Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-483/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Soğlunun müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Ərizəçi S oğlunun müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. Sn oğlu müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun qətnamə qəbul edilənədək müvəqqəti təminat tədbiri qismində aşağıdakı qaydada uşaqla ünsiyyət müəyyən edilməsini xahiş etmişdir: Atası Ərizəçi Asiman oğluna övladı ## ###### 2019-cu il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-a kimi (atanın yanında gecələmək şərtilə) ananın iştirakı olmadan sərbəst ünsiyyət hüququ verilsin; Həftənin 2-ci və 4-cü günləri saat 19:00-dan 19:30-a kimi cavabdeh Cavabdeh məxsus mobil telefon vasitəsilə (WhatsApp və ya digər videoəlaqə tətbiqləri ilə) uşaqla görüntülü ünsiyyət imkanı təmin edilsin; Uşağın təhsil aldığı müəssisədən onun təhsili, davranışı və inkişafı barədə məlumatların maneəsiz alınması üçün ataya şərait yaradılsın; Uşağın səhhəti, həkim müayinələri, qoyulmuş diaqnozlar və tibbi sənədlər barədə məlumatların və sənədlərin surətlərinin cavabdeh tərəfindən ataya təqdim edilməsi vəzifəsi müəyyən edilsin.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)- ***/**** nömrəli qərardadı ilə (hakim Q.Əliyeva) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Qərardad belə əsaslandırılmışdır ki, baxılan mübahisəyə münasibətdə qanunverici aidiyyət qaydasını məhz iddianın cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməli olması kimi müəyyənləşdirmişdir. Cavabdeh isə Nizami rayonunun ərazisində qeydiyyatda deyil, belə olan halda müvəqqəti təminat tədbirinin tətbiqinə dair hazırkı ərizəyə də ərazi aidiyyətinə görə həmin məhkəmədə deyil, iddianın aid olduğu məhkəmədə baxılmalıdır. Həmçinin, məhkəmənin icraatında tərəflər arasında həmin tələb üzrə mübahisə, iddia tələbinə dair mülki iş yoxdur, məhkəmənin icraatında olan *(*-**)- **/**** saylı iş, uşaqla ünsiyyət hüququnun verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlıdır. Hansı ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu baxımdan, məhkəmə qətnaməsinin icrası qaydasında icraat materialı kimi * nömrəli indekslə qeydə alınmış işin Nizami Rayon Məhkəməsinin icraatında baxılması, hazırkı müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə həmin məhkəmə tərəfindən baxılmasına əsas vermir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. Ərizəçi qərardaddan şikayət verərək onun ləğv edilməsini və işin icraata qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, tərəfindən təqdim olunan ərizə müstəqil iddia ərizəsi deyil, hazırda Nizami Rayon Məhkəməsinin icraatında olan ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı (qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə) iş çərçivəsində verilmiş prosessual ərizədir. Hazırda qətnamənin icra üsulunun dəyişdirilməsi ilə bağlı icraat Nizami Rayon Məhkəməsində getdiyindən və MPM-in 231.1-ci maddəsinə əsasən bu məsələyə məhz qətnaməni çıxarmış məhkəmə baxmağa səlahiyyətli olduğundan, həmin icraat çərçivəsində müvəqqəti təminat tədbiri barədə ərizəyə də məhz işi aparan məhkəmə – Nizami Rayon Məhkəməsi baxmalıdır. Əsas işin Nizami Rayon Məhkəməsində baxıldığı bir halda, müvəqqəti təminat tədbiri üçün Yasamal Rayon Məhkəməsinə müraciət edilməsinin tələb olunması prosessual absurdluqdur. Çünki Yasamal Rayon Məhkəməsinin icraatında tərəflər arasında hər hansı mülki iş yoxdur və onun Nizami Rayon Məhkəməsinin icraatında olan iş üzrə təminat tədbiri görmək səlahiyyəti mövcud deyil. Uşağın üstün mənafelərinin qorunması və təxirəsalınmazlıq prinsipi pozulmuşdur. Hazırda azyaşlı qızı X1 7-ci yaşındadır. Ana tərəfindən mütəmadi olaraq görüşlərə süni maneələr yaradılır, uşaq yalandan xəstəlik bəhanələri ilə gizlədilir, onunla görüntülü danışmasına qadağalar qoyulur. Uşağın atası ilə gecə qalamq istəməsinə məhəl qoymayaraq ağladır və icazə vermir. Bu hallar uşağın psixologiyasına ciddi zərbə vurur və atadan yadlaşma sindromu yaradır. Məhkəmənin formal əsaslarla ərizəni geri qaytarması uşağın hüquqlarının müdafiəsiz qalmasına və onun psixoloji durumunun daha da pisləşməsinə şərait yaradır. Müvəqqəti təminat tədbirinin tətbiqi məhz əsas mübahisə həll olunana qədər uşağın maraqlarının qorunması üçün həyati əhəmiyyət kəsb edir. Göstərilənlərə əsasən Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini və 60 manat rüsumun cavabdehdən alınaraq ərizəçiyə ödənilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
9. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq uşaqla görüş gününün dəyişdirilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
11. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarı: Bənd 3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. Iddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Bənd 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Işdən görünür ki, tərəflər arasında iddiaçının uşağı ilə ünsiyyət hüququnun təmin edilməsinə dair mübahisə üzrə artıq qanuni qüvvəsini almış qətnamə mövcuddur. Hazırda iddiaçı ünsiyyət qaydası və üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) dəyişdirilməsi barədə məhkəməyə müraciət etmişdir.
14. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.
15. Həmçinin, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmasa da (ərizəçinin hazırki ərizə ilə aidiyyəti məhkəməyə müraciət edə bilməsi hissəsində) qeyd edir ki, mülki-prosessual qanunvericilikdə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəyə baxılarkən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, müvəqqəti təminat tədbirinin tədbiqi barədə ərizə iddiaçı tərəfindən işə iddia icraatı qaydasında baxılarkən verilə bilər.
17. Bundan başqa, müvəqqəti təminat tədbiri tədbiq edilmədiyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi də müəyyən edilmir. Belə ki, ərizəçinin uşağı ilə ünsiyyətdə olmasına dair artıq qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: