıq xeyli müddətdir ki, cavabdeh yaranmış borcu ödəməkdən qərəzli olaraq yayınır. Onun bu müddət ərzində borcu ödəməməsi, şifahi və yazılı edilən müraciətlərə heç bir cavab verməməsi ondan xəbər verir ki, cavabdeh ümumiyyətlə borcu ödəmək istəmir. Belə olan halda da cavbdehin borcunu ödəməmək barədə əvvəldən düşündüyü niyyəti reallaşacaq. Qeyd edilir ki, cavabdehin balansında və ya hər hansısa bank hesabında borcun ödənilməsinə və əmlakların əvəzləşdirilməsinə kifayət edən digər əmlaklarının və pul vəsaitinin olmasına dair ərizəçidə heç bir məlumat yoxdur. Cavabdehdən tələb olunan borc məbləğinin də xeyli miqdarda olması cavabdehin gələcəkdə borcu ödəməkdə ərizəçiyə çətinliklər yaradacağına inamı daha da artırır. Müvafiq hərəkətsizlik nəticədə bazar iştirakçısı olan iddiaçını əldə etməli olduğu gəlirdən məhrum edərək maliyyə proqnozlarının pozulmasına, şirkətin fəaliyyət planına ciddi çətinliklər törədərək, Şirkəti qərəzli olaraq çətin vəziyyətə salınmasına, hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olur. Həmçinin təqdim etdilən müqavilə, maliyyə arayışı, təhvil-təslim aktları və qoşmada təqdim edilmiş bütün digər sənədlər iddia tələbinin əsaslılığının ilkin sübutudur. Habelə, müvəqqəti təminat tədbirinin tətbiq edilmədiyi halda gələcəkdə çıxarılacaq qətnamə üzrə cavabdeh tərəfindən qətnamənin “icrasının onlar tərəfindən mümkün olmadığı” donunu geyindirmək üçün sui-istifadə halları üzrə hərəkətliliyə səbəb olacaqdır ki, bu da məhz MPM-in 157.2-ci maddəsində təsbit edildiyi kimi ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmamasına və ya qorunmanın əhəmiyyətli dərəcədə çətinləşəcəyinə birbaşa istiqamətləndirəcəkdir. Nəzərə alınmalıdır ki, cavabdeh müvafiq iş üzrə icraat davam etdiyi müddətdə məhdudiyyət qoyulmadığı təqdirdə müvafiq əmlaklarının üzərində istənilən sərəncam verməyi, habelə bank hesablarında olan pulun nağdlaşdırılmasına və ya hər hansı digər formada çıxarılmasında və digər hərəkətləri etməkdə azaddır. Belə olduğu halda isə qətnamə çıxarıldığı halda belə, ərizəçinin hüquqları cavabdeh tərəfindən qəsdli olaraq pozulmaqda davam edəcəkdir. Habelə, qoyulacaq həbs yalnız iddia tələbi həcmində olacağından bu nüansda belə müvafiq tədbir cavabdehin hüquqlarını məhdudlaşdırmayacaq, mütənasiblik prinsipi tam olaraq gözləniləcək və bu yalnız ədalətin bərpası naminə ərizəçinin hüquqlarının qorunmasına xidmət edəcəkdir.

3. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Zeynəb Axundova) ərizənin qismən təmin edilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıqla cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan əmlakların üzərinə 110148 (yüz on min yüz qırx səkkiz) manat həcmində (bank hesabları üzərinə qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri tətbiq edilməli, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Cavabdehə məxsus əmlakların digər şəxslərdə olmasına dair sübutlar təqdim edilməmişdir, həmçinin iddia tələbinin digər hissəsi iddiaçıya məxsus əmlakların qaytarılmasından ibarətdir. Hesab olunur ki, ərizənin qeyd olunan hissədə təmin olunması müvəqqəti təminat tədbirinin tətbiqinin məqsədlərinə uyğundur.

5. Maraqlı şəxs Cavabdeh MMC bu qərardaddan şikayət və ona əlavə verərək, onun ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-in 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri yalnız o halda tətbiq edilə bilər ki, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində gələcəkdə məhkəmə qətnaməsinin icrasının mümkünsüzlüyü və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi real və əsaslandırılmış şəkildə müəyyən edilmiş olsun. Həmin norma müvəqqəti təminat tədbirinin tətbiqini ehtimallarla deyil, konkret risk və obyektiv təhlükənin mövcudluğu ilə şərtləndirmişdir. Lakin hazırkı iş üzrə məhkəmə belə təhlükənin mövcudluğunu təsdiq edən hər hansı konkret sübut müəyyən etməmişdir. Qərardadda cavabdeh Cavabdeh MMC-nin gələcəkdə qətnamənin icrasından yayınmaq məqsədilə əmlakını özgəninkiləşdirməsi, aktivlərini gizlətməsi, bank hesablarındakı vəsaitləri çıxarması, fəaliyyətini dayandırması, iflas vəziyyətində olması və ya icradan yayınmağa yönəlmiş hər hansı hərəkətlər etməsi ilə bağlı heç bir fakt və sübut göstərilməmişdir. Məhkəmə yalnız iddiaçının“borcun ödənilməməsi”, “müraciətlərə cavab verilməməsi” və “gələcəkdə icranın çətinləşə biləcəyi” barədə ehtimallara əsaslanan subyektiv mülahizələri ilə kifayətlənmişdir. Halbuki bu hallar MPMin 157.2-ci maddəsində nəzərdə tutulan “real icra təhlükəsi” meyarına cavab vermir və müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət qədər hüquqi əsas hesab edilə bilməz. Bundan əlavə iddiaçının bütün müraciətləri tərəfimizdn cavablandırılmışdır. Həmçinin Cavabdeh MMC uzun müddətdir tikinti və podrat sahəsində fəaliyyət göstərən, iri həcmli layihələr həyata keçirən, davamlı kommersiya dövriyyəsinə malik olan, çoxsaylı podrat müqavilələri icra edən fəaliyyətdə olan hüquqi şəxsdir. Cavabdehin sahibkarlıq fəaliyyəti davamlı xarakter daşıdığı halda, məhkəmə həmin hallara ümumiyyətlə hüquqi qiymət verməmiş, cavabdehin real iqtisadi fəaliyyətdə olan kommersiya subyekti olmasını nəzərə almamışdır. Hazırkı işdə cavabdehin bank hesabları və əmlakı üzərinə həbs qoyulması fəaliyyətdə olan iri podrat və tikinti şirkətinin cari təsərrüfat fəaliyyətinə, podrat münasibətlərinə, kommersiya dövriyyəsinə, mövcud müqavilələrin icrasına birbaşa təsir göstərən ciddi müdaxilə tədbiridir. Belə müdaxilə şirkətin kommersiya fəaliyyətini əhəmiyyətli dərəcədə çətinləşdirir və sahibkarlıq fəaliyyətinə birbaşa təsir edir. Məhkəmə isə belə ağır müdaxilənin zəruriliyini və qaçılmazlığını əsaslandırmamışdır.

7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də maraqlı şəxsin şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026cı il tarixli,

8. e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 10.Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 11.Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

12. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

13. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

14. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.

15. Maddə 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır.

16. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

17. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

19. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

20. Hazırki işin materiallarından görünür ki, ərizəçi ilə maraqlı şəxs arasında ## ###### 2023-cü il tarixdə **/****P nömrəli icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında ərizəçi tərəfindən 93345,77 manat icarə haqqı borcu və 16802,23 manat ƏDV borcunun ödənilməsi maraqlı şəxsdən tələb edilmişdir. Həmçinin işdən görünür ki, tərəflər arasında müxtəlif vaxtlarda icarə müqaviləsinə əlavələr, üzləşmə aktları, malların təhvil-təslimi haqqında aktlar və s. sənədlər tərtib edilmiş və həmin sənədlər tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Bu fakt xüsusi əhəmiyyət kəsb edir. Çünki müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində məhkəmə mübahisəni mahiyyəti üzrə həll etmir, yalnız iddianın “prima facie” əsaslılığına və gələcək icranın təhlükə altında olub-olmamasına qiymət verir. Hazırkı işdə isə tərəflər arasında icarə münasibətinin yaranması faktı ilkin yazılı sübutlarla təsdiqləndiyindən, məhkəmənin iddia tələbinin kifayət qədər əsaslandırıldığı nəticəsinə gəlməsi tam qanuni olmuşdur.

21. Hazırda həmin iddianın əsaslı olub-olmaması Bakı Kommersiya Məhkəməsinin icraatında olan kommersiya mübahisəsi üzrə məhkəmə araşdırması zamanı müəyyən ediləcəkdir.

22. İş materiallarında əks olunmuş digər mühüm hal ondan ibarətdir ki, ərizəçi maraqlı şəxsin uzun müddət ərzində ödənişdən yayınmasını, dəfələrlə edilən müraciətlərə baxmayaraq borcun ödənilməməsini və cavabdehin gələcəkdə hesabındakı vəsaiti çıxarmaqla qətnamənin icrasını çətinləşdirə biləcəyini əsaslandırmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu riskin real olduğunu nəzərə almışdır. Çünki mübahisə pul tələbi ilə bağlıdır və pul vəsaiti öz mahiyyətinə görə asanlıqla başqa hesablara köçürülə və ya istifadə edilə bilər. Belə vəziyyətdə gələcək icranın təmin edilməsi üçün bank hesabına həbs qoyulması MPM-in 157.2-ci maddəsinin məqsədinə tam uyğundur.

23. Göründüyü kimi, müvəqqəti təminat tədbiri barədə qərardad iddia icraatı başa çatanadək ərizəçilərin hüquqlarının qorunmasını təmin etmək məqsədi daşıyır. Ona görə də, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcuddur.

24. Cavabdeh şikayətində bank hesabına qoyulmuş həbsin onun sahibkarlıq fəaliyyətinə təsir göstərəcəyini bildirsə də, həmin arqumentlər konkret sübutlarla təsdiqlənməmişdir. Digər tərəfdən, tətbiq edilmiş həbs yalnız iddia tələbinin əsas və ƏDV borcu həddində, yəni 110.148 manat məbləğində olmuşdur. Bu isə onu göstərir ki, məhkəmə maraqlı şəxsin bütün əmlakına deyil, yalnız iddia predmetinə uyğun hissədə məhdudiyyət tətbiq etmişdir.

25. Bununla belə nəzərə alınmalıdır ki, iddia əsassız olduğu təqdirdə maraqlı şəxs barəsində tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində ona dəymiş zərəri tələb etmək hüququ Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində təsbit olunmuşdur. Qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir.

26. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə üzrə irəli sürülmüş pul tələbi ilə bağlı maraqlı şəxsin əmlakı üzərinə tələb həcmində həbs qoyulmuşdur və bu təminat tədbiri ərizəçinin hüquqlarının qorunması məqsədi üçün kifayət və mütənasib hesab olunur.

27. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir.

28. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar