Məhkəmə qərarları › İş №e-16(3-6)-473/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-473/2026

21.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-473/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi üzrə qərardaddan cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət ilə bağlı icraat üzrə (Açar sözlər: nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 19.390,9 manat məbləğində pulun, 3.390 manat və mənəvi zərər olaraq 1.000 manat, ümumilikdə 23.780 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödədiyi 161.34 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi eyni zamanda müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi, cavabdeh Cavabdeh adına qeydə alınmış Toyota FJ-Cruiser markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Vəkillər Kollegiyasının üzvü olduğu və vəkil kimi fəaliyyət göstərdiyi üçün ona müraciət edərək, ona hüquqi yardım göstərilməsini istəmişdir. Belə ki, həmin şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqədar ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış və ona baş vermiş cinayət hadisəsi nəticəsində 193.909 manat məbləğində maddi ziyan dəymişdir və bu qeyd edilənlər ittiham aktında öz əksini tapmışdır. Qeyd edilənlərlə əlaqədar hazırki iş üzrə həmin şəxsə peşəkar hüquqi yardımın göstərilməsi, o cümlədən məhkəmədə təmsil edilmə və mülki iddiaların tərtib edilərək məhkəməyə təqdim edilməsi üçün müvafiq qaydada qonorar ödənilməsini bildirdikdə, o, zərərə uğradığı üçün qonorar ödəmək iqtidarında olmadığını və yalnız işin uğurlu nəticəsindən sonra, yəni məhkəmə qərarı ilə ona dəymiş maddi zərərin mülki cavabdehlər tərəfindən ödənilməsi barədə müvafiq qərarın qəbul edilməsinə və həmin qərarın icra edilməsinə nail olduqdan sonra 10 %-i miqdarında ödəniş edəcəyini bildirmişdir. O da öz növbəsində bildirdi ki, vəkil orderinin əldə edilməsi ilə əlaqədar hüquqi yardımla bağlı müqavilə bağlanılmalı, orada qeyd ediləcək minimal məbləği ödəmək şərti ilə, həmçinin sözügedən 10% ödənişin ödənilməsinə dair müqaviləyə əlavə imzaladıqdan sonra ona yuxarıda qeyd edilən hüquqi yardımı göstərə bilər. Qeyd edilən formada aralarında razılıq əldə olundu, müqavilə bağlanıldı, etibarnamə verildi və o, sözügedən cinayət işində Cavabdeh təmsil etdi, uzun sürən məhkəmə prosesləri zamanı onun adından məhkəməyə çoxsaylı vəsatətlər, şikayət ərizələri, mülki iddialar təqdim etdi. Yekunda, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Rzayev) təqsirləndirilən şəxslərə müvafiq cəzalar təyin edildi, o cümlədən, təqsirləndirilən şəxslərdən və cinayət məsuliyyətinə cəlb edilməyən, lakin mülki iddialar üzrə üçüncü cavabdeh kimi işə cəlb edilmiş “xxxx” MMC-dən zərərçəkmiş şəxs Cavabdeh münasibətdə 193.909 manat dəyərində maddi ziyanın müştərək qaydada cavabdehlərdən tutularaq, ona ödənilməsi qərara alındı. Daha sonra, cavabehlə hökmdən apellyasiya şikayəti verilməsi məsələsini müzakirə etdi, ona bildirdi ki, əgər təqsirləndirilən şəxslər və ya “xxxx” MMC hökmdən apellyasiya şikayəti verərsə, onlar da verər (çünki tərəfindən mülki iddialarda dəymiş maddi zərərdən əlavə, əldən çıxmış fayda və mənəvi zərər tələbi də irəli sürmüşdü), əks halda, şikayət verməyəcək və hökm qanuni qüvvəsini alaraq, icraya yönəldiləcək. Daha sonra, təqsirləndirilən şəxslər və ya “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verildiyindən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermək niyyətini bildirdi, nəticədə apellyasiya şikayətini tərtib edərək, onun adından etibarnamə əsasında imzalamaqla məhkəməyə təqdim etdi, həmçinin bildirdi ki, vəkil orderi əldə etmək üçün yenidən hüquqi yardımla bağlı müqavilə bağlamaq lazım olacaq, o isə, problem olmadığını bildirdi. Lakin bir müddət sonra dəfələrlə onunla əlaqə saxladı, müqavilə bağlanılması üçün vaxt təyin etmək istədi və hər dəfəsində “bu gün, sabah deyərək” müqavilənin bağlanılmasını ertələdi. Daha sonra, Bakı Apellyasiya Məhkəməsində sözügedən hökmdən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmənin ilkin iclasında cavabdehin başqa vəkillə müqavilə bağladığını və həmin vəkil tərəfindən təmsil ediləcəyini öyrəndi. Cavabdehla bu barədə söhbət etdikdə bildirdi ki, artıq yeni vəkillə işini davam etdirəcək, ona ediləcək ödəniş məsələsində isə, hər hansı problem olmadığını və məhkəmə qərarı (hökmü) icra edildikdə ödənişi edəcəyini bildirdi. Lakin bu günədək cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdən ümumiyyətlə heç bir ödəniş edilməmiş və öz üzərinə götürdüyü öhdəliyi icra etməkdən qərəzli olaraq yayınmışdır. Bununla yanaşı, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi nəticəsində o yalnız faktiki çəkdiyi xərclərdən deyil, həmçinin AR Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq müqavilədən gözlənilən və lakin cavabdehin davranışı səbəbindən əldə edilməmiş gəlir formasında əldən çıxmış faydadan da məhrum edilmişdir ki, bu da cavabdehdən tutulmalı olan əlavə zərər hesab olunur. Eyni zamanda cavabdehin öhdəlikdən yayınması, verdiyi vədləri uzun müddət yerinə yetirməməsi, onu faktiki olaraq aldadaraq başqa vəkillə işləməsi, göstərdiyi hüquqi xidmətin dəyərinin danılması və bu səbəbdən yaranmış davamlı psixoloji gərginlik, narahatlıq və peşə reputasiyasına vurulan xələl nəticəsində ona mənəvi zərər vurmuşdur və bu zərərin də cavabdehdən tutulması tələb olunur. Cavabdeh 19.390,9 manat məbləğində pulun, 3390 manat ( üç min üç yüz doxsan manat) əldən çıxmış faydanın və mənəvi zərər olaraq 1000 (bir min manat) ümumilikdə 23780 manat ( iyirmi üç min yeddi yüz səksən manat) məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödədiyi 161.34 manat məbləğində dövlət rüsumunun iddiaçı Ərizəçi ödənilməsi barədə tərəfindən Binəqədi Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli 3-13-16/2- *****/**** saylı məktubdan göründüyü kimi cavabdehin adına 3 ədəd qeydiyyatda olan nəqliyyat vasitəsi var. Hazırda iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi iddia ərizəsinin icrasının təmini məqsədilə cavabdehin sahibliyində olan Toyota FJ-Cruiser markalı, 77 FJ114 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan olunması zərurəti vardır.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində icraatda olan e-*(*-**)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Cavabdeh mülkiyyətində olan “Toyota FJ-Cruiser” minik markalı, **- FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında cavabdehin əmlakını özgəninkiləşdirmək niyyətində olması, əmlakını gizlətməsi, digər şəxslərin adına keçirməsi və ya gələcək məhkəmə qətnaməsinin icrasından yayınmağa yönəlmiş davranışları barədə hər hansı sübut mövcud deyildir. Məhkəmə qərardadda yalnız cavabdehin adına nəqliyyat vasitələrinin qeydiyyatda olması faktına istinad etmişdir. Halbuki, nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətində olması onun özgəninkiləşdirilməsi təhlükəsinin mövcudluğunu və ya gələcək məhkəmə qətnaməsinin icrasının mümkünsüzləşəcəyini sübut etmir. Halbuki, mövcud vəziyyətin dəyişəcəyi halda iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpaedilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalı, yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalı idi ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edə, yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Beləliklə, MPMnin 157.2-ci

6. maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədən müvəqqəti təminat tədbiri tətbiq edilmişdir.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli və ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Cavabdeh elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, e-**(*- **)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardad ilə mülkiyyətində olan “Toyota FJ- Cruiser” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ona qadağan edilmişdir. Bildirir ki, qeyd edilən maşın tərəfindən bir neçə ay öncə X6, hissə-hissə ödənişlə razılaşdığından müvəqqəti etibarnamə verilmişdir (əlavə olunur). Bu məsələ ilə bağlı məhkəmə iclasında da iştirak edərkən bildirdi ki, “ToyotaFJ-Cruiser” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı maşın satılıb, hazırda Elmir bəyin istifadəsindədir, hətta bunu təsdiq edən cərimə protokolları da mövcuddur. Bununla bağlı, birinci instansiyada bildirdi ki, adına olan bir digər əmlak - **GE*** dövlət qeydiyyat nişanlı MERCEDES BENZ SPRINTER N7 315 YU avtomobilə həbs qoyula bilər. Lakin birinci instansiya məhkəməsi mülahizələrini nəzərə almadı. Hətta qeyd etdiyi ikinci avtomobilin bazar qiyməti məhdudiyyət qoyulmuş əmlakın qiymətindən daha artıqdır. Əgər onun yalan danışmaq niyyəti olsa idi, sözünün üstündə durmasaydı, heç digər əmlaka qoyulmasınıda təklif etməzdi. Məhkəmə qərar verərkən bu məsələlərin heç birini nəzərə almamış, beləliklə əmlaka qoyulan həbs onun mülki hüququn vicdanlı subyekti kimi nüfuzunu zədələməyə yönəlmişdir. Çünki o, Elmir bəyə maşını sataraq rəsmiləşdirməyi öz üzərinə götürmüşdür. Məhkəmə isə niyə 3 maşından məhz “Toyota FJ-Cruiser” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı maşına MTT tətbiq etdiyini əsaslandırmamışdır. Onu da bildirmək istəyir ki, MTT-nin tətbiq edilməsi e-*(*-**)-***/**** saylı işlə əlaqədardır. Ərizəçi onu birinci instansiya məhkəməsində təmsil etsə də, növbəti instansiyalarda onu başqa müdafiəçi təmsil etmiş, vəkilə xidmət haqqının ödənməsi ilə bağlı heç bir problem olmamışdır. Bu da ilkin iddianın kifayət qədər əsaslandırılmış olmaması, ərizəçinin istinad etdiyi ərizənin də saxtalaşdırılmış olmasından irəli gəlir. Məlumat üçün bildirir ki, AR Vəkillər Kolegiyasının ##.##.2026-cı il tarixli **** saylı məktubunun surətindən görünür ki, Ərizəçi Vəkillər Kolegiyası üzvlüyündən azad edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin olunmasını, tətbiq edilən müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş edir, məhkəmə MTT olması ilə bağlı zərurət görərsə, **GE*** dövlət qeydiyyat nişanlı MERCEDES BENZ SPRINTER N7315 YU avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulmasına etiraz etmir.

