Məhkəmə qərarları › İş №e-16(3-6)-454/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-454/2026

08.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-454/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqət təminat tədbiri barədə ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-102)-107/2026 saylı qərardadından ərizəçi Ərizəçi oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirləri barədə ərizə verərək, iddianın təmin olunmasını təmin etmək və gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin icrasını reallaşdırmaq məqsədilə, Azərbaycan Respublikası MPM-in 157, 158.1.1 və 158.1.2-ci maddələrinə əsasən cavabdeh Cavabdeh təsisçisi olduğu ##.##.2025-ci il tarixində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov, ev 5, mənzil 58 olan "xxxx" MMC (VÖEN: **********), 29.052013-cü il tarixində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı AZ1038, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı Ştq, Dirçəliş, ev 63 olan "xxxx" MMC (VÖEN: **********),##.##.2025-ci il tarixində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı AZ0118, ünvan 1 olan "ALL4İT SOLUTİONS" MMC (VÖEN: **********), ##.##.2022-ci il tarixində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı AZ1027, ünvan 2 "İTONUS" MMC (VÖEN: **********), ##.##.2021-ci il tarixində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı AZ1095, ünvan 5 "xxxx" MMC-nin (VÖEN: **********) nizamnamə kapitalındakı təsis paylarının üzərinə həbs qoyulması və payların hər hansısa formada özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-102)-107/2026 saylı qərardadı ilə (hakim İlkin Rüstəmli) ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan ərizəçi Ərizəçi oğlunun nümayəndəsi və vəkili Vəkil şikayət verərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyinə görə tərəflər arasında olan məhkəmə mübahisəsi aliment və uşağın saxlanılması üçün əlavə xərclər ilə bağlıdır. Cavabdeh müxtəlif hüquqi şəxslərin nizamnamə kapitalındakı təsis paylarının hazırki məhkəmə işinə aidiyyəti yoxdur. Məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi Cavabdeh hüquqlarının lüzumsuz şəkildə məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Cavabdehin 5 müxtəlif MMC-də təsisçi (pay sahibi) olması onun əsas gəlir və dividend mənbəyidir. Cavabdehin hazıra bu payları özgəninkiləşdirməsi gələcəkdə çıxacaq qətnamənin icrasını qeyri-mümkün edəcəkdir. Digər tərəfdən məhkəmə qərardadında qeyd etmişdir ki, "mövcud vəziyyətin əhəmiyyətli dərəcədə dəyişəcəyi sübut olunmalıdır". Halbuki iş materiallarında mövcud vəziyyətin dəyişdiyi artıq sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, İddia məhkəmənin icraatına ##.##.2026-cı ildə qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən dərhal bir gün sonra - ##.##.2026-cı il tarixdə "ALL4İT SOLUTİONS" və "xxxx" MMC-lərdəki 50%-lik paylarını bağışlama müqaviləsi ilə arvadı Leyla Ələkbərovaya bağışlamışdır. Bu fakt cavabdehin digər 3 şirkətdəki paylarının da hər an digər şəxslərə ötürəcəyini də birbaşa sübut edir. Məhkəmə (hakim) bu fakta münasibət bildirməmişdir. Digər tərəfdən məhkəmə (hakim) qeyd edir ki, həbs qoyulması cavabdehin hüquqlarını "xxxx". Halbuki təsis payının üzərinə həbs qoyulması şirkətin kommersiya fəaliyyətini dayandırmır, sadəcə cavabdehin o payı satmasını və ya bağışlamasını (yəni aktivləri qaçırmasını) qadağan edir. Bu isə uşaqların mənafelərinin qorunması məqsədilə tamamilə mütənasib bir tədbirdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-102)-107/2026 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, əlavə sənəd daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2). Cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Qanunun mənasına görə müvəqqəti təminat tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Həmçinin qanunun mənasına görə müvəqqəti təminat tədbiri əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbiri özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Məhkəmə kollegiyası şikayəti əsaslı hesab etməyərək qeyd edir ki, ilk öncə müvəqqəti təminat tədbiri ilə iddia tələbi mütənasib və bir-birinə adekvat olmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarında da qeyd olunmuşdur ki, ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur:- bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir;- hüquq ancaq qanunla məhdudlaşdırıla bilər;məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Qanunvericiliyin tələblərindən də göründüyü kimi müvəqqəti təminat tədbirinin məqsədi ərizəçinin iddia tələbinin təmin olunacağı təqdirdə bununla bağlı qətnamənin icrasının mümkünlüyünü təmin etmək olsa və ərizəçinin mənafelərinə yönəlmiş bir tədbir olsa da, bu zaman maraqlarına toxunan şəxsin də hüquq və mənafelərinin lüzumsuz və həddindən artıq məhdudlaşdırılmasının qarşısı alınmalıdır. Hazırki iş üzrə ərizəçi tərəfindən birinci instansiya məhkəməsində qaldırılan iddia tələbinin mahiyyəti “aliment tələbi” ilə bağlıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarının 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. İcra haqqında AR Qanununun 45.2-ci maddəsinə əsasən, İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Qanunvericinin tələblərindən göründüyü kimi, borcluların (analoji iş üzrə bu statusda aliment ödəyən tərəf çıxış edir) qazanc anlayışı konkret olaraq, real aktiv və passivlərinin məcmusunu ehtiva edir. Təsis payları və ya nizamnamə kapitalındakı paylar və ondan irəli gələn dividend gəlirləri qazanc hesab edilməsi istisna edilmir. Lakin bu hissədə həmin gəlirlərin şəxsin hazırki həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilib-edilməməsi, birgə nikah dövründə əldə olunmuşdursa, pay bölgüsü və s. digər bir icraatda aydınlaşdırılmalı predmetlərdir. Həmçinin aliment tələbinin ödənilməsi üçün cavabdehin təsis payına yönəltmə edilmə ehtimalı onun gəlirlərindən ödənilmənin aparılmasından və ya digər ödəmə üsullarından məntiqi növbəlilik və məqsədəmüvafiqlik baxımından daha az zərurət daşıyır. Bu halda ərizənin təmin edilməməsi “qətnamənin icrasını mümkünsüz” edə bilməz. Buna görə də hazırki aliment tələbi çərçivəsində müvafiq məhdudlaşdırılmanın tətbiqi müvəqqəti təminat tədbiri institutunun mahiyyətinə uyğun gəlmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018ci il tarixli Qərarı”na əsasən məhkəmələr müvəqqəti təminat tədbirləri barədə ərizələrə baxarkən aşağıdakı tələblərə riayət etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir: 1) işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli; 2) ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli; 3) iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı; 4) tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını təmin etməli; 5) işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməli. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra – ARKM) tərəfindən adı yuxarıda çəkilən qərarda formalaşdırılan hüquqi mövqeyə əsasən iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Həmçinin Mülki Prosessual Məcəllənin kommentariyasının 464-cü səhifəsində qeyd edilmişdir ki, məhkəmə müvafiq məsələ ilə bağlı qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. Bu tədbirlərin tətbiqinin zəruriliyi üçün iştdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edə bütün şəxslərin, eləcə də iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla, ərizəçi tərəfindən iddia edilən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi əsaslı və qanuni hesab oluna bilməz, bu səbəbdən, kollegiya hesab edir ki, hazırkı işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-102) 107/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar