Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-493/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Tağıyev İlqar Adil oğlu cavabdeh Ərizəçi Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa əmrinin etibarsız hesab edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə işə bərpa və digər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Ərizəçi ASC-nin ##.##.2026-cı il tarixli ***/k nömrəli “bərpa” əmrinin etibarsız hesab edilməsi, cavabdeh Ərizəçi ASC ilə iddiaçı Tağıyev İlqar Adil oğlu arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdehin ##.##.2026-cı il tarixli, ***/k nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Tağıyev İlqar Adil oğlunun əvvəlki “Baş direktor” vəzifəsinə bərpa edilməsi, əvvəlki vəzifəyə bərpa faktiki və təşkilati baxımdan mümkün olmadığı halda, iddiaçının əvvəlki əmək funksiyasına, peşə ixtisasına, statusuna, təminatlarına və vəzifə səviyyəsinə uyğun ekvivalent vəzifəyə təyin edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması və məcburi işburaxma müddəti üçün hesablanmış orta əmək haqqının və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Ərizəçi ASC cavabdeh Tağıyev İlqar Adil oğluna qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehdən 28348.23 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinə uyğun olaraq, qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Ərizəçi ASC-nin ##.##.2026-cı il tarixli, ***/k nömrəli əmrinin ləğv edilməsi və Tağlyev İlqar Adil oğlunun əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı elektron informasiya sistemində X4 Xidməti tərəfindən zəruri düzəlişlər edilməsi və cavabdeh Tağıyev İlqar Adil oğluna elektron informasiya sistemində zəruri düzəlişlərin edilməsinə maneçilik törətməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tağıyev İlqar Adil oğlunun cavabdeh Ərizəçi ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda həmin iddia təlbinə dair e-*(*-**)-****/**** saylı mülki iş məhkəmənin icraatındadır. Ərizəçi ASC-nin ##.##.2026-cı il tarixli, ***/k nömrəli əmri ilə iddiaçı İ.Tağıyevlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (ştatların ləğv edilməsi) ilə xitam verilmişdir. İ.Tağıyev həmin əmrin ləğv edilməsi ilə işə bərpa tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl Bakı ** saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Ərizəçi ASC-yə daxil olmuş mediasiya sessiyası bildirişində mübahisənin predmeti qismində əmrin ləğv edilməsi və işə bərpa, ## ##### 2026-cı il tarixdən işə bərpa olunana qədər keçən müddət üçün orta aylıq əmək haqqının ödənilməsi, könüllü işdən ayrılacağı təqdirdə razılaşdırılmış kompensasiyanın ödənilməsi və rekomendasiya məktubunun verilməsi. Bundan sonra Ərizəçi ASC-də İ.Tağıyevlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsi ilə bağlı daxili araşdırma aparılmışdır. Nəticədə Ərizəçi ASC-nin ## ### 2026-cı il tarixli ***/k nömrəli əmri ilə Tağıyev İlqar Adil oğlu ilə bağlanmış əmək müqaviləsinə ##.##.2026-cı il tarixli ***/k nömrəli əmr ləğv edilmiş, İ.Tağıyevin əvvəlki “baş direktor” vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. Eləcə də həmin əmrin 3-cü bəndində İ.Tağıyevə məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Ərizəçi ASC-nin ## ### 2026-cı il tarixli ***/k nömrəli əmrinin surəti ## ### 2026-cı il tarixli məktubla İ.Tağıyevin ünvan 1 ünvanında yerləşən mənzilinə göndərilmişdir. Eləcə də əmrin surəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan olan X4 Xidmətinə də göndərilmişdir. Həmçinin, ##.##.2026-cı il tarixdən ## ### 2026-cı il tarixədək olan məcburi iş buraxma müddətinə görə hesablanmış əmək haqqı məbləği iddiaçı İ.Tağıyevin bank hesabına (əmək haqqı hesabı) köçürülmüşdür. ##.##.2026-cı il tarixdə keçirilmiş mediasiya sessiyası zamanı Ərizəçi ASC-nin ## ### 2026-cı il tarixli, ***/k nömrəli əmrinin surəti həm mübahisə üzrə mediator X3, həm də iddiaçının nümayəndəsi-vəkili Vəkil təqdim edilmişdir. Nəticə etibarı ilə hələ ilkin mediasiya sessiyası dövründə iddiaçı İ.Tağıyevin mediasiya təklifində göstərdiyi bütün tələbləri cavabdeh Ərizəçi ASC tərəfindən icra edilmiş və mübahisənin məhkəmə müstəvisinə çıxarmağın lüzumsuzluğu iddiaçının nümayəndəsinə izah edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi Ərizəçi ASC tərəfindən maraqlı şəxs maraqlı şəxs2 müraciət edilərək mərkəzləşdirilmiş informasiya sistemində (ƏMAS-da) müvafiq düzəlişlərin edilməsinə yəni, köhnə əmrin ləğv edilməsinə və yeni əmr əsasında İ.Tağıyevin əvvəlki vəzifəsinə bərpa edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Çünki işəgötürən müəssisə olan Ərizəçi ASC-nin elektron informasiya sistemində ƏMAS-da əmrini ləğv etmək və işçini əvvəlki vəzifəsinə bərpa etmək üçün texniki imkanları yoxdur və elektron sistem işəgötürənə bu imkanı vermir. Həmçinin, elektron informasiya sistemində ƏMAS-da zəruri dəyişiklik edilmədən işçinin müəssisədə əvvəlki əmək funksiyalarının icrasına cəlb edilməsi qanunsuzdur. Lakin Ərizəçi ASC-nin müraciətinə X4 Xidməti tərəfindən heç bir cavab verilməmişdir. İşçi isə süni şəkildə işə çıxmağı ləngidərək əmək funksiyalarının icrasından yayınmağa çalışır və məhkəməyə müraciət edərək prosesin uzanmağını istəyir. Bunun nəticəsində isə sonda işəgötürənin məcburi iş buraxma dövrünə görə əmək haqqı ödəmək öhdəliyi yaranacaqdır. Bu kimi sui-istifadə hallarının qarşısını almaq üçün elektron informasiya sistemində zəruri düzəlişlərin edilməsi öhdəliyi məhkəmə qaydasında X4 Xidmətinin üzərinə qoyulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Ərizəçi Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, qərardadın ləğv edilməsini, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı Tağıyev İlqar Adil oğlunun nümayəndəsi-vəkili tərəfindən şikayətə dair etiraz ərizəsi təqdim edilmişdir. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müvəqqəti təminat tədbiri institutu mahiyyət etibarı ilə, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Digər tərəfdən qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Göstərilənləri nəzərə alan Məhkəmə Kollegiyası bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (maddə 157.2). Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Müvəqqəti təminat tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda müvəqqəti təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini Mülki Prosessual Məcəllənin 157.1ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Müvəqqəti təminat tədbirləri üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qərarının icrasını qeyri-mümkün edə biləcək hər-hansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlərin görülməməsi mübahisənin mahiyyəti üzrə məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər və ərizəçiyə ziyan vura bilər. Hazırda iş materiallarından görünür ki, iddiaçı İlqar Tağıyev ilə cavabdeh Ərizəçi ASC arasında bağlanmış əmək müqaviləsinə cavabdehin ##.##.2026-cı il tarixli əmri ilə ştatların ixtisarı əsası ilə xitam verilmiş, sonradan cavabdehin ##.##.2026-cı il tarixli əmri ilə həmin əmr ləğv edilərək iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması qərara alınmışdır. Bununla belə, iddiaçı həmin əmrin özünün qanuniliyini mübahisələndirərək məhkəməyə müraciət etmiş, işdən çıxarılma əmrinin ləğv edilməsini, işə bərpasını və digər tələbləri irəli sürmüşdür. Eyni zamanda iddiaçı ##.##.2026-cı il tarixli işə bərpa əmrinin də etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında mövcud olan mübahisə yalnız ##.##.2026-cı il tarixli işdən çıxarılma əmrinin qanuniliyi ilə bağlı deyil. İddiaçı, həmçinin cavabdehin sonradan qəbul etdiyi ##.##.2026-cı il tarixli işə bərpa əmrinin hüquqi nəticələrini və qanuniliyini də mübahisələndirmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı həmin əmrin formal xarakter daşıdığını, əmək münasibətlərinin real şəkildə bərpasına yönəlmədiyini və yalnız əvvəlki işdən çıxarılma əmrinin qanunsuzluğunun məhkəmə qaydasında müəyyən edilməsinin qarşısını almaq məqsədi ilə qəbul edildiyini iddia etmişdir. Cavabdehin hazırkı ərizəsi ilə tələb etdiyi tədbir isə mahiyyət etibarilə X4 Xidmətinin elektron informasiya sistemində müvafiq dəyişikliklərin aparılmasının təmin edilməsinə və həmin dəyişikliklərin edilməsinə mane olunmasının iddiaçıya qadağan edilməsinə yönəlmişdir. Yəni cavabdeh faktiki olaraq mübahisələndirilən ##.##.2026-cı il tarixli işə bərpa əmrinin hüquqi nəticələrinin məhkəmə qərardadı əsasında həyata keçirilməsini xahiş etmişdir. Lakin tələb olunan tədbirin tətbiqi mövcud vəziyyətin qorunması ilə deyil, əksinə, tərəflər arasında mübahisə predmeti olan hüquqi vəziyyətin dəyişdirilməsi və iddiaçının məhz qanuniliyini mübahisələndirdiyi işə bərpa əmrinin faktiki olaraq həyata keçirilməsi ilə nəticələnəcəkdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı halda cavabdehin tələb etdiyi tədbirin tətbiqi məhkəmənin iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi işə bərpa əmrinin hüquqi qüvvəyə malik olduğunu və icra edilməli olduğunu əvvəlcədən qəbul etməsi ilə nəticələnərdi. Həmçinin ərizədə qeyd edilənlərə görə, elektron informasiya sistemində dəyişikliklərin aparılması işəgötürənin birtərəfli iradəsindən deyil, X4 Xidmətinin müvafiq hərəkətlərindən asılıdır. Bu səbəbdən cavabdehin göstərdiyi risklərin mövcudluğu və onların səbəbləri də işin mahiyyəti üzrə araşdırılmalı olan hallarla bağlıdır. Bundan əlavə, cavabdehin istinad etdiyi hallar, yəni elektron informasiya sistemində dəyişikliklərin edilməməsi nəticəsində gələcəkdə əlavə əmək haqqı ödənişlərinin yaranması ehtimalı, özlüyündə Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan təhlükənin mövcudluğunu təsdiq etmir. Çünki həmin arqumentlərin əsaslı olub-olmaması birbaşa olaraq ##.##.2026-cı il tarixli əmrin hüquqi qüvvəsinin və əmək münasibətlərinin faktiki olaraq bərpa edilib-edilməməsinin qiymətləndirilməsindən asılıdır. Bu məsələlərin həlli isə yalnız işə mahiyyəti üzrə baxılması zamanı mümkündür. Bundan başqa cavabdehin tələb etdiyi tədbirin tətbiqi halında mübahisələndirilən hüquqi vəziyyət müvəqqəti deyil, faktiki olaraq yekun şəkildə dəyişdirilmiş olacaqdır. Belə olan halda müvəqqəti təminat tədbiri institutu öz təyinatından kənara çıxaraq mübahisənin mahiyyəti üzrə həll edilməsinə çevrilmiş olar ki, bu da müvəqqəti təminat tədbirlərinin hüquqi təbiətinə və Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti xarakter prinsipinə uyğun gəlmir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, hazırda Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən tələb edilən müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətin və ya mümkünsüz edə biləcək hallar müəyyən edilməmişdir. Bunun əksinə həmin tələb edilən müvəqqəti təminat tədbirinin tətbiqi tərəflər arasında mübahisə predmeti olan məsələnin mahiyyəti üzrə qabaqcadan həll edilməsinə səbəb ola bilər. Göründüyü kimi cavabdehin ərizəsində tələb olunan tədbirin tətbiqi mövcud vəziyyətin qorunmasına deyil, onun dəyişdirilməsinə, habelə tərəflər arasında mübahisə predmeti olan məsələnin mahiyyəti üzrə qabaqcadan həll edilməsinə səbəb ola biləcəyindən birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Belə olan halda hesab edilməlidir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-493/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-493/2026
27.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver