Məhkəmə qərarları › İş №e-16(3-6)-469/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-469/2026

21.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-469/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Elşən Uğur oğlu Abdullayevin məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Ərizəçi ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən ##.##.2026-cı il tarixədək yaranmış 2078.92 manat gecikdirilmiş əsas borc, 158.41 gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 2237.33 borc məbləğinin və 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh1 oğludan iddiaçı Ərizəçi ASC-yə ödənilməsi, 1 ədəd LOVOL markalı TRAKTOR, TD 904 (3-CÜ NƏSİL), 1 ədəd ABOLLO markalı OTBİÇƏN, TY-DM185 185 DRUM MOWER, 1 ədəd ABOLLO markalı OT TOPLAYAN DIRMIQ, TY-HR4 HAY RAKE saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə verərək, iddiaçı Ərizəçi ASCnin cavabdehlər cavabdeh1 oğlu və Həsənov İbrahim Anzor oğluna qarşı borcun müştərək qaydada tutulması və lizinq obyektlərinin geri qaytarılmasına dair iddiası üzrə iş üzrə yekun qərar qəbul edilənədək: Cavabdehlər cavabdeh1 oğluna (VÖEN: **********) və Həsənov İbrahim Anzor oğluna məxsus olan əmlakların, o cümlədən bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində (2 237.33AZN) həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi ASC ilə cavabdeh cavabdeh1 oğlu arasında ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli "Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi" bağlanmışdır. Müqaviləyə əsasən, 1 ədəd LOVOL markalı TRAKTOR, TD 904 (3-CÜ NƏSİL), 1 ədəd ABOLLO markalı OTBİÇƏN, TY-DM185 185 DRUM MOWER və 1 ədəd ABOLLO markalı OT TOPLAYAN DIRMIQ, TY-HR4 HAY RAKE cavabdehə 60 ay müddətinə lizinqə verilmiş və müvafiq təhviltəslim aktı əsasında təhvil verilmişdir. Həmin lizinq müqaviləsinin təminatı olaraq digər cavabdeh – Həsənov İbrahim Anzor oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq obyektlərinin ümumi qiyməti 53 800 manat təşkil etmiş, həmin məbləğin 20 646.84 manat hissəsi müvafiq dövlət güzəşti (subsidiya) hesabına qarşılanmış və lizinq alan tərəfindən 10 760 manat məbləğində ilkin ödəniş edilmişdir. Lakin lizinq alan müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, ##.##.2026-cı il tarixinə KTA-KTT-**/***** nömrəli müqavilə üzrə 2 078.92 manat gecikdirilmiş əsas borc və müqavilənin 11.3-cü bəndinə uyğun olaraq hesablanmış 158.41 manat cərimə borcu olmaqla, ümumilikdə 2 237.33 manat borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə ##.##.2026-cı il tarixli rəsmi pretenziya məktubu göndərilsə də, cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmiş və borcun icrasından yayınmışdır. Hazırda Bakı Kommersiya Məhkəməsində lizinq obyektlərinin geri qaytarılması və borcun müştərək qaydada tutulmasına dair iddia qaldırılmışdır. AR MM-nin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə (müştərək) məsuliyyət daşıyırlar. Artıq xeyli müddətdir ki, cavabdehlər yaranmış borcu ödəməkdən qərəzli olaraq yayınır. Onların bu müddət ərzində borcu ödəməməsi, şifahi və yazılı edilən müraciətlərə heç bir cavab verməməsi ondan xəbər verir ki, cavabdehlər ümumiyyətlə borcu ödəmək istəmirlər. Belə olan halda da cavabdehin borcunu ödəməmək barədə əvvəldən düşündüyü niyyəti reallaşacaqdır. Cavabdehlərin balansında və ya hər hansısa bank hesabında borcun ödənilməsinə və əmlakların əvəzləşdirilməsinə kifayət edən digər əmlaklarının və pul vəsaitinin olmasına dair heç bir məlumat yoxdur. Cavabdehlərdən tələb olunan borc məbləğinin mövcudluğu gələcəkdə borcun icra olunmasında çətinliklər yaradacağına dair əsaslı şübhələr doğurur. Müvafiq hərəkətsizlik nəticədə bazar iştirakçısı olan iddiaçını əldə etməli olduğu gəlirdən məhrum edərək maliyyə proqnozlarının pozulmasına, şirkətin fəaliyyət planına ciddi çətinliklər törədərək Şirkəti qərəzli olaraq çətin vəziyyətə salınmasına, hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olur. Həmçinin təqdim edilən müqavilə, maliyyə