Məhkəmə qərarları › İş №e-16(3-6)-430/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-430/2026

01.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-430/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, uşaqla ünsiyyətdə olmaq hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və X6 ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından Lalayeva (Sadıqova) İlahə Kabı qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə Sadıqova İlahə Kabı qızı və Ərizəçi arasında ## ##### 2010-cu il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində 135 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan ##.##.2022-ci il təvəllüdlü X1 Sadıqova İlahə Kabı qızının yanında saxlanılaraq onun himayəsinə, ##.##.2010-cu il təvəllüdlü Sadıqov İbrahim Vüqar oğlu və ##.##.2013-cü il təvəllüdlü X4 isə Ərizəçi yanında saxlanılaraq onun himayəsinə verilməsi, birgə nikahdan olan ##.##.2019-cu il təvəllüdlü X2 Ərizəçi alınaraq Sadıqova İlahə Kabı qızının himayəsinə verilməsi qət edilmişdir.

2. ##.##.2026-cı il tarixli ilkin mediasiya sessiyası üçün ərizədən görünür ki, ərizəçi Ərizəçi birgə nikahdan doğulmuş uşaqla ünsiyyət tələbi barədə mübahisə ilə bağlı Bakı * saylı mediasiya təşkilatına müraciət etmişdir.

Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı

3. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılıb qurtaranadək birgə nikahdan doğulmuş ##.##.2022-ci il təvəllüdlü, X1 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 17:00a qədər ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında münasibətlər pozulduğu və Sadıqova İlahə Kabı qızı azyaşlı uşaqları X1 da götürüb evdən getdiyi tarixdən etibarən uşaqla ünsiyyətdə olmasına mane olur. Bu da azyaşlı uşağın atasına və qardaşları Sadıqov İbrahim Vüqar oğluna və X4 olan bağlılığının itməsinə səbəb ola bilər. Belə ki, uşaqların anası Sadıqova İlahə Kabı qızı tərəfindən ona və onun yanında saxlanılmış İbrahim və Süleyman Sadıqovlara da X1 ilə ünsiyyətdə olmalarına icazə verilmir. Ərizəçi ilə azyaşlı qızı X1 ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədi ilə tərəflərindən məhkəməyə iddia ərizəsi verilməmişdən qabaq Mediasiya təşkilatına müraciət olunmuşdur. Hazırda ərizələri * saylı Mediasiya təşkilatındadır. Mediasiya sessiyası və bundan sonra iddia ərizəsinə baxılma müddəti, habelə qətnamənin icrası üçün müddəti nəzərə alsaq, onunla azyaşlı uşağının ünsiyyətdə olması aylarla gecikə bilər. Belə uzun müddət ərzində uşağın atası ilə ünsiyyətdə olmaq hüququndan məhrum edilməsi onun atası ilə ünsiyyət bağlarının kəsilməsinə səbəb ola bilər.

5. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin olunması, Ərizəçi qızı – ##.##.2022-ci il təvəllüdlü X1 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının şəxsi görüş formasında, sərbəst şəkildə (ana- Sadıqova İlahə Kabı qızının iştirakı olmadan) hər həftənin şənbə günü saat 14:00-dan saat 17:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq - ##.##.2022-ci il təvəllüdlü X1 hər həftənin şənbə günü saat 14:00-da ana - Sadıqova İlahə Kabı qızının yaşayış ünvanında Sadıqova İlahə Kabı qızı tərəfindən Ərizəçi, həmin gün saat 17:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən Sadıqova İlahə Kabı qızına təhvil verilməsi, qərardadın ##.##.2026-cı il tarixədək qüvvədə olması qərara alınmışdır.

6. Məhkəmə, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1-ci, 157.3-cü, 157.4-cü, 157.5-ci, 157.6-cı maddələrinə, Ailə Məcəlləsinin 61.1-61.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli *-*/**** nömrəli qərarına, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-cı il tarixli */**** nömrəli qərarına istinadla belə əsaslandırmışdır ki, ərizəçi Ərizəçi ailə qanunvericiliyinə müvafiq olaraq, uşaqla ünsiyyət hüququna malik olduğundan minimal həddə müvəqqəti görüşün təmin edilməməsi onların münasibətlərinin soyumasına gətirib çıxara bilər. Belə ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi, işə məhkəmədə baxılması kifayət qədər zaman tələb edəcəkdir.

7. Məhkəmə qeyd etmişdir ki, uşaqdan ayrı yaşayan atanın uşaqla ünsiyyət hüququnun minimal həddə təmin edilməsinə dair təminat tədbiri müvəqqəti xarakter daşımaqla, ərizəçinin uşaqla emosional bağlılığının zəifləməsinin və ya tamamilə itməsinin qarşısını almaq, bununla da gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi daşıyır.

8. Həmin qərardaddan Lalayeva (Sadıqova) İlahə Kabı qızının verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə ünsiyyət hüququnu təmin edərkən bunun uşağın psixi sağlamlığına və mənəvi inkişafına zərər gətirməməsini nəzərə almalıdır. Azyaşlı Saranın cəmi 3,5 yaşlı olduğunu, ana qayğısına və iştirakına mütləq ehtiyacı olduğunu gözardı edərək, onun ataya sərbəst (anasız) verilməsi uşaqda ciddi travma riski yaradır. Tərəflər arasında həm uşaqların himayəsi, həm də əmlakların bölgüsü ilə bağlı ciddi nifrət və konflikt mövcuddur. Məhkəmə tərəflər arasındakı ziddiyyətlərin uşağa psixoloji təsirini, ekspertiza və ya qəyyumluq orqanının rəyini öyrənmədən, tələsik və əsassız qərar çıxarmışdır. Məhkəmə öz qərardadında "uşaqla emosional bağlılığın zəifləməsinin qarşısını almaq" məqsədini rəhbər tutsa da, qəbul etdiyi mexanizm tamamilə uşağın əleyhinədir. Hazırda Ərizəçi tərəfindən şikayət verən şəxsə qarşı qərəzli və aqressiv mövqe sərgilənir; hətta nikah dövründə əldə edilmiş əmlaklara və həyətlərindəki sexə daxil olmağına süni maneələr törədilir. Belə bir gərgin və psixoloji baxımdan ağır mühitdə böyümüş 3 yaş yarımlıq uşağın, ailədə anaya qarşı şiddət və aqressiv davranışlar göstərmiş ata ilə yenidən təmasda olması onun psixoloji vəziyyəti üçün ciddi narahatlıq yaradır. Uşaq keçmişdə yaşanan hadisələrin təsirindən uzun müddət qorxu, gərginlik və emosional sarsıntı keçirmiş, onun özünü təhlükəsiz hiss etməsi və psixoloji vəziyyətinin normallaşması üçün bir ana olaraq böyük çətinliklə çalışmışdır. Hazırda uşağının yenidən həmin şəxslə və keçmiş travmaları xatırladan mühitlə təmasda olması onda əvvəlki qorxu və stressin yenidən yaranmasına səbəb ola bilər. Bir ana olaraq övladının yenidən eyni psixoloji travmaları yaşamasını və özünü təhlükədə hiss etməsini istəmir. Bundan əlavə, ailədə davamlı təhqir, söyüş və şiddət mühiti olduğu üçün qız övladlarını götürərək ata evinə sığınmağa məcbur olmuşdur. Oğlan övladları həmin vaxt dərsdə olduqları üçün sonradan onları da yanına çağırmışdır, lakin ataları buna icazə verməmişdir. Hazırda ataları uşaqları Nicat adlı şəxsin keçdiyi dini dərslərə yönləndirir və həmin mühitdə uşaqlara ana haqqında mənfi fikirlər aşılanaraq ondan uzaqlaşdırılmalarına çalışılır. O və ailə üzvləri uşaqlara “şeytan”, “kafir” kimi təqdim edilir, uşaqların anaya qarşı münasibətinin dəyişdirilməsinə cəhd göstərilir. Ata təxminən il yarımdır qız övladı ilə maraqlanmamış, onunla əlaqə saxlamamış, nə maddi, nə də mənəvi dəstək göstərməmiş, aliment ödənişi etməmişdir. Buna baxmayaraq, hazırda uşağı ondan uzaqlaşdıraraq onu da digər övladları kimi radikal dini təsirlərə yönləndirmək istədiyini açıq şəkildə ifadə edir. Bir ana olaraq hesab edir ki, belə bir mühit və təsir uşağının sağlam psixoloji inkişafı, təhlükəsizliyi və gələcəyi üçün ciddi risk yaradır. Bu səbəbdən qızının həmin şəxslə görüşməsinə qəti şəkildə qarşıdır.

Apellyasiya baxışı

10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

12. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

13. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

14. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

15. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

16. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

17. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

18. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

19. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

20. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

21. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli 8- */**** nömrəli qərarı

22. 7.1-ci bənd, II abzas. Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir.

“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-cı il tarixli, */**** nömrəli qərarı

23. 2.8-ci bənd. Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıqaydın halların olub-olmamasına qiymət verilməlidir.

Apellyasiya baxışının həddi

24. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

25. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

26. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

27. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).

28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur; çünkü məhkəmənin görülməsinə qərar verdiyi təminat tədbiri, ərizəçi ilə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının və ünsiyyət bağlarının kəsilməsinin qarşısını almağa xidmət etməkdədir.

29. Kollegiya onu da qeyd edir ki, uşağın yaşının az olması ərizəçinin bir ata kimi uşağı ilə ünsiyyətdə olmaq hüquqlarına xələl gətirməməlidir. Belə ki, məhkəmə atanın (ərizəçinin) uşağı anasından onun yaşayış yerində təhvil alması və anasının yaşayış yerində ona təhvil verməsi ilə bağlı qayda müəyyən etmişdir. Digər tərəfdən Sadıqova İlahə Kabı qızı şikayətində ümumi mülahizələrdən istifadə etmiş, uşağın ata ilə ünsiyyətdə olmasının onun həyatına, təlimtərbiyəsinə mənfi təsirlərinə dair konkret dəlillər göstərməmişdir.

30. Nəzərə alınmalıdır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməlidir (“Mustafa və X5rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Rafael Eyvazov

Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar