Məhkəmə qərarları › İş №e-16(3-6)-480/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-480/2026

21.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-480/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Iddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər * saylı Dövlət Notariat ofisinə və “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri * saylı Notariat Ofisinin *İ-***** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi, iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat məbləğində pulun cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda, iddiaçı (bundan sonra ərizəçi) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı ünvanında yerləşən 0.0340 ha torpaq sahəsi (bundan sonra torpaq sahəsi) və həmin torpaq sahəsi üzərində yerləşən 177,40 kv.m ümumi sahədən ibarət **** saylı bağ evi (bundan sonra bağ evi) üzərinə yönəldilmiş tutmanın və icra hərəkətlərinin müvəqqəti olaraq dayandırılması barədə təminat tədbiri tətbiq edilməsi, həmin əmlakın satışına, hərraca çıxarılmasına, özgəninkiləşdirilməsinə və ya digər şəxslərin mülkiyyətinə verilməsinə qadağa qoyulması, mübahisə predmeti olan əmlak üzərində istənilən qeydiyyat və hüquqi dəyişikliklərin aparılmasına qadağa qoyulması, təminat tədbirinin tətbiqi barədə qərardadın dərhal icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri * saylı Notariat Ofisinin 8I-***** №-li, ##.##.2025-ci il tarixli Icra Qeydinə əsasən təklif edilmişdir ki, ipoteka predmeti olan torpaq sahəsi və həmin topraq sahəsi üzərində yerləşən bağ evi. Yeni qaydalarla AZ 1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən ****/**** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 35.000 manat əsas borc, 11.313,57 manat faiz borcu, 14525 manat dəbbə pulu olmaqla cəmi tutulmalı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat məbləğ 60.838,57 manat təşkil edir.) Bundan əlavə təklif edilib ki, borclu Ərizəçi tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 60863,57 (altmış min səkkiz yüz altmış üç manat 57 qəpik) pul tutulsun. Hesab edir ki, icra qeydi ləğv edilməlidir. Belə ki, icra qeydində göstərilən kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilmişdir. Icra qeydində göstərilən borc məbləği ilə razı deyil. Tələbkar tərəfindən borcun hesablama mexanizmində ciddi səhvlərə yol verilmiş, əsas borc və faizlər real ödənişlər nəzərə alınmadan şişirdilmişdir. Hesablanmış dəbbə pulu (penya) borcun əsas məbləği ilə müqayisədə qeyri-mütənasibdir və həddindən artıq yüksəkdir. Bundan əlavə, ipoteka predmeti olan əmlakın bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli əmlakın bazar dəyəri müəyyən edilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasinin Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. “Notariat haqqında” Azərbaycan Respublikasinin Qanununun 76-cı maddəsinin 8-ci hissəsinə əsasən, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Iddiaçı Ərizəçi Sumqayıt şəhəri * saylı Notariat Ofisinin 8I-***** №-li, ##.##.2025-ci il tarixli Icra Qeydinin ləğv edilməsi, iddia ərizəsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.. Işin faktiki hallarından da görünür ki, iddiaçının icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsaslıdır və iddianın işə baxan məhkəmə tərəfindən təmin edilməsi ehtimalı olduqca yüksəkdir. Hazırkı mübahisə üzrə mülki işə baxılması və sonda yekun məhkəmə aktı qəbul edilməsi kifayət qədər vaxt tələb edir. Bu müddət ərzində ipoteka predmeti olan torpaq sahəsi və həmin topraq üzərində yerləşən bağ evinin məcburi qaydada satılması, üzərinə tutmanın yönəldilməsi və ya digər icra hərəkətlərinin həyata keçirilməsi ehtimalı mövcuddur. Bu isə gələcəkdə məhkəmə tərəfindən iddia təmin edildiyi halda iddiaçının hüquqlarının bərpasını çətinləşdirə və ya mümkünsüz edə bilər.

4. Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə təmin edilməmişdir.

5. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mtt ərizəsinin təmin edilməsini xahiş etmişdir.

6. Şikayət belə əsaslandırılmışdır ki, tərəflərin hüquqları arasında balans nəzərə alındıqda, müvəqqəti təminat tədbirinin tətbiqi cavabdehin hüquqlarına minimal müdaxilə etməklə iddiaçının hüquqlarının qorunmasını təmin edən ən optimal və mütənasib vasitədir. Məhkəmə isə qərardadında mütənasiblik prinsipini düzgün tətbiq etməmiş, tələb edilən tədbirin mahiyyətini və onun məhdud xarakterini nəzərə almadan, əsassız olaraq onu qeyri-mütənasib kimi qiymətləndirmişdir. Nəticə etibarilə, məhkəmə tərəfindən Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn mütənasiblik prinsipi pozulmuş, tərəflərin hüquqları arasında ədalətli balans təmin edilməmişdir.

7. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

10. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

12. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

13. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.

14. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

15. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

16. Məcəllənin 158.1.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növündə müvəqqəti təminat tədbiri barədə tədbir görülə bilər.

17. Rayon məhkəməsi mtt barədə ərizəni təmin etməyərək qeyd etmişdir ki, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzümsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə də nəticələnməməlidir. Hazırki halda, iddiaçının tələb etdiyi müvəqqəti təminat tədbirinin görülməməsinin qətnamənin icrasını gələcəkdə çətinləşdirəcək və ya qeyri-mümkün edəcək əsası yoxdur. Ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hansı hüquqlarının pozulması və qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi əsaslandırılmamışdır. Bununla yanaşı, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsində iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu əsaslandırmamışdır. Sözügedən müvəqqəti təminat tədbirinin tətbiq olunması cavabdehin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

18. Məhkəmə hazırkı iş materiallarını, şikayətin dəlillərini nəzərə alaraq qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə baxılan zaman icraatda olan mülki işlə bağlı iddianın uğurluluq ehtimalı araşdırmalı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

19. Məhkəmə rayon məhkəməsinin gəldiyi nəticə ilə mahiyyət etibarı ilə razılaşaraq qeyd edir ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli Qərarına əsasən, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

20. Məhkəmə hesab edir ki, hazırkı ərizədə və şikayətdə qeyd olunan müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün hallar, yəni iddiaçının hazırkı tələbi üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən hallar aşkar edilməmişdir.

21. Bu baxımdan, rayon məhkəməsinin mövqeyi ilə razılaşan Məhkəmə qeyd edir ki, rayon məhkəməsi ərizəni təmin etməməkdə haqlı olduğundan, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

23. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

24. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

25. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar