Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-458/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin 16(4-11)- ***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi:
1. İddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 271.467,76 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 853 manat pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı Ərizəçi MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi MMC müvvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə məhkəmədə baxılıb həll edilənədək, müvəqqəti təminat tədbiri qismində cavabdeh Cavabdeh MMC-nin “xxxx” ASC Badamdar filialında olan AZ**AIIB******E************* nömrəli və digər hesabların, o cümlədən Azərbaycan Respublikasında digər banklarda olan hesablarının üzərinə işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial, kommunal və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 271.467,76 (iki yüz yetmiş bir min dörd yüz altımış yeddi manat 76 qəpik) manat məbləği həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixdə podrat və ##.##.2025-ci il tarixdə alqı-satqı müqavilələri bağlanmışdır. Müqaviləyə əsasən "İcraçı", "Sifarişçi"nin təqdim etdiyi tikinti layihə-smeta sənədlərinə uyğun olaraq tikinti norma və qaydalarına riayət etməklə Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan "X3'nda (Əlavə 1) qeyd olunan qiymətlərlə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında (material və işçilik daxil) Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi layihəsi üzrə 40 (qırx) ədəd (2 otaqlı 10 ədəd, 3 otaqlı 30 ədəd) fərdi yaşayış evi tikməyi (bundan sonra "İşlər" adlanacaq "Sifarişçi isə görülmüş işlərin müqabilində razılaşdırılmış məbləği "İcraçı"ya ödəməyi öhdəsinə götürmüşdür. İcraçı Sifarişçinin sifarişi əsasında Protokolla müəyyən edilmiş malları sonuncuya təhvil vermişdir. Sifarişin şərtləri, qiyməti, və digər məlumatlar müqaviədə qeyd olunmuşdur. Hal-hazırda ##.##.2024-cü il tarixli podrat və ##.##.2025-ci il tarixli alqı-satqı müqavilələrinin şərtlərinə uyğun olaraq e-qaimələr üzrə cavabdehin 230.057,42 manat əsas və 41.410,34 manat ədv olmaqla ümumi məbləği 271.467,76 (iki yüz yetmiş bir min dörd yüz altımış yeddi manat 76 qəpik) manat təşkil edən borcu yaranmışdır. Sifarişçiyə borcun qaytarılması ilə baglı etdikəri pretenziyalara baxmayaraq heç bir ödəniş edilməmişdir. Cavabdehin bu qanunsuz əməlləri nəticəsində iddiaçıya mülki dövriyyə iştirakçısı olaraq ziyan vurulduğundan, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə iddia ilə müraciət etmişdir və e-2-2(4- 11)- ****/**** saylı iş hakim İlkin Əlievin icraatınadır. Göründüyü kimi iddia ərizəsi icraatda olduğu müddətdə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (verilmiş iddia ərizəsi üzrə iddiaçının) hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, həmçinin iddianın gələcəkdə icrasının təmin etmək məqsədilə ilkin prosessual hərəkətin olunması zəruridir. Belə ki, iddiaçının hazırda əlində kifayət qədər əsas var ki, cavabdeh (üçüncü şəxs) borc öhdəliklərindən bu və ya sair formada yayınmaq üçün bütün vasitələrə əl atmağa çalışır ki, bunlardan biri də MMC-nin reyestr məlumatlarında təşkilati-hüquqi formasının dəyişdirilməsinə yönəlmiş addımlardır. Belə olacağı təqdirdə isə cavabdeh (üçüncü şəxs) məsuliyyətdən yayınmağa tam nail olacaqdır. Cavabdehə məxsus bank hesablarının üzərinə həbs qoyulmalıdır. “Bank sirri” haqqında qanunvericiliyə əsasən hesabların onlar tərəfindən əldə edilməsi mümkün deyildir.
4. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, cavabdeh Cavabdeh MMC-yə məxsus “xxxx” ASC Badamdar filialında olan AZ**AIIB******E************* nömrəli bank hesabında və digər bank hesablarında olan pul vəsaitləri üzərinə 271.467,76 (iki yüz yetmiş bir min dörd yüz altımış yeddi manat 76 qəpik) manat həcmində həbs qoyulması, bank hesablarındakı vəsait üzərinə həbs qoyularkən əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinin nəzərə alınması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
5. Cavabdeh MMC qərardaddan şikayət verərək, şikayət təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş edilmişdir.
6. Cavabdehin şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi də hər hansı bir araşdırma aparmadan ərizəçinin həqiqətə uyğun olmayan dəlilinə istinad edərək ərizəni təmin etmişdir
7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 10.Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 11.Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
12. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
13. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
14. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.
15. Maddə 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır.
16. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
17. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
19. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
20. Hazırki işin materiallarından görünür ki, iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış ## ### 2024-cü il tarixli podrat müqaviləsinə görə “İcraçı”, “Sifarişçi”nin təqdim etdiyi tikinti layihə-smeta sənədlərinə uyğun olaraq tikinti norma və qaydalarına riayət etməklə Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan “X3”nda (Əlavə 1) qeyd olunan qiymətlərlə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında (material və işçilik daxil) Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi layihəsi üzrə 40 (qırx) ədəd (2 otaqlı 10 ədəd, 3 otaqlı 30 ədəd) fərdi yaşayış evi tikməyi (bundan sonra “İşlər” adlanacaq), “Sifarişçi” isə görülmüş işlərin müqabilində razılaşdırılmış məbləği “İcraçı”ya ödəməyi öhdəsinə götürür. ## #### 2025-ci il tarixli qəbul aktına əsasən, sifarişçi icraçı tərəfindən görülən 307.899,80 manat dəyərində işləri qəbul etmişdir və akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
21. Həmin tarixdə olan elektron qaiməyə əsasən icraçı tərəfindən görülən 307.899,80 manat dəyərində işlər ödəniş üçün qarşı tərəfə təqdim olunmuşdur. Ərizəçi MMC ilə (satıcı) Cavabdeh MMC (alıcı) arasında bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “SATICI” bu müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan malı (Protokolla müəyyən edilmişdir) “ALICI”ya satmağı, “ALICI” isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. ## ######## 2025-ci il tarixli təhvil-təslim aktına əsasən ”xxxx” MMC 147.926,64 manat məbləğində malları Cavabdeh MMC-yə təhvil vermişdir. ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən ## ##### 2025-ci il tarixli, № AG **/**** saylı alqı-satqı müqaviləsi MT************ saylı, ##.##.2025-ci il tarixli eqaimə üzrə əsas məbləğ - 125361,56 manat, ƏDV - 22565,08 manat, cəmi - 147926,64 manat borc məbləği (Yüz qırx yeddi min doqquz yüz iyirmi altı manat 0.64 qəpik) təşkil edir. ## ### 2024-cü il tarixli, № AG **/**** saylı Podrat müqaviləsi MT************ saylı, ##.##.2025-ci il tarixli eqaimə üzrə əsas məbləğ - 260932,03 manat, ƏDV - 46967,77 manat, cəmi - 307899,80 manat. Yuxarıda qeyd olunan e-qaimə üzrə 104695.86 manat, ƏDV - 18845.26 manat, cəmi - 123541.12 manat borc məbləği (Yüz iyirmi üç min beş yüz qırx bir manat 0.12 qəpik) təşkil edir. Hər iki müqavilə üzrə əsas məbləğ - 230057.42 manat, ƏDV - 41410.34 manat, cəmi - 271467.76 manat borc məbləği (İki yüz yetmiş bir min dörd yüz altmış yeddi manat 0.76 qəpik.) təşkil edir.
22. Göründüyü kimi, tərəflər arasında müvafiq sənədlər tərtib edilmiş və həmin sənədlər tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Bu fakt xüsusi əhəmiyyət kəsb edir. Çünki müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində məhkəmə mübahisəni mahiyyəti üzrə həll etmir, yalnız iddianın “prima facie” əsaslılığına və gələcək icranın təhlükə altında olubolmamasına qiymət verir. Hazırkı işdə isə tərəflər arasında müqavilə münasibətinin yaranması faktı ilkin yazılı sübutlarla təsdiqləndiyindən, məhkəmənin iddia tələbinin kifayət qədər əsaslandırıldığı nəticəsinə gəlməsi tam qanuni olmuşdur.
23. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə üzrə təqdim edilən ilkin sübutlardan tərəflər arasında müqavilə münasibətləri olduğu öz təsdiqini tapmışdır. Cavabdeh özü də belə bir münasibətlərin olmasını hər hansı formada inkar etməmişdir.
24. Kollegiya qeyd edir ki, mübahisə pul tələbi ilə bağlıdır və pul vəsaiti öz mahiyyətinə görə asanlıqla başqa hesablara köçürülə və ya istifadə edilə bilər. Belə vəziyyətdə gələcək icranın təmin edilməsi üçün bank hesabına həbs qoyulması MPM-in 157.2-ci maddəsinin məqsədinə tam uyğundur.
25. Göründüyü kimi, müvəqqəti təminat tədbiri barədə qərardad iddia icraatı başa çatanadək ərizəçilərin hüquqlarının qorunmasını təmin etmək məqsədi daşıyır. Ona görə də, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcuddur.
26. Bununla belə nəzərə alınmalıdır ki, iddia əsassız olduğu təqdirdə maraqlı şəxs barəsində tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində ona dəymiş zərəri tələb etmək hüququ Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində təsbit olunmuşdur. Qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir.
27. Kollegiya qeyd edir ki, mübahisə üzrə irəli sürülmüş pul tələbi ilə bağlı maraqlı şəxsin əmlakı üzərinə tələb həcmində həbs qoyulmuşdur və bu təminat tədbiri ərizəçinin hüquqlarının qorunması məqsədi üçün kifayət və mütənasib hesab olunur.
28. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir.
29. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
“X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.