arayışı, hesabdan çıxarışlar və s. sənədlər iddia tələbinin əsaslılığının iddiaçı ASC qarşısında ilkin sübutudur. Nəzərə alınmalıdır ki, cavabdeh müvafiq iş üzrə icraat davam etdiyi müddətdə məhdudiyyət qoyulmadığı təqdirdə müvafiq əmlaklarının üzərində istənilən sərəncam verməyi, habelə bank hesablarında olan azaddır. Belə olduğu halda isə qətnamə çıxarıldığı halda belə, ərizəçinin hüquqları cavabdeh tərəfindən qərəzli olaraq pozulmaqda davam edəcəkdir. Habelə, qoyulacaq həbs yalnız iddia tələbi həcmində olacağından bu nüansda belə müvafiq tədbir cavabdehin hüquqlarını məhdudlaşdırmayacaq, mütənasiblik prinsipi tam olaraq gözləniləcək və bu yalnız ədalətin bərpası naminə ərizəçinin hüquqlarının qorunmasına xidmət edəcəkdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcələsinin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə hə ledilməsi hesab edilmir. Müvəqqəti təminat tədbiri iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə müvəqqəti təminat tədbirlərinin təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər müvəqqəti təminat tədbirlərinin tətbiq edilməməsi gələcəkdə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağına və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyinə səbəb ola bilər. Ona görə də borclunun əmlaklarının üzərinə həbs qoyulması mütləq zəruridir. (AR MPM-nin 157.5.1-ci maddəsinə uyğun olaraq) Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Bundan başqa onu da qeyd edirik ki, iddia tələbimin əsaslılığına dair sübut olaraq sənədləri də məhkəməyə təqdim edir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə Ərizəçi ASC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tələb edilən məbləğin xeyli olduğunu bildirsə də, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud olsa da, şəxsin 2.078,92 manat əsas borc məbləğinə görə gələcəkdə qətnamənin icrasına süni surətdə mane yaradacağı və ya başqa formada müdaxilə edəcəyi inandırıcı deyildir. Ümumiyyətlə cavabdehin vicdansızlığına dəlalət edən hər hansı məlumat olmadığı kimi, cüzi həcmdə borc tələbinə görə şəxsin əgər varsa daşınar, daşınmaz əşyalarını hər hansı formada özgəninkiləşdirməklə, bank hesablarında olan pul vəsaitlərini nağdlaşdırmaqla gələcəkdə qətnamənin icrasından yayınmaq təhlükəsi də ağlabatan görünmür. Əksinə bu cüzi məbləğdə borc tələbinə görə cavabdehin əmlaklarının üzərinə məhdudiyyət qoyulması onun hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə bilər. Üstəlik irəli sürülən tələb həmçinin 3 ədəd lizinq predmetinin geri qaytarılmasıdır ki, Mülki Məcəllənin 750-ci maddəsinin tələbi baxımından lizinq müqaviləsinə xitam verildikdə icra ilə bağlı tələblər irəli sürülərkən lizinq əmlakının qalıq dəyəri və.s xərclər nəzərə alınır. Yəni ümumiyyətlə tutulmalı məbləğ həmin halların araşdırılmasından sonra bəlli ola bilər. Ərizəçi ASC Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadından şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş edilmişdir. Şikayətin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil edir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qərardaddan şikayətə baxılması haqqında Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəliı qərardadında birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin əsassız olaraq cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarması qaçılmazdır. Kollegiya şikayətə münasibətdə qeyd edir ki, müqavilə üzrə qalıq borc məbləği kimi 2237,33 manata görə cavabdehlərin bank hesablarına və daşınar əşyalar üzərinə həbsin qoyulması onların hüquqlarının pozulması, lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə bilər. Belə ki, qanunvericiliyin tələbinə əsasən müvəqqəti təminat tədbiri iddia tələbinə mütənasib olmalıdır. Həmçinin ərizəçi ərizədə göstərdiyi, qətnamənin icrasına maneçilik törədəcək halların baş verə biləcəyini kifayət qədər əsaslandırmamış və buna dair sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçi Ərizəçi ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar