Məhkəmə qərarları › İş №e-16(3-6)-450/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-450/2026

13.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-450/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh MMC-yə qarşı «müvəqqəti təminat tədbiri»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə iddia qaldırılana qədər müvəqqəti olaraq ailələrinin mülkiyyəti və istifadəsində olan Porsche Cayenne minik markalı **OK*** dövlət qeydiyyat nişanlı, Toyota Sequoıa minik markalı **AE*** dövlət qeydiyyat nişanlı, Zeekr 001 minik markalı **RA*** dövlət qeydiyyat nişanlı və Lixiang L9 Ultra Plug-İn Hibrid minik markalı **EQ*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 60 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 62) ünvanında inşa edilən “Gülüstan Residence” yaşayış kompleksində avtomobillərin park olunması üçün nəzərdə tutulmuş yeraltı avtomobil parkının -1, -2, -3, -4 səviyyələrinə Salatın Əsgərova küçəsi və Şamil Əzizbəyov küçəsindən daxil olmağa və həmin ərazidən çıxmağa, həmçinin müvəqqəti olaraq park sahəsinin digər ərazisində dayanmağa Cavabdeh MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qeyd edilən məsələlərlə bağlı hər hansı bir maneənin yaradılmasının Cavabdeh MMC-yə qadağan edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş «müvəqqəti təminat tədbirinə dair» ərizənin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın tam şəkildə ləğv edilməsi və MTT haqqında ərizənin təmin edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- e**(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmiş, ərizəçi Ərizəçi tərəfindən verilmiş «müvəqqəti təminat tədbirinə dair» ərizə qismən təmin edilmiş, ərizəçi və ailə üzvlərinə Porsche Cayenne minik markalı **OK*** dövlət qeydiyyat nişanlı, Toyota Sequoıa minik markalı **AE*** dövlət qeydiyyat nişanlı, Zeekr 001 minik markalı **RA*** dövlət qeydiyyat nişanlı və Lixiang L9 Ultra Plug-İn Hibrid minik markalı **EQ*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 60 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 62) ünvanında inşa edilən “Gülüstan Residence” yaşayış kompleksində avtomobillərin park olunması üçün nəzərdə tutulmuş yeraltı avtomobil parkının -1, -2, -3, -4 səviyyələrinə Salatın Əsgərova küçəsi və Şamil Əzizbəyov küçəsindən daxil olmağa və həmin ərazidən çıxmağa, həmçinin müvəqqəti olaraq park sahəsinin digər ərazisində dayanmağa Cavabdeh MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, müvəqqəti təminat tədbiri barədə qərardadın ##.##.2026-cı il tarixdən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.4, 157.5, 157.6, 158.1, 160.1, 163.1, 162.1, 269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, ərizəçi tərəfindən verilmiş şikayətin araşdırılması nəticəsində müəyyən edilən hallardan görünür ki, ərizəçi tələb etdiyi müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Belə ki, tərəflərin izahatından görünür ki, ərizəçi və onun ailə üzvləri 2026-cı ilin may ayınadək bütün avtomobillər vasitəsilə sərbəst şəkildə yeraltı qaraja daxil olmuş və çıxmış, həmin avtomobilləri müvəqqəti olaraq qarajda saxlamış, oradan mülkiyyətində olan mənzillərə lift vasitəsilə qalxmışdırlar. Bu məqsədlə avtomobillərdən ikisi ailədəki yaşlı qadının hərəkəti üçün xüsusi avadanlıqlarla da təchiz edilmişdir. Bu baxımdan əizəçi və ailə üzvləri öz gündəlik həyatlarını və ümumlikdə binadakı mənzillərdən və yeraltı qarajdakı park yerinə münasibətdə mülkiyyət hüquqlarını yeraltı qarajdan qeyd edilən şəkildə istifadə etməklə istifadə etmişdirlər. Cavadehin nümayəndəsinin izahatından görünür ki, qeyd edilən maneə digər sakinlərə deyil, fərdi qaydada ərizəçi və onun ailə üzvlərinə yönəlmişdir. Həmçinin, qaraja yalnız bir avtomobillə daxil olmaq qaydası ümumi şəkildə elan edilməmiş, bu barədə bina sakinlərinə hər hansı xəbərdarlıq edilməmişdir. Bu baxımdan, cavabdeh ərizəçiyə münasibətdə yaratdığı maneənin iddia ərizəsi verilənədək, eləcə də iddia ərizəsi verilərsə məhkəmə araşdırması dövründə davam etməsi ərizəçinin və ailə üzvlərinin mülkiyyət hüquqlarından istifadə etməsini çətinləşdirəcəkdir. Bu hal, eləcə ərizəçinin yaşlı qaynanasının hərəkət imkanlarının məhdudlaşması müvəqqəti təminat tədbirinin təcililiyini də şərtləndirir. Şikayət və ərizə “ərizəçi və ailə üzvlərinə yeraltı qaraja daxil olmağa və çıxmağa, həmçinin müvəqqəti olaraq park sahəsinin digər ərazisində dayanmağa Cavabdeh MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması hissəsində” təmin edilməlidir. Məhkəmə qeyd edir ki, həmin hissədə müvəqqəti təminat tədbirinin tətbiqi əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməyəcəkdir, öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlıdır. Məhkəmə qeyd edir ki, şikayət və ərizə “qeyd edilən məsələlərlə bağlı hər hansı bir maneənin yaradılmasının Cavabdeh MMC-yə qadağan edilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, müvəqqəti təminat tədbiri konkret, öz nəticələri etibarı ilə aydın, icra oluna bilən olmalı, kokret xarakter daşımalıdır. Müvəqqəti təminat tədbiri həmin hissədə qeyd edilən xüsusiyyətləri daşımadığı üçün təmin edilə bilməz. Məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə iddia ərizəsi məhkəməyə təqdim edilənədək verildiyinə görə qərardadın qüvvədə olma müddəti 1 (bir) ay həddində müəyyən edilməli, bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılaraq qərardad qəbul ediləcəyi ərizəçiyə izah edilməli, qəbul ediləcək qərardad dərhal icra edilməlidir. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Maraqlı şəxs Cavabdeh MMC şikayət verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi, müvəqqəti təminat tədbiri barədə ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, hazırkı işdə MTT-nin tətbiqi barədə ərizə ilə müraciət edən ərizəçi tərəfindən həmin tələblər yerinə yetirilməmiş, ərizənin təmin olunmasına dair qərardad qəbul edən məhkəmə isə bunun fərqinə varmadan, ümumiyyətlə Mülki Prosessual Məcəllənin 157.2ci və 157.5-cü maddələrinə formal istinad etməklə kifayətlənərək, cavabdehin hüquqlarını lüzumsuz yerə məhdudlaşdıran əsassız və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, işin mübahisələndirilməyən və ərizəçinin özünün də qeyd etdiyi hallardan biri də ondan ibarətdir ki, “Gülüstan Residence” yaşayış kompleksində yeraltı avtomobil parkının -2-ci mərtəbəsində yerləşən P2 B* saylı 1 (bir) ədəd park yeri ərizəçiyə məxsusdur. Məhkəmə nəzərə almamışdır ki, “Ərizəçinin və ailə üzvlərinin” 4 ədəd nəqliyyat vasitəsinin yeraltı avtomobil parkına daxil olmasına “maneə”-nin aradan qaldırılması barədə qərardad qəbul edilməsi üçün digər əsaslarla yanaşı, ilk növbədə həmin “ailə üzvləri” “ərizəçi” və ya “iddiaçı” statusunda olmalı idilər. Hazırkı işdə isə ərizəçinin MTT ərizəsini təmin edən məhkəmə digər şəxslərə - “ailə üzvlərinə” 4 ədəd avtomobillə yeraltı avtomobil parkına daxil olma hüququ verməklə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinin də tələblərini pozmuşdur. Belə ki, həmin normanın tələblərinə görə: 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır (baxın: KM-nin # #### 2015ci il tarixli qərarı). Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (baxın: KM-nin # #### 2015-ci il tarixli qərarı). Şikayət verilən qərardadı qəbul etmiş məhkəmə isə ərizəçinin - yəni fiziki şəxs olaraq hüquq münasibətlərində yalnız öz adından iştirak edə bilən şəxsin deyil, “Ərizəçi və ailə üzvlərinə”, yəni hazırkı iş üzrə hüquq münasibətlərinin subyekti olmayan şəxslərə də məxsus 4 (dörd) ədəd avtomobilin cavabdehə məxsus yeraltı park sahəsinin bütün səviyyələrinə (-1,-2,-3 və -4 səviyyələrinə) istənilən istiqamətdən - Salatın Əsgərova küçəsi və Şamil Əzizbəyov küçəsindən daxil olmağa və həmin ərazidən çıxmağa, həmçinin müvəqqəti olaraq park sahəsinin digər ərazisində dayanmağa Cavabdeh MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına qərar vermişdir. Bundan əlavə, məhkəmə qərardadının digər hissələrində də məhkəmə “ərizəçi və ailə üzvləri” kimi ifadələrdən istifadə etməklə, onları birlikdə hazırkı iş üzrə vahid subyekt kimi qəbul etmiş, həmçinin “.....avtomobillərdən ikisi ailədəki yaşlı qadının hərəkəti üçün xüsusi avadanlıqlarla da təchiz edilmişdir. Bu baxımdan, ərizəçi və ailə üzvləri öz gündəlik həyatlarını və ümumilikdə, binadakı mənzillərdən və yeraltı qarajdakı park yerinə münasibətdə mülkiyyət hüquqlarını yeraltı qarajdan qeyd edilən şəkildə istifadə etməklə istifadə etmişdirlər” kimi mücərrəd “əsaslandıma” verməyə cəhd etsə də, bu uğursuz cəhdini də axıra çatdıra bilməmiş, digər iki avtomobilə münasibətdə heç bir ağlabatan dəlil tapa bilmədiyindən onlara formal da olsa münasibət bildirməyə çətinlik çəkmişdir. Ümumiyyətlə, məhkəmə ərizəçinin şikayətini hansı səbəbdən (əsasdan) təmin etdiyini konkret göstərə bilməmiş, gah ərizəçinin anasının xəstə olması səbəbindən “xüsusi təchiz edilmiş” avtomobilə ehtiyacının olmasına dair dəlillərə, gah da ərizəçinin və “ailə üzvlərinin” (yəni, hazırkı hüquq münasibətlərində subyekt olmayan şəxslərin) “qarajdakı park yerinə münasibətdə mülkiyyət hüquqlarını (?) yeraltı qarajdan qeyd edilən şəkildə istifadə etdiklərinə” istinad etmişdir. Halbuki, məhkəmənin özünün də müəyyən etdiyi kimi ərizəçinin (hüquq münasibətlərinin subyektinin) mülkiyyətində yalnız 1 (bir) ədəd yeri olduğu halda hazırkı mübahisədə hüquq münasibətlərinin subyekti olmayan, hətta tərkibi (neçə nəfər və kimlər olması) dəqiqləşdirilməyən “ailə üzvlərinin” də ərizəçiyə 1 (bir) ədəd yerin məxsus olmasına istinadən həmin park yerindən istifadə etmək üçün 4 (dörd) ədəd avtomobillə maneəsiz giriş-çıxış və dayanma hüququnun faktiki olaraq “hədiyyə” edilməsinin tamamilə əsassız, qanunsuz olması və cavabdehin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələndiyini sübut etməyə ehtiyac yoxdur. Bundan əlavə, məhkəmə qərardadının nəticə hissəsi elə tərzdə formalaşdırılmışdır ki, həmin mətndəki mücərrəd və qeyri-müəyyən ifadələr qərardadın icrası ilə bağlı mübahisələr yaranmasına şərait yaradacaqdır. Belə ki, “həmçinin müvəqqəti olaraq park sahəsinin digər ərazisində dayanmaq” ifadəsinin nəyi ehtiva etdiyi anlaşılan deyil. Belə ki, yeraltı avtomobil parkı avtomobillərin saxlanması (durması) yerlərindən və giriş-çıxış yollarından ibarətdir. Avtomobillərin giriş-çıxış yollarında saxlanması mümkün deyil, belə ki, bu halda digər avtomobillərin giriş-çıxış və manevr etməsinə maneə yaratmaqla yeraltı avtomobil parkının fəaliyyəti iflic vəziyyətinə düşəcək; həmin ifadə avtomobillərin saxlanması (durması) yerini də ehtiva edə bilməz, belə ki, hər dayanacaq yerinin öz mülkiyyətçisi vardır. Göründüyü kimi şikayət verilən qərardad digər mülkiyyətçilərin hüquqlarının pozulmasına yönəlmiş və yeni mübahisələr yaranmasına səbəb olan, icrası mümkün olmayan qərardad olmaqla qüvvədə qalması həmçinin bu səbəbdən mümkün deyil. Başqa sözlə desək, məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarındakı hüquqi mövqelərə açıq-aşkar zidd olan qərardad qəbul etməklə, həmin qərardadın apellyasiya məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsas yaratmışdır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, ərizəçi hazırkı mübahisə üzrə subyektiv hüquqa malik olmayan “ailə üzvlərinin” avtomobillərinin yeraltı park yerinə giriş-çıxışına məhdudiyyət qoyulmasını qadağan edən iddia da qaldıra bilməz. Mülki Prosessual Məcəllənin 157.5.2-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyi, yəni “iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların” olmadığı aşkar olduğu halda MTT-nin tətbiq edilməsinə dair qərardadın bu səbəbdən də tamamilə əsassız və qanunsuz olduğu aşkardır. Məhkəmənin qərara aldığı həmin MTT-nin tətbiq edilməsi Mülki Məcəllənin 6.1-ci maddəsində təsbit edilmiş “6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi”; “6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi”; və “6.1.5. müqavilələr azadlığı” prinsipləri ilə də ziddiyyət təşkil edir. Belə ki, cavabdehin mülkiyyətində olan yeraltı paklanma yerləri dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak olaraq qeyri-yaşayış sahəsidir və həmin əmlak yalnız cavabdehlə bağlanmış müvafiq müqavilə (alqı-satqı, icarə və s.) əsasında digər şəxslərin mülkiyyətinə və ya icarəsinə verilə bilər. Ərizəçinin özü tərəfindən alqı-satqı müqaviləsi əsasında yalnız 1 (ədəd) yer onun mülkiyyətinə alınmışdır ki, bununla da yalnız 1 ədəd avtomobillə yeraltı dayanacağa giriş-çıxış və həmin yerdə saxlama hüququ əldə etmişdir. Məhkəmənin cavabdehin nümayəndəsinin izahatına təhrif olunmuş şəkildə istinad etməklə “maneənin digər sakinlərə deyil, fərdi qaydada ərizəçi və onun ailə üzvlərinə yönəlməsi” nəticəsinə gəlməsi də əsaslı hesab edilə bilməz. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, yeraltı dayanacaqdakı park yerlərinə mülkiyyət, icarə və ya istifadə hüququ olmayan şəxslərin avtomobillə həmin dayanacaq sahəsinə daxil olmalarına icazə verilməməsi heç bir halda qanunsuz və aradan qaldırılması tələb edilə bilən “maneə” kimi qiymətləndirilə bilməz. Belə ki, yeraltı dayanacaqdakı yerlərin əksəriyyəti cavabdehin, digər hissələri isə ayrı-ayrı sakinlərin mülkiyyətində olmaqla, idarəçiliyi cavabdeh tərəfindən həyata keçirilir və hüququ olmayan şəxslərin yeraltı dayanacağa daxil olmalarının qarşısının alınması üçün tədbirlərin görülməsinə cavabdeh öhdəlik daşıyır. Digər şəxslərə bəzi müstəsna hallarda qısamüddətli giriş üçün icazə verilməsinin isə qayda deyil, istisna formasında tətbiq edilməsi, ərizəçinin ailə üzvlərinə məxsus 4 ədəd avtomobillərin yeraltı dayanacağa istənilən vaxt, istənilən istiqamətdən daxil olmasına və çıxmasına, həmçinin park sahəsinin digər ərazisində dayanmağa “yaradılmış maneələrin” aradan qaldırılmasının, faktiki olaraq isə heç bir hüquqi əsas olmadan həmin şəxslərə belə hüququn, “maneənin aradın qaldırılması” adı altında hədiyyə edilməsi cavabdehin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit edilmiş mülkiyyət, sahiblik və müqavilə azadlığı kimi hüquqlarının pozulmasına rəvac verməkdən başqa bir şey deyildir. Hazırkı şikayətə ərizəçinin ********** nömrəli mobil telefon nömrəsinə bağlı “vatsap” tətbiqi vasitəsi ilə Cavabdeh MMC-nin əməkdaşı X1 ********** nömrəli mobil telefonuna göndərilmiş təhdid və təhqir xarakterli mesajlar da bunu bir daha təsdiq edir. Həmin mesajları məhkəmənin də diqqətinə çatdırırıq: “qeyri-qanuni idarə etdiyiniz giriş-çıxışa məhdudiyyət yigişdirilmalidir. Mühafizəçilərinizə deyin men 1 saata eva galacam. parkinge dushecem ashagida da artig bir mashin durub. bela olmalıdır ve olacag.”.. “Polis getirecem shlagbaum garshisinda mashini saxlayıb chekmeyecem polis gelse menim terefimde. öz “direktorunuza” ve agalariniza deyin ki hüquq menim tarafımda olub ve olacaq.” “bütün məhkəmə işlərini udmuşuq və udacayıq” tezlikle sizleri garaja girish-shixishin idare olunmasından kenarlasşdiracayig, inanin mana” “Direktor ağlını yığsın bashina normal kommunal haqq danishigina gelsin. Eks halda- iflas”. Göründüyü kimi hazırda şikayət verilən qanunsuz məhkəmə qərardadından ruhlanan ərizəçi - məhkəmə qərardadında qeyd edilən 4 ədəd avtomobillə ona və ailə üzvlərinə yalnız giriş-çıxış deyil, həm də həmin avtomobillərin başqa mülkiyyətçilərə məxsus yerlərdə saxlamaq hüququ kimi təqdim etməklə, cavabdehdən məhkəmə qərardadında göstərilən icradan fərqli icra tələb edəcəyini bəyan edir, hətta saxlamağa hüququ olduğu 1 avtomobilinin artıq yeraltı park yerində olduğuna baxmayaraq ikinci avtomobilini də orada yerləşdirmək niyyətində olduğunu bildirir; - qanunsuz və əsassız məhkəmə qərardadındakı mücərrəd ifadələri cavabdehin hüquqlarının pozulmasına yönəlmiş hərəkətlər edəcəyi, buna imkan verilmədikdə isə avtomobilini şlaqbaumun qarşısında saxlamaqla, yeraltı parkdan istifadə etməyə hüququ olan digər sakinlərin hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlər etməkdən də çəkinməyəcəyi ilə hədələyir; cavabdehin direktoruna münasibətdə isə “ağlını başına yığsın, normal kommunal haqq danışığına gəlsin” kimi ifadə işlətməklə, bir tərəfdən etik danışıq normasından kənara çıxan ifadələr işlədir, digər tərəfdən isə əslində hazırda şikayət verilən qərardadın qəbul olunmasına nail olmaqda tamamilə başqa məqsəd güddüyünü – “xxxx” MMMC-nin tətbiq etdiyi şişirdilmiş kommunal xidmət tariflərinin bu yolla aşağı salınmasına nail olmaq istədiyini etiraf edir. (Belə ki, “xxxx” MMMC tərəfindən kommunal xidmət haqları artırılmış və bunun səbəbi kimi şişirdilmiş xidmət haqqının Cavabdeh MMC tərəfindən ödənilmədiyi göstərilmişdi). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarının 1-ci bəndi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara almışdır ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.” Birinci instansiya məhkəməsi iddiaçının tələblərinə münasibətdə sübutların olmadığına baxmayaraq, MTT ərizəsinin təmin olunması nəticəsinə gəlmişdir ki, bu da iş üzrə qəbul edilmiş qərardaddakı nəticələrin işin hallarına uyğun olmadığına dəlalət edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397, 398, 400 və 402-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni baxılan zamana münasibətdə (qərardadın) dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə müəyyən edilən müvəqqəti təminat tədbiri barədə qərardad ##.##.2026cı il tarixdən qüvvədən düşmüşdür. Elektron məhkəmə sistemindən görünür ki, qərardad qüvvədən düşəndən sonra ##.##.2026-cı il tarixdə uzatma barədə vəsatət verilsə də, qüvvədən düşmüş məhkəmə aktı ilə həll edilən məsələnin baxılması yeni ərizə kimi baxıla bilər. Beləliklə, məhkəmə kollegiyası şikayəti, iş materiallarını, yuxarıda qeyd olunan halları və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli işi üzrə (qüvvədən düşmüş) ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki zamana münasibətdə təsir dairəsi (qüvvəsi) müəyyən edilməyən məhkəmə aktına qiymət verilməsi mülki prosessual cəhətdən yolverilməzdir və dispozitiv imkandan (diskression səlahiyyətlərdən) sui-istifadə kimi qiymətləndirilə bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar