Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-470/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Iddiaçı Ərizəçi MMC-nin əmlak üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin qismən təmin edilməsi haqqında Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli JC-** nömrəli multimodal xidmətlərə dair müqavilənin ləğv edilməsini və cavabdehdən CICU6310946, CICU6763789 və VMLU******* nömrəli konteynerlərdə olan, lakin çatdırılmamış mallara görə ödənilmiş 39.709,91 ABŞ dolları maddi zərərin, 14.593,56 ABŞ dolları əldən çıxmış faydanın, yenidən sifariş edilmiş malların yeni və əvvəlki daşınma xərcləri arasındakı 7.510 ABŞ dolları fərqin, kredit faizləri üzrə 1.489,12 ABŞ dollarının — cəmi 63.302,59 ABŞ dollarının, 8.200,41 manat ezamiyyə xərclərinin, işgüzar nüfuza vurulmuş zərərə görə 20.000 manatın, “Soft hands” və “Soft pack” əmtəə nişanları altında olan malların üçüncü şəxslərin istifadəsində qalmasına görə 34.000 manatın, öhdəliyin icrasının gecikdirilməsinə görə 1.281,60 ABŞ dolları dəbbə pulunun və 465 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı Ərizəçi MMC müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-yə məxsus, müqavilədə göstərilmiş “xxxx” ASC-nin Təbriz filialındakı bank hesabında və Azərbaycan Respublikasında fəaliyyət göstərən digər bank və kredit təşkilatlarındakı hesablarda olan pul vəsaitləri, habelə cavabdehə məxsus daşınar və daşınmaz əmlak üzərinə iddia tələbi həddində — 172.458,53 manat məbləğində həbs qoyulmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsində göstərilən növbəlilik nəzərə alınmaqla cavabdeh Cavabdeh MMC-yə məxsus əmlak (pul vəsaitləri, digər daşınar və daşınmaz əşyalar) üzərinə 39.709,91 ABŞ dollarının icra anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun ekvivalenti həddində həbs qoyulmuşdur. Həmçinin cavabdehin “xxxx” ASC-nin Təbriz filialındakı və digər bank hesablarındakı vəsaitlər üzərinə həbs qoyularkən əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinin nəzərə alınması qərara alınmışdır.
4. Hazırda cavabdeh Cavabdeh MMC həmin qərardaddan şikayət edərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş edir.
5. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2024cü il tarixli JC-** nömrəli nəqliyyat-ekspedisiya xidməti müqaviləsi bağlanmış və cavabdeh daşıyıcı deyil, daşınmanı təşkil edən ekspeditor kimi çıxış etmişdir. Mübahisəli üç konteynerin marşrutları tərəflərin yazışmaları ilə razılaşdırılmış, əvvəllər eyni logistika sxemi üzrə 34 konteyner problemsiz çatdırılmışdır. Cavabdehin mövqeyinə görə, Yaxın Şərqdə yaranmış hərbi-siyasi gərginlik və gəmiçilik təhlükəsizliyi riskləri səbəbindən daşıyıcılar marşrutları dəyişmiş, iddiaçı isə məlumatlandırılmasına baxmayaraq alternativ marşrutları təsdiq və əlavə xərcləri ödəməmişdir. Şikayətdə konosamentlərə, beynəlxalq daşınma qaydalarına və müqavilənin 5.7-ci bəndinə istinadla gecikmələrin cavabdehin nəzarətindən kənar səbəblərdən yarandığı, təqsir və səbəbli əlaqənin ilkin sübutlarla təsdiqlənmədiyi, iddiaçının davranışının zərərin artmasına təsir göstərdiyi bildirilmişdir. Həmçinin bank hesablarındakı vəsaitlərin bir hissəsinin daşınmaların maliyyələşdirilməsi və xidmət göstərənlərə ödəniş üçün istifadə olunan əməliyyat xarakterli vəsaitlər olduğu, həbsin cavabdehin fəaliyyətinə və üçüncü şəxslərin mənafelərinə qeyri-mütənasib müdaxilə yaratdığı göstərilmişdir. Bu əsaslarla qərardadın ləğvi xahiş olunmuşdur.
6. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə həmin tədbir tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. 157.6 və 157.7-ci maddələrinə görə, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı, əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməli, müvəqqəti xarakter daşımalı və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab olunmamalıdır. 158.1.1-ci maddəsinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması müvəqqəti təminat tədbiri kimi tətbiq edilə bilər. 158.3.1 və 158.4-cü maddələrinə görə, həbs birinci növbədə cavabdehin hesabındakı pul vəsaitlərinə yönəldilir və əmlak yalnız iddia tələbi həddində siyahıya alınır. Məcəllənin 161.4cü maddəsinə əsasən, cavabdeh tətbiq edilmiş tədbir əvəzinə tələb olunan məbləği məhkəmənin depozit hesabına verməyə haqlıdır.
9. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun: 58.1-ci maddəsinə əsasən, borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması həmin maddədə müəyyən edilmiş növbəlilik üzrə həyata keçirilir.
Məhkəmənin mövqeyi
10. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini və tətbiq edilməli prosessual hüquq normalarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Mülki Prosessual Məcəllənin 157.2, 157.5 və 157.6-cı maddələrinin sistemli məzmununa görə, müvəqqəti təminat tədbirinin tətbiqi üçün üç şərt birlikdə mövcud olmalıdır: tədbir görülmədikdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə real risk, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar və seçilmiş tədbirin məqsədə uyğun, zəruri və mütənasib olması.
12. Bu mərhələdə iddianın tam və yekun şəkildə sübuta yetirilməsi tələb olunmur. Bununla belə, yalnız iddianın mövcudluğu və gələcək qətnamənin icra edilməməsi barədə abstrakt ehtimal kifayət etmir; məhkəmə işin konkret hallarına əsasən təminat tədbiri görülmədikdə hüquqların müdafiəsinin nə üçün mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin ola biləcəyini, habelə seçilmiş tədbirin qarşı tərəfə lüzumsuz yük yaratmadığını müəyyən etməlidir.
13. Iş materiallarından görünür ki, Ərizəçi MMC ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli multimodal xidmətlərə dair müqavilə bağlanmış, daşınacaq malların dəyəri invoys və ödəniş sənədlərində göstərilmiş, tərəflər arasında daşınmanın gedişi ilə bağlı yazışmalar aparılmışdır. Həmin yazışmalardan üç konteynerdə olan malların ərizəyə baxıldığı vaxtadək təyinat yerinə çatdırılmadığı, konteynerlərdən birinin geri qaytarılması məsələsinin yarandığı görünür. Bu sənədlər 39.709,91 ABŞ dolları məbləğində malların dəyəri ilə bağlı pul tələbinin ilkin baxışdan əsaslı görünməsi üçün kifayətdir. Bu qənaət cavabdehin yekun məsuliyyətini və tutulmalı məbləği qabaqcadan müəyyən etmir.
14. Müqavilənin 2024-cü ildə bağlanmasına baxmayaraq, ərizəyə baxıldığı vaxtadək üç konteynerin təyinat yerinə çatdırılmaması, bir konteynerin geri qaytarılması məsələsinin yaranması, cavabdehin malların dəyərinin qaytarılması öhdəliyini qəbul etməməsi və daşınmanı əlavə şərtlərlə davam etdirməyi təklif etməsi barədə məlumatlar vardır. Pul tələbinin xarakteri və bank hesablarındakı vəsaitlərin kommersiya dövriyyəsində dəyişə bilməsi ilə birlikdə bu hallar gələcək məhkəmə aktının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsi riskini konkretləşdirir. Risk konkret faktlara söykənməlidir və hazırkı işdə həmin faktların məcmusu MPM-in 157.2 və 157.5.1-ci maddələrinin tələbinin ödənildiyi barədə ilkin qənaətə imkan verir.
15. Cavabdehin müqavilə münasibətlərinin nəqliyyat-ekspedisiya xarakteri daşıması, marşrutların tərəflərlə razılaşdırılması, regional təhlükəsizlik riskləri, konosamentlərin şərtləri, müqavilənin 5.7-ci bəndi, iddiaçının əlavə xərcləri ödəməməsi və zərərin artmasına təsiri barədə dəlilləri mübahisənin mahiyyətinə aiddir. Həmin dəlillərə cavabdehin təqsiri, səbəbli əlaqə, risklərin qabaqcadan görülə bilməsi, məlumatlandırma və zərərin azaldılması tədbirləri üzrə sübutlar tam araşdırıldıqdan sonra yekun məhkəmə aktında qiymət verilməlidir. Bu dəlillər hazırkı mərhələdə pul tələbinin ilkin əsaslılığını və müəyyən edilmiş icra riskini aradan qaldırmır.
16. MPM-in 158.1.1 və 158.4-cü maddələrinə əsasən, pul tələbi üzrə cavabdehin əmlakına həbs qoyulması tələblə birbaşa əlaqəli tədbirdir və yalnız iddia həddində tətbiq edilə bilər. Birinci instansiya məhkəməsi tədbiri ərizədə göstərilən 172.458,53 manatın hamısına deyil, ilkin sübutlarla təsdiqlənən 39.709,91 ABŞ dolları məbləğində malların dəyəri həddində tətbiq etməklə onun dairəsini məhdudlaşdırmışdır.
17. Birinci instansiya məhkəməsinin qərardadında bank hesabları ilə yanaşı, digər daşınar və daşınmaz əmlak da göstərilsə də, MPM-in 158.3 və 158.4-cü maddələri qərardadın bütün əmlak növlərinə eyni vaxtda və məhdudiyyətsiz həbs qoyulması kimi icrasına yol vermir. Həbs qanunda nəzərdə tutulmuş ardıcıllıqla və yalnız 39.709,91 ABŞ dollarının manat ekvivalenti təmin edilənədək tətbiq olunmalıdır; həmin məbləğ təmin edildikdən sonra sonrakı növbəyə aid əmlaka həbs qoyulmamalı, artıq qoyulmuş həbs isə tələb həddini aşan hissədə saxlanılmamalıdır. Qərardad bu mənada başa düşülməli və icra edilməlidir.
18. Birinci instansiya məhkəməsi əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinin həyata keçirilməsini həbsin təsir dairəsindən istisna etmişdir. Bu istisnalar tədbirin cavabdehin fəaliyyətinə təsirini tam aradan qaldırmasa da, məbləğ məhdudiyyəti və növbəlilik qaydası ilə birlikdə həmin təsiri azaldır. Bundan başqa, cavabdehin MPM-in 161.4cü maddəsində nəzərdə tutulan qaydada tələb olunan məbləği məhkəmənin depozit hesabına verməklə tətbiq edilmiş tədbirin əvəz edilməsini təmin etmək imkanı vardır.
19. MPM-in 158.3-cü maddəsinə əsasən, cavabdehin hesabındakı pul vəsaitləri bilavasitə istehsalda iştirak etməyən əmlak kimi birinci növbədə həbs predmetidir. Qərardadın icrası zamanı MPM-in 158.3-cü maddəsində və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsində nəzərdə tutulan növbəliliyə, həmçinin tələb həddindən artıq və təkrar həbsə yol verilməməsinə riayət olunmalıdır.
20. Cavabdehin bank hesablarındakı vəsaitlərin əməliyyat xarakterli olması barədə dəlil şikayətdə konkret hesab, əməliyyat, məbləğ və üçüncü şəxs üzrə fərdiləşdirilməmişdir. Bu ümumi dəlil həmin vəsaitlərin cavabdehə məxsus olmadığı və ya 39.709,91 ABŞ dolları həddində həbsin üçüncü şəxslərin hüquqlarına qeyri-mütənasib müdaxilə yaratdığı nəticəsinə gəlmək üçün yetərli deyildir. Konkret üçüncü şəxsin hüququna toxunulduqda həmin hüquq prosessual qaydada müdafiə oluna bilər.
21. Beləliklə, şikayətin marşrutun dəyişdirilməsinin qanuniliyi, cavabdehin ekspeditor kimi məsuliyyətinin həddi, fors-major və təhlükəsizlik riskləri, əlavə xərclərin ödənilməsi və iddiaçının davranışı ilə bağlı dəlilləri yekun məhkəmə aktında hərtərəfli qiymətləndirilməli olsa da, onlar müvəqqəti təminat tədbirinin tətbiqi üçün mövcud olan ilkin əsasları aradan qaldırmır.
22. Buna görə məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddia tələbinin ilkin əsaslılığı, tədbir görülmədikdə gələcək məhkəmə aktının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsi riski və seçilmiş tədbirin iddia tələbi ilə əlaqəli və mütənasib olması şərtləri birlikdə mövcuddur. Birinci instansiya məhkəməsinin ərizəni yalnız 39.709,91 ABŞ dolları həddində təmin etməsi nəticə etibarilə qanuni və əsaslıdır.
23. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmadığından, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində kassasiya şikayəti verilə bilən apellyasiya instansiyası məhkəməsi qərardadlarının dairəsi müəyyən edilmiş və müvəqqəti təminat tədbiri barədə qərardad həmin siyahıya daxil edilməmişdir. Buna görə hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1-ci, 400-cü və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.