Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-444/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i:
1. Iddiaçı Ərizəçi cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, "X2” Redaksiyasına, cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh7 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "unudulma hüququ" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Iddiaçı (bundan sonra ərizəçi) eyni zamanda müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin istifadəsində olan internet resurslarında (səhifələrində, təqdim etdiyim linklər) onunla bağlı bütün neqativ məlumatların əlçatanlığının və başqa yerlərdə yayılmasının (oxunması) cavabdehlərə və digər şəxslərə qadağan olunaraq onların müvəqqəti olaraq bloklaşdırılması (onların aktiv olunmasına stop qoyulması) haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, yekun məhkəmə aktı qəbul edilənə qədər cavabdehlər olan aşağıdakı internet resurslarında ərizəçi Ərizəçi ilə bağlı bütün neqativ məlumatların əlçatanlığı, başqa yerlərdə yayılması və onların aktiv olunması cavabdehlərə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.
4. Maraqlı şəxslərdən cavabdeh2 Redaksiyası həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmiş, digər maraqlı şəxslər qərardadı mübahisələndirməmişdir.
5. Şikayət belə əsaslandırılmışdır ki, qərardad mülki prosessual qanunvericiliyə zidd qəbul edilmişdir. mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan bir sıra faktiki halları tam araşdırmamışdır. Belə ki, mübahisələndirilən məlumatların ictimai maraq kəsb edib-etmədiyi, həmin məlumatların cinayət təqibi, istintaq hərəkətləri və məhkəmə araşdırmaları ilə bağlı olubolmaması, habelə cəmiyyətin həmin məlumatları əldə etmək marağı qiymətləndirilməmişdir. Eyni zamanda Konstitusiyanın 32-ci maddəsinə istinad edilməsinə baxmayaraq, məlumatların hansı hissəsinin həqiqətə uyğun olmadığı, natamam olduğu və ya qanunsuz üsulla əldə edildiyi müəyyən edilməmişdir. Bundan başqa, silinməsi tələb olunan materiallarla icra sənədində borclu kimi göstərilən “xxxx” MMC arasında hər hansı hüquqi və ya faktiki əlaqənin mövcudluğu da araşdırılmamışdır. Bu hallar işin düzgün həlli üçün mühüm əhəmiyyət daşısa da, qərardadda onlara hüquqi qiymət verilməmişdir. Qərardadda gəlinən nəticələr işin faktiki hallarına uyğun gəlmir. Belə ki, məhkəmə müvəqqəti təminat tədbiri tətbiq etməklə faktiki olaraq iddiaçının əsas tələbinin nəticəsini qabaqcadan həyata keçirmiş, ərizəçi ilə bağlı “bütün neqativ məlumatların” əlçatanlığını və yayılmasını qadağan etmişdir. Halbuki iş materiallarından görünür ki, mübahisə konkret media materialları ilə bağlıdır və həmin materialların hüquqi qiymətləndirilməsi hələ məhkəmə araşdırmasının predmetidir.
6. Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
8. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. - 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. - 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: -157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; -157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. - 158.1.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. - 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. - 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
10. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən - Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
11. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.7, 14.1.9-cu maddələrinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiya şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verməməlidir; böhtana, təhqirə və nifrət çıxışlarına yol verməməlidir. Göstərilən Qanunun 18.1-ci maddəsinə görə media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
12. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmənin ##.##.2025-ci il tarixli Plenum Qərarına əsasən Unudulmaq hüququ rəqəmsal platformalarda əvəllər yayılımış şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə açıq məlumatların (mətn, səs, görüntü və s.) sonradan dövlət və ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi və ya aktuallığını itirməsi səbəbi ilə silinməsini, anonimləşdirilməsini, gizlədilməsini, arxivləşdirilməsini və ya həmin məlumatlara əlçatanlığın məhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin edilməsini tələb etmək hüququnu nəzərdə tutur. Bu hüquq yayılan məlumatların əsasən insanların şəxsi və sosial həyatlarına əsassız mənfi təsir göstərməsindən qorumaqla, milli qanunvericilikdə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.5ci maddəsində öz əksini tapmışdır. Həmin maddədə fərdi məlumat subyektinin informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Məlumatlara əlçatanlığın məhdudlaşdırılması həmin məlumatların yerləşdirildiyi operatorlardan, o cümlədən onlayn rəqəmsal platformalardan, media subyektlərindən və s. tələb edilməlidir. Bu tələblər üzrə cavabdeh qismində həmin məlumatların yerləşdirildiyi subyektlər çıxış edirlər.
13. Məhkəmə maraqlı şəxsin şikayətinin dəlillərinə münasibətdə aşağıdakılar qeyd edir.
14. Müvəqqəti təminat tədbirini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış etməlidir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Müvəqqəti təminat tədbirinin tətbiq olunmasının MPM-nin 158.1-ci maddəsində göstərilən məqsədi o halda realizə olunur ki, iddia ilə həmin müvəqqəti təminat tədbiri arasında əlaqə mövcud olsun. Müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıdığından və işi mahiyyəti üzrə həll etmədiyindən, belə tədbirlərin tətbiq edilməsi, gələcəkdə qaldırılan iddianın təmin olunacağı təqdirdə çıxarılacaq qətnamənin icrasını kifayət qədər real olmasının təminatıdır.
15. Avropa Məhkəməsinin presedent hüququ baxımından, cəmiyyətdə baş verən prosesləri, yaranan və yarana biləcək problemləri və ictimai maraq doğura biləcək mövzuları işıqlandırmaq, bununla da həmin mövzularla bağlı ictimaiyyətin məlumat almaq hüququnu təmin etmək və bu kontekstdə cəmiyyətin diqqətini təhlükə doğura biləcək məqamlara cəlb etmək demokratik cəmiyyətdə mətbuatın əsas vəzifələri kimi müəyyən edilmişdir. Lakin bununla belə məhkəmə qeyd edir ki, doğruluğu təsdiq edilməmiş hər hansı məlumatın yayılması eyni zamanda qarşı tərəfin hüquq və azadlıqlarının əsassız şəkildə pozulmasına gətirib çıxara bilər.
16. Nəzərə almaq lazımdır ki, MPM-in hazırda qüvvədə olan 157.2-ci maddəsinin dispozitiv şərtləri, 2021-ci ilin ## #######ınadək qüvvədə olmuş həmin normanın şərtlərindən köklü şəkildə fərqlidir.
17. Belə ki, əvvəlki normada iddianın təmin edilməsinin (hazırda müvəqqəti təminat tədbirləri) məqsədinin - gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etməklə bağlı olduğu xüsusi qeyd edilməklə, həmin tədbir məhz qətnamənin icrası ilə əlaqələndirilmiş, başqa sözlə desək, qətnamənin icrası ilə məhdudlaşdırılmışdır.
18. Hazırda qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiq edilməsində məqsəd - cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir (maddə 157.2.).
19. Göründüyü kimi, hazırda qüvvədə olan müvəqqəti təminat tədbirinin tətbiqində güdülən məqsəd gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmini ilə məhdudlaşmayıb, həm də qətnamənin qəbulunadək mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin bu yanaşması təsadüfi olmayıb, olduqca əsaslı və məntiqlidir. Mübahisəsizdir ki, məhz belə yanaşma müvəqqəti təminat tədbirinin mahiyyətini tam dolğun və səmərəli əhatə edir.
20. Müqayisə üçün qeyd edilməlidir ki, MPM-in qəbulundan sonra, yəni ##.##.2009-cu ildə qəbul olunmuş Inzibati Prosessual Məcəllənin eyni məsələləri tənzimləyən və “məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri” adlı VII fəslində də (IPM- 40- 44-cü maddələr) qanunverici aydın şəkildə oxşar tənzimləmə ilə ərizəçinin hüquqlarının qorunmasına yönələn və qəbul ediləcək məhkəmə aktlarının icrasına bağlı olmayan müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqini nəzərdə tutmuşdur.
21. Belə ki, Inzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
22. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
23. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər.
24. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.
25. Göründüyü kimi, MPM-nin müvəqqəti təminat tədbirinə dair məsələləri tənzimləyən XIII fəslinin ##.##.2021-ci il tarixli Qanunla yeni redaksiyada verilməsi məhz əvvəlki normalardakı boşluqları və natamamlıqları doldurmaq, eləcə də həmin institutun mahiyyətinə uyğun olaraq məhkəmə müdafiəsinə ehtiyacı olan şəxslərin hüquqlarının daha dolğun və səmərəli şəkildə qorunmasını təmin etmək məqsədindən irəli gəlmişdir. Bu məsələyə hər hansı əks yanaşma ədalət mühakiməsinin effektivliyi və səmərəliliyi kimi fundamental prinsiplərə zidd olacaqdır.
26. Şikayətdə mübahisələndirilən məlumatların ictimai maraq kəsb edib-etməməsinin, həqiqətə uyğun olub-olmamasının rayon məhkəməsi tərəfindən araşdırılmadığı qeyd edilmişdir.
27. Məhkəmə şikayətin bu dəlili ilə bağlı qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi müvəqqəti xarakterli olmaqla işi mahiyyəti üzrə həll etməməklə yanaşı, həm də heç bir halda həmin ərizənin təmin və ya rədd edilməsi əsas mübahisənin həllinə təsir göstərmir və preyudisiallıq daşımır. Bu baxımdan, bəzi hallarda müvəqqəti təminat tədbirinə dair ərizələrdə tətbiqi istənilən təminat tədbirinin iddia tələbləri ilə oxşar və ya eyniyyət təşkil etməsi mümkün və yol veriləndir, bəzən isə işin konkret hallarından asılı olaraq bu məzmunlu ərizələrin təmini MPM-in 157.2-ci maddəsinin göstərişləri və güddüyü məqsədlər baxımından qaçılmaz və zəruri olur. Çünki yuxarıda da vurğulandığı kimi bu institutun əsas məqsədi iddiaçının (ərizəçinin) hüquqlarını pozulmasının qarşısının alınmasından, onu yeni və ya daha böyük zərərdən, eləcə də əlavə (yeni) məhkəmə çəkişmələrindən qorumaqdan ibarətdir. Odur ki, şikayətdə qeyd edilən həmin xüsusatlar iddia icraatında işə mahiyyəti üzrə baxılarkən araşdırıla bilər.
28. Məhkəmə onu da qeyd edir ki, hazırkı mtt ərizəsi ilə məlumatların internet resurslarından tamamilə silinməsi yox, onların yayılmasının və axtarış sistemləri vasitəsilə əlçatanlığının müvəqqəti dayandırılması nəzərdə tutulmuşdur ki, bu da irəli sürülən iddiaya mütənasib olmaqla həm də ağlabatandır.
29. Beləliklə, Məhkəmə hesab edir ki, rayon məhkəməsi müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəni qismən təmin etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
31. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
32. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
33. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Maraqlı şəxs cavabdeh2 Redaksiyası tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.