10. Iddiaçı şikayətə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, hazırkı iş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şikayət və ona əlavələr tamamilə mülahizə xarakteri daşıyır. Belə ki, sonuncu öz mövqeyini belə əsaslandırır ki, guya, özkəninkiləşdiliməsi qadağan olunan avtomobili üçüncü şəxsə satmışdır. Halbuki, məhkəməyə təqdim etdiyi etibarnamədən də görsənir ki, sözügedən avtomobilə dair verilmiş etibarnamədə yalnız sürmə hüququ nəzərdə tutulmuşdur. Hətta sərəncam verilməsinə dair hüquqlar nəzərdə tutulsa da, bu, birmənalı həmin şəxsə satılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Həmçinin şikayətçi bildirir ki, o, gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasından yayınmaq niyyəti yoxdur və guya o bunu səmimi olaraq məhkəməyə bildirir. Lakin cavabdeh bildirdiyi bütün fikirlərində qeyri-səmimidir. Belə ki, aralarında bağlanılan hüquqi yardımla bağlı müqavilə və ona əlavədə işin uğurlu nəticəsinə görə ödəniş nəzərdə tutulmasına və ona ümumilikdə 193.000 manat məbləğində ödəniş edilməsinə və həmin qərarın qəbul edilməsində məhz onun bir nümayəndə və vəkil əməyinin olmasına baxmayaraq, razılaşmaya əməl etməmiş, 1 manat da olsa belə ödəniş etməmişdir. Həmçinin, Cavabdeh işində uğurlu nəticə əldə etməyinə baxmayaraq, başqa vəkilə müqavilə bağlanılması elə onun etibarından sui-istifadə edib, ona ödənilməli məbləği ödəməkdən yayınmaq xarakteri daşımışdır. Bu barədə o, Səbail RPI-nin müvafiq polis şöbəsinə şikayət ərizəsi versə də, sonuncu cinayət işinin başlanılmasından imtina etmiş və qərarını belə əsaslandırmışdır ki, hazırkı hüquq mübahisəsi mülki xarakterlidir, ona görə ki, tərəflər arasından mülki müqavilə mövcuddur. Əlavə olaraq bildirmək istəyir ki, hazırkı iş üzrə iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra Cavabdeh onunla barışığa getmək niyyətini başqa bir vəkil vasitəsilə bildirmiş, lakin sonradan onu kim arxayın salmışsa, o, bundan da yayınmışdır. Hesab edir ki, hazırkı mərhələdə müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin təmin edilməsi barədə qərardadın ləğv edilməsinə nə hüquqi əsaslar, nə də faktiki əsaslar mövcuddur. Odur ki, qeyd edilənlərə əsasən, Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi və mübahisəli qərardadın qüvvədə saxlanılması barədə müvafiq qərar qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1.1. Məhkəmə müvəqqəti təminat tədbirini təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Maddə 158.1.2. Məhkəmə müvəqqəti təminat tədbiri kimi hakim müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Maddə 158.1.3. Məhkəmə müvəqqəti təminat tədbirini təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Iş materiallarından aydın olur ki, mülki iş üzrə iddiaçının cavabdehlərə qarşı iddia tələbi 19.390,9 manat məbləğində pulun, 3390 manat əldən çıxmış faydanın və mənəvi zərər olaraq 1000 manatın tutulması ilə bağlıdır. Iddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə məhkəməyə iddianın əsaslığına dair ilkin sübutlarını (tərəflər arasında bağlanmış müqaviləni) təqdim etmişdir.

14. Işdən həmçinin görünür ki, cavabdehin mülkiyyətində “Toyota FJ-Cruiser” minik markalı, **-FJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır.

15. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə sözügedən nəqliyyat vasitəsinin X6 müəyyən edilmir.

16. Belə ki, sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2026-cı tarixli etibarnamədən görünür ki, o, nəqliyyat vasitəsini X6 yalnız idarə etmək üçün vermişdir. Tərəflər arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamış, nəqliyyat vasitəsinə üzərində X6 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır.

17. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

18. Bununla belə, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

19. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli nəqliyyat vasitəninin istifadəsi qadağan edilməmiş, yalnız onun özgəninkiləşdirilməsi məhdudlaşdırılmışdır.

20. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: M

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar