Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-512/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, ərizəçi Ərizəçi verdiyi “müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi haqqında” ərizəyə dair **(*-**)-***/**** saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan ərizəçinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, gələcəkdə Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və cavabdeh2 Mənzil-Tikinti Kooperativinə qarşı “kompensasiya ödənilməsi və s.” tələbi barədə iddia qaldıracağını göstərmiş, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbiri qismində MTK tərəfindən ünvan 2 ünvanlarında inşa edilmiş binada yerləşən 106 mənzilin, habelə Mərdanov Qardaşları küçəsi, 147, 149 ünvanlarında inşa edilmiş binada yerləşən 105 mənzilin özgəninkiləşdirilməsinin və ya hər hansı formada yüklü edilməsinin MTK-ya və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mülkiyyətində olmuş və ünvan 1 “E” ünvanında yerləşən 67,7 kv.m sahəsi olan qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi onunla əvvəlcədən razılaşdırılmadan və ona kompensasiya ödənilmədən MTK tərəfindən sökülmüş, həmin ərazi də daxil olmaqla torpaq sahəsində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** saylı qərarı ilə müəyyən edilmişdir ki, Ərizəçi ona məxsus olmuş torpaq sahəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya almaq hüququna malikdir. Həmin məhkəmə aktından kassasiya şikayəti verilmiş və iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatındadır. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ##.##.2026-cı il tarixli məlumata əsasən, Novruzov Qardaşları küçəsində yerləşən binalarda 106, Mərdanov Qardaşları küçəsində yerləşən binalarda isə 105 mənzil dövlət qeydiyyatına alınmışdır. Ərizəçi bildirir ki, həmin mənzillərin MTK tərəfindən hər hansı qaydada özgəninkiləşdirilməsi və ya hər hansı hüquqla yüklə edilməsi gələcəkdə kompensasiya tələbinin təmin ediləcəyi halda məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin gələcəkdə irəli sürəcəyini bildirdiyi tələb kompensasiya ödənilməsi ilə bağlı olduğu halda, tətbiq edilməsini xahiş etdiyi müvəqqəti təminat tədbiri konkret daşınmaz əmlakların özgəninkiləşdirilməsinin və yüklü edilməsinin qadağan olunmasından ibarətdir. Eyni zamanda, təqdim olunmuş ilkin sübutlardan qadağa qoyulması tələb edilən mənzillərin digər şəxslərin adına dövlət qeydiyyatına alındığı müəyyən olunur. Bu baxımdan, gələcək kompensasiya tələbinə münasibətdə mübahisənin predmeti olmayan və cavabdehə məxsusluğu təsdiq edilməyən daşınmaz əmlaklar üzərində belə məhdudiyyətin tətbiqi tələb olunan təminat tədbirinin iddia tələbi ilə bağlılığı və mütənasibliyi tələbinə uyğun hesab edilməmişdir. Ərizəçi Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunu düzgün qiymətləndirməmişdir. Həyata keçirilməsi tələb olunan tədbirlə gələcəkdə irəli sürüləcək kompensasiya tələbi arasında bilavasitə bağlılıq mövcuddur və həmin tədbirin görülməməsi gələcək məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bundan başqa qeyd edilməlidir ki, inşa edilmiş binalarda ümumilikdə 250 mənzil olduğu halda, təqdim edilmiş reyestr məlumatlarında 211 mənzilin dövlət qeydiyyatına alındığı göstərilmiş, qalan 39 mənzilin hüquqi vəziyyəti və cavabdeh2 MTK-nın sərəncamında olub-olmaması isə Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh2 MTK-nın nizamnamə kapitalı 100 manatdan ibarətdir və əgər ərizədə qeyd edilən əmlakla – mənzillərlə bağlı müvəqqəti təminat tədbiri görülməsə gələcəkdə kompensasiyanın ödənilməsi çətinləşə bilər. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, ərizəçinin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatət və şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.4.). İddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə əsaslandırılmalıdır (maddə 157.5.). Cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və sair növdə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər (maddə 158.1.). Göstərilən prosessual hüquq normalarının tələblərini və işin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tətbiq edilməsi təklif edilən müvəqqəti təminat tədbiri əsaslı hesab edilə bilməz. Çünki “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli, bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Göründüyü kimi, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mahiyyəti cavabdehin və ya başqa şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Ona görə ərizəçi görülməsi xahiş olunan təminat tədbirinin tətbiq edilməyəcəyi halda qeyd olunan məqsədlərə nail olmağın mümkün olmayacağını əsaslandırmalı, buna dair zəruri sübutları təqdim etməlidir. Göstərilənləri və işin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən tətbiq edilməsi təklif edilən müvəqqəti təminat tədbiri əsaslı hesab edilə bilməz. Çünki ərizəçinin gələcəkdə irəli sürəcəyini bildirdiyi iddia tələbi kompensasiya ödənilməsi ilə bağlıdır. Ərizəçi isə müvəqqəti təminat tədbiri qismində cavabdeh2 MTK tərəfindən inşa edilmiş binalarda yerləşən mənzilin özgəninkiləşdirilməsinin və ya hər hansı formada yüklü edilməsinin qadağan olunmasını tələb edir. Lakin iş materiallarında olan ##.##.2026-cı il tarixli reyestr məlumatından həmin binalarda 106 və 105 mənzilin dövlət qeydiyyatına alındığı, eyni zamanda cavabdeh2 MTKnın adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi müəyyən olunur. Bu baxımdan, gələcəkdə irəli sürülməsi nəzərdə tutulan kompensasiya tələbinin təmin edilməsi məqsədilə cavabdeh cavabdeh2 MTK-ya məxsusluğu təsdiq edilməyən və digər şəxslərin hüquqlarına təsir göstərə biləcək daşınmaz əmlakların özgəninkiləşdirilməsinin və yüklü edilməsinin qadağan olunması tələb olunan təminat tədbirinin iddia tələbi ilə bağlılığı və mütənasibliyi meyarlarına uyğun hesab edilə bilməz. Rayon Məhkəməsi də həmin halları nəzərə alaraq ərizənin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətçinin binalarda ümumilikdə 250 mənzil olduğu, yalnız 211 mənzilin dövlət qeydiyyatına alındığı və qalan 39 mənzilin hüquqi vəziyyətinin araşdırılmadığı barədə dəlili də Rayon Məhkəməsinin nəticəsinin əsassız olduğunu göstərmir. Belə ki, 250 mənzildən 211-nin dövlət qeydiyyatına alınması faktı qalan mənzillərin avtomatik olaraq cavabdeh2 MTK-nın mülkiyyətində və ya sərəncamında olması barədə nəticəyə gəlməyə əsas vermir. İş materiallarında həmin konkret mənzillərin cavabdeh2 MTK-ya məxsus olduğunu təsdiq edən ilkin sübutların mövcudluğu müəyyən edilmir. Halbuki MPM-in 157.5-ci maddəsinin mənasına görə, tələb olunan müvəqqəti təminat tədbirinin tətbiqini əsaslandıran halların mövcudluğu ilkin sübutlarla əsaslandırılmalıdır. Şikayətçinin cavabdeh2 MTK-nın nizamnamə kapitalının 100 manat olması və bu səbəbdən gələcəkdə kompensasiyanın ödənilməsinin çətinləşəcəyi barədə dəlili də tələb olunan təminat tədbirinin tətbiqi üçün kifayət deyil. Belə ki, cavabdehin nizamnamə kapitalının məbləği özlüyündə məhz ərizədə göstərilmiş daşınmaz əmlaklar üzərində məhdudiyyət qoyulmasını zəruri və mütənasib edən hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən ərizəçinin göstərdiyi hallar tələb olunan müvəqqəti təminat tədbirinin görülmədiyi təqdirdə gələcək məhkəmə aktının icrasının qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətin olacağını, habelə məhz tələb edilən tədbirin həmin təhlükənin qarşısının alınması üçün zəruri və mütənasib olduğunu təsdiq etmir. Bunlardan başqa qeyd edilməlidir ki, apellyasiya icraatı zamanı ərizəçinin vəkili (nümayəndəsi) Vəkil/Nümayəndə “sübutların tələb edilməsi haqqında” vəsatət verərək, mübahisə edilən binalardakı 250 mənzildən neçəsinin digər şəxslərin adına dövlət qeydiyyatına alındığı və qalan mənzillərin hüquqi vəziyyəti barədə məlumatların “xxxx” X1 tələb edilməsini xahiş etmişdir. Vəsatətlə bağlı Məhkəmə qeyd edir ki, vəsatətdə qeyd olunan məlumatların əldə edilməsi hazırkı mübahisənin həlli üçün zəruri hesab edilə bilməz. Çünki müəyyən mənzillərin digər şəxslərin adına dövlət qeydiyyatına alınmaması həmin mənzillərin cavabdeh2 MTK-ya məxsus olması barədə nəticəyə gəlmək üçün özlüyündə kifayət etmir. Vəsatətdə göstərilən məlumatların əldə edilməsi də həmin mənzillərin cavabdeh2 MTK-ya məxsusluğunu təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğunu ehtiva etmir. Bundan başqa, hazırkı apellyasiya baxışının predmeti gələcəkdə irəli sürüləcəyi bildirilən kompensasiya tələbinin mahiyyəti üzrə həlli deyil, iddia qaldırılanadək müvəqqəti təminat tədbirinin tətbiqindən imtina edilməsi barədə qərardadın qanuniliyinin və əsaslılığının yoxlanılmasıdır. Bu baxımdan, tələb olunan sübutların əldə edilməsi MPM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin tətbiqi üçün zəruri olan ilkin sübutların mövcudluğunu təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, vəsatət təmin edilməməlidir. Beləliklə də, yuxarıda qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlili əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Ərizəçi Ərizəçi şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-512/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-512/2026
03.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver