Məhkəmə qərarları › İş №e-16(3-6)-471/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-471/2026

21.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

6. Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-471/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, X3nun müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh “X2” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi:

1. X3 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin “xxxx” ASC-də olan *****AZNHC********** nömrəli və “xxxx” ASC-də olan AZ**AIIB******************** nömrəli hesablarının hər birinin üzərinə iddia tələbi üzrə əsas borc məbləği olan 97 975,40 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan əsas iş üzrə cavabdehdən 97 975,40 manat əsas borcun, dəymiş zərərin, faizlərin və hüquqi yardım xərclərinin tutulması tələb edilir. Müvəqqəti təminat tədbiri qismində cavabdehin bank hesabları üzərinə həbs qoyulması zəruridir. Belə ki, cavabdeh borc öhdəliyini könüllü qaydada icra etməmiş və bunu hesabında vəsaitin olmaması ilə əsaslandırmışdır. Halbuki, ərizəçidə olan məlumata görə, cavabdehin hesablarına kifayət qədər vəsait daxil olmuş, lakin borc ödənilməmişdir. Bu hallar cavabdehin öhdəliyin icrasından yayındığını göstərir və gələcəkdə iddia təmin edildiyi təqdirdə məhkəmə qətnaməsinin icrasının çətinləşməsi və ya qeyri-mümkün olması riskini yaradır. Buna görə də cavabdehin bank hesabları üzərinə həbs qoyulması zəruridir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdehin “xxxx” ASC-də olan *****AZNHC********** nömrəli və “xxxx” ASC-də olan AZ**AIIB******************** nömrəli hesablaşma hesablarında olan pul vəsaitinin üzərinə ümumi məbləği 97 975,40 manatdan artıq olmamaq şərti ilə və işçilərin əmək haqlarının ödənilməsi və dövlət büdcəsinə məcburi ödənişlərin (vergilər, sosial sığorta və digər icbari ödənişlər) həyata keçirilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulması qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən ərizəyə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar əlavə edilmişdir. Cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri tətbiq edilməlidir.

5. Həmin qərardaddan cavabdeh “X2” şirkətinin Azərbaycan Respublikasındakı filialı şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin iddiasına qarşı qarşılıqlı iddia verilmiş, ilkin iddianın əsassız, şişirdilmiş və maliyyə sənədlərinə uyğun olmayan hesablamalara əsaslandığı göstərilmişdir. Bildirilmişdir ki, təqdim edilmiş elektron qaiməfakturaların ümumi məbləği 269 195,35 manat, edilmiş ödənişlərin məbləği isə 307 682,72 manat təşkil edir. Hesablamalara əsasən, ərizəçiyə 129 783,46 manat artıq ödəniş edilmiş, 80 000 manat məbləğində avans ödənişi isə əsassız olaraq əsas borca daxil edilmişdir. Həmçinin podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar və natamamlıqlar aşkar edilmiş, texniki hesabatla şirkətə 88 577,52 manat, işlərin şişirdilmiş göstərilməsi nəticəsində isə 44 945,94 manat zərər dəydiyi müəyyən edilmişdir. Bu halları təsdiq edən qüsur aktları, fotoşəkillər və digər sübutlar məhkəməyə təqdim olunmuşdur. Qarşılıqlı iddiada göstərilən hallar əsas iş üzrə araşdırılmalı olduğu halda, məhkəmə kifayət qədər sübut olmadan müvəqqəti təminat tədbiri tətbiq etmiş, bu isə şirkətin maliyyə fəaliyyətinə, o cümlədən əmək haqqı, icarə, vergi, kommunal və material təchizatı üzrə öhdəliklərini yerinə yetirməsinə mənfi təsir göstərmişdir. Bu səbəbdən müvəqqəti təminat tədbiri barədə qərardadın qanunsuz və əsassız olduğu göstərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; ... 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

10. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlardan biri iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğudur. Lakin bu sübutların mövcudluğuna qiymət verilərkən müvəqqəti təminat tədbirinin görülməsi üçün əsasın bir qayda olaraq, gözlənilmədən ortaya çıxması və sübutların xarakteri nəzərə alınmaqla ərizəçinin üzərinə həddən artıq sübutetmə yükü qoyulmamalıdır.

11. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat mərhələsində məhkəmə sübutların tam və qəti qiymətləndirilməsini aparmır, yalnız iddianın zahirən əsassız olub-olmamasını müəyyən edir.

12. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli podrat müqaviləsi, elektron qaimə-fakturalar, ödəniş tapşırıqları və digər sənədlərdən görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, ərizəçi tərəfindən müqavilə üzrə müəyyən işlər yerinə yetirilmiş və cavabdeh tərəfindən həmin işlərin bir qisminin dəyəri ödənilmişdir.

13. Eyni zamanda, iş materiallarından tərəflərin imzaladıqları ##.##.2026-cı il tarixli akta əsasən cəmi borcun 163 030,60 manat məbləğində razılaşdırıldığı, ərizəçi tərəfindən son olaraq ##.##.2026-cı il tarixdə 153 771,22 manat məbləğində elektron qaimə-fakturanın göndərildiyi və cavabdeh tərəfindən həmin 80 000 manat ödəniş edildiyi müəyyən edilir. Göstərilən hallar tərəflər arasında hüquq münasibətlərinin mövcudluğunu və mübahisənin real xarakter daşıdığını təsdiq edir və iddia tələbinin zahirən əsassız olmadığını göstərir.

14. Cavabdeh şikayətində göstərmişdir ki, ərizəçinin iddiasına qarşı qarşılıqlı iddia verilmiş, ilkin iddia əsassız və şişirdilmiş hesablamalara əsaslanmış, edilmiş ödənişlər və avans məbləği düzgün nəzərə alınmamış, podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar və natamamlıqlar nəticəsində şirkətə zərər dəymiş, bu hallarla bağlı qarşılıqlı iddianın əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd etmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiqini əsaslandıran kifayət qədər sübutlar təqdim edilmədən bank hesablarına həbs qoyulması şirkətin cari maliyyə-təsərrüfat fəaliyyətinə və öhdəliklərinin icrasına mənfi təsir göstərmişdir.

15. Kollegiya şikayətin dəlillərini əsassız hesab edərək, ilk növbədə, iddia tələbinin əsaslılığına dair kifayət qədər sübutların olmadığı barədə şikayətin dəlili ilə bağlı qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində iddia tələbinin tam həcmdə sübuta yetirilməsi tələb olunmur. Bu mərhələdə məhkəmə yalnız iddia tələbinin zahirən əsassız olub-olmadığını və gələcək məhkəmə qətnaməsinin icrasının çətinləşməsi və ya qeyrimümkün olması riskinin mövcudluğunu qiymətləndirir. Ilkin sübutlar ərizəçinin tələbinin əsassız olmadığı qənaətinə gəlmək üçün kifayət edir.

16. Kollegiya nəzərə alır ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün gələcək məhkəmə aktının icrasının mütləq şəkildə mümkünsüz olacağının tam sübut edilməsi tələb olunmur. Belə sübutetmə standartı bu tədbirin qabaqlayıcı və operativ xarakteri ilə uzlaşmazdı. Riskin mövcudluğu işin ilkin mərhələdə müəyyən edilə bilən hallarının məcmusu əsasında qiymətləndirilməlidir.

17. Hazırkı halda mübahisənin iri məbləğli pul tələbinə aid olması, tərəflərin imzaladığı aktda borc məbləğinin göstərilməsi, cavabdehin həmin məbləğin yalnız bir hissəsini ödəməsi, qalan hissəni isə ödəməməsi, habelə ərizəçinin bildirdiyinə görə cavabdehin hesablarına vəsait daxil olduğu halda öhdəliyin icra edilməməsi birlikdə qiymətləndirildikdə, tədbir görülmədiyi təqdirdə gələcək məhkəmə aktının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsi barədə ağlabatan ehtimal yaradır.

18. Cavabdehin kommersiya fəaliyyəti ilə məşğul olması və bank hesablarındakı pul vəsaitlərinin gündəlik təsərrüfat dövriyyəsində sərbəst hərəkət etməsi də göstərilən riskin qısa müddətdə reallaşa bilməsini şərtləndirən əlavə hal kimi nəzərə alınır. Bu hal ayrılıqda deyil, işin digər halları ilə birlikdə qiymətləndirilir.

19. Bundan əlavə, cavabdehin artıq ödəniş edilməsi, görülmüş işlərin qüsurlu olması, hesablaşmaların düzgün aparılmaması və ərizəçinin cavabdehə borclu olması barədə dəlilləri mübahisənin mahiyyətinə aid olmaqla, işə mahiyyəti üzrə baxılarkən sübutların tam və hərtərəfli araşdırılması nəticəsində hüquqi qiymət verilə biləcək hallardır. Həmin hallar özlüyündə müvəqqəti təminat tədbirinin tətbiqini istisna edən əsas kimi qiymətləndirilə bilməz.

20. Nəzərə alınmalıdır ki, ərizəçinin iddia tələbində göstərdiyi məbləğ üzləşmə aktında müəyyən edilmiş 163 030,60 manat puldan 80 000 manat ödənişin çıxılması və yerdə qalan məbləğə 18 faiz əlavə dəyər vergisinin əlavə edilməsi ilə formalaşmışdır. Bu hesablama isə tələb edilən məbləğə uyğundur.

21. Kollegiya ayrıca vurğulayır ki, müvəqqəti təminat tədbirinin tətbiqi borcun mövcudluğu və ya olmaması barədə qabaqcadan hüquqi qiymət verilməsi demək deyil və tərəflər arasında əsas mübahisənin mahiyyəti üzrə həllini əvəz etmir.

22. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi məsələsini iş üzrə mövcud olan ilkin sübutlar əsasında qiymətləndirərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

23. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “X2” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbirinin görülməsi barədə # #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar