Məhkəmə qərarları › İş №e-16(3-6)-490/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-490/2026

28.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-490/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, **(*-**)-***/**** saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçı Ərizəçi verdiyi şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin nikahından doğulmuş 1 uşağın – ##.##.2020-ci il təvəllüdlü Selin ilə ünsiyyətdə olmaq üçün hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaq şərti ilə bazar günü saat 22:00-dək, həmçinin bayram günlərinin yarısında cavabdehin iştirakı olmadan ünsiyyət vaxtının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinə dair mülki işə baxılıb qurtaranadək onunla azyaşlı övladı arasındakı bağlılığın qorunması məqsədilə, əsas iddia tələbində göstərilən qaydada uşaqla müvəqqəti ünsiyyət vaxtının müəyyən edilməsini xahiş etmişdir. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin qismən təmin edilməsini, yuxarıda qeyd edilən iddiaya dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçının azyaşlı övladı ilə hər həftənin şənbə günü saat 12:00-dan 20:00-dək, cavabdehin iştirakı olmadan ünsiyyətdə olmasının müəyyən edilməsini qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti ünsiyyət vaxtının uşağın üstün mənafeyinə uyğun müəyyən edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi müvəqqəti ünsiyyət vaxtını müəyyən edərkən uşağın yaşını, psixoloji vəziyyətini, gündəlik həyat rejimini, istirahət və inkişaf xüsusiyyətlərini kifayət qədər nəzərə almamış, hər həftənin şənbə günü 8 saat müddətində ananın iştirakı olmadan ünsiyyətin müəyyən edilməsinin uşağın gündəlik həyat ritminə təsirini qiymətləndirməmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin qismən təmin edilməsini, ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə məsələyə yenidən baxılaraq, iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçının azyaşlı övladı ilə hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək, cavabdehin iştirakı olmadan ünsiyyətdə olmasının müəyyən edilməsini, uşağın saat 12:00-da atasına, saat 16:00-da isə anasına təhvil verilməsini qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti ünsiyyət vaxtının artırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin ##.##.2026-cı il tarixli qərardaddan verdiyi şikayət prosessual müddətin ötürülməsi ilə verilmişdir. Belə olan halda Rayon Məhkəməsi həmin şikayətə mahiyyəti üzrə baxmamalı, şikayəti qaytarmalı idi. Lakin Rayon Məhkəməsi prosessual müddətin ötürülməsinə əhəmiyyət verməmişdir. Bundan başqa qeyd edilməlidir ki, sonuncu qərardadla müəyyən edilmiş 4 saatlıq ünsiyyət vaxtı iddiaçı ilə uşağın normal ünsiyyəti üçün kifayət etmir. Belə ki, uşaq anası ilə birlikdə Hövsan qəsəbəsində MİDA yaşayış kompleksində yaşayır, uşağın götürülməsi və geri qaytarılması üçün hər istiqamətdə təxminən 40–50 dəqiqə vaxt sərf olunduğundan müəyyən edilmiş müddətin əhəmiyyətli hissəsi yolda keçəcək. Daha sonra nəzərə alınmalıdır ki, cavabdehin qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsinə deyil, apellyasiya instansiya məhkəməsinə ünvanlanmış, dövlət rüsumu isə birinci instansiya məhkəməsinin hesabına deyil, apellyasiya instansiya məhkəməsinin hesabına ödənilmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.3.). Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir (maddə 50.1.). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarının 7.1ci bəndi ilə “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarına aşağıdakı məzmunda yeni abzas əlavə edilmişdir: “Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”. Həmin qərarının 8-ci bəndində görə, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına dəyişikliklər edilmiş, 2-ci bəndə aşağıdakı məzmunda yeni abzas əlavə edilmişdir: “Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə yenidən baxmış Rayon Məhkəməsi iddiaçı Ərizəçi azyaşlı övladı ilə müvəqqəti ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 12:00-dan 16:00dək vaxt müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, müvəqqəti təminat tədbirinin məqsədi tərəflər arasında uşaqla ünsiyyət qaydasına dair mübahisəni qabaqcadan mahiyyəti üzrə həll etmək deyil, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ata ilə uşaq arasında münasibətlərin soyumasının və ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq üçün minimal həddə ünsiyyəti təmin etməkdir. Hazırkı mərhələdə iddiaçının azyaşlı övladı ilə ünsiyyətinin uşağın mənafeyinə zidd olmasını açıq-aşkar təsdiq edən hal müəyyən edilmir. Rayon Məhkəməsi də müvəqqəti ünsiyyətin zəruriliyini qəbul etmişdir. İddiaçının qərardaddan verdiyi şikayətdə 4 saatlıq ünsiyyət müddətinin az olması barədə göstərilənlərə gəldikdə isə qeyd edilməlidir ki, MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (maddə 77.1), məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Nümunədə də şikayət dəlillərinin qiymətləndirilməsi məhz həmin prosessual normalar əsasında aparılmışdır. Hazırkı halda Rayon Məhkəməsi uşağın yaşını, gündəlik həyat rejimini, istirahət və inkişaf xüsusiyyətlərini, habelə müvəqqəti təminat tədbirinin mahiyyət etibarilə minimal ünsiyyətin qorunmasına xidmət etdiyini nəzərə alaraq ünsiyyət vaxtını hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək müəyyən etmişdir. İddiaçının uşağın yaşadığı yerə gediş-gəliş üçün hər istiqamətdə 40–50 dəqiqə vaxt sərf olunması və bu səbəbdən 4 saatlıq müddətin kifayət etməməsi barədə dəlili isə hazırkı müvəqqəti təminat tədbirinin məqsədi və xarakteri nəzərə alındıqda qərardadın ləğvi və ünsiyyət müddətinin artırılması üçün əsas yaratmır. Uşaqla daha geniş həcmdə ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı dəlillərə əsas iddiaya mahiyyəti üzrə baxılarkən, işin bütün halları və uşağın üstün mənafeyi nəzərə alınmaqla qiymət verilməlidir. Bu məsələyə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən yanaşdıqda müəyyən edilir ki, müvəqqəti təminat tədbiri olaraq Rayon Məhkəməsinin müəyyən etdiyi ünsiyyət vaxtı (həcmi) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə uyğundur və iddiaçı ilə azyaşlı övladı arasındakı bağlılığın qorunmasını təmin edir. İddiaçının cavabdeh tərəfindən ##.##.2026-cı il tarixli qərardaddan verilmiş əvvəlki şikayətin prosessual müddət ötürülməklə təqdim edilməsi barədə dəlilinə gəldikdə, Məhkəmə həmin dəlili əsaslı hesab etmir. Belə ki, iş materiallarından müəyyən edilir ki, ##.##.2026-cı il tarixli qərardad ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Həmin vaxt cavabdehin elektron kabineti olmadığından qərardad ona sifarişli-xəbərnaməli poçt göndərişi ilə göndərilmiş, lakin poçt göndərişi çatdırılmadan geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi vəkil vəkil/nümayəndə2 isə yalnız ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində proses iştirakçısı kimi işə əlavə edilmiş və şikayəti dərhal təqdim etmişdir. Bu baxımdan, qərardadın ##.##.2026-cı il tarixdə informasiya sistemində yerləşdirilməsinin özlüyündə həmin tarixdən şikayət müddətinin hesablanması üçün əsas olması barədə dəlil qəbul edilə bilməz. İş materiallarında qərardadın cavabdehə həmin tarixdə qanunla müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən məlumat olmadığından, onun verdiyi şikayətin müddət ötürülməklə təqdim edilməsi barədə nəticəyə gəlmək üçün əsas yoxdur. İddiaçının həmin şikayətin cavabdeh tərəfindən Rayon Məhkəməsinə deyil, Bakı Apellyasiya Məhkəməsinə ünvanlanması və dövlət rüsumunun ödənilməsi qaydası ilə bağlı dəlilləri də barəsində şikayət verilmiş qərardadın ləğvi üçün əsas yaratmır. Belə ki, Rayon Məhkəməsi həmin halları şikayətin mahiyyətinə və şəxsin məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə mane olan prosessual pozuntular kimi deyil, formal xarakterli nöqsanlar kimi qiymətləndirmişdir. İş materiallarından həmin halların şikayətə baxılmasına mane olması və ya iş üzrə düzgün nəticəyə gəlməyə təsir göstərməsi müəyyən edilmir. Belə olan halda, cavabdehin ##.##.2026-cı il tarixli qərardaddan verdiyi şikayətin geri qaytarılmalı olması barədə iddiaçının dəlilləri də əsaslı hesab edilə bilməz. Göstərilənləri məcmu halında nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Qərardaddan verilmiş şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı Ərizəçi şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar