Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-495/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Elşən Uğur oğlu Abdullayevin məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Ərizəçi ərizəçi1 MMC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ərizəçi1 MMC cavabdeh Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən 0,4999 ha torpaq sahəsindən və orada inşa edilmiş, sahəsi 933,25 kv.m ibarət olan (“LUGANO” və “Tri Palma” adı daşıyan) qeyri-yaşayış sahəsindən çıxarılması və qeyd olunan sahənin ərizəçi1 MMC-yə təhvil verilməsi, vəkilə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Daha sonra, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi öz hüquqi qüvvəsini alana və ya məhkəmənin icraatında olan iş tam olaraq yekunlaşana qədər, MPM-in 236-cı maddəsinin tələbinə uyğun olaraq Abşeron rayonu Masazır qəsəbəsi ünvanında inşa edilmiş sahəsi 933,25 kv.m ibarət olan ərizəçi1 MMC-yə məxsus “LUGANO” və “Tri Palma” adı daşıyan obyektin fəaliyyətinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər cavadeh, ərizəçi1 MMC-yə məxsus “LUGANO” və “Tri Palma” adı daşıyan obyektə maddi ziyan yetirməsi ehtimalı böyükdür. Çünki, cavadeh bilir ki, öz səhvi ucbatından məhkəmədə iddianı uduzmuş və buna görə də obyekti təhvil verən zaman qərəzli şəkildə obyektə zərər vuracaqdır. Odur ki, məhkəmə hüquqi mövqeyni əsaslandıran zaman həmin zərərin gələcəkdə cavabdehdən ala bilməyəcəyimizi və zərəri tələb etmənin mümkünsüzlüyünü nəzərə alıb həmin obyektin fəaliyyəti, MPM-in 236-cı maddəsinin tələbinə uyğun olaraq müvəqqəti dayandırmalıdır. Məhz bu səbəbdən icraat dövrü olduğuna görə və qətnamə hüquqi qüvvəsini alana qədər “LUGANO” və “Tri Palma” adı daşıyan obyektin fəaliyyətinin dayandırılması və obyektin fəaliyyət göstərməməsi zərurəti yaranmışdır. Buna görə də Bakı Kommersiya Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixdə e-*-*(***)-****/**** nömrəli qətnamə öz hüquqi qüvvəsini alana və ya iş üzrə yekunlaşma olana qədər “LUGANO” və “Tri Palma” adı daşıyan obyektin fəaliyyətinin dayandırılması ilə bağlı “Qətnamənin icrasının təmini” ilə bağlı daimi “müvəqqəti təminat tədbiri” tətbiq edilməlidir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi1 MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, obyektin fəaliyyətinin dayandırılması cavabdehin həmin əmlakdan istifadəsinə qadağa qoyulması ilə nəticələnəcəyindən sonuncunun hüquqlarının həddindən artıq məhdudlaşdırılmasına səbəb olmaqla bərabər, müvəqqəti təminat tədbirinin məqsədləri baxımından zəruri və mütənasib hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbiri ayrıca mübahisə predmeti olmayıb, iddia tələbinə və iddia predmetinə ilə bağlıdır. Digər tərəfdən, tələb edilən həddə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi qanuni qüvvəsini almamış qətnamə üzrə mübahisənin əvvəlcədən həll edilməsi ilə nəticələnə bilər. Ərizəçi MMC Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadından şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş edilmişdir. Şikayətin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil edir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qərardaddan şikayətə baxılması haqqında Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəliı qərardadında birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Müvəqqəti təminat tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin əsassız olaraq cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarması qaçılmazdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və tətbiq edilməli prosessual hüquq normalarını birlikdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqindən imtina edərkən MPM-in 157 və 236-cı maddələrini düzgün tətbiq etmiş, prosessual hüquq normalarını pozmamışdır. Kollegiya qeyd edir ki, şikayətdə qeyd olunan müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin iddia tələbi ilə eynilik təşkil etməsi, habelə qərardadın icrasının mümkünsüzlüyü ilə bağlıdır. Müvəqqəti təminat tədbiri iddia ilə eyni vaxtda və ya daha əvvəl, habelə icraat zamanı yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək təqdim edilə bilər. Habelə mülkiyyətçinin hüquqlarının üstünlyünün təmin edilməsi baxımından onun iddia tələbi ilə eynilik təşkil edən müvəqqəti təminat tədbiri barədə ərizəsinə baxılması da qanunla qadağan edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, iddia tələbi ilə eynilik təşkil edən müvəqqəti təminat tədbiri barədə ərizə gələcəkdə qanuni qüvvəsini alacaq məhkəmə aktının qəbul edilməsinin əhəmiyyətini heçə endirəcəkdir. Şikayətdə belə təsəvür yaradılır ki, MPM-in 236-cı maddəsi mövcud olduğu üçün məhkəmə müvəqqəti təminat tədbiri tətbiq etməli idi. Kollegiya bununla bağlı qeyd edir ki, bu dəlil, həmin maddənin məzmununa uyğun deyil. Çünki MPM-in 236-cı maddəsi təminat tədbirinin növlərini müəyyən etmədiyi kimi onun tətbiq edilmə əsaslarını da müəyyən etmir. Həmin normada qeyd edilir ki, qətnamənin icrası zəruri olduqda, məhkəmə 13-cü fəsildə nəzərdə tutulmuş qaydadan istifadə edə bilər. Yəni qətnamənin icrasının təmin edilməsi MPM-in 13-cü fəslində müəyyən edilmiş ümumi şərtlər mövcud olduqda mümkündür. Başqa sözlə, MPM-in 236-cı maddəsi müstəqil norma deyil, 13-cü fəsilə göndəriş normasıdır. Bu səbəbdən MPM-in 236-cı maddəsi həmin məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş meyarlardan kənar müstəqil əsas yaratmır. MPM-in 157.2-ci maddəsinin mənasına görə, müvəqqəti təminat tədbiri yalnız onun tətbiq edilmədiyi halda ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin konkret faktlarla əsaslandırıldığı hallarda tətbiq oluna bilər. Bu isə ehtimal və fərziyyələrə deyil, ilkin sübutlarla təsdiq olunan real təhlükəyə əsaslanmalıdır. Hazırkı iş üzrə ərizəçi cavabdehin məhkəmə prosesini uzadacağı, obyektə ziyan vuracağı və gələcəkdə qətnamənin icrasını çətinləşdirəcəyi barədə yalnız ehtimallara əsaslanan mülahizələr irəli sürmüş, həmin halları təsdiq edən hər hansı ilkin sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətində də həmin halları təkrar edilmiş, lakin onların təsdiqi üçün sübutlar təqdim edilməmişdir. Həmçinin kollegiya hesab edir ki, hazırkı işdə tələb olunan tədbirin mahiyyəti nəzərə alınmalıdır. Ərizəçi mübahisəli qeyri-yaşayış sahəsinin fəaliyyətinin tam dayandırılmasını xahiş etmişdir. Bu cür tədbirin tətbiqi cavabdehin əmlakdan istifadə hüququnun tam məhdudlaşdırılmasına gətirib çıxarır və faktiki olaraq qətnamə qanuni qüvvəyə minmədən onun nəticələrinin əvvəlcədən həyata keçirilməsi ilə nəticələnir. Halbuki müvəqqəti təminat tədbirinin məqsədi mübahisəni qabaqcadan həll etmək deyil, gələcəkdə məhkəmə qərarının icrasını təmin etməkdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qətnamə hələ qanuni qüvvəyə minməmiş, tərəflərin apellyasiya şikayəti vermək hüququ saxlanılmışdır. Bu mərhələdə obyektin fəaliyyətinin tam dayandırılması cavabdehin hüquqlarına qeyrimütənasib müdaxilə təşkil edərdi. Müvəqqəti təminat tədbiri seçilərkən tərəflərin maraqları arasında balans qorunmalı, tətbiq edilən tədbir iddia tələbi ilə mütənasib olmalıdır. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi ərizəçi1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-495/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-495/2026
28.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver