Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-513/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Iddiaçı Ərizəçi cavabdeh “xxxx” MMC-yə qarşı “cavabdeh tərəfindən müvafiq sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-dən aşağıdakı sənədlərin tələb edilib çıxarılması: ##.##.2022-ci il tarixinə müalicə həkimi Saleh Hüseynov ilə müqavilə (əmək və ya digər); Saleh Hüseynovun şəxsiyyətini təsdiq edən sənədlər; baş həkim Səməd Səmədovun şəxsiyyətini təsdiq edən sənədlər; X1 ilə ##.##.2022-ci il tarixli tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə; anestezioloq barədə məlumatlar və onun əməliyyatda iştirakını təsdiq edən sənədlər; müalicə həkimi Saleh Hüseynovun hüquqi statusunu təsdiq edən sənədlər və onun ##.##.2022-ci il tarixdə cərrahi müdaxilə aparmaq səlahiyyətlərini təsdiq edən sənədlər; müalicə həkimi Saleh Hüseynov ilə “xxxx” MMC arasındakı mübahisələr üzrə məhkəmə aktları; cavabdehin üzərinə həmin sənədləri məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə təqdim etmək vəzifəsinin qoyulması; iddiaçının çəkdiyi məhkəmə xərcləri, o cümlədən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Həmin mülki iş hazırda Yasamal Rayon Məhkəməsinin icraatındadır.
3. Daha sonra iddiaçı (bundan sonra ərizəçi) müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki iş üzrə iddianın təmin edilməsi tədbirlərinin tətbiq olunmasını; cavabdeh “xxxx” MMC-nin sərəncamında olan və iş üzrə tələb edilən sənədlərin, tibbi məlumatların, müqavilələrin, şəxsi iş materiallarının, əmrlərin, qeydiyyat sənədlərinin və digər sübut əhəmiyyətli materialların saxlanılmasının təmin edilməsi üçün məhkəmənin zəruri hesab etdiyi tədbirlərin görülməsini; cavabdehin iş üzrə tələb olunan sənədlərin məhv edilməsinə, dəyişdirilməsinə, gizlədilməsinə və ya üçüncü şəxslərə verilməsi nəticəsində onların əldə edilməsini çətinləşdirə biləcək hərəkətlərdən çəkinməsinin təmin edilməsini; məhkəmənin işin hallarını qiymətləndirərək zəruri hesab etdiyi təqdirdə, MPM-in 158-ci maddəsində nəzərdə tutulmuş digər təminat tədbirlərinin tətbiq edilməsini; məhkəmə tərəfindən işin faktiki halları, cavabdehin prosessual davranışı və gələcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi zərurəti nəzərə alınaraq, MPM-in 158-ci maddəsinə uyğun olaraq məhkəmənin zəruri və mütənasib hesab etdiyi təminat tədbirlərinin, o cümlədən cavabdeh “xxxx” MMC-yə məxsus daşınar və daşınmaz əmlakın üzərinə həbs qoyulmasının, habelə bank hesabları üzrə əməliyyatların məhdudlaşdırılmasının (bank hesablarına həbs qoyulmasının) tətbiq edilməsinə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə geri qaytarılmış, ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
5. Həmin qərardaddan ərizəçi şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət belə əsaslandırılmışdır ki, rayon məhkəməsi baxılan hüquq münasibətlərinə tətbiq edilməli olmayan MPM-in normalarını tətbiq etmiş; birbaşa qanunvericilik tənzimlənməsi mövcud olduğu halda əsassız olaraq qanunun analogiyasını tətbiq etmiş; qanunvericilikdə nəzərdə tutulmayan şəkildə ərizənin geri qaytarılması üçün prosessual əsas yaratmış; müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizəyə mahiyyəti üzrə baxmamış; ərizənin həlli üçün əhəmiyyət kəsb edən halları araşdırmamış; ərizəçinin dəlillərinə hüquqi qiymət verməmiş; ərizənin məzmununu düzgün təfsir etməmiş; öz məhkəmə aktının məzmununa zidd olan nəticələrə gəlmiş; ərizəçinin obyektiv olaraq malik olmadığı və malik olmağa borclu olmadığı məlumatları təqdim etmək vəzifəsini əsassız olaraq onun üzərinə qoymuş; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təmin edilmiş səmərəli məhkəmə müdafiəsi hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır.
7. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
10. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
12. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
13. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.
14. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.
15. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
16. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
17. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növündə müvəqqəti təminat tədbiri barədə tədbir görülə bilər.
18. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır.
19. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018ci il ## #### tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
20. Məhkəmə qeyd edir ki, hazırkı mtt ərizəsindən ərizəçinin cavabdeh “xxxx” MMC-nin sərəncamında olan və iş üzrə tələb edilən sənədlərin, tibbi məlumatların, müqavilələrin, şəxsi iş materiallarının, əmrlərin, qeydiyyat sənədlərinin və digər sübut əhəmiyyətli materialların saxlanılmasının təmin edilməsi üçün məhkəmənin zəruri hesab etdiyi tədbirlərin görülməsi; cavabdehin iş üzrə tələb olunan sənədlərin məhv edilməsinə, dəyişdirilməsinə, gizlədilməsinə və ya üçüncü şəxslərə verilməsi nəticəsində onların əldə edilməsini çətinləşdirə biləcək hərəkətlərdən çəkinməsinin təmin edilməsi, “xxxx” MMC-yə məxsus daşınar və daşınmaz əmlakın üzərinə həbs qoyulmasının, habelə bank hesabları üzrə əməliyyatların məhdudlaşdırılmasının (bank hesablarına həbs qoyulmasının) tətbiq edilməsini xahiş etdiyi müəyyən olur.
21. Ərizədən müəyyən olunur ki, rayon məhkəməsinin də qeyd etdiyi kimi, ərizəçinin tələbi olduqca qarışıq və qeyri-müəyyəndir, eləcə də ərizəçi tətbiq olunacaq təminat tədbirinin növünü və onun iddia tələbi ilə əlaqəsini əsaslandırmamışdır.
22. Məhkəmə ərizəçinin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi müvəqqəti xarakterli olmaqla işi mahiyyəti üzrə həll etməməklə yanaşı, həm də heç bir halda həmin ərizənin təmin və ya rədd edilməsi əsas mübahisənin həllinə təsir göstərmir və preyudisiallıq daşımır. Bu baxımdan, bəzi hallarda müvəqqəti təminat tədbirinə dair ərizələrdə tətbiqi istənilən təminat tədbirinin iddia tələbləri ilə oxşar və ya eyniyyət təşkil etməsi mümkün və yol veriləndir, bəzən isə işin konkret hallarından asılı olaraq bu məzmunlu ərizələrin təmini MPM-in 157.2-ci maddəsinin göstərişləri və güddüyü məqsədlər baxımından qaçılmaz və zəruri olur. Bu institutun əsas məqsədi iddiaçının (ərizəçinin) hüquqlarını pozulmasının qarşısının alınmasından, onu yeni və ya daha böyük zərərdən, eləcə də əlavə (yeni) məhkəmə çəkişmələrindən qorumaqdan ibarətdir. Odur ki, ərizəçi mtt ərizəsindəki qeyri-müəyyənliklər, natamamlıqlar aradan qaldırıldıqdan sonra yenidən mtt ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
23. Məhkəmə mahiyyət etibarı ilə rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə ərizəni geri qaytarmaqda haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
25. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
26. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
27. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Ərizəçi Ərizəçi şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.