Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-476/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi əmlakların üzərinə həbs qoyulması, növündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqət təminat tədbiri) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından şikayətiçi Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-nin fəaliyyəti zamanı istifadə edilən tibbi avadanlıqların, mebellərin və digər əmlakların siyahıya alınması və inventarlaşdırılması barədə tədbir görülməsi “xxxx” MMC klinikasında olan tibbi avadanlıqların, mebel və digər daşınar əmlakarın siyahıya alınaraq üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə cavabdeh Cavabdeh ##.##.2020-ci il Səbail rayon qeydiyyat şöbəsində ****** nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olublar. Birgə nikahdan övladları ##.##.2022-ci il təvəllüdlü X1 anadan olmuşdur. Hazırda nikahın pozulması, uşağın himayəsi, aliment və əmlak bölgüsü tələbi ilə tərəfindən məhkəməyə müraciət edilməsi üçün ilkin olaraq ** saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiyada ##.##.2026 -cı il tarixində saat 12:00-a iclas təyin edilmişdir. (buna dair bildiriş təqdim edilir) Qeyd edirik ki, mediasiya prosesində razılıq əldə edilmədiyi halda, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. Cavabdeh Cavabdeh təsisçisi olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün nikah münasibətlərinin davam etdiyi dövrdə ailənin ümumi gəlirlərinin böyük bir hissəsi hesabına həmin klinikanin qurulması məqsədilə müxtəlif tibbi avadanlıqlar, mebellər və digər əmlaklar əldə edilmişdir. Qeyd edilən “xxxx” MMC-nin fəaliyyəti üçün əldə edilmiş əmlaklar nikah münasibətlərinin davam etdiyi dövrdə əldə olunduğundan, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. və tərəflərin hər ikisinin bərabər paylı mülkiyyət hüququ ilə bağlı mübahisənən predmetini təşkil edir. Hazırda cavabdeh tərəfindən həmin avadanlıqların və digər əmlakların satılması, özgəninkiləşdirilməsi, üçüncü şəxslərin adına rəsmiləşdirilməsi, gizlədilməsi və ya başqa ünvana aparılması üçün real təhlükə mövcuddur. Qeyd edilən xəstəxana cavabdehin nikah münasibətlərinin davam etdiyi dövrdə əldə olunduğundan, AR Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir və tərəflərin hər ikisinin bərabər paylı mülkiyyət hüququ ilə bağlı mübahisənin predmetini təşkil edir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC klinikasında olan tibbi avadanlıqlar, mebel və digər daşınar əmlakların siyahıya alınmasl və həmin əmlakların üzərinə həbs qoyulması qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından şikayətiçi Cavabdeh tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Şikayətdə qeyd olunur ki, klinikada qeyd olunan əmlaklar heç biri cəmiyyətin mülkiyyətində deyil. Bununla bağlı vergi bəyannaməsi təqdim edir. Ümumiyyətlə klinikanın balansında nə daşınar, nə də ki, daşınmaz əmlak mövcud deyil.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Ərizəçi Ərizəçi şikayətə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
9. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).
10. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Işin halları ondan ibarətdir ki, ərizəçi Ərizəçi ilə cavabdeh Cavabdeh ##.##.2020-ci il Səbail rayon qeydiyyat şöbəsində ****** nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olublar. Ərizəçi nikahın pozulması, uşağın himayəsi, aliment və əmlak bölgüsü tələbi ilə məhkəməyə müraciət edilməsi üçün ilkin olaraq ** saylı Mediasiya Təşkilatına müraciət etmişdir.
13. Ərizəçi, Cavabdeh təsisçisi olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün nikah münasibətlərinin davam etdiyi dövrdə ailənin ümumi gəlirlərinin böyük bir hissəsi hesabına həmin klinikanin qurulması məqsədilə müxtəlif tibbi avadanlıqlar, mebellər və digər əmlaklar əldə etdiyini bildirərək, həmin əmlaklar üzərində payı olduğundan gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin ediləməsi məqədi ilə həmin əmlakların üzərinə həbs qoyulmasını tələb etmişdir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, “...Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Qüvvədə olan Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş iddianı təmin etmə tədbirlərindən başqa məhkəmə iddianın təmin olunması üçün digər tədbirləri də görə bilər.... Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir...”
15. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi, əgər gələcəkdə iddia tam, yaxud qismən təmin ediləcəksə, çıxarılacaq qərarın da icra olunması baxımından əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) əhəmiyyətli bir hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsizliyi və qəbul olunmuş qərarı əhəmiyyətsizliyi ilə nəticələnə bilər. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməli və məhkəmə müdafiə hüququnun xəyali hüquqa çevirilməsinin qarşısını almağa xidmət etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarı). Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün aşağıdakı halların mövcud olması əsasşərtdir: 1. Cavabdehin və ya digər şəxslərin ərizəçinin hüquqlarının pozulmasına yönələn hərəkətlərinin (hərəkətsizliyinin) edilməsi; 2. Cavabdehin və ya digər şəxslərin hərəkətlərinin (hərəkətsizliyinin) mövcud vəziyyətin (mübahisəli vəziyyətin) dəyişməsinə yönəlməsi; 3. Belə hərəkətlərin (hərəkətsizliyin) baş verməsinin ərizəçinin hüquqlarının təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnə biləcəyinə kifayət qədər əsasların olması.
16. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallara mübahisəyə mahiyyəti üzrə baxılan zaman qiymət veriləcəkdir.
17. Hazırki mərhələdə birinci instansiya məhkəməsi mövcud vəziyyətin dəyişdirilməsi təhlükəsini nəzərə alaraq, mübahisə predmeti olan əmlakın hüquqi statusunun müvəqqəti sabitliyinin təmin edilməsini zəruri hesab etməklə ünvan 1 ünvanında yerləşən “xxxx” MMC klinikasında olan tibbi avadanlıqlar, mebel və digər daşınar əmlakların siyahıya alınması və həmin əmlakların üzərinə həbs qoyulmasını qərara almışdır. Məhkəmənin ##.##.2026-cı il tarixli qərarından görünür ki, qərardadın qüvvədə olma müddəti 1 ay, yəni ##.##.2026-cı il tarixədək müəyyən edilmişdir.
18. Müvəqqəti təminat tədbiri institutu isə mülki prosessual qanunvericiliyin fundamental təminatlarından biri olmaqla, iddiaçının məhkəməyə müraciət etdiyi anla yekun qətnamənin çıxarılması və onun icra edildiyi an arasındakı zaman kəsiyində tərəflərin maraqlarının balansını qorumağa, mövcud vəziyyətin əsassız dəyişdirilməsinin qarşısını almağa xidmət edir.
19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 158, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.