Məhkəmə qərarları › İş №e-16(3-6)-452/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-452/2026

09.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-452/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maneələrin aradan qaldırılması növündə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair icraat üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh "xxxx" publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. "xxxx" publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-**/*-*-***/**** saylı əmrinin surətindən görünür ki, əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə görə "xxxx" publik hüquqi şəxsinin 2-ci Doğum şöbəsinin müdiri Ərizəçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir, buna əsas xəstə X5 təqdimatı, direktorun dərkənarı, Ərizəçi izahat verməməsi haqqında akt olmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

2. Iddiaçı Ərizəçi cavabdeh "xxxx" publik hüquqi şəxsinə qarşı əmrlərin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi töhmət verilməsinə dair ## ##### 2026-cı il tarixli, *-**-**/*-*-***/**** nömrəli və şiddətli töhmət verilməsinə dair ## ### 2026-cı il tarixli əmrlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, həmin mülki iş hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır.

3. ##.##.2026-cı il tarixdə iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək ərizəçi Ərizəçi öz iş otağından istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iş otağının ərizəçinin istifadəsinə qaytarılması və ərizəçinin əmək fəaliyyətinə yaradılan hər hansı maneənin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi peşəkar tibb işçisi olaraq uzun müddətdir ki, bu sahədə insanlara yardım göstərir və ölkəmizi səhiyyə sahəsində müxtəlif beynəlxalq tədbirlərdə təmsil etmişdir. Məhz, yüksək peşəkəkarlığına görə 2017-ci ildə iddiaçı Ərizəçi hazırkı iddia üzrə cavabdeh "X3 və Ginekologiya Institutu" publik hüquqi şəxsində əmək fəaliyyətinə başlamış və həmin Institutun 2-ci Doğum Şöbəsinin müdiri vəzifəsinə kimi yüksəlmişdir. Işlədiyi 10 ilə yaxın müddət ərzində qüsursuz əmək fəaliyyəti göstərən ərizəçi bir dəfə də olsun əmək intizamını pozmamış, işində nöqsan aşkar edilməmiş və töhmət almamışdır. Lakin, bu ilin aprel ayının sonlarında onun heç bir təqsiri olmadığı halda ona töhmət elan edilmişdir. Töhmətin elan edilməsinə əsas və səbəb xəstə X5 təqdimatı olmuş, xəstənin təqdimatı əsasında ərizəçinin izahatı alınmadan töhmət elan edilmişdir. Qeyd edilən töhmətin fotosu sonradan iddiaçıya təqdim edilmiş, bu zaman iddiaçıya guya izahat verməsi barədə müraciət edilsə də, bundan imtina etdiyi barədə akt tərtib edildiyi bəlli olmuşdur. Bu töhmətlə razılaşmayan ərizəçi dərhal töhmətin ləğv edilməsi üçün zəruri addımlar atmağa başlamış, bunun üçün həm Azərbaycan Səhiyyə Işçiləri Həmkarlar Ittifaqına, X7 və mediasiya təşkilatına şikayət və müraciətlər etmişdir. Bunu görən cavabdeh öz qərəzli əməllərini daha da davam etdirərək, işçiyə qarşı psixi təsir və qısnama addımlarını daha da sərtləşdirmiş, ərizəçinin fəaliyyətinə süni-maneələr yaratmaq üçün onun iş otağının qapısını bağlamaqla iddiaçını öz iş otağından məhrum etmiş, əmək qanunvericiliyinin tələblərini pozaraq iddiaçının əmək şəraitini təmin etməmişdir. Bu günədək Ərizəçi iş otağı ilə təmin edilməməklə əmək funksiyalarını yerinə yetirməkdən məhrum edilir. Ərizəçi həkim olması və xəstələrin müayinəsi üçün xüsusi otağın ayrılması zəruri olsa da, o, əlacsız qalaraq, xəstələri digər tibb işçilərinə məxsus otaqlarda qəbul etməyə məcbur edilir. Burada əsas məqsəd iddiaçıya psixi təzyiq göstərilməsi ilə işdən çıxmağa vadar edilməsidir. Bu səbəbdən, o qənaətdədir ki, ərizəçiyə qarşı atılan bu addımlar məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri qaydasında dayandırılmalıdır. Mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək Ərizəçi əmək funksiyalarının icrasına cavabdeh tərəfindən yaradılan maneələr məhkəmə qaydasında dayandırılmalı və iş otağı ərizəçinin istifadəsinə verilməlidir. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsi xahiş edilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-****/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Ərizəçi əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində onun həmin müqavilə üzrə əmək funksiyalarını icra etməsinə maneələrin yaradılmasının cavabdeh "xxxx" publik hüquqi şəxsinə qadağan edilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh "xxxx" publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə əmək müqaviləsinə xitam verilməsi barədə konkret əmrin mövcudluğu, işəgötürənin hüquqi hərəkətini təsdiq edən yazılı sübutlar, yaxud real və aktual təhlükənin mövcudluğunu təsdiq edən digər obyektiv dəlillər təqdim edilməmişdir. Yəni ərizəçi onun əmək funksiyalarının məhdudlaşdırılmasını, icrasına maneçilik törədilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir, çünki belə sübut mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə görə tələb olunan əsas element obyektiv və konkret təhlükədir. Lakin burada nə xitam əmri var, nə əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək intizam aktı var, nə də işəgötürənin hüquqi iradəsini göstərən fakt var. Məhkəmə tərəfindən isə, ərizəçinin əmək funksiyalarının məhdudlaşdırılmasının nədən ibarət olduğu ümumiyyətlə araşdırılmamış, nə ərizəçi, nə də məhkəmə tərəfindən bu məhdudlaşdırımanın nədən ibarət olduğu göstərilməmişdir. Bununla yanaşı, ərizəçinin əmək funksiyalarını yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan intizam məsuliyyətinə səbəb olur və bununla əlaqədar araşdırmanın aparılması, həmçinin ərizəçi barəsində intizam tədbirinin görülməsi onun əmək funksiyalarının məhdudlaşdırılması hesab edilə bilməz və müvəqqəti təminat tədbirinin əhatə dairəsinə aid deyil. Buna baxmayaraq, Yasamal Rayon Məhkəməsi faktiki hallar araşdırılmadan və sübutlar qiymətləndirilmədən ərizəni təmin etmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).

11. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).

12. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir.

14. Iddiaçı Ərizəçi cavabdeh "xxxx" publik hüquqi şəxsinə qarşı əmrlərin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi töhmət verilməsinə dair ## ##### 2026-cı il tarixli, *-**-**/*-*-***/**** nömrəli və şiddətli töhmət verilməsinə dair ## ### 2026-cı il tarixli əmrlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Eyni zamanda, iddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək ərizəçi Ərizəçi öz iş otağından istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iş otağının ərizəçinin istifadəsinə qaytarılması və ərizəçinin əmək fəaliyyətinə yaradılan hər hansı maneənin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Ərizədə qeyd edilir ki, cavabdeh ərizəçinin fəaliyyətinə süni-maneələr yaratmaq üçün onun iş otağının qapısını bağlamaqla iddiaçını öz iş otağından məhrum etmiş, əmək qanunvericiliyinin tələblərini pozaraq iddiaçının əmək şəraitini təmin etməmişdir. Bu günədək Ərizəçi iş otağı ilə təmin edilməməklə əmək funksiyalarını yerinə yetirməkdən məhrum edilir. Ərizəçi həkim olması və xəstələrin müayinəsi üçün xüsusi otağın ayrılması zəruri olsa da, o, əlacsız qalaraq, xəstələri digər tibb işçilərinə məxsus otaqlarda qəbul etməyə məcbur edilir.

17. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, əvvəla iddia tələbi ilə müvəqqəti təminat tədbiri arasında hüquqi əlaqə mövcud deyildir. Belə ki, iddiaçının tələbi ona verilmiş töhmət əmrinin ləğvidir. Iddiaçı özü də ərizəsində qeyd edir ki, o, əmək funksiyasını başqa otaqdan istifadə etsə belə yerinə yetirir. Nəzərə alınmalıdır ki, iddiaçının maneənin aradan qaldırılması ilə bağlı iddia tələbi yoxdur.

19. MPM-nin 157-ci maddəsinin mənasına görə müvəqqəti təminat tədbiri o halda həyata keçirilir ki, iddia ilə müvəqqəti təminat tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin bu tədbirlər məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların baş verməsinin qarşısının alınmasının, aradan qaldırılmasının və beləliklə də, gələcəkdə qətnamənin icrasının təmin olunmasının prosessual hüquqi vasitələrindən biri kimi qiymətləndirilir.

20. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir.

21. Digər tərəfdən, maddi və prosessual hüququn fundamental qaydalarına əsasən, müvəqqəti təminat tədbiri mahiyyəti etibarilə müstəqil xarakter daşımır, o, əsas iddianın gələcək icrasını sığortalayan hüquqi vasitədir. Maddi-hüquqi tələbin (iddianın) predmeti ilə prosessual mühafizə tədbirinin (təminatın) obyekti mütləq şəkildə eyniyyət və ya birbaşa funksional asılılıq təşkil etməlidir. Hazırkı mübahisədə isə iddiaçı əsas iddia tələbi çərçivəsində barəsində tətbiq edilmiş intizam tənbehi əmrlərinin (töhmət və şiddətli töhmətin) ləğvini istədiyi halda, müvəqqəti təminat tədbiri barədə ərizəsində tamamilə fərqli bir predmeti-iş otağından istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasını və əmək funksiyalarının icrasının təmin edilməsini xahiş etmişdir.

22. Beləliklə, tətbiq edilməsi xahiş edilən müvəqqəti təminat tətdbirinin mövcud iddia tələbi ilə hüquqi bağlılığı müəyyən edilmir.

23. Belə olan halda kollegiya hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsi üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

24. “Azərbaycan Respublikası MPM-in 157 və 158-ci maddələrinin bəzi müddəalarının şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

25. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilərək ərizə rədd edilməlidir.

26. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar